Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin dünyaya açılan qapısı

Türkiyənin dünyaya açılan qapısı

18.12.2010 [09:35]

“Türk Hava Yolları”nın xətti ilə dünyanın müxtəlif nöqtələrinə ümumilikdə 164 təyyarə reysi həyata keçirilir
Türkiyəyə, özü də hər daşında bir tarix yatan İstanbula səfər edəcək KİV təmsilçiləri arasında olacağımı eşidəndə çox sevindim. çünki bu şəhərə neçə dəfə səfər etsən belə, yenə də nəyisə görə bilmədiyindən, haradasa olmaq imkanı qazanmadığından pərişan olursan. Amma istənilən halda Türk dünyasının zəfər dastanlarından birinin yaşandığı İstanbulu bir daha gördüyün üçün səndə böyük təskinlik yaranır. Beləliklə, keçək bu səfərin məqsədinə.
Məlum olduğu kimi, Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti yeni “Airbus A330-300” təyyarələri ilə İstanbul-Bakı reysi üzrə uçuşlara başlayıb. Və şirkətin yeni təyyarələrlə bağlı tanışlıq turu çərçivəsində dekabrın 14-17-də Azərbaycan mətbuatını təmsil edən 32 nəfərlik qrupun İstanbula uçuşu təşkil olunmuşdu. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın KİV təmsilçilərinin İstanbula səfərini təşkil edən THY-nin Bakı ofisinin satış meneceri Mehmet Akkaya və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həbib Kaya da bizimlə birgə İstanbul görüşlərində iştirak etdilər. Məhz bu fürsətdən istifadə edib, elə təyyarədəcə Mehmet Akkayadan bəzi məlumatlar aldım.
“Airbus A330-300” təyyarələrinin 295 sərnişin üçün nəzərdə tutulduğunu deyən müsahibim əlavə etdi ki, təyyarə bütün keyfiyyətləri ilə xüsusi olaraq fərqlənir: “Məsələn, təyyarədə əsas yeniliklərdən biri bütün salonlarda sərnişinlərin hər biri üçün ayrıca çoxfunksiyalı ekranın təqdim olunmasıdır. Sensorlu ekranlar televizor, musiqi mərkəzi və məlumat ekranı kimi istifadə oluna bilər. Burda sərnişinlərə müxtəlif filmlər, oyunlar, musiqi təqdim olunur”.
Ən maraqlı yeniliksə bu ekranların kompüter və xəbər səhifəsi kimi istifadə oluna bilməsidir. Xüsusi rejimlərə keçirməklə ondan kompüter kimi istifadə etmək, mətnlər yazmaq və redaktə etmək, eləcə də, internet xəbərləri izləmək mümkündür. Kompüterlə işləmək üçün televizorun pultunun arxa tərəfində mini-klaviatura yerləşdirilib. Bundan başqa, xüsusi USB çıxışının olması cihaza flaş-kart daxil edib burdakı materiallarla tanış olmağa və onlarla işləməyə imkan verir. Nəticədə klaviatura vasitəsilə sərnişin uçuş zamanı istədikləri kompüter əməliyyatını apara, bu materialları USB çıxış vasitəsilə özü ilə götürə bilir. Eyni zamanda, sərnişinlər xüsusi internet səhifəsi rejiminə keçməklə müxtəlif sahələrdə (siyasət, biznes, idman və s.) dünyada baş verən yeniliklər barədə məlumatlar ala bilərlər.
Yeri gəlmişkən, “Airbus A330-300” təyyarələrinin ən maraqlı və nadir xüsusiyyətlərindən biri də təyyarədən birbaşa olaraq dünyanın istənilən nöqtəsinə telefon zəngi etmək imkanının olmasıdır. Bunun üçün sərnişinin beynəlxalq kredit kartının (Visa, MasterCard, AmericanExpress və s.) olması kifayətdir. Bu kartlar üçün terminal idarəetmə pultunun yan tərəfində yerləşdirilib. Başqa sözlə, təyyarədəki televizorun idarəetmə pultu, eyni zamanda, bir neçə funksiya - pult, telefon dəstəyi, qulaqcıq, klaviatura və kart terminalı funksiyasını yerinə yetirir. Telefon funksiyası təyyarədən SMS göndərməyə də imkan verir.
