Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İyun ayından etibarən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacaq

İyun ayından etibarən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacaq

16.03.2012 [01:47]

Azərbaycanda əmanətlərin qaytarılmasının sosial coğrafiyası digər MDB ölkələri ilə müqayisədə daha geniş olacaq
Məlum olduğu kimi, martın 14-də Prezident İlham Əliyev “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Fərman imzalayıb. Sözügedən Fərmana əsasən 2012-ci ilin iyun ayından etibarən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacaq. Fərmanda da qeyd olunduğu kimi, son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alaraq, Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini təklif etmək niyyətini bəyan edir. Fərmana əsasən, əmanətlərin verilməsinin 2013-cü ilin 31 dekabrınadək başa çatdırılması nəzərdə tutulub. “Yeni Azərbaycan” qəzetinin təşkil etdiyi növbəti “dəyirmi masa”nın iştirakçıları da sözügedən Fərman, bu Fərmandan irəli gələn addımların atılması  və ümumiyyətlə, MDB məkanında bu tip əmanətlərin qaytarılması praktikasına dair sualları cavablandırıblar. Beləliklə, redaksiyamızın budəfəki qonaqları Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovdur.
Hikmət Babaoğlu: Məlum olduğu kimi, martın 14-də tarixi bir hadisə baş verdi. Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev  “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Fərman imzalayıb.  Bu Fərmanın əhəmiyyətini necə qiymətləndirirsiniz?
Musa Quliyev: Bu Fərman Azərbaycan Prezidentinin humanist siyasətinin bariz ifadəsidir. Məlum olduğu kimi SSRİ dövründə banklarda qalan pullara görə, müstəqil Azərbaycan dövləti heç bir cavabdehlik məsuliyyəti daşımır. Yəni, bu gün həmin vəsaitin insanlara qaytarılması müstəqil dövlətimizin öz vətəndaşlarına qayğısının ifadəsidir. Digər tərəfdən, bunu Azərbaycan dövlətinin gücünün-qüdrətinin ifadəsi kimi qiymətləndirmək olar. Dövlətimizin maliyyə imkanları olmasaydı, təbii ki, bu layihə reallaşa bilməzdi. Ona görə də, mən bu hadisəni ilk növbədə cənab Prezidentin sosial-humanist siyasətinin nümunəsi, xalqa diqqətinin və qayğısının ifadəsi kimi qiymətləndirirəm. Eyni zamanda, bu hadisə Azərbaycan dövlətinin öz vətəndaşlarının sosial rifahının qayğısına qalması deməkdir. Hesab edirəm ki, bu, eyni zamanda, Azərbaycan vətəndaşlarının tarixi situasiyada üzləşdiyi ədalətsizliyin aradan qaldırılmasıdır.
Hikmət Babaoğlu: Aydın müəllim, belə problem keçmiş SSRİ-nin digər respublikalarında da mövcud idi. Həmin respublikalarda əmanətlərin qaytarılması prosesi hansı vəziyyətdədir? Bu məsələdə Azərbaycanın tətbiq etdiyi qaydaların üstünlükləri nədən ibarətdir?
Aydın Mirzəzadə: İndiyə qədər postsovet respublikalarından bir neçəsi bu prosesi başlayıb. Rusiya bu prosesi başlasa da, onu 30 il müddətinə başa çatdırmaq niyyətindədir. Belarus isə 1997-ci ildən başladığı prosesi 10 il müddətində həyata keçirdi. Moldova da sovet dövründən qalan əmanətlərin öz vətəndaşlarına qaytarılması işini başa çatdırmaq üzrədir. Qırğızıstan, Qazaxıstan və Ukraynada da bu proseslər gedir. Ancaq Azərbaycanın onlardan fərqi nədədir?
Birincisi, nəzərə alaq ki, bu dövlətlərin heç birində Dağlıq Qarabağ kimi ağır ümummilli problem yoxdur. Yəni, bu problemin çox ciddi, mənəvi və sosial-iqtisadi yükü var.
