Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İran ölkəmizə qarşı silsilə təxribatlar törətməklə məşğuldur

İran ölkəmizə qarşı silsilə təxribatlar törətməklə məşğuldur

24.01.2012 [00:46]

Azərbaycan isə bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir
Müxtəlif beynəlxalq problem və qarşıdurmalarla zəngin olan dövrümüzün özünməxsus tələbləri var. Və öz inkişafının daimiliyini, həmçinin, təhlükəsizliyini təmin etmək istəyən istənilən dövlət xarici ölkələrlə, ilk növbədə isə yaxın qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı, faydalı münasibətlərə söykənən əməkdaşlıqda maraqlıdır. Təbii ki, ötən il müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası da, məhz, bu prinsiplərə üstünlük verir. Məlum olduğu kimi, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün ölkələrlə, o cümlədən, yaxın və uzaq qonşuları ilə dostluq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Daha doğrusu, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra bütün ölkələrlə siyasi, iqtisadi, diplomatik münasibətlərin qurulması və əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasətin əsas prioritetlərindən olub. Təbii ki, bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycan İranla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıb
Heç şübhəsiz ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də İran İslam Respublikasıdır. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Eyni zamanda, Azərbaycan Respublikası istər bir yaxın qonşu olaraq, istərsə də ortaq dəyərlərin (İslam dəyərlərinin-N.A) daşıyıcısı kimi İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Buna misal olaraq İranın nüvə proqramı ilə bağlı müzakirələr zamanı ölkəmizin sərgilədiyi prinsipial mövqeyi qeyd etmək olar. Məlumat üçün bildirək ki, Azərbaycan bu ölkəyə qarşı hərbi müdaxilələri və siyasi-iqtisadi sanksiyaları dəstəkləmir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfəri zamanı keçirdiyi görüşlər və apardığı danışıqlar zamanı ölkəmizin mövqeyini bir daha açıq şəkildə bəyan edib və bildirib ki, Azərbaycan, İrana qarşı mümkün ola biləcək heç bir potensial əməliyyata qoşulmayacaq.
İranın adekvat olmayan münasibəti
Onu da əlavə etmək yerinə düşər ki, ölkəmiz eyni zamanda heç vaxt İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməyib. Lakin bütün bunların fonunda qonşu ölkənin atdığı addımlar, ölkəmizə qarşı səprgilədiyi qeyri-səmimi mövqe Azərbaycanda təəssüf və qəzəblə qarşılanmaqdadır. Düzdür, son vaxtlara qədər Azərbaycan tərəfi qonşu dövlətdən ölkəmizə qarşı yönəlmiş təxribatları iki ölkə arasındakı münasibətləri pozmağa çalışan hansısa qüvvələrin əməlinin olduğunu düşünür, yaxud da bunun məhz belə olduğuna inanmağa çalışırdı. Lakin ötən həftə ərzində ölkəmizin təhlükəsizliyinə hədə törədən və bir-birinin ardınca baş verən iki olay, həmçinin, hər iki olayın arxasından da “İranın imzası”nın çıxması artıq hər şeyin olduğu kimi söylənilməsinin vacibliyinə işarə edir.
Məlumat üçün bildirək ki, yanvarın 16-da Azərbaycanda fəaliyyət göstərən 25 internet resursuna kibermüdaxilə olunub və araşdırma zamanı müdaxilələrin 24-nün İrandan, 1-nin isə Niderlanddan edildiyi müəyyənləşdirilib. Bu haqda KİV-ə açıqlama verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hadisə ilə bağlı iranlı həmkarına məktub göndərdiyini vurğulayıb: “Məktubda İranın rabitə nazirindən xahiş etmişəm ki, kibermüdaxilələrin olunduğu dəqiq ünvanlar müəyyənləşsin”.
Yanvarın 19-da isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda hazırlanan terror cəhdinin üstünü açıb. Məlum olub ki, Azərbaycanda ictimai xadimin həyatına qarşı terror aksiyası həyata keçirməyə çalışan ölkə vətəndaşları bununla bağlı sifarişi İrandan, bu ölkənin xüsusi xidmət orqanlarından alıblar. Beləliklə, bu iki fakt, əslində, İran tərəfinə “dur” deməyin vaxtının çatdığından xəbər verir. çünki, bu İranın adının keçdiyi heç də ilk hadisə deyil. Zaman-zaman ölkəmizə qarşı həyata keçirilən müxtəlif məzmunlu təxribatların ünvanı kimi adı keçən İran görünür öz qaranlıq əməllərindən əl çəkmək niyyətində deyil və təxribatlar silsiləsini davam etdirməkdə israrlıdır.
