Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın yeni iqtisadi sistemə transformasiyasında neft faktoru

Azərbaycanın yeni iqtisadi sistemə transformasiyasında neft faktoru

22.06.2011 [09:27]

Neft milli sərvət kimi: tarixi kökləri, çar Rusiyası, sovet və müstəqillik dövründə neftin işlənməsi, hasilat
Müasir müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb.
ölkəmizdə neft sənayesinin tarixi çox qədimdir və Azərbaycanda neft resurslarının olmasına dair kifayət qədər çoxlu tarixi məlumatlar mövcuddur. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahları hələ bir neçə əsr əvvəl Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərən, Bakının neftlə zəngin torpağa malik olmasına dair məlumatlar veriblər. İtalyan səyyahı Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari Bakıdakı neft quyularının mövcud olması, türk səyyahı övliya çələbi isə neft mədənlərindəki işlər, “qara qızıl”ın İrana, Orta Asiya, Türkiyə və Hindistana satılması haqqında qeydlərlə çıxış ediblər. Yerli mütəxəssislərimizin Balaxanıdakı neft quyularından birində aşkar etdiyi daş üzərindəki yazıda qədimdən burada neft çıxarılması öz əksini tapıb. Digər tarixi mənbələrdə də göstərilir ki, hələ 7-8 əsr əvvəl Bakı ətrafında 500-ə qədər neft quyusu mövcud olub. 1683-cü ildə Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olan İsveç səfirliyinin katibi, alman səyyahı Engelbert Kempfer qeyd edib ki, Abşerondan çıxarılan neft İran, Orta Asiya və Şimali Qafqaza daşınır.
çar Rusiyası dövründə Azərbaycanda 1847-ci ildən neft mexaniki üsulla qazılmış quyulardan hasil edilməyə başlanır və Bibiheybət, Balaxanı yataqlarında sənaye əhəmiyyətli neft əldə olunur. Həmin ildən etibarən ölkəmizdə neft sənayesinin inkişafı başlanır. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirir və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə olunur. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. Beləliklə, sənaye üsulu ilə quyuların qazılması yeni neft yataqları aşkar edilməsinə və işlənməsinə səbəb olur. Neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziyanın formalaşması Bakı şəhərini dünyanın sənaye mərkəzlərindən birinə çevirir. Həmin illərdə neft sənayesinin inkişafında milli “neft milyonçuları”nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olub. 1872-ci ildə isə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli sahələrin hərracla fiziki şəxslərə satılması”. 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - “Bakı neft cəmiyyəti” yaradılır.
Neft sahələrinin hərrac yolu ilə fiziki şəxslərə satılmasına dair qanunun qəbulu və neft yataqlarının hərraca çıxarılması xarici sərmayəçilərin ölkəmizə axınına yol açır. 1873-cü ildə milliyətcə isveç olan Robert Nobel Bakıya gəlir. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmiryolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına tətbiq olunan aksiz vergisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verilir. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1 milyon ton neft nəql edilirdi.
1883-cü ildə Bakı-Batumi dəmiryolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsinə imkan verir. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradılır. Beləliklə, Azərbaycan bölgədə mühüm neft tədarükçüsünə çevrilir. 1901-ci ildə ölkəmizdə 11 milyon ton neft hasil edilir ki, bu da dünya neft hasilatının 50 faizdən çoxunu təşkil edirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesində yeni mərhələ başlayır və 1920-ci ildən etibarən neft sənayesinin milliləşdirilməsi prosesi həyata keçirilir. Bu proses neft sənayesində bir sıra problemlər də yaradır və hasilat 1920-1925-ci illərdə 2-3 milyon tona düşür. Yalnız 40-cı illərdə hasilat artmağa başlayır. İkinci dünya müharibəsi illərində neft hasilatı ildə 23-24 milyon tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76 faizini təşkil edirdi.