İkincisi, Azərbaycandan fərqli olaraq, digər respublikalar bu prosesi uzun bir müddətə həyata keçirirlər. Bu isə istər-istəməz əhali arasında narazılıq yaradır. çünki insanlar öz planlarını 10 ildən sonraya saxlayırlar. 10 ildən sonra dövlətin həmin maliyyə imkanlarının olub-olmayacağı isə məlum deyil. Amma Azərbaycan bu prosesi 1,5 il ərzində həyata keçirməyi öz üzərinə götürüb. Digər məsələ ondan ibarətdir ki, Azərbaycanda götürülən nisbət digər ölkələrlə müqayisədə qat-qat sərfəlidir. Məsələn, bir neçə rəqəmi diqqətinizə çatdırmaq istəyirəm. Rusiyada köhnə sovet rublu 0,3 ABŞ sentinə bərabərdir. Bu göstərici Qazaxıstanda 0,6, Ukraynada 0,9, Belarusda 33, Qırğızıstanda 2,4, Moldovada 20 sentə bərabərdir. Azərbaycanda isə bir köhnə rubl 17 ABŞ sentinə bərabər götürülür. Yəni, köhnə 500 rubl 75 manata bərabər qiymətləndirilir. Amma nəyə görə bizim 17 sentimiz Belarusun və Moldovanın götürdüyü nisbətdən yüksəkdir? çünki onlar bu prosesi 10 il ərzində həyata keçirəcəklər. Bir sözlə, həmin dövlətlər dövriyyəyə buraxdığı vəsaiti sonradan digər yollarla öz büdcəsinə qaytarır. Eyni zamanda, 10 il ərzində dövlət maliyyə imkanını artırdıqca həmin vəsaiti əhaliyə qaytarır. Azərbaycanda isə bu proses il yarım ərzində həyata keçirilir və nəzərə alsaq ki, əgər insanlar aldıqları vəsaiti dövriyyəyə buraxsalar, adını çəkdiyimiz digər dövlətlərin  10 il ərzində verdikləri vəsaitdən daha dəyərli olacaq. Eyni zamanda,  bilmək lazımdır ki, torpaq işğalı, bir milyona yaxın qaçqın və məcburi köçkünün olması Azərbaycana bu problemi 10 il sonra həll etməyə belə mənəvi haqq verirdi. Lakin Azərbaycan hökuməti, ilk növbədə ölkə başçısı cənab İlham Əliyev insanların sosial vəziyyətinin yaxşılaşmasını bir nömrəli vəzifə kimi qarşıya qoyur və bunu həll edir.
1991-ci ildə keçmiş SSRİ Əmanət Bankında o dövrün rəqəmlərinə görə 320 milyard rubl vəsait vardı. Bunun təqribən 4,8 milyard rublu Azərbaycanın payına düşürdü. Son rəqəmlərə görə, təqribən 2 milyon əmanətçi var. Azərbaycan o biri respublikalardan fərqli olaraq əmanətçiləri kateqoriyalara bölmür, çox əlverişli bir dəyişmə təklif edir. Həmçinin, qısa bir zamanda bunu həll edə bilir. Bu baxımdan, nəzərə alaq ki, cənab Prezidentin Fərmanı əsasında xüsusi hökumət komissiyasının təşkil edilməsi, bütün bu məsələlərin operativ şəkildə həll edilməsi gözlənilir. Hesab edirəm ki, insanlar bəlkə də il yarımdan daha tez öz əmanətlərini ala bilcəklər.
Bəzi qəzetlər yazır ki, burada nisbət düzgün götürülmür. Bu rəqəmlər 1991-ci illə götürülür. Yəni, 1991-ci ildə Sovet rublu kifayət qədər ölmüş bir vəziyyətdə idi, 1970-80-ci illərin rublu deyildi. 1991-ci ildə həmin o ölmüş rublun, dayanıqlı valyuta olan Avropa və ABŞ valyutalarına nisbətini nəzərə alsaq, Azərbaycanın təklif etdiyi dəyişmə rəqəmi kifayət qədər ədalətlidir.
Hikmət Babaoğlu: Aydın müəllim, bu gün Azərbaycan manatının yüksək alıcılıq qabiliyyəti var. Həmin dövrdə alıcılıq qabiliyyəti ilə bügünki manatın alıcılıq qabiliyyətini müqayisə etsək, o zaman əhalinin mənafeyi baxımından nə cür iqtisadi-maliyyə mənzərəsi gözümüzün qarşısında canlanar?
