Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran Qarabağa terror qrupları göndərir?

İran Qarabağa terror qrupları göndərir?

11.03.2023 [10:35]

Ekspert: Torpaqlarımızı işğaldan azad etdikdən sonra Tehranın Ermənistana dəstəyi açıq müstəviyə keçib

N.BAYRAMLI  

Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə məqalə dərc edib. Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran hakimiyyəti Qarabağı Suriyaya çevirmək planları qurur. Belə ki, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir.

“Türkiye” qəzetinin yaydığı bu informasiya nə dərəcədə doğru ola bilər? İranın 4 min nəfərlik silahlısının Qarabağa göndərməsi mümkündürmü? Xatırladaq ki, ötən ilin sonlarında Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etmişdi. Həmin  14 nəfər İran İslam Respublikasının vətəndaşları idi. Onlar ötən il noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndinə getmişdilər. Verilən məlumatlarda bildirilirdi ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən -  ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında isə ermənilər  çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. Məlumatlara görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilirdi. Bu şəxslərin İranın xüsusi xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur. Çünki 14 nəfərdən 12-nin İzeh şəhərindən olması da təsadüfi hesab oluna bilməzdi.  Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.

Bütün bunların fonunda İranın Qarabağ ərazisinə silahlı dəstələr göndərmək istəyi  nə dərəcədə mümkündür? Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli qəzetimizə açıqlamasında bildirib ki, görünür, 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirməyə çalışır. İranın hər zaman Ermənistanı dəstəklədiyi deyən E.Həsənli xatırladıb ki, 30 illik işğal dövründə İran hakimiyyəti ermənilərin yanında olub. Ermənistanın işğalçılıq siyasətinə görə Türkiyə dövlət sərhədini onların üzünə bağlamışdı. Ermənistanın Rusiya ilə birbaşa sərhədi yoxdur. Azərbaycan isə həyata keçirdiyi siyasətlə işğalçı ölkəni bütün regional layihələrdən təcrid etmişdi. Bunun nəticəsində ermənilər dərin sosial-iqtisadi böhranla üzləşmişdilər. Yalnız İranla olan təxminən 42 kilometrlik sərhəd Ermənistana nəfəs verirdi. İran bu sərhəd və işğal olunmuş ərazilərimiz vasitəsilə ermənilərə yardım edirdi. Çünki İranla 132 kilometrlik dövlət sərhədimiz  işğal altında idi. 44 günlük Vətən müharibəsində də İran gizli şəkildə ermənilərə yardım göstərirdi. Amma Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra rəsmi Tehranın Ermənistana dəstəyi açıq müstəviyə keçdi.

Ekspert xatırladıb ki, İran hakimiyyəti bütün platformalarda Ermənistasnın dəstəkçisi və himayədarı kimi özünü aparır: “Vətən müharibəsindən sonra İran dövlət sərhədində hərbi təlimlər keçirib, ölkəmizə qarşı təhdidlərlə çıxış edib. Nə qədər qəribə görünsə də, Ermənistandan daha çox İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır.  Qafanda tələsik konsulluq açması da bunu təsdiqlədi. Məlumdur ki, İranın Suriyada, İraqda hərbi dəstələri var ki, onlar terrorla, sabitliyi pozmaqla məşğuldur. Belə bir şəraitdə  “Türkiye” qəzetinin yaydığı informasiya araşdırılmalı, təhlil olunmalıdır. Hadisələrlə bağlı kəşfiyyat məlumatları əldə edilir. Çünki təhlükəsizlik məsələləri həddən artıq həssaslıq tələb edir. Milli maraqlarımız da yüksək səviyyədə qorunur. Hava məkanımıza da dövlətimiz ciddi nəzarət edir. Azərbaycan zəif dövlət deyil ki, kim istəyirsə ərazilərimizə ordu, silahlı dəstə göndərsin. Belə təxribatlar olarsa zamanında qarşısı alınacaq. Necə ki, Laçın dəhlizi vasitəsilə İran maşınlarının Qarabağa qanunsuz buraxılması ifşa edilmişdi”.

Bununla belə E.Həsənli hesab edir ki, Rusiya sülhməramlılarının bəzi hallarda öz vəzifələrini yerinə yetirməməsi narahatlığa əsas verə bilər. Hazırda Laçın yolunda ekofəalların dinc etiraz aksiyası keçirildiyi üçün bu yol vasitəsilə açıq şəkildə erməni separatçılarına qanunsuz hərbi yardım göndərilə bilmir. Bunu gizli yolla etməyə çalışırlar. Bugünlərdə belə bir yardımın torpaq yolu ilə edildiyini ordumuz aşkara çıxardı.  30 illik işğal dövründə ermənilər həmin ərazilərdə gizli tunellər də yaradıblar. Məsələ ondadır ki, Rusiya sülhməramlılarının avtomobilləri yoxlanılmır. Ermənilər guya Qarabağın blokadaya alındığını iddia etsələr də Ruben Vardanyan kimilərinin  hansı vasitə ilə Moskvaya gedib qayıtdığı hər kəsə məlumdur. Bütün bunlar, o cümlədən İranın Qarabağa terrorçu silahlı dəstə göndərmək istəyi ilə bağlı məlumatlar Laçın yolunda nəzarət-buraxılış mənətəqəsini yaratmağımızı olduqca zəruri edir. “Bütün prosesləri dövlətimiz diqqətlə izləyir. Zərurət yarandıqca dövlətimiz lazımı addımları atmaqda davam edəcək”, - deyə hərbi ekspert vurğulayıb.

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31