1949-cu ildə açıq dənizdə “Neft Daşları” yatağının kəşf olunması isə sənayenin tamamilə yeni formaya keçməsinə səbəb oldu. “Neft Daşları”nın istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı başlandı. 1969-cu ildən başlayaraq Azərbaycanın neft və qaz sənayesində işlər daha da sürətlənir və bu sahə dinamik inkişaf mərhələsinə qədəm qoyur. ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ərzində neft və qaz sənayesinin, xüsusilə də, dəniz neftinin hasilatı əhəmiyyətli dərəcədə yüksəldi. Ulu öndərin birbaşa təşəbbüsü ilə 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyinin yaradılması isə Azərbaycan neftçilərinin Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasına yol açdı. 1970-80-ci illərdə ağır yük qaldıran kran gəmilərinin, “Xəzər” və “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. Həmin illərdə zəngin neft ehtiyatlarına malik “Günəşli”, “çıraq”, “Azəri”, “Kəpəz” və digər yataqlar kəşf olundu. Bu dövrdə dünyada analoqu olmayan Dərin özüllər Zavodu tikilib istifadəyə verildi. Həmçinin, 70-80-ci illərdə Xəzər dənizinin digər respublikalara aid hissəsində yerləşən ən çətin yataqlarda kəşfiyyat işləri Azərbaycan neftçilərinə həvalə edildi.
Azərbaycanın iqtisadi inkişafında tarixi dönüş: “Əsrin müqaviləsi”nin imzalanması və yeni neft strategiyası...
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi. çox təəssüf ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan insanların səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması, ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda, həmin dövrdə Qərb şirkətləri ilə neftin istismarına dair aparılan danışıqlarda Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Bir sözlə, milli iqtisadiyyatın inkişafında mühüm rol oynaya biləcək əsas faktor olan neft amilindən istifadə olunmaması ölkədəki siyasi-iqtisadi-sosial böhranı daha da dərinləşdirirdi. Belə bir vəziyyətdə xalqın çağırışı və təkidi ilə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında, eləcə də, neft strategiyasının müəyyənləşməsində əsaslı dəyişikliklərin başlanğıcını qoydu.
ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ulu öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “çıraq-1” özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük mailli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz edildi. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tanker dünya bazarlarına çıxarıldı.
Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılması başlıca məqsədlər idi. Məhz bu məqsədlə “Azəri-çıraq-Günəşli” yataqlarından hasil olunan yanacağın Avropaya nəqlini təmin edə biləcək trans-kommunikasiya dəhlizinin yaradılması olduqca vacib sayılırdı. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu siyasi liderləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqlar apararaq Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbə ixracını nəzərdə tutan strateji marşrutun çəkilməsi üçün dövlətlərarası sazişin imzalanmasına çalışırdı. Bunun üçün regionda ən təhlükəsiz və uzunömürlü, rentabelli marşrut olan Bakı-Tbilisi-Ceyhanın (BTC) çəkilməsi təklif olunurdu. Həmin dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini dünya bazarlarına çıxarılmasında rol oynasa da, BTC qədər beynəlxalq miqyasa malik və rentabelli ixrac dəhlizi sayıla bilməzdi. İlkin dövrlərdə BTC-nin reallaşmasını istəməyən qüvvələr çox idi və onlar neftin digər marşrutlarla nəqlinə çalışırdı. Lakin həmin qüvvələrin müxtəlif təxribatlarına və təzyiqlərinə baxmayaraq Ulu öndər Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə Ulu öndərin qəti əzmkarlığı sayəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Ulu öndər Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə” dair saziş imzaladı. Eyni zamanda, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının prezidentləri bu layihəni dəstəkləyən “İstanbul Bəyannaməsini” imzaladılar. Bununla da, Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atıldı.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə dair dövlətlərarası sazişin imzalanmasından sonra tərəflər BTC-nin çəkilişi üçün real işlərə başladılar. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və kəmərin tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu.
Azərbaycan nefti regional siyasi-iqtisadi proseslərdə mühüm faktor kimi: Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsi və yanacaq resurslarının dünya bazarlarına nəqli
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, BTC Azərbaycan, Gürcüstan və Türkiyəni, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqla yanaşı, bölgəyə sülh və sabitlik gətirib. Bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verdi, həmçinin, “İpək yolu” üzərində yerləşən dövlətlərin, türkdilli ölkələrin, bütün dünyanın əsas magistral kəmərinə çevrildi. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını aldı. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan BTC ilə ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək mümkündür.
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası, çəkilişinə nail olduğu Bakı-Tbilisi-Ceyhan kəməri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır. Hazırda Azərbaycanın yerləşdiyi Xəzər regionu dünyanın enerji təchizatında mühüm yer tutur. Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır və Azərbaycan bu prosesdə başlıca rol oynayan regionun flaqmanıdır. Azərbaycan hökumətinin nümayiş etdirdiyi siyasi iradə olmasaydı və respublikamızın 17 il əvvəl imza atdığı enerji siyasəti reallaşmasaydı, hazırkı neft və qaz layihələri çəkilə bilməyəcəkdi, eləcə də, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılması bu qədər gerçəyə çevrilməzdi.