M.Akkaya onu da əlavə etdi ki, bu təyyarələr uzaq məsafələr üçün nəzərdə tutulub: “ümumiyyətlə, THY şirkəti 3 belə təyyarə alıb, onlardan əsasən uzaq məsafəli uçuşlarda-Amerika, Afrika və London istiqamətində istifadə olunacaq. Texniki-iqtisadi göstəricilərinə görə bu təyyarələrin uzaq məsafəli reyslər üzrə istifadəsi iqtisadi cəhətdən daha məqsədəuyğundur. Lakin Azərbaycana göstərdiyimiz özəl maraqdan dolayı İstanbul-Bakı reysi üzrə “Airbus A330-300” təyyarələri ilə əsasən tanışlıq xarakteri daşıyan uçuşlar həyata keçirməyə qərar verdik. Uçuşlar dekabrın 19-dək davam edəcək, bundan sonra İstanbul-Bakı reysi üzrə uçuşlar yenə də “Boeing” təyyarələri ilə həyata keçiriləcək. Hər zaman Azərbaycan xalqına, qardaş ölkədən olan sərnişinlərimizə daha keyfiyyətli xidmət göstərməyə çalışırıq”.
İstanbulda hava xoşdu
Düzü səfər ərəfəsində, Türkiyədə, xüsusilə də, İstanbulda qarlı, şaxtalı havanın olması məndə bəzi tərəddüdlər yaratmışdı. Lakin biz İstanbula çatarkən göy üzərində sezilən günəş şüası tərəddüdlərin əbəs olduğu qənaətini yaratdı. Bir neçə saatdan sonra isə ümumiyyətlə, İstanbula günəşli, hətta deyərdim ki, isti hava hakim kəsildi. Necə deyərlər, cəmi bir-iki gün öncə qara təslim olan İstanbul, indi günəşli havası ilə, sanki bizi “gülə-gülə” qarşılayırdı.
Məhz günəşli hava bizlərə səfərin ilk günü İstanbulun gəzməli-görməli yerlərinə baş çəkmək imkanı qazandırdı. Bu hava səfərin ikinci günü günortaya qədər davam etdi. Lakin bizlər THY-nin mərkəzi binasına yol alanda artıq İstanbulun başının üzərini qara buludlar almışdı. Biz mərkəzi ofisə çatanda isə yağış yağmağa başlamışdı və üzümü Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin mətbuat müşaviri Həbib Kayaya tutub, zarafatla “Deyəsən, İstanbul bizi ağlaya-ağlaya yola salır” dedim.
THY Bakıya reyslərinin sayını artırmaq istəyir
Qeyd etmək yerinə düşər ki, THY-nin mərkəzi ofisində bizləri xeyli mehribanlıqla qarşıladılar. KİV təmsilçilərini salamlayan aviaşirkətin marketinq və satış şöbəsinin (Şərqi Avropa və Balkan ölkələri üzrə) vitse-prezidenti Mehmet Başpınar və şirkətin Basın müşavirliyinin uzmanı Gökalp Yazır bizi maraqlandıran sualları böyük həvəslə cavablandırdılar. M.Başpınarın sözlərinə görə, THY gələn ilin martında Azərbaycana uçuşlarının 20 illiyini qeyd edəcək: “Bu münasibətlə Bakıda geniş bir şəkildə mərasimin keçirilməsi nəzərdə tutulur. 1 yanvar 2011-ci il tarixdən 31 dekabr 2011-ci il tarixə qədər “Azərbaycanda 20-ci il” şüarı ilə silsilə tədbirlər keçirmək istəyirik”.
Bundan başqa, THY Bakıya reyslər
inin sayını artırmaq imkanlarını nəzərdən keçirir: “Belə ki, hazırda İstanbul və Bakı arasında gün ərzində üç reys həyata keçirilir. Bu ilin baharından reyslərin sayı dördə çatdırılacaq”.
