Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Kaspi" qəzetinin 130 illik yubileyi çərçivəsində yeni nəşrlərin təqdimatı keçirilib

"Kaspi" qəzetinin 130 illik yubileyi çərçivəsində yeni nəşrlərin təqdimatı keçirilib

03.08.2011 [10:42]

Tədbir iştirakçıları “Mübariz Yol” və “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitabların nəşrini yüksək qiymətləndiriblər
Dünən “Kaspi” qəzetinin 130 illiyi çərçivəsində nəşr olunan “Mübariz Yol” və “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən qəzetin baş redaktoru Natiq Məmmədli rəhbərlik etdiyi qəzetin tarixi haqqında qısa məlumat verərək deyib ki, 1881-ci ildə “Kaspi” qəzeti nəşrə başlayıb və çarizmin senzurasına baxmayaraq, fasiləsiz 38 il, bunun da 30-ilə yaxını gündəlik nəşr olunub. Rusiya müsəlmanlarının və Şərq dünyasının əsas aparıcı informasiya vasitələrindən biri olub. 1891-ci ildə “Kəşkül” qəzeti bağlanandan sonra təxminən 10 il ərzində “Kaspi” qəzeti yeganə informasiya qaynağı kimi çıxış edib. N.Məmmədli bildirib ki, qəzetin 130 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, silsilə tədbirlərə 2011-ci ilin əvvəlindən start verilib. Bu iki kitabın nəşr olunması da bu çərçivədə həyata keçirilib.
Daha sonra çıxış edən “Kaspi” qəzetinin rəhbəri Sona Vəliyeva “Mübariz yol” kitabının nəşrinə toxunaraq bildirib ki, bu, müsabiqənin yekunu olaraq nəşr edilib: “Layihənin məqsədi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan, ümumiyyətlə, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan əsərlərdən ibarət müsabiqənin keçirilməsi idi. Müsabiqədə 1, 2 və 3-cü yerlərin qalibləri üçün müxtəlif mükafatlar təyin edilmişdi. Şəxsən mən gözləyirdim ki, müsabiqəyə 50-60 yazı təqdim edilə bilər. Amma belə olmadı. Görünür, hamının içində Vətənə, torpağa olan duyğu, qəhrəmanlıq hissi, işğal olunmuş torpaqlar, insanların içərisindəki təlatüm bir coşqu yaratmışdı. Bizə çoxlu əsərlər təqdim olundu. 6-7 nəfərdən ibarət münsiflər heyəti təyin olundu. Obyektivliyin qorunmasına çalışdıq. 1, 2, 3-cü yerlər üzrə ən yaxşı şeir, nəsir və publisistik yazılar qiymətləndirildi”.
S.Vəliyeva bildirib ki, ümumiyyətlə, azərbaycançılıq ideologiyasını əsas tutub vətənpərvərlik və qəhrəmanlıq mövzusu bütün yaradıcı ictimaiyyətin daim diqqətində qalmalıdır. S.Vəliyeva qəzetin 130 illik yubileyi çərçivəsində nəşr olunan “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” kitabının nəşri haqqında da məlumat verib. “Biz özümüzü tarixi “Kaspi” qəzetinin davamçıları hesab etdiyimiz üçün oktyabr ayında qəzetin 130 illik yubileyini qeyd etməyi planlaşdırırıq” - deyən qəzetin rəhbəri daha sonra diqqətə çatdırıb ki, “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” monoqrafiyasında tarixi faktlar o qədər dəqiq verilib ki, bu tədqiqata heyranlığını gizlətmək mümkün deyil. S.Vəliyeva diqqətə çatdırıb ki, tədqiqat zamanı qəzetin nəşrində əməyi olan heç bir kəs unudulmayıb: “Belə ki, qəzetin əsas fəaliyyət dövrü 1897-ci ildən başlayır. O dövrdə Azərbaycanın maarifpərvər oğlu, Azərbaycan mətbuatının və mədəniyyətinin himayədarı Hacı Zeynalabdin Tağıyev “Kaspi” qəzetini alır. Tarixi faktlar da göstərir ki, böyük xeyriyyəçinin Həsən bəy Zərdabi ilə dostluğu bu mətbu orqanın alınmasında böyük rol oynayır. Görünür, həmin dostluğun əsasında da Həsən bəy Zərdabinin dostu olan Əlimərdan bəy Topçubaşov 1897-ci ildə “Kaspi” qəzetinə 6 aylıq hazırlıq keçəndən sonra baş redaktor təyin olunur”.
