Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir neçə gün yox, 15 gün əvvəl..

Bir neçə gün yox, 15 gün əvvəl..

09.02.2023 [10:07]

XİN Ararat Mirzoyanın növbəti yalanını ifşa etdi

Nardar BAYRAMLI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyaya səfəri zamanı keçirdiyi görüşlərdə regiondakı vəziyyəti, Azərbaycanla münasibətlərin normallaşması prosesini təhrif edib. Belə ki, o, Laçın yolu, mina problemi, delimitasiya prosesi ilə əlaqədar erməni xislətinə uyğun olaraq beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərib. Mirzoyanın iddialarından biri də sülh müqaviləsi ilə bağlı danışıqların hazırkı vəziyyəti haqqındadır. Ermənistanın XİN başçısı Almaniyada keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan bir neçə gün öncə İrəvana sülh müqaviləsi ilə yeni təkliflər təqdim edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin A.Mirzoyana cavabı isə özünü çox gözlətməyib.  Belə ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Mirzoyanın bəyanatına münasibət bildirib. Qeyd olunub ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib: “Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”. Vurğulanıb ki, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır.

Azərbaycanın təklifləri beynəlxalq hüquqa uyğundur

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, həmin ərazilərdə bütün infrastrukturu  məhv etmiş Ermənistanın ölkəmizi ittiham etməsi qəbuledilməzdir: “A.Mirzoyan Almaniyada olarkən iddia edib ki, guya Azərbaycan 10 noyabr razılaşmalarını icra etmir, erməni “mədəni və dini abidələri təhlükə qarşısındadır”, Qarabağda yaşayan erməniləri blokadaya alıb və s. Mirzoyanın bu iddialarını eşidəndə “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” atalar məsəli yada düşür. Təsəvvür edin, Azərbaycanın torpaqlarını işğal edən, 30 il ərzində həmin torpaqlarda daşı-daş üstündə qoymaraq hər şeyi məhv edən, o cümlədən tarixi, mədəni, dini abidələrimizi, məscidlərimizi dağıdan Ermənistanın rəsmisi ittiham edir ki, guya biz ermənilərə aid nələrisə məhv etmişik. Əslində bu, riyakarlığın son həddidir. Əldə olunan razılaşmaların yerinə yetirilməməsinin səbəbkarı Ermənistandır”.

O bildirib ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təklifləri təqdim edib: “Beş bənddən ibarət olan  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülhün imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır”.

Millət vəkili qeyd edib ki, rəsmi İrəvan bu təklifləri qəbul etdiklərini deyir, amma əməldə sülhə maraqlı görünmür. Lakin erməni tərəfinin  sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Eləcə də  lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq rəsmi İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. İrəvan vaxtı uzatmağa, yaxud zaman qazanmağa çalışır. Lakin “zaman qazanmağa çalışmaq”, əslində, onlar üçün itki deməkdir. Çünki iqtisadi tənəzzül sürətlənir, geosiyasi təcrid dərinləşir, siyasi xaos mühiti formalaşır.

Mirzoyanın Laçın dəhlizi ilə bağlı yalanları...

Mirzoyanın Laçın dəhlizi ilə bağlı iddialarına gəlincə, həmsöhbətimiz söyləyib ki, bu iddiaların  heç bir əsası yoxdur. Çünki yol açıqdır, hər gün nəqliyyatın qarşılıqlı olaraq hərəkəti də bunu təsdiqləyir. 10 noyabr birgə Bəyanatına əsasən, Laçın dəhlizi yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər. Amma Ermənistan bu razılaşmanı pozaraq yoldan hərbi məqsədlər üçün istifadə edib və Qarabağdakı erməni separatçılarını qanunsuz olaraq silahlandırıb. Eləcə də Qarabağdakı təbii sərvətlərimiz talan edilir. Ona görə də, Azərbaycan tərəfinin Laçın yolu ilə bağlı tələbləri tam haqlıdır. Sülh yalnız o halda mümkündür ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. O cümlədən erməni hərbçilərinin qalan hissələri Qarabağdan çıxarılmalı, kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiyası aparılmalı və iki ölkənin ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh müqaviləsi imzalanmalıdır. Bu elementlərin heç biri kənarda qalmamalıdır.

R.Məmmədovun sözlərinə görə, hazırkı şəraitdə A.Mirzoyanın iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara xələl gətirmək məqsədi güdür: “A.Mirzoyan tərəfindən nümayiş etdirilən bu qeyri-konstruktiv yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə zərbədir. Azərbaycan postmünaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq”.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31