Aydın Hüseynov: Sovet dövründə əmanət bankına qoyulan vəsait o dövrdə sovet məkanı üçün aktiv idi. Yəni, Azərbaycanda qoyulan pulu SSRİ məkanının istənilən ərazisində götürmək mümkün idi. SSRİ dağıldıqdan sonra isə bu aktivlərin Azərbaycanın payına düşən hissəsi ölkəmizdə qaytarılmadı. Bu əmanətlər bu gün nəyin hesabına qaytarılır? Azərbaycanın dövlət büdcəsi hesabına ödənilir. Yəni, bu vəsait o dövr əmanətlərinin dövriyyəsindən əldə olunan gəlirlər hesabına ödənilmir. Biz 1 yanvar 1992-ci il vəziyyətinə olan əmanətlərdən danışırıq. Amma 1992-ci ildə dövlət büdcəsi 0 səviyyəsində idi. Demək, bu vəsaitlər tamamilə yox səviyyəsində idi. Azərbaycan dövləti sovet əmanətlərinin bir qəpiyindən də bəhrələnməyib. Belə hesab edilməlidir ki, bu vəsait hər bir şəxsin itirdiyi bir vəsaitdir. Səbəbləri isə məlumdur. Yəni, olmayan vəsaiti bu gün Azərbaycan dövləti öz gücünə əhaliyə qaytarır.
ümumiyyətlə, bu Fərman ölkə Prezidentinin Azərbaycan vətəndaşlarının sosial rifah halının daha da gücləndirilməsi naminə atdığı addımdır. Biz o vaxtkı rublun dəyəri ilə indiki manatın dəyərini müqayisə edə bilmərik. O dövrdə olan rublun dəyəri SSRİ məkanı üçün aktiv idi. İndi isə müstəqil Azərbaycan dünyaya inteqrasiya edir, dünya ilə birbaşa iqtisadi əlaqələrə girir. Bu gün manat ABŞ dollarına ekvivalentliyi əsasında işini qurur. Ona görə də, hesab edirəm ki, əhaliyə keçmiş əmanətlərinin qaytarılması üçün müəyyən edilmiş qaydalar tam ədalətlidir.
Hikmət Babaoğlu: Vüqar müəllim, o dövrdə əmanətini alan vətəndaşın bazardan alacağı əmtəə ilə, indi əmanətini alan vətəndaşın bazardan alacağı əmtəəni müqayisə etmək olarmı? Yəni, insanlar üçün hansı daha çox sərfəlidir?
Vüqar Bayramov: öncə qeyd edim ki, keçmiş SSRİ respublikalarından ilk dəfə 1992-ci ildə Pribaltika ölkələri, 1994-cü ildə Rusiya, 1998-ci ildə isə Qazaxıstan və digər ölkələr əmanətlərin qaytarılmasına başladılar. Burada tamamilə düzgün qeyd olundu ki, bəzi ölkələr əmanətlərin qaytarılmasına 1997-ci ildən başlasalar da, bu prosesi tamamlaya bilməyiblər. Ukrayna hökuməti bu prosesin təxirə salınması ilə bağlı 3 dəfə qərar qəbul edib. Hətta, məsələ ilə bağlı şikayətlər Avropa Məhkəməsinə qədər gedib çıxıb. Sonuncu dəfə 2011-ci ildə Ukrayna hökuməti bu məsələnin uzunmüddətli dövr üçün təxirə salınması ilə bağlı qərar qəbul edib.
Məlum olduğu kimi, bir sıra ölkələrdə indeksasiya sistemindən istifadə olunub. Hazırda cənab Prezidentin Fərmanı ilə təsdiq olunan indeksasiya sistemini digər ölkələrlə müqayisə etsək, o zaman görərik ki, bizdə digər ölkələrlə nisbətdə indeksasiya daha yüksəkdir. Məsələn, Qırğızıstanda 2500 rubl əmanət üçün hər rubla 1 Qırğızıstan somu verirdilər. Bu 2500 som edirdi, onu dollar ekvivalentinə çevirəndə cəmi 60 dollar edir. Yəni, sovet dövründə bankda 2500 rublu olun Qırğızıstan vətəndaşı cəmi 60 dollar alıb. Azərbaycanda isə 2000 rubla 385 dollar düşür. Moldovada 1000 rubla qədər olanlara 80 dollar verilirdi, 2000 rubla isə 120 dollar verildi. Bir sözlə, ekvivalentləri müqayisə etsək, deyə bilərik ki, Azərbaycanın əmanətçilərə ödənişi daha yüksəkdir.
