Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan KTMT-dən çıxışını rəsmiləşdirir

Ermənistan KTMT-dən çıxışını rəsmiləşdirir

26.10.2022 [10:30]

Rəsmi İrəvan illərlə sığındığı təşkilata arxa çevirir

Pərviz SADAYOĞLU 

Xəyanətləri dillərə dastan olan Ermənistan indi də illərdir ki, çətiri altına sığındığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) xəyanət etməyə hazırlaşır. Uzun müddətdir ki, Ermənistanda lokal səviyyədə aparılan KTMT əleyhinə “təbliğat” artıq rəsmiləşdirilir. Belə ki, Ermənistanda “KTMT-dən çıxmaq uğrunda birlik” adlı təşəbbüs qrupu bu ölkənin parlamentinin sədri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin təşkili təklifi ilə müraciət göndərib. Müraciət parlamentin Xarici əlaqələr, Müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, Regional və Avrasiya inteqrasiyası, İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb. Müraciətdə bildirilir ki, bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir: “Ona görə də biz bu müzakirəni zəruri hesab edirik”.

Ermənistanın üzünü Qərbə tutması ilə KTMT-yə, dolayısı ilə Rusiyaya arxa çevirməsi isə regionda yeni geosiyasi vəziyyət formalaşdırır. Bu, hansı nəticələrə yol aça bilər?

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov da Ermənistanda KTMT-dən çıxmaqla bağlı uzun müddətdir ki, müzakirələrin getdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan Vətən müharibəsindəki məğlubiyyətinin başlıca səbəbi kimi sanki KTMT-ni günahkar görür: “Ermənistanın baş naziri Nikol Paşinyan da hər fürsətdə KTMT-nin nüfuzunu aşağı salmaq istiqamətində addımlar atır, açıqlamalar verir. Eyni zamanda, Ermənistanın silahlı birləşmələri müxtəlif dövrlərdə Azərbaycanla sərhəddə təxribatlar törədərək KTMT-nin gücündən öz xeyrinə istifadə etməyə çalışır. Bu faktı həm 2020-ci ilin Tovuz döyüşlərində, həm Vətən müharibəsində, eləcə də, imzalanmış üçtərəfli bəyanatdan sonrakı dövrdə - 2021-ci ilin may və noyabr aylarında, 2022-ci ilin sentyabrında açıq şəkildə müşahidə etdik. Bu təxribatların əsas məqsədi KTMT-yə müraciət etmək, qurumun nizamnaməsinin dördüncü maddəsindən istifadə etmək, bununla da regional proseslərə Rusiyanı və Rusiyanın dominant olduğu təşkilatı cəlb etmək idi. Bütün bu gözləntilər isə boşa çıxdı. Rəsmi Kreml Ermənistanın təxribatını aydın şəkildə “oxudu” və prosesə müdaxilə etmədi. Bundan sonra isə Ermənistan üzünü birbaşa Qərbə tutdu. Hətta vəziyyət o həddə çatdı ki, Ermənistan dövləti ABŞ-ın Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosini və ermənipərəst konqresmenləri qəbul etdi. Onların səfəri çərçivəsində də İrəvanda və digər regionlarda KTMT əleyhinə nümayişlər keçirildi, şüarlar səsləndirildi”.

İ.Hüseynov bildirib ki, hazırda öz siyasətini antirusiya mövqeyindən quran erməni siyasətçilər ən müxtəlif təşəbbüs qrupları vasitəsilə Ermənistanın KTMT-dən çıxmasını tələb edirlər. Bunun əsas səbəbi isə Qərb istehsalı olan silahlara yiyələnməkdir. “Hazırkı durumda Qərb öz silahlarını Ermənistana verə bilmir. Çünki KTMT blokuna üzv olan dövlətə ən müasir texnologiyalı silahların verilməsi bir az da təhlükəli sayılır. Bu silahlar Ukrayna cəbhəsində peyda ola bilər. Ermənistan isə KTMT üzvlüyündən çıxmaqla birbaşa silahlanıb Azərbaycana qarşı revanş siyasətini həyata keçirməyə niyyətlənib. Bu, həm də Ermənistanın xəyanətkar, ikiüzlü simasını nümayiş etdirir. Rusiyanın Ukrayna cəbhəsində kifayət qədər ciddi problemləri mövcuddur və əminliklə söyləmək olar ki, bu problemlər olmasaydı - Rusiyaya qarşı iqtisadi, geosiyasi, texnoloji sanksiyalar tətbiq edilməsəydi, Ermənistanda KTMT-dən çıxmaqla bağlı heç bir fikir, iddia irəli sürülməzdi. Ermənistan bu gün Ukraynada baş verən proseslərin hansı məcrada inkişaf edəcəyini bilmədən Rusiyaya qarşı demarş edir. İrəvanın bu mövqeyi isə Kreml tərəfindən diqqətlə izlənilir”, - deyən politoloq onu da əlavə edib ki, Ermənistan həm də Azərbaycanla sərhəddə Aİ-nin Mülki Missiyasını dəvət edir, ATƏT-ə analoji missiya ilə bağlı müraciətlər ünvanlayır. Bu, regional balansın, regional siyasi və təhlükəsizlik nizamının Ermənistan tərəfindən pozulması deməkdir. İ.Hüseynov vurğulayıb ki, Rusiyanın Cənubi Qafqazda ənənəvi maraqları var: “İrəvan bu maraqlara qarşı addımlayır. Bu addımlar regional geosiyasi proseslərə də mənfi təsir göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, KTMT-dən çıxmaqla bağlı hər hansı hüquqi prosedurun başlanacağı təqdirdə rəsmi Moskvanın buna qarşı reaksiyası sərt olacaq. Ermənistan tərəfi baş verə biləcək prosesləri yəqin ki, gözə alıb, bunu erməni lobbisi ilə razılaşdırıb. Erməni lobbisi də bu gün çox ciddi şəkildə Rusiya əleyhinə fəaliyyət göstərir. Ümumiyyətlə, Ermənistan hər fürsətdə Rusiyaya qarşı xəyanət edib və bu xəyanətlərin sayı-hesabı da yoxdur”.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31