"Eurovision-2012" müsabiqəsi Azərbaycanın siyasi və iqtisadi qüdrətini nümayiş etdirdi
30.05.2012 [13:44]
“Bakı Kristal zal”ın səhnəsinə ilk olaraq Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımov çıxıb. Görkəmli xanəndənin ifasında muğam parçası hərarətlə qarşılanıb. Daha sonra möhtəşəm rəqslər və “Natiq” ritm qrupunun ifası şouya xüsusi rəng qatıb. Ənənəyə uyğun olaraq, final şousunu ötənilki müsabiqənin qalibi Ell & Nikki dueti keçən il Almaniyanın Düsseldorf şəhərində Azərbaycana qələbə qazandırmış “Running Scared” mahnısı ilə açıb.
Sonra “Eurovision-2012” mahnı müsabiqəsinin aparıcıları Nərgiz, Leyla və Eldar final şousunun iştirakçılarını salamlayıblar.
Açılış mərasimindən sonra finala vəsiqə qazanmış 26 ölkənin təmsilçilərinin çıxışları başlanıb.
Bakı səhnəsinə ilk olaraq britaniyalı müğənni Engelbert Hamperdink çıxıb. Müsabiqədə ölkəsini “Love Will Set You Free” mahnısı ilə təmsil edən əfsanəvi müğənninin çıxışı hərarətlə qarşılanıb. Britaniyalı ifaçının ardınca “Bakı Kristal zal”ın səhnəsinə Macarıstanın “Compact Disco” rok qrupu, Albaniya təmsilçisi Rona Nişliu, litvalı Donni Montell, Bosniya və Herseqovina təmsilçisi Maya Sar çıxıblar.
Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupu səhnədə altıncı sırada yer alıb. İslandiya təmsilçiləri Qreta Saloume və Younsi yeddinci, Kiprdən olan İvi Adamou səkkizinci, Fransa təmsilçisi, İndoneziya əsilli pop müğənnisi Anqun doqquzuncu, italiyalı iştirakçı Nina Zilli onuncu olub.
Daha sonra “Bakı Kristal Zal”ın səhnəsinə estoniyalı Otta Lepland, Norveç təmsilçisi Tooji Keshtar çıxıblar. Yarışmanın ev sahibi - Azərbaycanı təmsil edən Səbinə Babayevanın çıxışı 13-cü olub. O, “When the music dies” mahnısını ifa edib.
Ondan sonra Rumıniyanı təmsil edən “Mandinga” qrupu, danimarkalı müğənni Soluna Samay, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou çıxış ediblər. Bukmekerlərin final şousunun favoriti hesab etdikləri və yarışmanın qalibi isveçli müğənni Lorinin sıra nömrəsi 17-ci olub. Ondan sonra Türkiyə təmsilçisi Can Bonomo, ispaniyalı iştirakçı Pastora Soler, almaniyalı müğənni Roman Lob, Maltadan olan Kurt Kalleya, Makedoniyanı təmsil edən Kaliopi Bukle, İrlandiyanın “Jerward” pop-dueti, Serbiya təmsilçisi Zeljko Yoksimoviç, ukraynalı Qaytana Essami və Moldova təmsilçisi Paşa Parfeni öz performanslarını nümayiş etdiriblər.
çıxışlar başa çatdıqdan sonra səsvermə başlayıb.
Səsvermə üçün ayrılmış vaxtda səhnəyə tanınmış müğənni və bəstəkar Emin Ağalarov çıxıb. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan kamera orkestrinin 15 qadın skripkaçısı müşayiət edib.
Emin Ağalarovun təqdim etdiyi “Məşəli alovlandır!” şousu Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayıb. Bu performans skripkaçıların ifası ilə davam edib. Daha sonra isə nağaraçalanlar şouya qoşulub. Ardınca səhnədə alov püskürüb. Bu isə möhtəşəm bir görüntü yaradıb. Elə bu zaman Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə enib və “Never Enough” mahnısını ifa edib.
Sonra səsvermənin nəticələri elan edilib. “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşib. Beləliklə də, “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Lorin olub. İsveçin “Eurovision” yarışması tarixində sayca 5-ci qələbəsini təmin elən Lorin 372 səslə birinciliyi qazanıb.
Rusiyanın “Buranovskiye babuşki” qrupu 259 səslə ikinci yerə layiq görülüb. Serbiya təmsilçisi Zeljko Yoksimoviç isə 214 səslə üçüncü yerə çıxıb. Yarışmaya ev sahibliyi edən Azərbaycanın təmsilçisi Səbinə Babayeva 150 səslə müsabiqənin dördüncüsü olub.
