Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Azərbaycanın mövqeyi daha da möhkəmlənib

2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Azərbaycanın mövqeyi daha da möhkəmlənib

11.01.2012 [16:25]

BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Azərbaycanın beynəlxalq qurumlarla fəal əməkdaşlığı münaqişənin həlli istiqamətində irəliləyişin əldə olunmasına şərait yaradır
Başa vurduğumuz 2011-ci il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda mühüm il olub. 2008-ci ildən etibarən Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşləri ötən dövrdə də davam etdirilib. Belə ki, mart ayının 5-də baş tutan Soçi və iyunun 24-də keçirilən Kazan görüşləri, eləcə də, üç ölkənin xarici işlər nazirləri arasında baş tutan görüşlər tərəflərin öz mövqelərini ortaya qoyması və ortaq məxrəcə gəlinməsi yolunda mühüm cəhdlər kimi dəyərləndirilə bilər. Soçi görüşünün yekunlarına dair qəbul edilən birgə bəyanatda dövlət başçıları hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər. Sənəddə “bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək” istəyi də vurğulanıb. Gözlənilənin əksinə olaraq, Kazan görüşündə hər hansı razılaşma imzalanmasa da, görüşün yekununda qəbul olunan birgə bəyanatda tərəflərin ümumi məqsədə doğru gedən yolda irəliləyişin olduğu qeyd edilib.
ötən ildə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona bir neçə dəfə səfər edib. Həmsədrlərin bəyanatlarında Azərbaycan üçün çox vacib olan bir məqam, yəni “status-kvonun saxlanmasının yolverilməzliyi” qeyd olunub.
Azərbaycan diplomatik hücum siyasətini davam etdirib
Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, 2011-ci ildə də münaqişənin həlli yönündə səylərini davam etdirib. Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda  konstruktiv fəaliyyət sərgiləyib. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. 20 ilə yaxındır ki, davam edən danışıqlar müddətində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır. Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın mövqeyini birmənalı şəkildə bir daha bəyan edib: “Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır”.
Ermənistan isə danışıqlar prosesində dalana dirənib və bu ölkənin AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan alt komitəni boykot etməsi bunu təsdiq edir. Beynəlxalq ictimaiyyət də rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinin şahidi olaraq münaqişənin uzanmasının əsl səbəbkarının kim olduğunu anlayır. Ermənistan rəhbərliyinin manevrlər edərək danışıqlardan yayınmaq, vaxtı uzatmaq cəhdlərinə baxmayaraq, zaman, əslində, Azərbaycanın xeyrinə işləyir. çünki iqtisadi, hərbi gücü, eləcə də, beynəlxalq siyasi nüfuzu durmadan artan Azərbaycanın haqq səsi bu gün daha aydın eşidilir.
İşğal həqiqəti ilə bağlı faktların dünyada təbliği yönündə geniş iş aparılır
Qeyd etdiyimiz kimi, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində aktiv iştirak edən Azərbaycan münaqişənin diplomatik yolla beynəlxalq hüquq çərçivəsində həllinə apara biləcək bütün vasitə və imkanlarından istifadə edir. Buna paralel olaraq mövcud problemin səbəb və nəticələri ilə bağlı dünya ictimaiyyətinin düzgün məlumatlandırılması yönündə də intensiv işlər aparılır. İnformasiya təbliğatının böyük əhəmiyyət daşıdığı müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması prinsipial önəm kəsb edən məsələdir.
Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, dövlət və hökumət başçıları ilə görüşlərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Azərbaycan torpaqlarının işğalı faktı, eləcə də, zəbt olunmuş ərazilərdə törədilən talanlar, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi barədə həqiqətlərin dünyaya tanıdılması məqsədilə hər il olduğu kimi 2011-ci ildə də xarici ölkələrdə Azərbaycanla bağlı həqiqətləri özündə əks etdirən kitablar, məqalələr dərc olunub, çoxsaylı konfrans və tədbirlər keçirilib. Bu baxımdan, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi maarifləndirici layihələr, habelə hər il uğurla icra olunan “Xocalıya ədalət” beynəlxalq kampaniyası təqdirəlayiqdir.
Ermənistanın işğalçı simasının ifşa edilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında milli diasporumuzun geniş potensial imkanlarından istifadə olunması dövlətin diqqət yetirdiyi vacib məqamlardandır. Azərbaycan hökumətinin yaxından dəstəklədiyi, müxtəlif ölkələrdə fəaliyyət göstərən yüzlərlə diaspor təşkilatlarımız hər il təşkil etdikləri tədbir və aksiyalarla ölkəmizə qarşı yönələn dezinformasiyanın aradan qaldırılmasına, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına öz töhfələrini verirlər. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində artıq beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı əməlləri ilə daha yaxşı məlumatlanıb.
Azərbaycanın BMT TŞ-yə üzvlüyü münaqişənin həlli üçün imkandır