İlk həmlə-ideoloji təxribat
Bəli, bunu məhz tam çılpaqlığı ilə qeyd etmək yerinə düşər. Belə ki, hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü az qala bütün dünyadakı müsəlmanların bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Əgər belə olmasaydı, o zaman İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı “ideoloji mübarizə” aparılmazdı. Yəqin kimlərsə həmin yazıların İranın dövlət mövqeyi olmadığını iddia edəcək. Lakin belələri sadəcə İrandakı mövcud situasiyanı yaddan çıxarmamalıdırlar. İranda dövlətin, hakim molla rejiminin icazəsi olmadan KİV-də hər hansı ölkəyə qarşı bir kəlmə belə dərc edilə bilməz!!!
İkinci cəhd - “din pərdəsi”
Düzdür, İran tərəfinin bu ideoloji təxribat planı tez bir zamanda ifşa olundu. Lakin qarşı tərəf bu dəfə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa, ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərməyə başladı. ölkəmizdə guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışdılar. Heç uzağa getməyək, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri buna misaldır. Yeri gəlmişkən, əksər ekspertlərin də vurğuladıqları kimi, bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilməsi, əslində, hər şeyi gün kimi aydına çıxarır.
Baş rolda ayrı-ayrı siyasətçilər, generallar və ayətullahlardır
İrandan ölkəmizə qarşı ünvanlanan hədyan və təxribat xarakterli bəyanatların növbəti müəllifləri qismində isə bu ölkənin ayrı-ayrı siyasətçiləri, generalları və ayətullahları çıxış etməyə başladılar. Məlumat üçün bildirək ki, bu tipli bəyanat və açıqlamaların əsasını Azərbaycan xalqı və dövləti haqqında hədələyici fikirlər təşkil edir. Bu bəyanatları isə ayətullahların, siyasətçilərin və ictimai təşkilatların dəstəyi, həmçinin, təşkilatçılığı ilə qonşu ölkənin ərzisində keçirilən silsilə “tədbirlər” müşayiət etməyə başladı. Bütün beynəlxalq hüquq və normalara zidd olan həmin tədbirlərdə Azərbaycan Respublikasının daxili işlərinə qarışan fikirlərin səslənməsi İranın, bu ölkəni idarə edənlərin mahiyyətini növbəti dəfə ortaya qoydu.
İşğalçı ilə iş birliyi...
ötən ilin dekabrında İran prezidenti Mahmud Əhmədinejatın işğalçı Ermənistana səfəri isə bu ölkənin nə qədər İslam təəssübkeşi, nə qədər müsəlman dəstəkçisi “olduğunu” növbəti dəfə sübut etdi. O baxımdan ki, əgər İran həqiqətən özünü müsəlmanların təəssübkeşi sayırsa, İslam dəyərlərini hər şeydən üstün tutursa, o zaman Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında dağıdılmış məscidlərə, qəbirlərə görə də mövqeyini ortaya qoymalıdır. Həmin vaxt Azərbaycan ictimaiyyəti haqlı olaraq bir sıra suallara cavab tapmağa çalışırdı: özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə şiə müsəlmanlarının qətlə yetirilməsinin haqq-hesabını nə zaman soracaqlar? Görəsən, Azərbaycana qarşı gündə bir bəyanat, fətva verən İranın çoxsaylı molla ordusu, ayətullahlar indi niyə susurlar? Niyə Mahmud Əhmədinejatın müsəlmanların qatili Sarkisyanla görüşlərini əngəlləməyə çalışmırlar? Bəs hanı müsəlman təəssübkeşliyi? Əgər bu yoxdursa, deməli, həm o mollalar, həm də o ayətullahlar nə səmimi müsəlman, nə də səmimi İslam təəssübkeşləridirlər.