Hazırda Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir. BTC işə düşəndən indiyədək Azərbaycan beynəlxalq bazarlara təxminən 260 milyon ton neft ixrac edib.
Neft iqtisadiyyatın digər sahələrinin inkişafını stimullaşdıran amil kimi: Şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafı
Neft-qaz sektoru hazırda iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynamaqdadır. Qeyri-neft sektorundakı bu dinamizmi iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab oluna bilər.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, keçid iqtisadiyyatından sonrakı yeni inkişaf mərhələsində ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən və bu sektora aid müəssisələrin yüksək keyfiyyətə malik məhsul istehsalını artırmaqdan ibarətdir: “Bu gün artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir. Bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur”.
Qeyri-neft sektorundakı yüksək artım Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Həyata keçirilmiş məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradır.
Prezident İlham Əliyev bildirib ki, biz gələcəyimizi yalnız neftlə bağlamaq istəmirik. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir: “Yəni biz bu vasitədən istifadə edirik: Neft bizim üçün vasitədir. Mən hesab edirəm ki, biz bu vasitədən çox səmərəli istifadə etdik. Azərbaycan artıq dünyada tanındı. ölkəmizə milyardlarla dollardan artıq sərmayə gətirilib qoyuldu. Azərbaycan öz iqtisadiyyatının neftlə bağlı olan digər sektorlarının da xeyrini götürdü, orada inkişaf müşahidə olunur... Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir. Nəticədə güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir. Deyə bilərəm ki, Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir”.
Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji plana əsasən Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olacaq. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib.
ümumiyyətlə, Azərbaycan hökuməti neft gəlirlərinin xərclənməsini ölkənin inkişafı üçün prioritet hesab edir və bu sahədə şəffaflığını təmin edilməsini başlıca məqsədlərdən sayır. Oğuz-Qəbələ-Bakı su kəmərinin, hazırda inşası davam etdirilən Samur - Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin maliyyələşdirilməsi neft vəsaitləri hesabına həyata keçirilir və bu layihələr trans-kommunikasiya sistemlərinin ən mühüm seqmentlərini təşkil edir. Bundan başqa, neft vəsaitlərinin böyük bir hissəsinin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına, təhsil və səhiyyə bölmələrində bir sıra layihələrin maliyyələşdirilməsinə yönəldilməsi bir daha hökumətin sosialyönümlü siyasət yürütdüyünü, insanların rifah halına xüsusi önəm verdiyini təsdiqləyir.
XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Yəni, iqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə öz mühüm bəhrəsini verdikdən sonra ölkəmizin valyuta mənbələri sırasında qeyri-neft məhsuları xüsusi paya malik olacaq.
Neft gəlirlərinin ədalətli bölüşdürülməsi: büdcədə neft gəlirlərinin yeri, Dövlət Neft Fondundan transferlər, şəffaflıq...
Ulu öndər Heydər Əliyev neftdən əldə olunan gəlirlərin səmərəli və şəffaf şəkildə xərclənməsi üçün mükəmməl strategiyanı da yaradıb. 1999-cu ildə ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzalamaqla neft vəsaitlərinin ədalətli bölüşdürülməsi konsepsiyasının təməlini qoyub. Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsi neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunmasını təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması və vəsaitlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Fond yaradılarkən dünyanın bir sıra dövlətlərində bu cür qurumların təcrübəsindən, beynəlxalq maliyyə təşkilatlarının məsləhətlərindən istifadə olunub, eyni zamanda, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınıb.
Respublikamızın neft gəlirlərinin sürətlə artmasını və həmin vəsaitlərin güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədilə səmərəli idarə olunması xüsusi diqqət çəkir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, neftdən daxil olan vəsaitlər milli iqtisadiyyatın sürətli inkişafının təmin edilməsinə və insanların sosial vəziyyətinin yaxşılaşmasına, eyni zamanda, ən son qabaqcıl texnologiyaların respublikamızda tətbiq olunmasına yönəldilir: “Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
Neft gəlirlərinin səmərəli xərclənməsi Azərbaycanın şəffaflıq prinsipini başlıca məqsədlərdən biri hesab etməsinin başlıca bariz nümunəsidir. Bu faktorlar isə beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən dərin təhlil edilib və nüfuzlu təşkilatlar Azərbaycan hökumətini neft vəsaitlərinin səmərəli idarə olunmasına görə, yüksək reytinqlə qiymətləndiriblər. Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi prosesində fəal iştirak edir. Azərbaycan bu təşəbbüsə 2003-cü ildən qoşulub və yüksək ötən dövr ərzində nailiyyətlər əldə edib.
