Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın maraqları zərbə altında...

Avropanın maraqları zərbə altında...

11.07.2023 [10:30]

Fransanın Ermənistana ötürdüyü silahlar hansı ölkələrə göndərilir?

Qərb analitikləri Parisə Azərbaycanın Avropanın enerji tərəfdaşı olduğunu xatırladır

Amerikanın “The Jewish Press” qəzetində dərc olunan məqalə Azərbaycanın yeni siyasi-iqtisadi konfiqurasiyadakı yerinin göstəricisidir

Fransanın son illərdə Cənubi Qafqaza münasibətdə yürütdüyü siyasət birmənalı qarşılana bilməz. O baxımdan ki, özünü “Avropa demokratiyasının siması” kimi təqdim etməyə çalışan rəsmi Parisin Azərbaycana və Ermənistana münasibətdə ortaya qoyduğu disbalans həm də ədalətsizlik, beynəlxalq hüquqa hörmətsizlik kimi məqamlarla müşayiət olunur. Ötən illərdə zaman-zaman davam etdirilmiş II Qarabağ Müharibəsindən sonra isə intensivləşdirilmiş anti-Azərbaycan siyasətinin əsasında ermənipərəst marağın dayanması sirr deyil -özünü bəşəri dəyərlərin “mühafiəçisi” kimi qələmə verməyə çalışan bir dövlətin tutduğu mövqe qeyri-demokratik prinsipə əsaslanır. 2020-ci il Vətən müharibəsində Azərbaycanın mühüm qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozdu. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Aparılan ermənipərəst siyasətin isə ardı-arası kəsilmədi - istər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə” heç bir işə yaramadı. Belə olan halda, rəsmi Paris regionda sülhün təmininə mane olmaq üçün ən təhlükəli yola əl atır. Son dövrlərdə Fransanın Ermənistanı silahlandırma cəhdləri bunu deməyə əsas verir. Rəsmi Parisin Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yaradılması prosesinə mane olması isə elə Qərb tərəfindən etiraf edilir...

Fransanın Ermənistana verdiyi hərbi texnika Rusiyanın əlinə keçərsə...

Amerikanın “The Jewish Press” qəzeti Ermənistanın xarici siyasəti ilə bağlı məqalə dərc edib. “Caliber.az” saytının yaydığı məqalə Yaxın Şərq Həqiqəti Fondunun (EMET) analitiki və əməkdaşı Cozef Epşteyn tərəfindən qələmə alınıb. Məqalədə son dövrlərdə Ermənistan ilə Fransa arasında hərbi sahədə “əməkdaşlıqlarla” bağlı mühüm nüanslar irəli sürülür. Bildirilir ki, ötən ilin oktyabrında Paris İrəvana daimi hərbi attaşe təyin edib. Bu, Fransa-Ermənistan hərbi tərəfdaşlığını genişləndirməyə xidmət edir. Bu ilin mayında isə Fransa Ermənistana 50 zirehli transportyor (BTR) “hədiyyə edib”. Hələ iyun ayında 170 fransız parlamentarisi və digər seçkili orqanın üzvü olan şəxslər hökuməti İrəvana daha çox hərbi dəstək verməyə çağırmışdı. İyunun 18-də isə Ermənistanın müdafiə naziri Parisə səfər edib və fransalı həmkarı ilə görüşüb: “Baş verənlər ilk növbədə Ukrayna və İsraili narahat edir. Çünki Ermənistanın Rusiya və İranla sıx əlaqələri nəzərə alınarsa, Fransanın verdiyi hərbi texnika bu iki ölkənin əlinə keçə bilər. Həm Kiyev, həm də Təl-Əviv hələ ki, rəsmi səviyyədə susqunluq göstərir, lakin özəl formatlarda narahatlıqlar ifadə olunur”.

Ermənistanın silahlandırılması faktı rəsmi Paris üçün niyə bu qədər önəmlidir, bu bir neçə istiqamətdə izah oluna bilər. Belə ki, rəsmi Paris bu yolla regionda özünün “nüfuzunu” yüksəltməyə çalışdığını önə sürə bilər ki, bu kimi iddianın özünün də arxasında qeyri-qanuni hallar dayanır. Çünki Ermənistanı silahlandıran Fransanın üzvü olduğu hərbi birliklər Parisin bu addımın, istisna edir - Rəsmi İrəvanın bu gün Fransanın hərbi müttəfiqlərinə qarşı döyüşən ölkələrin təmsil olunduğu təşkilata üzv olması artıq şərhə ehtiyac qoymur. Beləliklə, ya Parisin “Ermənistan sevgisi” o qədər böyükdür ki, Fransa NATO-nu qarşısına almaq bahasına belə İrəvana silah “ötürür”, ya da... Təbii ki, alternativ iddia Fransanın anti-NATO siyasəti apardığını deməyə əsas verir. Bunun arxasında dayanan “arqumentlər” isə indiki halda Qərb-Rusiya “qarşıdurması” üçün yeni istiqamət xətti müəyyənləşdirə bilər.

İrəvana qarşı iddialar təsdiqlənir - Ermənistanın anti-Qərb manevrləri...

