Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vəziyyət aprel ayının 23-də dəyişdi!

Vəziyyət aprel ayının 23-də dəyişdi!

03.08.2023 [10:20]

İlham Əliyev: Bu “post” Azərbaycanın suveren hüquqlarından istifadəsi, beynəlxalq hüquq müstəvisində atılan bir addımdır. Bunun sülh danışıqları ilə heç bir əlaqəsi yoxdur

Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan biri də təhlükəsizlik arxitekturasının gücləndirilməsidir.  Müasir siyasi münasibətlər sistemində əsas amillərdən biri kimi önə çəkilən siyasi-hərbi sabitlik əməkdaşlığın və inkişafın təməl prinsipi sayılır. Bu mənada, ölkəmizin post-müharibə dövründə atdığı addımlar da məhz bu hədəfə istiqamətlənib.

Azərbaycanın təbii sərvətləri Ermənistana daşınırdı

Ötən dövrdə 2020-ci ilin nöyabrında imzalanan üçtrəfli Bəyanata münasibət həm də tərəflərin dayanıqlı sülhə münasibətini müəyyənləşdirmiş oldu. Azərbaycanın bu istiqamətdə tutduğu siyasi kurs olduqca aydın və şəffaf idi - bəyanatın müddəaları icra edilməli və nəticədə regionun sabitliyi tam şəkildə təmin olunmalı idi. Hətta 2022-ci ildə Azərbaycan daha bir uğurlu addımı ilə seçildi - Laçın - Xankəndi istiqamətində yeni yolun istismara verilməsini vaxtından əvvəl təmin etdi. Ermənistan isə bunun qarşılığını verə bilmədi - əksinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması daha da genişləndirdi. Eyni zamanda, post-müharibə dövründə bu yolla Azərbaycanın təbii sərvətləri Ermənistana daşınırdı. Azərbaycanın vətəndaş cəmiyyəti institutunun nümayəndələri, QHT-lər isə buna etiraz olaraq Laçın-Xankəndi yolunda etiraz aksiyalarına başladı. Təxminən bir neçə ay davam etmiş bu aksiyalarda haqlı tələblər irəli sürən QHT nümayəndələri Azərbaycanın suveren torpaqlarında yerləşən mədənlərində monitorinq tələbi ilə çıxış edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər: “Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yenə də yol bağlı deyildi. O, tam azad idi və hərəkət azad idi”.

Hərəkət etmək azadlığı bloklanmayıb...

Bu vəziyyət Azərbaycanın əsaslı bir qərarı ilə nəticələndi - aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım regionda yeni vəziyyət yaratdı - eyni zamanda, bu “post”un qurulması hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş, sürmüş və bu qeyri-qanuni fəaliyyəti artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları seçildi. Dövlət sərhəd buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir. Orada müvafiq prosedur qaydaları tətbiq olunur. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, hazırda da hərəkət etmək azadlığı bloklanmayıb: “Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı”.

Legitim tələbimiz...

Ermənistanın Laçın dövlət sərhəd buraxılış məntəqəsi üzərindən siyasi manipulyasiya etmək arzusu da boşa çıxdı. Belə ki, bütün beynəlxalq təşkilatlar, vasitəçi təsisatlar, aparıcı dövlətlər, hətta Ermənistanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Demək ki, bu dövlət sərhəd buraxılış məntəqəsinin qurulması da Azərbaycanın suveren əraziləri çərçivəsində atdığı addım kimi dəyərləndirilir. İstər Beynəlxalq Ədalət Məhkəməsinin, istərsə də digər Avropa instansiyalarının Ermənistanın boş iddialarına cavabı da məhz bu xarakterdə idi. Vurğulandığı kimi, bu məntəqədən indiyə qədər 2 mindən artıq insan istifadə edib. Bu addım həm də təhlükəsizliyin qarant altına alınmasına xidmət göstərir. Təəssüfləndirici haldır ki, Azərbaycanın bu humanist davranışları bəzi qurumlar tərəfindən adekvat qarşılanmır və həmin qurumlar qeyri-qanuni vasitələrlə Ermənistanın yeni cinayətlərinə şərik olurlar. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi - “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmışdı, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılırdı. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanır - başqa sözlə, əsas missiyası neytrallıq və qərəzsizlik olmalı olan və humanitar təşkilat sayılan Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərin xeyrinə qeyri-qanuni hərəkətlərə imza atdı. Bu isə yolverilməzdir. Düzdür, BQXK iddia edir ki, guya bu yüklərdən “xəbəri olmayıb” və bu qeyri-qanuni hərəkətlər sadəcə, sürücülərin “özbaşnalığıdır”, amma bu da onların günahsız olduğunu deməyə imkan vermir. Axı, həmin sürücülər məhz BQXK-nın “çətiri altında” bu addımları atırmış.

Dövlət başçısı müsahibəsində bildirib ki, əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, “iPhone”-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu: “Bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”.

Laçın postu vəziyyəti dəyişdi...

Dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistan ilə Azərbaycan arasında illərdir davam edən danışıqlara yeni istiqamət verdi, yeni xarakter qazandırdı. Bunu sülhün yaranmasına “təhdid” kimi qələmə verməyə çalışan ermənilər isə siyasi spekulyasiyaya yol vermiş olurlar. Bu “post” Azərbaycanın suveren hüquqlarından istifadəsi, beynəlxalq hüquq müstəvisində atılan bir addımdır. Bunun sülh danışıqları ilə heç bir əlaqəsi yoxdur - çünki Ermənistan artıq bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyıb. Başqa sözlə, Laçın postunun yerləşdiyi ərazi qarışıq Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan Azərbaycanın daxili işlərinə niyə qarışmaq istəyir? Bu yolverilməzdir. Eyni zamanda, bu proses sülh prosesi ilə heç də eyni sayıla və qiymətləndirilə bilməz.

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda yerində dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Yeganə əngəl Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi idi: “Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31