Tədqiqat əsərini yüksək dəyərləndirən S.Vəliyeva qeyd edib ki, nəşrdə Azərbaycanın milli demokratik ruhlu ziyalılarının toplanması və onların Azərbaycan xalqının maariflənməsi, əlifba haqqında və s. fikirləri çox düzgün çatdırılıb. “Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd Şahtaxlı, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov kimi demokratik ruhlu şəxsiyyətlərin yazıları çap olunub. çar Rusiyasının “qılıncının kəsib-doğradığı” bir vaxtda bu insanlar böyük bir fədakarlıq göstərərək bu gün mətbuat və söz azadlığı çərçivəsində deyilən sözləri o zaman deyə biliblər. O zaman rus və ermənilərin təşkil etdiyi senzuranı necə ələ ala biliblər ki, Məhəmməd Şahtaxlı “Zaqafqaziya müsəlmanlarını necə adlandıraq” - deyə yazıb. O zaman Şahtaxlının səsləndirdiyi fikirlər Ulu öndər Heydər Əliyevin dediyi kimi “Dil Azərbaycan dili, millət azərbaycanlı adlandırılmalıdır” fikri ilə səsləşir. Və yaxud Əhməd bəy Ağayevin qadın azadlığına, əlifbaya, maarifə, Şərq jurnalistikasına münasibət və s. adlı məqalələri bu gün də müasir səslənir”.
S.Vəliyeva qeyd edib ki, tarixə münasibəti ziyalılar göstərməlidir: “Bizim bugünkü və gələcək nəsillər bu nəşri oxuyacaq. Kim bilir, bəlkə bizim dərc etdiyimiz qəzetlər nə vaxtsa tarix olacaq, onda bu tarixin davamını Azərbaycanın qeyrətli ziyalıları yazacaq”.
Daha sonra çıxış edən kitabın müəllifi Nəsiman Yaqublu isə nəşr haqqında geniş məlumat verib: “1865-ci ildə Rusiya dövləti belə bir qərar qəbul etdi ki, artıq ərazilərdə də qəzet çap etmək lazımdır. Ona görə 1875-ci ildə Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirdi. 1900-cü ilə qədər Qafqazda 56-ya qədər qəzet çap olunurdu. Bunlardan 23-ü rus, 15-i gürcü, 15-i erməni, yalnız 3-ü azərbaycan dilində idi. “Kaspi” qəzeti bu boşluğu dolduran bir qəzetə çevrildi. 1881-ci ildə nəşrə başlayan qəzet Azərbaycanın işıqlı ziyalılarını öz ətrafına topladı və Azərbaycan mətbuat tarixinin böyük br dövrünü əhatə etdi. 1897-ci ildə “Kaspi” qəzetinə Əlimərdan bəy Topçubaşov redaktor təyin olundu. Bir müddətdən sonra o, qəzeti ümumrusiya müsəlmanları qəzeti səviyyəsinə qaldırdı”.
N.Yaqublu bildirib ki, “Kaspi” qəzeti bizim tariximizdir: “Bu qəzet ziyalılarımızın, burada çalışan şəxsiyyətlərin siyasi fəaliyyətinin tarixidir. Biz hələ qəzeti tam şəkildə araşdırıb ortaya qoymamışıq. Araşdırma apararkən gördüm ki, Əhməd bəy Ağaoğlunun 100-dən çox məqaləsi var ki, bunlar hələ çap edilməyib. Əlimərdan bəy Topçubaşovun 50-yə yaxın məqaləsi haqqında biz oxucuya məlumat çatdırmamışıq. Eləcə də Əli bəy Hüseynzadənin və digər publisistlərin elə dəyərli yazıları çap olunub ki, onları toplamalı, nəşr etdirməli və Azərbaycan ictimaiyyətinə çatdırmalıyıq”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, “Kaspi” qəzeti Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan nəşrlərdən biridir. Tarixi “Kaspi”nin Azərbaycan xalqının inkişafında mühüm rol oynadığını diqqətə çatdıran Ə.Amaşov qəzetin mətbuat tarixindəki müstəsna xidmətlərindən danışıb: “38 il ərzində bu qəzet orada çalışan hər bir ziyalının tribunası olub. Ziyalıların çoxunun yazılarına senzura tərəfindən icazə verilmirdi. Ancaq buna baxmayaraq, qəzetdə Azərbaycan xalqının kimliyi, məfkurəsi ilə bağlı çoxlu yazılar çap olunurdu”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdimatı keçirilən hər iki nəşri yüksək dəyərləndirib: “Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə həsr olunan müsabiqənin qaliblərinin yazılarının kitab formasında nəşr olunması və ictimaiyyətə təqdim olunması təqdirəlayiq hadisədir”.