Azərbaycan MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkə hesab olunur. (2005-ci il martın 15-də). DNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur. 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı” uğrunda mübarizəyə 200-ə yaxın ölkə qoşulub, lakin bir neçə mərhələdən sonra yalnız 14 ölkə bu mükafatı qazanmağa müvəffəq olub. 2008-ci il sentyabrın 11-də Azərbaycan hökuməti tərəfindən təqdim edilmiş MHŞT-ni dəstəkləyən qətnamə layihəsi BMT-nin Baş Assambleyasında konsensusla qəbul edilib. BMT DNF-yə “2009-cu il MHŞT mükafatı” təqdim edib.
Respublikamız neft vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinin qorunmasını təmin edən mükəmməl mexanizm yaratmaqla bir çox ölkələrə nümunə olmaqdadır. Bu gün neft istehsal edən dövlətlərin əksəriyyəti respublikamızın neft gəlirlərinin idarə olunması sahəsindəki təcrübəsini tətbiq etməyə hazırlaşır.
Bir neçə ildir ki, dünyanın ən nüfuzlu təşkilatlarının neft bölməsində şəffaflıqla bağlı hesabatlarında Azərbaycan ən yüksək yerlərdən birini tutur. Neft vəsaitlərinin düşünülmüş siyasətə uyğun həm xarici investisiyalara, həm daxili sərmayələrə, həm də sosial sahələrə səmərəli xərclənməsi son nəticədə insan kapitalının inkişafına stimul verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi nefti - “qara qızılı” insan kapitalına çevirməkdən ibarətdir. Bu istiqamətdə aparılan tədbirlər öz mühüm nəticələrini verməkdədir və neft gəlirləri insanların ən qabaqcıl informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsinə, intellektual mülkiyyətin inkişafına istiqamətlənir.
Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı beynəlxalq maliyyə institutları və xarici investorlar tərəfindən təqdir olunmaqdadır. Məsələn, bir müddət əvvəl BMT İnkişaf Proqramının hazırladığı İnsan İnkişafı Hesabatında respublikamızın qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi davamlı islahatlar yüksək qiymətləndirilib. Həmin hesabatda BMT Azərbaycan üçün əhəmiyyətli olan sahələrin, xüsusilə də, qeyri-neft sektoru və effektiv idarəetmə sahəsinin inkişafını təqdir edib. Təşkilat bu istiqmətdə ölkəmizlə əməkdaşlığı davam etdirəcəyini bəyan edib. BMT neft satışından daxil olan vəsaitlərin sosial-iqtisadi sahələrdə məqsədyönlü proqramların həyata keçirilməsinə, xüsusilə də, qeyri-neft bölməsindəki layihələrə sərf olunmasını pozitiv faktor kimi səciyyələndirir.
Neft Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və regional əməkdaşlığın inkişafında mühüm vasitədir
Yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb. Avropa İttifaqı Xəzər regionu ölkələrinin enerji resurslarının Avropa istiqamətinə cəlb olunması üçün öz səylərini daha da artırmaqdadır. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır.
Son illər dünyada baş verən siyasi-iqtisadi proseslər bir çox enerji tədarükçülərinin öz tərəfdaşlarına qarşı ədalətsiz siyasət yürütdüyünü göstərir. Xüsusilə də Rusiyanın son illər ədalətsiz qiymət siyasəti və enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etməsinə çox təsadüf olunub. Buna görə də, Avropa dövlətləri gələcək talelərinin Xəzər regionundan, əsasən də Azərbaycandan asılı olmasını qəti şəkildə müəyyənləşdiriblər. ölkəmiz Avropaya neft ixrac edən potensial və etibarlı ixracatçı imicini qazanıb.
