Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın mina terroru davam edir

Ermənistanın mina terroru davam edir

05.03.2024 [10:34]

44 günlük Vətən müharibəsinin başa çatmasından sonra 346 nəfər mina qurbanı olub

Azərbaycan dünyada mina ilə çirkləndirilən ölkələrdən biridir. Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də işğaldan azad olunmuş ərazilərinin minalar və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu problemi hökumət strukturları, xüsusilə də dövlətimizin başçısı, vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır.

Daha bir mina hadisəsi isə martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş verib. Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. “DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!”, -deyə  məlumatda vurğulanıb. Fakt üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində paylaşım edib. Bildirilib ki, Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Qeyd edilib ki, bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı mina qurbanı olub.

İnsan hüquqlari üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva isə bəyan edib ki, beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir. Ombudsman bildirib ki, Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. “Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olub. Belə ki, Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanıb. İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olub və ya xəsarət alıb”, - deyə Səbinə Əliyeva xatırladıb.

Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Fevralın 12-də isə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yaymışdı ki, Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə, mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Ermənistan tərəfindən 2021-ci ildə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair verilmiş məlumatların dəqiqliyi çox cüzidir.

Martın 3-də baş vermiş növbəti mina terroru da Ermənistan öhdəliklərinə əməl etmədiyini, düzgün mina xəritələri vermədiyini təsdiqləyir. Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31