Digər məsələ, əmanətlərin hansı müddətə ödənilməsidir. MDB-nin heç bir ölkəsində əmanətlərin birdəfəlik ödənişi olmayıb. Azərbaycan MDB dövlətləri arasında yeganə ölkədir ki, əmanətlərin birdəfəlik qaytarılması ilə bağlı Fərman verilib. Bütün ölkələrdə əmanətlər mərhələlərlə qaytarılıb. Azərbaycanın əmanətləri birdəfəlik vermək qərarının isə üstünlüyü var. Bu üstünlük ondan ibarətdir ki, il yarım ərzində manatın dollara nisbətdə kursu sabit olacaq. Bu baxımdan, kimin əmanətlərini hansı ayda alması heç bir əhəmiyyət daşımayacaq. Amma MDB ölkələrində bu məsələ fərqlidir. Belə ki, bu ölkələrdə birinci mərhələdə vəsait alanlar sonrakı mərhələdə alanlardan üstünlük qazanırdı. çünki sonrakı mərhələrdə məzənnə dəyişirdi.
Onu da qeyd edim ki, o dövrlə indiki dövrün bazar səviyyəsini müqayisə etsək, tamam fərqli mənzərə yaranar. Yəni, 1990-91-ci ilin bazarı yüksək deyildi, inflyasiya yüksək həddə idi. Amma bu gün əhaliyə veriləcək vəsait hesabına insanlar daha çox əmtəə ala bilər.
Azərbaycanda manatın məzənnəsinin sabitliyi də əmanətlərin qaytarılmasında əsas faktorlardan biridir. Eyni zamanda, 1 milyon 900 min insanın əmanətlərinin qaytarılmasından söhbət gedir. Bu o deməkdir ki, bu Fərman 2 milyona yaxın adamı əhatə edəcək. Yəni əmanətlərdən əksər ailələrə pay düşəcək. MDB ölkələri ilə müqayisədə adambaşına düşən əmanətçilərin sayı Azərbaycanda daha çoxdur. Bu da prosesin sosiallığını artırır. Yəni, Azərbaycanda həyata keçiriləcək bu islahat sosiallıq baxımından daha çox yüksək sosial təsirlərə malikdir. Bu o deməkdir ki, əksər ailələrin büdcəsinə vəsait daxil olacaq. Deməli, Azərbaycanda əmanətlərin qaytarılmasının sosial coğrafiyası digər MDB ölkələri ilə müqayisədə daha geniş olacaq.
Hikmət Babaoğlu: Bu qərar o dövrdə Azərbaycan vətəndaşı olan, bu gün isə Azərbaycan vətəndaşı olmayan insanlara şamil olunacaqmı?
Vüqar Bayramov: Qaydalara əsasən əmanətləri almaq üçün tələb olunan sənədlər siyahısında Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi var. Bu şəxslər məsələ ilə bağlı müvafiq təşkilatlara müraciət edə bilər.
Musa Quliyev: Məlum olduğu kimi 1980-ci illərin sonunda 250 min azərbaycanlı Ermənistandan deportasiya olunub. Onlar da sovet vətəndaşı idi və çoxlarının Ermənistan banklarında əmanətləri qalıb. Ermənistan həmin  insanların əmanətlərini qaytarmaq niyyətində deyil. Düşünürəm ki, bu məsələni aktuallaşdırmalıyıq.
Hikmət Babaoğlu: Musa müəllim, məsələnin sosial tərəfinə gəlincə, bu, əhalinin rifahı deməkdir. Əmanətlərin qaytarılması ilə hər bir ailənin büdcəsinə əlavə pul daxil olacaq. Nəzərə alsaq ki, rəqəmlər kifayət qədər yüksəkdir, bu hadisə əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından nə vəd edir?