Tarixi “Kaspi”nin fəaliyyətinə toxunan V.Səfərli qeyd edib ki, bu qəzetin nəşri Azərbaycanda maarifləndirmə işlərinin aparılmasına böyük dəstək olub: “Siz kitabı vərəqləyərkən bir çox maraqlı məqamlarla qarşılaşacaqsınız. 1999-cu ildə “Kaspi” qəzetinin yenidən nəşr olunması və bugünə qədər fəaliyyət göstərməsi tarixi “Kaspi”nin həmin xətti və ideyaları bu gün də davam etdirməsi deməkdir”.
Professor Qulu Məhərrəmli yubileyləri geriyə baxmaq üçün şans adlandırıb. Q.Məhərrəmli ümumiyyətlə, mətbuat tarixi haqqında yarımçıq işlərin çox olduğunu diqqətə çatdırıb: “Yubiley nəşri çox vacibdir. Arzu edərdim ki, “Kaspi” qəzetinin mətbuatdakı yeri ilə bağlı həqiqi dəyərləndirmələr olsun. Bu qəzet mətbuat tarixində böyük bir dövr üçün intellektual nəşrdir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yeni nəşri mətbuat tarixində, ümumiyyətlə müasir mətbuatda əhəmiyyətli araşdırma adlandırıb: “Bu, hər bir qəzetçi üçün çox əhəmiyyətlidir. “Kaspi” qəzetinin Azərbaycan mətbuat tarixində özünəməxsus rolu olub. Bu qəzet mövzu zənginliyi ilə yadda qalıb. 1999-cu il mart ayının 7-dən “Kaspi” qəzeti yenidən nəşr olunmağa başlayıb. Bu qəzet bugünkü qəzet bolluğunda özünəməxsüs yeri olan mətbu orqandır. Düşünürəm ki, Azərbaycan mətbuat tarixi ilə bağlı bu cür kitablar müntəzəm nəşr olunmalıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bugünkü informasiya bolluğunda qəzet nəşr etməyin çətin olduğunu diqqətə çatdırıb: “İnformasiyanın məsuliyyətini, onun ictimai münasibətlərə təsirini, cəmiyyətdəki rolunu  dərk etmək, adını daşıdığı qəzetin tarixini araşdırmaq, onun varislik yükünü çiyninə götürmək çətindir. Hər yubiley bir hesabatdır. Bu gün yeni “Kaspi”çilər 130 illik tarixi məsuliyyəti üzərlərinə götürüblər. Bu, çətin və şərəfli bir vəzifədir. Bu işdə bütün kollektivə uğurlar arzulayıram”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, hər hansı bir tədqiqat işini ortaya qoymaq böyük işdir. Bu, səbr, dözüm və iradə tələb edir. “Kaspi” qəzetinin tarixindən danışan Akif Aşırlı bildirib ki, bu qəzet Şərq jurnalistika sistemi ilə Qərb jurnalistikasına keçidin əsasını qoyub. A.Aşırlı nəşri yüksək dəyərləndirərək deyib ki, “Kaspi”nin mətbəəçilik işinə çox diqqət ayrılmalıdır və araşdırılmalıdır. O, qəzetin 1918-ci ildə yandırılan “Kaspi” redaksiyasının yerinə bir xatirə daşının qoyulması təklifi ilə çıxış edib.  
Ağsaqqal jurnalist Yusif Kərimov və “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da nəşrlərin ərsəyə gəlməsini önəmli bir hadisə kimi qiymətləndiriblər.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 966 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30