Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İslam həmrəyliyinin nümunəsi

İslam həmrəyliyinin nümunəsi

20.12.2022 [10:04]

Səudiyyə Ərəbistanı Azərbaycanın etibarlı tərəfdaşıdır

Regionun lider dövləti olan Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişafına görə son illərdə beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından birinə çevrilib. Azərbaycan dövləti işğalçı Ermənistan istisna olmaqla bütün ölkələrlə və beynəlxalq qurumlarla ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir.

Dünya ölkələri tərəfindən də yaxın tərəfdaş qismində qəbul edilən Azərbaycan öz milli maraqları çərçivəsində hər zaman əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri ilə də ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verir. Bu əlaqələrdə İslam aləminin və ərəb dünyasının lider ölkələrindən biri olan Səudiyyə Ərəbistanı Krallığı xüsusi yerə malikdir.

Dekabrın 18-də Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edilib, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi vurğulanıb.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı əsaslar yaratdığını deyib və biznes sahəsində əməkdaşlığın, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraq göstərdiyini bildirib. Bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihəni əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirib. Prezident İlham Əliyev alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu deyib.

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığından nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza nəzərdə tutulan səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirib.

Dövlətimizin başçısı ilə keçirilən görüşdən şərəf hissi duyduqlarını bildirən Xalid bin Əbdüləziz Əl-Falih əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinə verdiyi tapşırıq və tövsiyələrə görə, eyni zamanda Azərbaycana OPEC+ çərçivəsində əməkdaşlıq və Səudiyyə Ərəbistanının bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsində verdiyi dəstəyinə görə minnətdarlığını bildirib. Qonaq qeyd edib ki, ölkəsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsindəki haqlı mövqeyini hər zaman dəstəkləyib. Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında hələ də böyük sevinclə izlənildiyini vurğulayıb. Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən qonaq deyib: “Biz çox şadıq və ümid edirik ki, yenidənqurma və bərpa işləri vasitəsilə sizin sülh mərhələsinə keçidiniz uğurlu olacaq”. Qonaq bunun bölgəyə firavanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib. Xalid bin Əbdüləziz Əl-Falih ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, qonaq Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrin, bu baxımdan Rumıniyada imzalanan Sazişin əhəmiyyətinə toxunub.

Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb, ölkəmizdə bərpaolunan enerji generasiya layihələrində Səudiyyə Ərəbistanı Krallığından olan şirkətlərin iştirakı müzakirə edilib. Qeyd edilib ki, Səudiyyə Ərəbistanı Krallığı bu istiqamətdə, həmçinin kənd təsərrüfatında və digər sahələrdə yeni layihələrə investisiya qoymaqda maraqlıdır. Görüşdə Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondunun və Dövlət İnvestisiya Fondunun ölkəmizdəki layihələri maliyyələşdirməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında siyasi əməkdaşlıq mövcuddur

Vurğulanmalıdır ki, Səudiyyə Ərəbistanı Krallığı yenidən müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasını 1991-ci il dekabrın 30-da tanısa da, iki ölkə arasında diplomatik əlaqələr 24 fevral 1992-ci ildə qurulub. Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrinə verdiyi əhəmiyyətin göstəricisi kimi artıq 1994-cü ildə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Səudiyyə Ərəbistanı Krallığı isə ilk əvvəl Türkiyədəki səfirini, eyni zamanda, Azərbaycana akkreditasiya edib, 2000-ci ildən isə bu ölkənin Bakıda səfirliyi fəaliyyətə başlayıb. Ümummilli lider Heydər Əliyevin 9-13 iyul 1994-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfəri iki ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafı üçün dönüş nöqtəsi olub. Prezident İlham Əliyev də iki ölkə arasındakı əlaqələrin inkişafına həmişə xüsusi diqqət yetirib. Bunu ölkə Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına 2 rəsmi, 3 işgüzar səfəri də təsdiqləyir. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına 5-7 aprel 2015-ci il tarixlərində etdiyi rəsmi səfər iki ölkə arasındakı münasibətlərin inkişafında və qardaş ölkələrimizin daha da yaxınlaşmasında xüsusi rol oynayıb. Ümumiyyətlə, iki ölkə arasındakı yüksək səviyyəli siyasi əlaqələr müxtəlif səviyyəli qarşılıqlı səfərlərin intensivliyi ilə xarakterizə olunur.

İki dövlət arasındakı əlaqələrin ən mühüm nöqtələrindən biri də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında saxlanmasına, artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti olub. Hərbi münaqişənin ən gərgin vaxtlarında Səudiyyə Ərəbistanı Krallığı tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərilmiş humanitar yardımlar Azərbaycan üçün böyük məna daşımaqla yanaşı, dost və qardaş Səudiyyə Ərəbistanı Krallığının nümayiş etdirdiyi İslam həmrəyliyinin ən ciddi nümunəsidir. Səudiyyə Ərəbistanı Krallığı Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti əsas götürərək Ermənistanla diplomatik əlaqələrin qurulmasından (rəsmi İrəvanın ardıcıl cəhdlərinə baxmayaraq -red.) imtina edib. Bu siyasət bu gün də davam edir. Nəzərə almaq lazımdır ki, bu məqam İslam aləmində, o cümlədən ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində Səudiyyə Ərəbistanı Krallığı daim Azərbaycanın mövqeyini birmənalı dəstəkləyib.

İqtisadi sferadakı əməkdaşlıq diqqətəlayiqdir

İki ölkə arasındakı münasibətlər həm də iqtisadi sferanı əhatə etməkdədir. Səudiyyə Ərəbistanın şirkətləri Azərbaycanın alternativ enerji siyasətində əhəmiyyətli yer tutur. Belə ki, təxminən, iki il əvvəl Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Bununla da faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilib. Ötən dövr ərzində inşaat işlərinə başlanılması ilə bağlı fəal iş aparılıb və zəruri hazırlıq tədbirləri görülüb. Bu ilin yanvarın 13-də isə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bunu əlamətdar hadisə kimi dəyərləndirib. Yeni stansiyanın inşasının önəminə diqqət çəkən dövlətimizin başçısı bildirib ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şirkəti tərəfindən tikiləcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası sayılır. Onun istehsal gücü 240 meqavatdır. Bu infrastruktur obyekti həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin ölkəmizin təbii qaza qənaətlə bağlı planlarında olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması baxımından da bu stansiyanın çox böyük əhəmiyyəti olacaq.

Eyni zamanda, Azərbaycanın bərpa olunan enerji sektoruna Səudiyyə Ərəbistanının şirkətinin sərmayə yönəltməsi, bu investisiyanı daha da genişləndirmək, hətta işğaldan azad edilmiş ərazilərimizə belə yatırmaq istəməsi diqqət çəkən məsələdir və heç də təsadüfi deyil. İki ölkə bir çox sahələrdə uğurla əməkdaşlıq edir - energetika sahəsində OPEC+ formatında fəal çalışır. Deyə bilərik ki, OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynayıb.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31