Bununla da, Azərbaycan paytaxtında keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsi qalib ölkə təmsilçisinin mətbuat konfransı ilə başa çatıb.
Qalib ölkənin vətəndaşları Bakının vurğunu oldular
Müsabiqə başa çatdıqdan sonra mətbuat zalında İsveçdən olan fan klubun üzvləri, eləcə də, jurnalistlər möhtəşəm şounun qalibi olduqlarına görə, unudulmaz sevinc hissləri yaşayırdılar. Hər bir isveçlinin əlində həm öz ölkəsinin, həm də Azərbaycanın bayraqlarını tutması bir daha nümayiş etdirdi ki, “Eurovision-2012” mahnı yarışması dünyanın müxtəlif yerindən olan insanları bərabərləşdirən bir yarışmaya çevrildi. Qeyd edək ki, ölkəsinin təmsilçisinin qələbəsini bayram edən isveçlilər açıqlamasında Bakının çox gözəl, əhalisinin qonaqpərvər olduğunu, eyni zamanda, Azərbaycanın görünməmiş bir müsabiqə təşkil etdiyini söylədilər. Əslən Finlandiyadan olan və İsveçdə yaşayan Lilian Brunel Bakıya ilk dəfədir ki, gəldiyini dedi: “Demək olar ki, hər axşam dənizkənarı parkda oluram. Buraya hər gün çoxlu sayda insan gələrək xoş istirahət keçirir. Bildiyiniz kimi, Azərbaycanın keçənilki müsabiqədəki təmsilçiləri El və Nikkinin oxuduğu mahnı İsveç bəstəkarı tərəfindən bəstələnib. Ona görə də, Azərbaycanın qələbəsində İsveç vətəndaşı kimi mənim üçün həm də bir doğmalıq var. “Bakı Kristal Zalı” mənə çox gözəl təsir bağışladı. Arenanın işıqlandırılması möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bunu incəsənət əsəri adlandırmaq olar”.
L.Brunel “Eurovision”dakı qələbədən öncə də Azərbaycan haqqında müəyyən məlumatının olduğunu qeyd edib: “İsveçdə kifayət qədər məşhur olan Nobel ailəsinin XIX əsrin ortalarında Bakıda böyük neft şirkətinin olduğunu bilirdim. Bu, Azərbaycanla İsveçin keçmişi arasında önəmli tarixi əlaqədir. Bu səfər mənim Bakı və Azərbaycan haqqında təsəvvürlərimi daha da genişləndirəcək”.
Finlandiyadan olan, hazırda İsveçdə yaşayan Rocer Silfvast da Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Bu, mənim Bakıya birinci və ümid edirəm ki, axırıncı olmayan gəlişimdir. Şəhər mənə çox gözəl təsir bağışladı. Xüsusən də şəhərin arxitekturasında qədim və yeni üslubların birləşməsi olduqca xoşuma gəlir. Gördüyüm binaların içərisində “Alov qüllələri”ni xüsusi qeyd etməliyəm. özünəməxsusluğu ilə seçilən bu tikili axşamlar daha da heyrətamiz olur. Yadımdadır ki, bu qüllələri ilk dəfə görəndə işıqlandırmanın möhtəşəmliyi mənə yuxu kimi göründü. Onların gerçək olduğuna bir neçə gündən sonra alışa bildim. Mən ümumilikdə 54 ölkədə və bir çox şəhərlərdə olmuşam. Bakını onlardan hər hansı birilə müqayisə etmək, yaxud bənzətmək olduqca çətindir. Paytaxtınız bəzi cəhətlərinə görə bir qədər İspaniya və Fransa şəhərlərini xatırladır. Lakin deyərdim ki, Bakı onların arasında 1 nömrədir. İnanıram ki, builki “Eurovision” şousu olduqca baxımlı, gözəl, qeyri-adi olacaq. Arenanın həm içərisi, həm də kənarları olduqca rəngarəngdir”.
R.Silfvast yerli mətbəxin onda yaratdığı təəssüratlardan da bəhs edib: “Azərbaycan mətbəxinə gəlincə, burada daddığım yeməklər çox xoşuma gəldi. Zənginliyinə və ləzizliyinə görə Türkiyənin mətbəxi ilə ortaq cəhətlərə malikdir. Ət xörəklərini xoşladığım üçün buradakı yeməklərin əksəriyyəti zövqümə uyğundur. Azərbaycan mətbəxində diqqətimi çəkən başqa bir məqam Avropadan fərqli olaraq, yalnız kartofun deyil, digər tərəvəzlərin də yeməklərdə tez-tez istifadə olunmasıdır ki, bu da sağlamlığa xeyirdir”.
