Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda inqilabın baş verməsi üçün heç bir siyasi-sosial zəmin yoxdur

Azərbaycanda inqilabın baş verməsi üçün heç bir siyasi-sosial zəmin yoxdur

17.03.2011 [10:13]

Bəzi müxalifət partiyaları isə hələ də reallıqları qəbul etmək iqtidarında deyil
Son vaxtlar bəzi ərəb dövlətlərində baş verən inqilablar, qeyri-sabitlik Azərbaycan müxalifətində “canlanma” yaradıb. Onlar təbliğat aparırlar ki, guya belə hallar Azərbaycanda da baş verə bilər. Amma ötən illərin təcrübəsi bu düşərgənin niyyətlərinin heç zaman reallaşmayacağını təsdiqləyir. Qeyd edək ki, dünyanın hansı ölkəsində ictimai-siyasi sabitlik pozulursa, o zaman müxalifətin radikal hissəsində “ümid qığılcımları” parlayır. Postsovet ölkələrində baş verən hadisələr zamanı ölkə müxalifəti indiki kimi, Azərbaycanda da inqilabların baş verəcəyindən dəm vururdular. Nəticə isə onların məyusluğundan başqa bir şey olmurdu. Şübhə yoxdur ki, bu dəfə də belə olacaq. Müsavatın 12 mart “mitinqi” bu fikri bir daha təsdiqləyir.
Bu günlərdə bu proseslərə münasibətini açıqlayan Milli Məclisin sədr müavini Bahar Muradova ərəb ölkələrində baş verən son hadisələrin Azərbaycana transfer olunacağı ilə bağlı fikirləri əsassız hesab edib.  “Bu, qətiyyən mümkün deyil. Həmin proseslərin Azərbaycanda reallaşması üçün isə ölkə daxilində dayaq yoxdur. Azərbaycanda belə istəklər dəfələrlə olub, lakin nəticəsiz qalıb” - deyə vitse-spiker vurğulayıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib ki, ərəb dövlətlərində cərəyan edən hadisələrin ölkəmizdə baş verməsi üçün heç bir siyasi-sosial zəmin yoxdur. “Müxalifətin radikal qanadı üçün bir meyar var ki, Azərbaycan üçün pis olan hadisələr onlara yaxşıdır və yaxud əksinə. Onların mövqeyi nə elmə, nə reallığa, nə tarixi təcrübəyə  əsaslanır”,  - deyən M.Quliyevin sözlərinə görə, Azərbaycanla ərəb dövlətlərinin müqayisə olunan hər hansı cəhətləri yoxdur. Digər tərəfdən, inqilab o zaman baş verir ki, kəskin ziddiyyətlər yaransın, vəziyyət kritik olsun. Bu isə avtoritar rejimlərə xas olan məsələdir. Millət vəkili qeyd edib ki, demokratik cəmiyyətlərdə inqilab baş vermir: “Demokratik cəmiyyətlərdə islahatlar həyata keçirilir, seçki yolu ilə hakimiyyət müəyyənləşir, ictimai rəy öyrənilərək ona uyğun addımlar atılır. 1993-cü ildə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra hüquqi-demokratik dövlət quruculuğu istiqamətində ciddi addımlar atıldı, dövlətin hüquqi əsasları yaradıldı, 1995-ci ildə ilk milli Konstitusiya qəbul edildi. O dövrdən Azərbaycan demokratik, hüquqi dövlət kimi inkişaf etməkdədir. Dünya birliyi tərəfindən də, Azərbaycan demokratik dövlət kimi qəbul olunur. Demokratiyanın nə qədər xalqın ictimai həyatına daxil olduğunu təkcə biz görmürük, beynəlxalq ictimaiyyət də görür. Hər bir ölkədə partiyaların vəziyyəti, xalqın bu partiyalara münasibəti seçkilərdə özünü göstərir. Seçkilərdə xalq kimə dəstək verirsə, demək həmin siyasi kursu bəyəndiyini elan edir. Azərbaycanda 2008-ci ilin prezident seçkilərində cənab İlham Əliyev yüksək göstərici ilə qalib gəldi. 2009-cu ildə bələdiyyə, 2010-cu ildə parlament seçkilərində də Yeni Azərbaycan Partiyası böyük üstünlüklə qələbə qazandı. Yəni xalqın iradəsi budur”.
