Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Korrupsiyaya qarşı mübarizə tədbirləri ümumi dövlət siyasətinin əsas strateji istiqamətini təşkil edir

Korrupsiyaya qarşı mübarizə tədbirləri ümumi dövlət siyasətinin əsas strateji istiqamətini təşkil edir

03.02.2011 [09:58]

Bütün dövlət strukturları fəaliyyətlərini qarşıya qoyulmuş tələbələrə uyğun şəkildə quraraq effektiv addımlar atmağı başlıca vəzifə hesab edirlər
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında müvafiq orqanlara ölkəmizdə liberal bazar iqtisadiyyatı prinsiplərinin qorunması, azad biznesin inkişafı və bütün fəaliyyət sahələrində şəffaflığın təmin edilməsi barədə tapşırığından sonra aidiyyəti dövlət strukturları ciddi tədbirlər görməyə başlayıb. Eyni zamanda, nazirlik və komitələr, icra orqanları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Komissiyanın geniş iclasında səsləndirilmiş təkliflərin icrası ilə bağlı fəaliyyətlərini artırıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində şəffaflığın təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyub. Dövlətimizin başçısı iqtisadi və sosial fəaliyyət sahələrində qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, əsassız yoxlamaların aparılmaması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin qarşısının alınması və digər hallarla bağlı aidiyyəti orqanlara xəbərdarlıq edib. Prezidentin azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, neqativ halların qarşısının alınmasında birbaşa dövlətin başçısı öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərinə səfərbər olmağa çağırır. Bu, eyni zamanda,  rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevin icra orqanları qarşısında qoyduğu mühüm vəzifələr də məhz dövlət başçısının prinsipial qərarlarının təxirəsalınmaz şəkildə yerinə yetirilməsi tələblərindən irəli gəlir. ümumiyyətlə, korrupsiya ilə mübarizə tədbirlərinin başlıca strateji hədəfləri bütün idarəetmə sektorlarında və iqtisadi-sosial sahələrdə şəffaflığın təmin edilməsinə və maliyyə nəzarətinin gücləndirilməsinə nail olmaqdan, qanunun aliliyinin, insan hüquq və azadlıqlarına hörmətin, informasiya azadlığının, hesabatlılığın təmin edilməsinin, dövlət orqanlarının fəaliyyətinə nəzarət olunmasının, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyətin və düzgün idarəçilik sisteminin möhkəmləndirilməsindən ibarətdir.
Son illər dövlət siyasətinin əsas aparıcı sahələrindən birinə çevrilən korrupsiyaya qarşı mübarizə tədbirləri geniş miqyas alıb. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının təmin edilməsi məqsədilə davamlı addımlar atılıb. Bu sahədə görülən işlər iqtisadi və sosial sahədə inkişaf meyillərinin sürətlənməsinə, islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və onların sosial rifahının yüksəlməsinə, azad rəqabət mühitinin möhkəmlənməsinə,  iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub.
Qeyd edək ki, korrupsiya - vəzifəli şəxslərin öz statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar, güzəştlər əldə etməsi, habelə, fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən nemətlərin, imtiyazların, güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif, vəd olunması, verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınması deməkdir. Cənab Ramiz Mehdiyev də bu neqativ tendesiyaların tamamilə qarşısının alınması üçün müvafiq qurumları operativ tədbirlər görməyə dəvət edib.
Qeyd etdiyimiz kimi, artıq bir sıra nazirlik və komitələr, icra strukturları öz üzərlərinə düşən vəzifələrin icrası üçün tədbirlər görməyə başlayıb. Maliyyə, İqtisadi İnkişaf, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, Dövlət Əmlak Məsələləri Komitəsində bununla bağlı keçirilən iclaslarda iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Onu da qeyd edək ki, bir sıra qurumlarda neqativ hallara yol verən şəxslər vəzifələrindən uzaqlaşdırılıb, digərləri barədə ciddi tədbirlərin görülməsi tövsiyə olunub.
Maliyyə Nazirliyində keçirilən tədbirdə nazir Samir Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara, o cümlədən,  Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və Nazirliyin Vergi siyasəti və gəlirlər, Uçot siyasəti şöbələrinə konkret tapşırıqlar verib. Nazir bildirib ki, Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyinin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılmalı, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməlidir.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə də neqativ halların qarşısının alınması barədə məsələlər müzakirə olunub. Nazir Füzuli Ələkbərov aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında xidmət göstərilməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahədə işlərində nöqsanlara yol vermiş şəxslər vəzifələrindən kənarlaşdırılıb. Həmçinin, bir sıra strukturun rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Eləcə də, İqtisadi İnkişaf Nazirliyində keçirilən iclasda nazir Şahin Mustafayev sahibkarlarla bilavasitə işləyən qurumlara öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsi, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşılması, sahibkarların maraqlarının təmin olunması ilə bağlı tapşırıqlar verib. Ş.Mustafayev bildirib ki, İİN-nin müvafiq orqanları inhisarçılıq və süni qiymət artırılması meyillərinin qarşısını qətiyyətlə almalı,  azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir.
Göründüyü kimi, korrupsiyaya qarşı mübarizə tədbirləri ümumi dövlət siyasətinin əsas strateji istiqamətini təşkil edir və bu sahəyə aid bütün strukturlar fəaliyyətlərini qarşıya qoyulmuş tələbələrə uyğun şəkildə quraraq effektiv addımlar atmağı başlıca vəzifə hesab edirlər.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 932 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30