İsveçli Mixael Karllson da Bakının vurğunu olduğunu bildirdi. O dedi ki, şəhərin gecə görüntüsü xüsusilə diqqətimi cəlb etdi. Olduqca işıqlı və gözəl görünür: “Bakı həqiqətən də çox gözəl şəhərdir. Buranın insanları çox gülərüz və mehribandır. Burada keçirilən mədəniyyət və incəsənət tədbirlərində dünyanın müxtəlif ölkələrindən olan insanları görmək xoşdur. Buranın təbiətini çox xoşlayıram. Günəşli hava, yaşıllığın olması, dəniz sahili - bunların hər biri şəhərin mənzərəsinə özünəməxsus gözəllik qatır”.
İsveçlilərin hamısı ölkəsinin mahnı yarışmasında birinciliyi qazanmasında azərbaycanlı azarkeşlərin dəstəyinə görə də, minnətdarlıqlarını bildirdilər.
Azərbaycan-Türkiyə qardaşlığı “Eurovision-2012”də də özünü göstərdi
“Eurovision-2012” mahnı müsabiqəsinin həm ikinci yarımfinalında, həm də final mərhələsində “Bakı Kristal Zal”ın səhnəsində çıxış edən qardaş Türkiyəni Can Bonomo təmsil edib. Türkiyə təmsilçisi Bonomo ölkəsini “Love Me Back” mahnısı ilə təmsil edib. Gitaraçı Can Bonomo sənətdə ilk addımlarını 8 yaşında atıb. O, İstanbuldakı Bilgi Universitetinin kino və televiziya fakültəsində təhsil alıb. Türkiyənin müxtəlif televiziya və radio kanallarında işləyib, bir neçə reklam çarxlarında çəkilib. Onun sonuncu “Meczub” adlı albomu hitə çevrilib. Albomdakı əksər mahnıların müəllifi Can Bonomonun özüdür.
Qeyd edək ki, Bonomonun çıxışı tamaşaçılar tərəfindən böyük coşqu və sevinclə qarşılanıb. Əllərində Türkiyə və Azərbaycanın bayraqlarını tutan fanatlar birlik nümayiş etdiriblər. Oxşar mənzərə “Eurovision” Mətbuat Mərkəzində də müşahidə olunub. Azərbaycanlı və türkiyəli media nümayəndələri və fanklub üzvləri əllərində hər iki ölkənin bayraqları ilə birlikdə mahnını ifa edərək, Türkiyə təmsilçisinə dəstək nümayiş etdiriblər.
Müsabiqəni Mətbuat Mərkəzində izləyən Türkiyə təmsilçisinin fanklub üzvləri Uğur özbodur və Nazifer özbodur Azərbaycan-Türkiyə qardaşlığının “Eurovision-2012” mahnı müsabiqəsində də özünü göstərdiyini bildiriblər. Uğur özbodur azərbaycanlı tamaşaçıların Türkiyəyə olan dəstəyinin onda xoş hisslər yaratdığını söyləyib: “Burada azərbaycanlı qardaşlarımızın Türkiyəni böyük bir coşqu ilə dəstəkləməsini görmək məni fərəhləndirir. Azərbaycanda özümü həqiqətən də, vətənimdəki kimi hiss edirəm”.
öz növbəsində Nazifer özbodur da Türkiyəyə olan səmimi münasibətdən söz açıb: “Azərbaycanlı qardaşlarımız bizə hər zaman xüsusi diqqət göstərirlər. Bu müsabiqədəki mənzərə iki ölkənin qardaşlığının nə qədər möhkəm və sarsılmaz olduğunu bir daha təsdiqlədi”.
“Eurovision-2012” hələ uzun müddət yaddaşlarda qalacaq
Qeyd edək ki, Avropadan, eyni zamanda, Asiya ölkələrindən Bakıya gəlmiş insanlar burada gördüklərindən heyrətləndiklərini söyləyirdilər. Onlar həm şəhərimizin gözəlliyindən, həm də milli mətbəximizin ləziz nümunələrindən ağız dolusu danışırdılar. Azərbaycanın müasirliklə qədimliyin sintezindən formalaşmış mədəniyyətinin vurğunu olduqlarını söyləyən xarici qonaqlar yenidən Bakıya gəlməyi arzuladıqlarını həyəcanla vurğulayırdılar. Bu mənada demək olar ki, Bakıya gəlmiş hər bir qonaqda olan təəssüratlara əsasən demək olar ki, “Eurovision-2012” mahnı müsabiqəsi hələ uzun müddət yaddaşlarda qalacaq.
57-ci müsabiqənin Azərbaycan üçün nəticələri haqqında...