Eyni zamanda, THY Azərbaycanın Bakı və Naxçıvan şəhərləri ilə yanaşı, Gəncəyə də aviareyslər təşkil etmək niyyətindədir. Gəncədən Türkiyə istiqamətində uçmaq istəyən sərnişin potensialının kifayət qədər olduğunu bildirən M.Başpınarın sözlərinə görə, indi THY-nin mütəxəssisləri İstanbul-Gəncə marşrutu ilə uçuşların təşkili üçün hazırlıqlara başlayıblar. Bununla yanaşı, müdir müavini sərnişin reysinin açılması vaxtının hələ müəyyənləşmədiyini dedi. Jurnalistlərə açıqlamasında Mehmet Başpınar onu da bildirdi ki, hazırda THY-nin Azərbaycana və əks istiqamətdə marşrutları üzrə reyslərinin yüklənməsi 80 faizə yaxındır, bu isə yaxşı göstəricidir.
Türk Hava Yollarının təyyarələri dünyanın hər yerinə uçur
THY-nin uçuş imkanları barədə də danışan Mehmet Başpınar əlavə etdi ki, hazırda Türk Hava Yollarının təyyarələri demək olar, dünyanın hər yerinə uçur: “Məsələn, Afrikada 17 nöqtəyə uçuruq. Eyni zamanda, Yaxın Şərqə, Uzaq Şərqə, Amerikaya reyslərimiz var”.
Qeyd olundu ki, hazırda THY-nin xətti ilə dünyanın müxtəlif nöqtələrinə ümumilikdə 164 təyyarə reysi həyata keçirilir. Mehmet Başpınar, həmçinin, “Eyni zamanda, biz sərnişinlərimizə ən keyfiyyətli xidmət göstərməyi hədəfləyirik. Bilirsiniz ki, THY sərnişinlərə yüksək xidmət göstərən və dünyada məşhur olan üç aviaşirkətdən biridir”, - dedi.
Həm ziyarət, həm ticarət
M.Başpınar jurnalistlərə açıqlamasında bildirdi ki, mart-aprel aylarında İstanbulda böyük endirimlər olacaq. Bu, şəhərdə ilk dəfə keçirilən “Shopping Festival” ticarət festivalı çərçivəsində təşkil olunacaq: “Festivalın martın 18-dən aprelin ortalarına qədər davam edəcəyi gözlənilir. THY aviaşirkəti, şəhərin iri ticarət şirkətlərinin və digər qurumların birgə təşkilatçılığı ilə keçiriləcək ticarət festivalı müddətində şəhər regionun ticarət mərkəzinə çevrilməlidir. İstanbulun bütün iri ticarət şirkətləri bu aksiyada iştirak edəcək. Festival zamanı azı 15 faizdən başlayan endirimlər nəzərdə tutulur. Şəhərin bütün satış məntəqələri bu tədbiri dəstəkləyir”.
M.Başpınarın sözlərinə görə, festival dövründə İstanbula aviareyslərlə gələn sərnişinlərin sayının artması üçün güzəştlər və endirimlər də nəzərdə tutulub: “Məsələn, bunlardan biri sərnişinlərin geriyə uçarkən normadan əlavə yükə görə ödədiyi daşıma haqqının azaldılması ola bilər. Bu, sərnişinlərə daha çox mal almaq imkanı yaratmaq üçün tətbiq ediləcək. Hazırda şirkət mütəxəssisləri yüklərin gözlənilən artımı ilə bağlı texniki məsələləri həll etməklə məşğuldurlar”.
Bundan başqa, həmin dövrdə biletlərin qiymətində də dəyişikliklər ola bilər. Amma hələlik bu məsələ dəqiqləşməyib.