Musa Quliyev: Bu hadisə əhalinin çoxdankı gözləntilərinin müsbət həlli kimi əhəmiyyətlidir. Yəni, bu, ilk növbədə vətəndaşın öz dövlətinə inamını daha da gücləndirən bir addımdır. Digər tərəfdən, şübhəsiz ki, hər bir vətəndaşın müəyyən sosial planları var və dövlətin verdiyi bu vəsait onlar üçün planların həyata keçirilməsinə stimul yaradacaq. Hər bir əmanətçi bu vəsaitdən istifadə etməkdə sərbəstdir. Onu da qeyd etmək istəyirəm ki, əmanətlərin verilməsi üçün nəzərdə tutulan vəsait dövlətimizin indiki iqtisadi imkanları ilə müqayisədə elə də çox deyil. Təxminən 600 milyon manat sərf olunacaq. Amma burada mənəvi və siyasi cəhətdən əhəmiyyət kəsb edən məqamlar var. Yəni, vətəndaş öz dövlətinə güvənir ki, dövlət vətəndaşının qayğısına qalır. Vətəndaşın problemi dövlətin problemi kimi qəbul olunur. Bir sözlə, bu hadisə ilk növbədə vətəndaşın dövlətinə inamını artırır və digər tərəfdən sosial vəziyyətinə kömək edir.
Hikmət Babaoğlu: Qeyd olunduğu kimi, bu Fərmanın mənəvi əhəmiyyəti də var. Bu hadisə vətəndaşlarla dövlət arasında inamın və etimadın möhkəmləndirilməsinə xidmət edir. Heç şübhəsiz, bu, Azərbaycan hökumətinin siyasi iradəsinin təzahürüdür. Aydın müəllim, bu barədə nə deyə bilərsiniz?
Aydın Mirzəzadə: İlk növbədə, qeyd edim ki, bu Fərman çox ciddi və cəsarətli siyasi qərardır. Təbii ki,  dövlət vətəndaşının problemlərinə həssaslıqla yanaşaraq onu həll edir. Vaxtaşırı bu problem qaldırılsa da, dövlətin məsələni həll edəcəyinə əminlik var idi. Yaxın günlərdə əmanətlərin qaytarılması üçün nə qədər vəsaitin sərf olunacağı açıqlanacaq. Bu pul kütləsinin bir hissəsi bazara daxil olacaq. Buna bizim bazarımız və maliyyə-bank sistemimiz hazır olmalıdır. Dövlət bütün bunları  nəzərə alaraq belə bir qərar qəbul etdi.
Hesab edirəm ki, bu qərar iqtisadi cəhətdən də çox ciddi məna daşıyır. Nəzərə alaq ki, məsələ ilə bağlı vaxtaşırı ayrı-ayrı qanun layihələri və təkliflər irəli sürülürdü. Cənab Prezidentin imzaladığı Fərmanda isə ən cəsarətli təkliflər verən iqtisadçıların layihələrindən daha cəsarətli məsələlər ortaya qoyulub. Burada əhalinin maraqları tam nəzərə alınıb. Yəni, mərhələli proses yoxdur, ən az vəsait alan iki-üç orta aylıq əməkhaqqı səviyyəsində məbləğ alacaq. Bu da kiçik rəqəm deyil. Sovet dövründə əhali əmanət bankına qoyulan vəsaitlərə görə ildə iki faiz alırdı. Əgər indi bu pulları alan insan həmin vəsaiti kommersiya banklarında yerləşdirsə, təxminən, illik 10 faizə qədər alacaq. ümumiyyətlə, hesab edirəm ki, bu Fərman vaxtında verilən ədalətli və insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən qərardır. Bu vəsaitdən insanlar hansı formada istifadə edəcək, artıq bu onların seçimidir.
Hikmət Babaoğlu: Əmanətlərin qaytarılması ilə bazara böyük maliyyə vəsaiti daxil olacaq. Alıcılıq qabiliyyəti, dollara nisbəti baxımından bunun hansısa narahatçılığı ola bilərmi? Fərmanda bu prosesi önləyəcək məsələlər nəzərdə tutulurmu?