Azərbaycan enerji siyasətini həyata keçirərkən neft və qaz amilindən heç vaxt siyasi məqsədlər üçün istifadə etməyib və tərəfdaşları ilə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar. Azərbaycan Gürcüstan, Türkiyə və Yunanıstanı qazla təmin edərkən həmin ölkələrə qarşı humanizm nümayiş etdirərək yanacağın dəyərinin digər tədarükçülərlə nisbətdə güzəştli qiymətlərlə ödənilməsinə də razılıq verib. Gürcüstan 2005-ci ildə Rusiyanın qaz təchizatını dayandırdığı vaxt qışda donmaq təhlükəsi ilə üzləşmişdi. Bu vəziyyətdə Azərbaycan qonşu ölkəyə yardım əlini uzadaraq dözülməz vəziyyətdən çıxarmağa qərar verdi.
Bu kimi faktorlar respublikamızın dünya enerji tədarükçüləri arasında nüfuzunu və mövqeyini möhkənləndirmiş olur. Enerji istehlakçılarının rəsmi Bakıya etibarlı tərəfdaş kimi rəğbəti yüksəldi, onlar Azərbaycanın sülh və sabitliyə, qarşılıqlı hörmətə, dərin əməkdaşlığa xidmət edən siyasətini yüksək dəyərləndirərək sıx münasibətlər qurmağa çalışır. Bu gün respublikamıza Şərqi və Qərbi Avropanın demək olar ki, bütün ölkələrinin hökumət başçılarının ardıcıl xarakter alan səfərlərinin də bir məzmunu var: Azərbaycan regionda ən etibarlı tərəfdaşdır və rəsmi Bakı ilə enerji sahəsində möhkəm təməllərə söykənən əməkdaşlıq sazişlərinin imzalanması gələcək təhlükəsizliyə etibarlı təminat yaratmaq deməkdir. 2011-ci ildə bir çox ölkələrin dövlət başçılarının ölkəmizə səfərləri zamanı müzakirə olunan başlıca elementlər də qeyd olunanları möhkəmləndirmiş olur.
Azərbaycana olan etibar bu gün Avropanın fəaliyyət planının bir nömrəli məsələsidir. Prezident İlham Əliyev dünyada enerji təhlükəsizliyinin ciddi problemə çevrildiyi indiki vaxtda ölkəmizin Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdiyini vurğulayaraq tərəfdaşları ilə ədalətli əməkdaşlığa önəm verildiyini bəyan edib: “Azərbaycan enerji daşıyıcılarının nəqli və qiymət məsələsində istər hasilatçı, istər istehlakçı, istərsə də tranzit ölkələrin maraqlarının ədalətli şəkildə uzlaşdırılmasının tərəfdarıdır. Biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər. Enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməlidir. O, millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir. Biz enerjinin nəql olunması sistemini şaxələndirmişik. Əminəm ki, gələcəkdə Azərbaycan ilə Avropa istehlakçıları arasında münasibətlər uğurla inkişaf edəcəkdir”. Hazırda Azərbaycanda neft hasilatı 50 milyon tonu ötüb və bu, çox böyük göstərici sayıla bilər. İllik qaz hasilatı isə 25 milyard kubmetrdən artıqdır.
Hazırda Azərbaycanın karbohidrogen ehtiyatlarının ümumi həcmi 10 milyard tondan çoxdur. 2025-ci ilədək dünyada yanacaq məhsullarına olan tələbatın kəskin şəkildə artması və Xəzər regionundan hasil olunan ehtiyatların həcminin çoxalması bölgədə əlavə magistral kəmərlərin tikintisini zəruri edəcək. Xəzər regionunda neft hasilatı 2015 və 2025-ci illərədək müvafiq olaraq 100 və 150 min ton artacaq. Buna görə də, bu həcmlərin təmini üçün yeni boru kəmərlərinin çəkilməsi, Qazaxıstan, Azərbaycan və Gürcüstanın liman imkanlarının genişləndirilməsi, Azərbaycan və Gürcüstan arasında dəmiryol nəqliyyatının yaxşılaşdırılması, terminallarda anbar qurğularının genişləndirilməsi, Odessa-Brodı-Plosk-Qdansk neft kəmərlərinin çəkilməsi vacibdir. Yeni enerji dəhlizlərinin yaradılması isə Azərbaycanın həm ixrac coğrafiyasını genişləndirəcək, həm də 50-ə yaxın ölkəyə neft-qaz məhsulları nəql etməsinə imkan verəcək.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30