THY nümayəndəsi onu da əlavə etdi ki, aviaşirkət artıq bu gün sərnişinləri üçün kifayət qədər cəlbedici şərtlər təklif edir: “Məsələn, İstanbuldan tranzitlə uçan və hava limanında müvafiq reysi gözləməkdə xeyli vaxt itirən sərnişinlər üçün şəhərin görməli yerlərinə pulsuz turlar təklif olunur. Yaxın vaxtlarda bu turların sayına Bosfor boğazına tur təklif edən “Bogaz tour” əlavə ediləcək”.
Stüardessa olmaq heç də asan deyil
Səfər zamanı THY-nin pilotların və stüardessaların hazırlanması üzrə texniki mərkəzinə baş çəkərək, təlim və aviaşirkətin işi zamanı tətbiq edilən avadanlıqla tanış olduq. Burada Azərbaycanın KİV təmsilçilərinə proseslə bağlı ətraflı məlumat verən mərkəzin müəllimi Əsra Coşqun Tuna dedi ki, THY-də pilot və yaxud stüardessa kimi işləmək üçün müəyyən olunmuş tələblərə cavab verilməlidir: “öncəliklə boy və çəki ölçüləri nəzərə alınır. Yəni, stüardessa olmaq istəyənlərin boyu 160-180 sm arasında olmalı, çəkiləri isə müəyyən həddi keçməməlidir. Eyni zamanda, yaş həddi var. 30 yaş mininum sayılır. Bundan başqa, THY-də stüardessa kimi işləmək istəyənlər fiziki və psixoloji baxımdan hazırlıqlı olmadır. çünki bu iş səbr tələb edir. Ən son isə ingilis dilində imtahan verirlər”.
Onun sözlərinə görə, mərkəzdə stüardessalara fövqəladə vəziyyətlərdə necə davranılması barədə xüsusi təlimlər keçirilir: “Eyni zamanda, hansı təyyarədə uçacaqları barədə onlara məlumat verir və bu təyyarənin özəlliklərini onların diqqətinə çatdırırıq. Ən nəhayət beş günlük ilkin tibbi yardım dərsi keçirik ki, təcili xəstəlik durumunda sərnişinlərə yardım göstərə bilsinlər”.
Bunun üçün də sinif otaqları məhz təyyarələri xatırladan formada təşkil edilib.
Yeri gəlmişkən, söhbət zamanı o da bəlli oldu ki, hazırda 2 min pilota malik THY-nin başlıca problemi də məhz bununla bağlıdır. Yəni, şirkətin əlavə 300 pilota ehtiyacı var. Lakin qardaş ölkədə stüardessa olmağa meyil edənlər çox olsa da, pilot olmaq istəyənlərin sayı azdır.   
İstanbul bizi “gülə-gülə” qarşılayıb, “ağlaya-ağlaya” yola saldı
Bu tanışlıq başa çatdıqdan sonra yenidən İstanbulun mərkəzinə döndük. Burada bizi Türkiyə Cümhuriyyəti Başbakanlığı Basın-Yayın və İnformasiya Genel Müdirliyinin İstanbul şöbəsinin başqanı Nəcməddin Altuntaşı, həmçinin, Türkiyənin bir sıra media orqanının təmsilçiləri ilə görüş gözləyirdi. Qeyd etmək yerinə düşər ki, istər bu görüş, istərsə də hazırlanan səfər proqramı sözügedən qurumun Azərbaycana xüsusi hörmət və həssaslıqla yanaşdığını bir daha təsdiqlədi. Bizimlə söhbətində Azərbaycana öz vətənləri kimi dəyər verdiklərini deyən Nəcməddin Altuntaş “əslində, burada təəccüblü bir şey yoxdur. çünki Ulu öndər Heydər Əliyevin söylədiyi kimi Azərbaycanla Türkiyə bir millət iki dövlətdir. Azərbaycanlı məsləkdaşlarımızı hər zaman Türkiyədə görməkdən qürur duyuruq”, sözlərini də əlavə etdi.
Beləliklə, bu görüşlə də İstanbula səfərimiz başa çatdı. O İstanbula ki, bizləri “gülə-gülə” qarşılayıb, “ağlaya-ağlaya” yola saldı...
Nadir AZƏRİ
Bakı-İstanbul-Bakı

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30