ölkəmizə qarşı daha bir təxribat cəhdi
Yuxarıda da vurğuladığımız kimi, bu çirkin planlar seriyasının hələlik sonuncu həlqəsi isə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ortaya çıxıb. Belə ki, bu tədbirlər nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb. İstintaqla müəyyən edilib ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturmuşlar.
Əksər ekspertlərin qeyd etdikləri kimi, İranın xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində bu cür təxribat və terror törədilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı hörmətsizliyin növbəti epizodlarından biridir. Və heç şübhəsiz, bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları artırır. Məlumat üçün bildirək ki, 2007-ci ildə vəfat edən iranlı ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı fətva vermişdi. Onun oğlu Məhəmməd Cavad Lənkərani isə Rafiq Tağının qətlə yetirilməsindən sevindiyini gizlətməmişdi.
Yeri gəlmişkən, Azərbaycanın siyasətçiləri və politoloqları da son olaylarla bağlı açıqlamalarında bu məqamların üzərində dayanıblar. Məsələn, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı APA-ya açıqlamasında deyib ki, İran Azərbaycanda təxribatla məşğuldur: “İran bir yandan şiə-müsəlman qardaşlığından danışır, digər yandan terrorçu-xristian Ermənistanla iş birliyi qurur və onu yaşadır. Azərbaycan cəmiyyəti ayıqdır və bu fəaliyyətlə Azərbaycanı İran kimi dövlətə çevirmək mümkün deyil”.
S.Rüstəmxanlı hesab edir ki, Azərbaycan dövləti İranla bağlı siyasətini baş verənlərə uyğun qurmalıdır: “Əlbəttə, İrana qarşı cəbhə açmaq, düşmən kimi davranmaq tərəfdarı deyilik. Amma hər sözün öz cavabı var”.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri Natiq Miri isə baş verənləri qarşılıqlı etibara zərbə kimi dəyərləndirib: “Artıq ölkələr arasında informasiya savaşı başqa mərhələyə qədəm qoyub. Azərbaycan ərazisində terror aktının törədilməsinə cəhd isə çox ciddi proseslərdən xəbər verir”.
Azərbaycanın İranla bağlı yaxın qonşuluq siyasətini saxlamaq məqsədilə güzəştli siyasət yürütdüyünü diqqətə çatdıran Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə bəyan edib ki, ölkəmizin münasibətlərin normallaşdırılması istiqamətində atdığı bütün addımlar İran tərəfindən cavabsız qalıb: “İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır, Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. Terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istəyir”.
Q.Həsənquliyev qeyd edib ki, İrandakı bütün məscidlərdə Azərbaycana qarşı çıxışlar edilir: “Rafiq Tağı ilə bağlı məsələ də, MTN-nin son əməliyyatı da onu göstərir ki, İran Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Azərbaycan dünya birliyindən, BMT-dən neft obyektlərinin mühafizəsi üçün dəstək istəməlidir, hava hücumundan - raketdən müdafiə sistemləri almalıdır, mümkün hədələrdən qorunmaq üçün sərhəddə hərbi qüvvələrini gücləndirməlidir”.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də İranın Azərbaycana qarşı atdığı addımların açıq müstəviyə keçdiyinə diqqət çəkib: “İrana bağlı qüvvələrin Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil”.
Bir sözlə, görünən odur ki, informasiya təhdidləri və təxribatları Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq, ən nəhayət, ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkədən gələn təhdidlər silsiləsidir. ötən hər gün ərzində İran tərəfindən yönləndirilən növbəti “sürpriz” isə qonşu ölkənin bu silsiləni davam etdirmək arzusundan xəbər verir. Lakin bu qaranlıq planları hazırlayanlar, ölkəmizə qarşı müxtəlif torlar quranlar bir şeyi gözəl dərk etməlidirlər ki, söhbət müstəqil Azərbaycan dövlətindən gedir. Elə bir dövlətdən ki, öz inkişafına görə, Cənubi Qafqazın lider ölkəsidir. Elə bir dövlətdən ki, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayır. Elə bir dövlətdən ki, müstəqilliyinin cəmi 20 yaşı olmasına baxmayaraq, artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elə bir dövlətdən ki, onunla hədə, təhdid dilində danışmaq kimsəyə fayda verməz. Nəhayət, elə bir dövlətdən ki, ərazisinə, əhalisinə, əsgərinə qarşı yönəlmiş bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30