M.Quliyev bildirib ki, parlamentdə təmsil oluna bilməyən partiyalar nə qədər qəribə olsa da, inqilabdan danışırlar. Amma unudurlar ki, belə hadisələrin baş verməsi üçün ölkəmizdə heç bir siyasi, sosial zəmin yoxdur. Onun sözlərinə görə, ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir: “Belə ki, əməkhaqları, pensiya və müavinətlərin artımı davamlıdır. Azərbaycanda dövlət büdcəsinin gəlirləri, üDM hər il artmaqdadır. Əhalinin sosial müdafiəsi ilbəil güclənir, gəlirləri davamlı şəkildə artır. İki ildir ki, inflyasiya birrəqəmlidir. Bir sözlə, Azərbaycanda sosial dövlət qurulub, əhalinin sosial müdafiəsi tam təmin olunub. Belə bir halda da xalq öz hakimiyyətindən, siyasi azadlığından, sosial-iqtisadi təminatından razıdır. Ona görə də, hər hansı problem yaranmayacaq”.
Qarşıdakı dövr üçün ölkəmizin inkişaf konsepsiyasının elan olunduğunu xatırladan millət vəkilinin sözlərinə görə, proqramlar vasitəsilə iqtisadiyyatın idarə olunması  müsbət nəticələrini verir və gələcəkdə uğurlarımız daha çox olacaq.
M.Quliyevin fikrincə, radikal müxalifət sadəcə bu mövqeyi ilə xarici qüvvələrin sifarişini yerinə yetirir. Onun sözlərinə görə, bu düşərgənin heç bir ictimai dayağa malik olmaması bu günlərdə bir daha təsdiqlənib: “12 martda onlar böyük mitinq keçirəcəklərini deyirdilər. Amma heç  50-dən çox adam yığa bilmədilər. Belə olan halda, inqilabdan danışmaq gülüncdür. Görünür, bu partiyalar xaricdən aldıqları təlimatları həyata keçirməyə çalışırlar. Əslində, YAP maraqlıdır ki, özünə layiq müxalifət olsun. Bu müxalifət sağlam məntiqə əsaslanmalıdır. Buna görə də, hesab edirəm ki, inqilab müxalifət düşərgəsində baş verməlidir, onların yeniləşməyə ehtiyacı var. Sağlam düşüncəyə sahib müxalifət olsa, cəmiyyətin inkişafına xidmət edər. Məqalə yazmaqla nə ictimai fikri dəyişmək, nə də proseslərə təsir etmək mümkün deyil”.
Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc da Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəm təməllər üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, bütün hallarda müxalifətin niyyətləri real görünmür. çünki belə hadisələrin baş verməsi üçün heç bir zəmin yoxdur. “özlərini müxalifət kimi qələmə verən bəzi radikal qüvvələr gündəmdə qalmaq üçün yenidən ənənəvi “metod”lara əl atmağa başlayıblar. Sivil qaydada siyasi mübarizə apara bilməyən, hətta, müxalifətçilik fəlsəfəsindən bixəbər olan Müsavat və AXCP kimi partiyalar siyasi səhnədə yox səviyyəsindədir”, - deyən millət vəkilinin sözlərinə görə, cəmiyyətimizin radikallara dəstək verməməsini sübut edən hadisələrdən biri də ötən həftə təsdiqlənib. O qeyd edib ki, dərnək səviyyəsində olan bir partiya bir daha Azərbaycan cəmiyyəti tərəfindən çıxdaş edildiyini gördü. “Mitinq keçirməklə, yalnız şəxsi məqsədlərini reallaşdırmağa çalışan müxaliflər, bu dəfə də dövlətçiliyə qarşı çıxacaq tərəfdarlar qazana bilmədilər. Bunun səbəbi isə açıq-aydın ortadadır. Azərbaycan dövləti bu gün dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bütün göstəricilər üzrə Azərbaycanın dünya ölkələri sırasında qabaqcıl yerə layiq görülməsi isə söylənilənləri əyani şəkildə sübut edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti iqtidarın siyasətini dəstəkləyir. Radikallığa yox deyən xalqımızın dəstəyilə iqtidar tam müstəqil siyasət yürütməklə, dövlətimizin, insanlarımızın maraqlarını təmin edir” - deyə, AVP-nin sədr müavini qeyd edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30