Aydın Hüseynov: Burada bir haşiyəyə çıxmaq istəyirəm. Vaxtilə neft gəlirlərinin axını ərəfəsində bəzi ekspertlər fikirləşirdi ki, Azərbaycan neft gəlirlərindən daxil olan vəsaitlər yağışı altında özünü itirəcək, Azərbaycanda Hollandiyada olduğu kimi hiperinflyasiya baş verəcək və s. Amma dövlətimiz bu məsələləri elə dəqiqliklə tənzimlədi ki, heç bir hiperinflyasiya prosesi baş vermədi, əksinə həmin dövr üçün inflyasiya birrəqəmli oldu. Azərbaycan neftdən əldə etdiyi gəlirlərindən elə istifadə etdi ki, bu, iqtisadi inkişaf üçün əsas baza rolunu oynadı. Dünyada böhran baş verdiyi halda biz onun təsirlərini hiss etmədik.
Bütün bunlar düzgün müəyyənləşdirilmiş siyasət nəticəsində baş verdi. ümumiyyətlə, iqtisadiyyatın bir qanunu var ki, pul kütləsi çoxaldıqca, o dəyərdən düşür. Bu mənada əmanətlərin qaytarılması məqsədilə əhaliyə verilən vəsaitlərin də hansısa problemlər yaradıb-yaratmayacağı proqnozlaşdırılıb. Qeyd edim ki, bu vəsaitlər bazara ciddi  təsir edəcək səviyyədə deyil. Yəni, həm valyuta ehtiyatlarımızla müqayisədə, həm də üDM nisbətində götürəndə, həmin vəsaitin bazara təsiri narahatlıq yaratmayacaq. Vəsaitlərin ödənilməsi  Əmanətbankın varisi olan Kapitalbankın vasitəsilə həyata keçiriləcək. Fikrimcə, bu vəsaitlərin əmanət kimi banklarda saxlanmasına da ehtiyac duyulacaq. çünki, indi 30 min manatadək qoyulan əmanətlər sığortalanır və artıq bu gün biz banklarımıza inana bilərik. Təkcə Kapital Bankda illik faiz 9-a bərabərdir. Bunun özü də inflyasiyanın qarşısını alan amillərdən biridir.
Hikmət Babaoğlu: Vüqar müəllim, bu hadisə daxili maliyyə bazarının stimullaşdırılması baxımından yeni bir hadisədir. Şübhəsiz ki, pul kütləsi daxil olursa, bazar canlanacaq, pul mübadiləsi artacaq və sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Bu məsələ eyni zamanda, bank sektorunda əlavə kapital yaradacaq ki, bu da bankların maliyyə gücünü artıracaq. Bu məsələlər barədə nə deyə bilərsiniz?
Vüqar Bayramov: Azərbaycanda indeksasiya sisteminin daha bir üstünlüyü ondan ibarətdir ki, bizdə sovet banklarında olan əmanətlərin 70 faizi 2000 rubladək olan əmanətlərdir. İndi tətbiq olunacaq indeksasiya sistemində 2000 rubla qədər olan əmanətlər ən yüksək indeksasiya kimi götürülüb. Bu o deməkdir ki, banklarda əmanətləri olmuş insanların 70 faizi ən yüksək indeksasiya sistemi ilə ödəniş alacaq. Bu isə indeksasiyanın yalnız iqtisadi deyil, həm də sosial tərəfinin olmasından xəbər verir.
Hesab edirəm ki, bazara pul kütləsinin daxil olması qiymət artımına ciddi təsir etməyəcək. çünki Azərbaycan iqtisadiyyatı böyüyüb. Əgər biz 2000-ci ildə bazara 800 milyon dollar çıxarsaydıq, ciddi qiymət artımları ola bilərdi. Bu gün isə iqtisadiyyat o qədər çoxşaxəlidir ki, 800 milyon manat vəsait bazara təsir etmək imkanında deyil. Bu gün 21 milyard dollar dövlət büdcəsi olan  ölkədə bu vəsait hər hansı narahatlıq yaratmayacaq. Sadəcə, əhali üçün bir imkandır ki, bu vəsaitdən səmərəli istifadə etsin. Bu vəsaitdən həm istirahətləri, həm dolanışığı, həm də biznesləri üçün istifadə edə bilərlər.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30