Məqalədə göstərilir ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ticarət və vergilərlə məşğul olan yüksək vəzifəli ABŞ diplomatları Ermənistan vasitəsilə Rusiyaya satılan Qərb elektron komponentlərinin sayının kəskin artdığını bildirmişdilər. Onların arasında qanadlı raketlərin və digər silahların hazırlanması üçün vacib olan elektron qurğular və mikrosxemlər də var idi. İrəvan, həmçinin Rusiyaya gedən İran pilotsuz təyyarələri üçün tranzit rolunu oynayır. Bu dronlardan tez-tez Ukraynanın mülki infrastrukturuna zərbələr endirmək üçün istifadə edilir. Narahatlığa səbəb olan digər səbəb Fransanın hərbi texnikasının yenidən dizaynının mümkünlüyüdür: “Bu ilin martında CNN xəbər vermişdi ki, Rusiya NATO və ABŞ-ın istehsal etdiyi “Javelin” və “Stinger” raketlərini ələ keçirdikdən sonra onları İrana göndərir ki, iranlı mütəxəssislər həmin silahların öz versiyalarını yarada bilib-bilməməsi üçün söküb təhlil edə bilsinlər. Məsələ ondadır ki, İran əvvəllər ABŞ-ın ələ keçirilən hərbi ehtiyatlarından tank əleyhinə idarə olunan raket və dronları yenidən - öz versiyası üzrə dizayn edə bilib”.

Bu, olduqca mühüm bir iddiadır. Qərb analitiklərinin bu fikri Ermənistana qarşı bir müddət öncə səsləndirilən ittihamları yenidən aktuallaşdırır - Avropa İttifaqı bir müddət öncə rəsmi İrəvana qarşı mühüm iddialar irəli sürmüşdü və bununla bağlı arqumentlər ortaya qoymuşdu. Demək ki, Ermənistan-Fransa hərbi işbirliyinin arxasında yatan məqamlar daha böyük “siyasi məqsədlər” üçün planlaşdırılır...

Ermənistanın yeni “sığınacağı”...

Məqalədə Fransanın Ermənistana artıq tədarük etdiyi zirehli transportyorların 50 il öncəki olduğu bildirilsə də, rəsmi Parisin yeni dönəm üçün planlarının olduğu da vurğulanır. Belə ki, fransızlar artıq erməniləri müasir “Sherpa” və “Bastion” zirehli transportyorları ilə təmin etmək imkanını da nəzərdən keçirirlər. Bu isə hərbi ekspertlərin də bildirdiyi kimi, narahatedici məqamları ilə seçilir - İrəvanın Moskva ilə sıx əlaqələri məsələni fərqli istiqamətlərə yönəldir. Onların fikrincə, İrəvana göndərilən bu müasir silahların Rusiyanın əlinə keçməsi Ukraynaya qarşı döyüşlərdə Moskvanın üstünlüyünü təmin edər.

Bildirilir ki, Fransa bu risklərdən xəbərdardır - görünən budur ki, Cənubi Qafqazda təsirini artırmaq Paris üçün daha önəmlidir. Yəni, “silah satışı” sırf siyasi məqsədlərdən qaynaqlanır. Rusiyadan əli üzülən Ermənistan yeni himayədara - Fransaya sığınır.

Qeyd edək ki, məqalə müəllifinin yazdığı bu məqamlar bir daha Fransanın hansı təhlükəli manevrlər bahasına Ermənistana “himayədarlıq” etmək istəyini göstərir. Axı, rəsmi Parisin indiyə qədər Ermənistana hər hansı bir faydası toxunmayıb:

- Fransa beynəlxalq hüququ tapdamaq bahasına da olsa, heç bir təşkilatın Azərbaycanın əleyhinə qətnamə qəbul etməsinə və ya icraya yönəltməsinə nail olmayıb;

- Rəsmi Parisin Azərbaycana qarşı apardığı təbliğatı fiaskoya uğrayıb;

- Hətta Fransanın ən yaxın müttəfiqləri belə Azərbaycanın əleyhinə hər hansı bir hərəkət etməyiblər;

- Fransanın dominantlıq etdiyi siyasi tşkilatlarda belə Azərbaycanın əlehinə iş aparılmasına imkan verilməyib.

Belə olan halda, Ermənistanın yeni “sığınacağının” da işə yaramadığı tam şəkildə ortadadır. Sadəcə olaraq, Fransa atdığı addımlarla özünün və bütövlükdə, Avropanın maraqlarını ciddi təhlükə qarşısına qoyur.  

Fransanın yeni hədəfi - Türkiyə...