Qeyd olunan işlərə paralel olaraq Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla da münasibətlərini genişləndirməkdədir. ATƏT, AŞPA, Avropa Parlamenti kimi qurumlarla əlaqələrini gücləndirən Azərbaycan ən nəhəng qlobal təşkilat olan BMT çərçivəsində də aktivliyini artırır. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının (TŞ) 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçilməsi Azərbaycan diplomatiyasının daha bir möhtəşəm uğurudur. BMT TŞ-yə qeyri-daimi üzvlük Azərbaycan üçün müəyyən siyasi dividendlərin qazanılması baxımından önəm daşıyır. Belə bir qurumda təmsil olunmaq birbaşa olaraq ölkənin siyasi nüfuzuna müsbət təsir edir, habelə diplomatik əlaqələrin genişləndirilməsinə əlverişli şərait yaradır. TŞ-də təmsilçiliyin regionda sülh və sabitliyin təmin olunmasına çalışan Azərbaycanın fəaliyyətini genişləndirməsinə şərait yaradacağını güman etmək olar. Dünyanın müxtəlif regionlarında keçirilən antiterror əməliyyatlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iştirak edən Azərbaycan bu sahədə öz mövqeyini əməli şəkildə ortaya qoyub. Azərbaycan sülh və təhlükəsizliyə tərəfdar olan bir ölkə kimi işğalçılıq siyasətinə, dinc və günahsız insanların öldürülməsinə, yurdundan qovulmasına qarşıdır. Bu baxımdan, ölkəmiz haqlı olaraq ərazi bütövlüyünün, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulan hüquqlarının bərpa edilməsi uğrunda yorulmaz fəaliyyət aparır. Qeyd etdiyimiz kimi, Azərbaycanın illərdir bu sahədə həyata keçirdiyi diplomatik tədbirlər və informasiya təbliğatı artıq öz nəticələrini verməkdədir. Beynəlxalq ictimaiyyət indi Ermənistanın işğalçı siyasətinə daha yaxşı bələddir, eləcə də, aparılan məqsədyönlü iş nəticəsində müxtəlif ölkələrin siyasi və ictimai dairələri bu ölkənin təcavüzkar əməlləri barədə daha ətraflı məlumatlandırılıb. Sözsüz ki, bu faktor beynəlxalq rəyin ölkəmizin xeyrinə dəyişməsinə təsir göstərir.
BMT TŞ-yə iki il müddətinə qeyri-daimi üzv seçilməsinin isə Azərbaycanın beynəlxalq əməkdaşlığı möhkəmləndirməsi ilə yanaşı, haqq səsini bütün dünyaya çatdırması baxımından da əlverişli olacağını söyləmək olar. BMT tribunası dövlətlərin öz səsini bütün dünyaya çatdırması baxımından ən mötəbər kürsü hesab olunur. Bu tarixi nailiyyətin siyasi dividendlərini yüksək dəyərləndirmək olar və Azərbaycana dost dövlətlərin də ölkəmizin uğurunu və bu uğurun gətirdiyi imkanları yüksək qiymətləndirməsi buna sübutdur. Bildiyimiz kimi, Azərbaycanın TŞ-yə üzvlüyü 155 ölkənin səsvermədə dəstəkləməsi sayəsində mümkün olub və bu da ölkəmizin beynəlxalq nüfuzundan və dövlətimizə olan etimaddan xəbər verir. Bu, o deməkdir ki, Azərbaycan BMT-də geniş dəstəyə malikdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin qurumda müzakirəyə çıxarılması və TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində fəaliyyət göstərəcəyi də şübhəsizdir. Sülh və əmin-amanlığın bərqərar edilməsində maraqlı olduğunu hər zaman nümayiş etdirən ölkəmizin TŞ-də qeyri-daimi üzv kimi fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verə bilər. Ermənistan rəhbərliyi və ictimaiyyəti bu durumdan çox ciddi təşviş və narahatlıq duyur. Danışıqlar prosesində dalana dirənən, deməyə sözü qalmayan Ermənistan Azərbaycanın TŞ-yə üzv olması ilə tam diplomatik məğlubiyyətə uğradığını anlayır.
Deyilənləri yekunlaşdırsaq, qeyd edə bilərik ki,  danışıqların hazırki mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Minsk qrupu həmsədrlərinin irəli sürdüyü və sülh müqaviləsinin hazırlanmasında baza prinsipləri rolunu oynaya biləcək yenilənmiş Madrid təklifini iki ilə yaxındır ki, Azərbaycan tərəfi qəbul etdiyini bildirib. İşğal edilmiş torpaqlardan Ermənistan ordusunun çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağa keçid statusun verilməsi, bölgədə təhlükəsizliyin təmin edilməsi kimi prinsiplərin əks olunduğu yenilənmiş Madrid təklifinin rəsmi Yerevanın təcavüzkar siyasəti ilə bir araya sığmaması işğalçı rejimi çıxılmaz vəziyyətdə qoyub. Sülhün əldə olunması məqsədilə yekun razılaşmanın müzakirəsinə hazır olduğunu bildirən Azərbaycan bununla irəliyə doğru daha bir addım atıb. Bütün bunların qarşılığında Ermənistanın hələ də danışıqları uzatmağa çalışması, konstruktiv mövqe ortaya qoymaqdan imtina etməsi işğalçı ölkənin özünü çətin duruma salıb. İşğalçı ölkə rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz mövqeyində qətidir və bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək. 2011-ci ilin yekunu siyasi, iqtisadi, hərbi gücü artan Azərbaycanın danışıqlarda aşkar üstünlüyünü, siyasi nüfuzunu itirən, sosial-iqtisadi problemlərdən qurtula bilməyən Ermənistanın isə diplomatik iflasını ortaya qoyur.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 896 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30