Beləliklə, “Eurovision - 2012” artıq başa çatdı. Bu yarışmanın ölkəmizə qazandırdığı dividendlər isə kifayət qədər çoxdur. Hər şeydən öncə, Azərbaycan son bir ayda dünyada ən çox haqqında danışılan ölkələrdən biri, bəlkə də, birincisi oldu. Dünyanın ən məşhur KİV-ləri, o cümlədən, BBC, “Reuters”, “Daily Times”, “Guardian”, “Bild” kimi yayım orqanları mütəmadi olaraq, Azərbaycan haqqında məlumatlar yaydı, ölkəmizi geniş təbliğ etdi. Bu məlumatların böyük əksəriyyətinin müsbət olması, Azərbaycan haqqında müsbət fikirlərin ifadə olunması isə xüsusilə təqdirəlayiqdir. Eyni zamanda, təcrübə göstərir ki, həm “Eurovision-2012”, həm də Azərbaycan istər ölkə mediasında, istərsə də dünya KİV-ində hələ uzun müddət prioritetliyini qoruyacaq. Bu isə həm də o deməkdir ki, Qafqazın lider dövləti, Avropanın yüksələn dəyəri Azərbaycan hələ uzun müddət dünyanın əsas mövzularından biri olacaq. Yəni Azərbaycanın təqdimatı hələ uzun müddət davam edəcək.
Onsuz da, dünyada üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüququn prinsiplərinə sadiqliyi, beynəlxalq təhlükəsizliyə verdiyi töfhələri ilə, tolerantlığın ünvanı kimi müsbət imici olan Azərbaycan dövləti həm də bir musiqi, mədəniyyət yarışmasını necə təşkil etmək olar örnəyini əyani şəkildə göstərdi. Bəzilərinin Azərbaycanın təşkilatçılığına, gördüyü işlərə qara yaxmaq cəhdlərinə baxmayaraq, Azərbaycan işini gördü, ötən il “Düsseldorf” qələbəsindən sonra verdiyi sözü tutdu və bu müsabiqəni ən yüksək səviyyədə təşkil edərək, verdiyi hər bir vədin arxasında real işin dayandığını bir daha nümayiş etdirdi. Bu, Azərbaycanın dünyada ciddi bir ölkə kimi qəbul olunmasının, BMT TŞ-yə üzv seçilərkən 155 ölkənin məhz Azərbaycana dəstək verməsinin səbəblərini də göstərdi.
Sirr deyil ki, vaxtilə, dünyada çox az adam Azərbaycan adlı dövlətin varlığından xəbərdar idi. Xüsusən, müstəqilliyimizin ilk illərində ölkəmizi sadəcə siyasi kluarlarda tanıyırdılar, desək yanılmarıq. Amma bu gün artıq dünya ictimaiyyəti Azərbaycanı görüb, yerində tanış olaraq, tanıyır və tanıdır. Hazırda Azərbaycan mədəniyyəti, tarixi, milli mətbəxi, insanlarımızın qonaqpərvərliyi, paytaxtımızın gözoxşayan mənzərəsi haqqında heyranlıqla danışılırsa, bunda “Eurovision-2012”nin payı böyükdür.
Təbii ki, təbliğat sahəsində əldə olunmuş bu üstünlüklərlə yanaşı, Azərbaycanın bu yarışmadan əldə etdiyi iqtisadi dividendlər də gözardı edilməməlidir. Onminlərlə turistin Bakıya üz tutması, paytaxtdakı bütün mehmanaxanaların son bir ayı demək olar ki, dolu keçirməsi, əyləncə və istirahət mərkəzlərinin ən məhsuldar günlərini yaşaması, xüsusilə, şəhərin mərkəzinə yaxın ərazilərdə yerləşən mağaza və dükanların gəlir rekordlarına imza atması kimi məsələlər “Eurovision - 2012”nin qısa müddət ərzində Azərbaycana qazandırdığı dividendlərin bir qismidir. Uzunmüddətli perspektivdə isə bunun ölkəmizə qazandıracaqları daha böyük olacaq. Unutmamaq gərəkdir ki, onminlərlə turistin hər biri bir elçi və onminlərlə yeni turist deməkdir. Azərbaycan artıq yüzminlərlə, milyonlarla turisti qarşılamağa hazırlaşmalıdır. Buna ölkəmizin yetərli potensialının olduğunu da bir əyanı şəkildə gördük.
Bir sözlə, “Eurovision - 2012” Azərbaycanın iqtisadi, siyasi uğurları ilə yanaşı bizim mədəniyyət sahəsində uğurlarımızın təbliği və təşviqi baxımından əvəzolunmaz imkanlar verdi. Azərbaycan isə bu fürsətlərdən layiqincə yararlanaraq, özünün təbliğatını yüksək səviyyədə həyata keçirdi.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