Yazıda Ermənistanın yeni siyasi “gedişlərinə” də toxunulur. Bildirilir ki, Nikol Paşinyan Ermənistanı Qərbə doğru yönləndirmək niyyətində görünsə də, çətin ki, buna nail ola bilsin. Bir çox erməni siyasətçiləri Rusiya ilə sıx əlaqələr saxlayır və İrəvan iqtisadi və hərbi baxımdan Moskvadan asılı olaraq qalır. Rusiya həm idxalda, həm də ixracda Ermənistanın ən böyük ticarət tərəfdaşıdır və bu ölkədə iki hərbi baza saxlayır. Bu, Qərbə oriyentasiya prosesini çətinləşdirir. Bundan əlavə, Paşinyan Ermənistanı Rusiyanın təsirindən azad etmək üçün zəruri şərt kimi Azərbaycanla sülh əldə etmək cəhdlərini sabotaj edən daxili sərt xətt tərəfdarları ilə mübarizə aparmalıdır. Məqalədə vurğulanır ki, N.Paşinyanın Qərbə can atmasına baxmayaraq, İrəvan sanksiyalardan yan keçməklə və Rusiyanın hərbi əməliyyatlarında istifadə olunan Qərb komponentləri üçün tranzit qovşağı rolunda çıxış edir. Beləliklə, Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilib. İrəvanın Moskva ilə münasibətləri narahatlıq üçün yeganə səbəb deyil. Ermənistan, həmçinin bölgədə Türkiyə və Azərbaycanın təsirini zəiflətmək istəyən İranla yaxınlaşıb. Türkiyəyə qarşı isə Fransa və İranın maraqları üst-üstə düşür. Paris və Ankara uzun müddətdir Şərqi Aralıq dənizi və Şimali Afrika regionunda nüfuz savaşı aparır. Fransa Ermənistandan istifadə edərək Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminə əks tarazlıq yaratmağa ümid edir.

Amerikalı analitikin açıq şəkildə ifadə etməyə çalışdığı məqamlar müasir situasiya ilə bağlı olduqca mühüm narahatlıqları ifadə edir. Belə anlaşılır ki, Fransanın regionda oynamağa çalışdığı təhlükəli oyunların tək hədəfi Azərbaycan deyil - burada ABŞ-ın və NATO-nun ən yaxın müttəfiqi olan Türkiyə də hədəfə alınıb. Buna nail olmaq üçün isə Fransa hətta qərb dünyasının ciddi sanksiyalarının tətbiq olunduğu ölkələrlə belə əməkdaşlıq edir. Bu isə regionda ciddi siyasi kataklizmlar yarada bilər ki, bu da Qərb üçün arzuolunmazdır. İndiki halda Azərbaycan, Türkiyə və İsrail arasında mühüm müsbət əlaqələrin qurulması Qərbin diqqətindədir - Fransa isə addımları ilə yeni siyasi-iqtisadi konfiqurasiyaya zərər verir. Regionda gedən bir sıra proseslər bundan böyük zərər görə bilər - məsələn, Yaxın Orta Şərqdə yeni siyasi-iqtisadi mənzərənin formalaşdırılması, eyni zamanda, Afrikanın yeni nizamdakı yeri və s. kimi məsələlər Fransanın bu “şıltaqlığı”nın qurbanına çevrilə bilər.

Fransa Avropanın enerji təhlükəsizliyinə qarşı...

Məqalədə diqqət çəkən əsas məqamlardan biri Parisin Avropanın enerji təhlükəsizliyi məsələsini də riskə atmasıdır - belə ki, yazı müəllifi qeyd edir ki, Fransanın Cənubi Qafqazın işlərinə müdaxiləsi Azərbaycanın enerji resurslarının Avropa İttifaqı ölkələrinə ixracını təhlükə altına qoya bilər. Avropa İttifaqı Rusiyanın enerji tədarükündən azad olmağa çalışdığı üçün bu ixrac çox vacibdir. “Avropa artıq Moskvanın Qarabağ bölgəsindəki separatçılardan münaqişənin qızışdırılması və Avropa İttifaqına Azərbaycanın tədarükün dayandırılması üçün istifadə etməyə çalışmasından narahatlığını ifadə edib. Ermənistan hərbçilərinin Qarabağdakı separatçılarla sıx əməkdaşlığı da nəzərə alınarsa, İrəvana verilən Fransa hərbi texnikası asanlıqla bu toqquşmanın komponentinə çevrilə bilər”, -deyə vurğulanır.

Baydenin məktubundan xatırlatma - “iki ölkə bir yerdə olub”...

Bu bir həqiqətdir ki, yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Azərbaycanın həyata keçirdiyi regional miqyaslı, qlobal əhəmiyyətli layihələr Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır - Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha fəal yer alır, bu istiqamətdə Avropa ölkələri, Avropa İttifaqı ilə mühüm dialoq gerçəkləşdirilib. Bu ilin mayın 20-də ABŞ Prezidenti Cozef Baydenın Azərbaycan Prezidenti İlham

Əliyevə ünvanlanan məktubunda da vurğulandığı kimi, Rusiya - Ukrayna müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iki ölkə bir yerdə olub. Bunu faktlarda sübut edir - ötən ilin yayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalaması ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış vacib addım sayıla bilər. Bu kimi addımlar ABŞ tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının perspektivə hesablanan yol xəritəsi kimi dəyərləndirilir. İndiki halda, Fransanın tutduğu qeyri-adekvat mövqe isə nəinki yalnız bu ölkənin, bütövlükdə, Avropa məkanının maraqlarını zərbə altına qoymuş olur...

P. SADAYOĞLU

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31