Sosial media ailə bağlarını gücləndirir, yoxsa? - ARAŞDIRMA
31.10.2025 [20:19]
Texnologiya tarixboyu insan həyatının formasını dəyişib. XXI əsrdə isə ən böyük dəyişiklik sosial media və mesajlaşma platformalarının yayılması ilə baş verdi. “WhatsApp” və “TikTok” artıq gündəlik həyatın, münasibətlərin, hətta ailə institutunun ayrılmaz hissəsidir. AZƏRTAC bu məqalədə həmin platformaların münasibətlərə və ailə dəyərlərinə təsirini həm sosioloji, həm də psixoloji tədqiqatlara əsaslanaraq araşdırır.
WhatsApp – ünsiyyəti asanlaşdıran, amma emosiyaları çətinləşdirən platforma
Mənim müşahidələrim və eşitdiyim hekayələr bir həqiqəti göstərir - texnologiya münasibətlərimizi dəyişib. O, həm körpüdür, həm də divar. Sosioloqlar vurğulayırlar ki, texnologiya uzaq məsafələri yaxınlaşdırır, amma bəzən yaxınlıqları da uzaqlaşdırır. “WhatsApp”, xüsusilə uzaqda yaşayan ailələr üçün həyat xəttinə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının 2021-ci il hesabatına görə, miqrant ailələrin 78 faizi “WhatsApp”ı gündəlik ünsiyyət vasitəsi kimi istifadə edir. Lakin psixoloji tədqiqatlar göstərir ki, “görülmədi” və “mavi tik” fenomeni münasibətlərdə gərginlik yaradır. İnsanlar cavabın gecikməsini bəzən “hörmətsizlik” kimi qəbul edirlər.

Psixoloq Könül Əkbərova mövzu ilə bağlı ünvanladığımız suallara belə cavab verir. “Sosial şəbəkələr, xüsusilə “TikTok” və “WhatsApp” insanların emosional vəziyyətinə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bir tərəfdən, insanlar burada fikirlərini paylaşır, dostları ilə əlaqədə qalır, bu da onlara sosial dəstək hissi verir. Digər tərəfdən, həddindən artıq istifadə başqalarının “ideal” həyatlarını görmək və özünü onlarla müqayisə etmək insanlarda gərginlik, narahatlıq və özünə inamsızlıq yarada bilir. Bu platformalar qısa zamanda çoxsaylı vizual və emosional məlumat axını yaradır, nəticədə beyində dopamin ifrazı artır. İnsanlar ani zövq və təsdiq hissinə öyrəşir. Bu, bir müddət sonra daxili sakitliyi azaldır və diqqətin dağılmasına, hətta emosional yorğunluğa səbəb olur. Yəni təsir insanın bu mühitlə necə münasibət qurmasından asılıdır. Əslində, hər iki istiqamətdə təsir mümkündür. Bu platformalar bəzi hallarda insanlara hisslərini yazılı şəkildə ifadə etməyə kömək edir, lakin real ünsiyyət bacarıqlarını zəiflədir. Göz təması, səs tonu və bədən dili kimi vacib emosional elementlər arxa plana keçir. “TikTok” kimi sürətli məzmunlu platformalar isə insanların diqqətini parçalayır, nəticədə səbir və dərin ünsiyyət qurmaq bacarığı azalır. Asılılığın əsas mexanizmi beyindəki mükafat sisteminin dəyişməsidir. Hər dəfə yeni bildiriş və ya bəyənmə alanda beyində dopamin ifraz olunur. Beyin bu hissi xoş təcrübə kimi yadda saxlayır və insan fərqinə varmadan eyni vəziyyəti təkrar yaşamaq istəyir. Özünü bundan qorumağın ən təsirli yolu öz davranışına nəzarət etməkdir: sosial mediaya gündəlik məhdud vaxt ayırmaq, bildirişləri söndürmək və real həyatda daha çox aktivlik göstərməkdir. Mən hesab edirəm ki, sosial media gənclərin emosional vəziyyətinə ciddi təsir göstərir. Onlar çox zaman sosial şəbəkələrdə gördükləri “mükəmməl” görüntülərlə öz həyatlarını müqayisə edirlər, bu onların özgüvənlərinə təsir edir. Digər tərəfdən, düzgün istifadə olunduqda gənclərə öz fikirlərini ifadə etmək, istedadlarını göstərmək və motivasiya tapmaq imkanı da verir. Valideynlər və müəllimlər özləri nümunə olmalıdırlar. Əgər evdə daim telefon və sosial şəbəkə diqqət mərkəzindədirsə, uşaq da bu davranışı təkrarlayacaq. Uşaqlara sosial medianın tam qadağan edilməsinə deyil, düzgün və balanslı istifadəsinə yönəlik tərbiyə verilməlidir. Onlara izah etmək lazımdır ki, sosial şəbəkə yalnız əyləncə üçün deyil, həm də öyrənmək və faydalı əlaqələr qurmaq vasitəsidir. Ən vacibi isə uşaqların real həyatdakı münasibətlərini qorumağa təşviq etməkdir.

“TikTok” – fərdi azadlıq, ailəvi yadlaşma?
“TikTok”un populyarlığı, xüsusilə gənclər arasında yüksəkdir. Vaşinqtonda yerləşən Pew Araşdırma Mərkəzinin 2022-ci il tədqiqatına görə, 13-17 yaşlı yeniyetmələrin 67 faizi “TikTok”dan aktiv istifadə edir. Bu, onların sosiallaşma formalarını dəyişdirir. Ailələrin birgə kreativ video çəkməsi birlik hissini də gücləndirə bilir. Yəni “TikTok” yadlaşma gətirdiyi qədər birləşdirmə imkanı da daşıyır.

Münasibətlərdə balans məsələsi
Sosioloji nəzəriyyələrə görə, müasir cəmiyyətlərdə münasibətlər “seçim azadlığı” və “emosional yaxınlıq” üzərində qurulur. Sosial media isə bu iki elementi həm dəstəkləyir, həm də riskə atır.
Məşhur amerikalı psixoloq John Gottman münasibətlərdə “kiçik diqqət jestlərinin” əhəmiyyətini vurğulayır. “WhatsApp” mesajı da belə jestlərdən biridir. Amma problem ondadır ki, virtual jestlər real diqqəti tam əvəz edə bilmir. Ümumiyyətlə, sosial media uşaqlarda idrak qabiliyyətini zəiflədir. Bununla bağlı aparılan yeni tədqiqat göstərib ki, sosial mediadan çox istifadə edən uşaqların yaddaş, dil və oxuma bacarıqları zəifləyir. “JAMA” jurnalında dərc olunan araşdırmada 9-13 yaş arası 6554 yeniyetmə iştirak edib. Tədqiqata görə, sosial mediada daha çox vaxt keçirən uşaqlar şifahi oxu, yaddaş və lüğət testlərində daha aşağı nəticələr göstəriblər. Uşaqların çoxu hər gün təhsillə əlaqəsi olmayan məqsədlərlə ekranda təxminən 5,5 saat vaxt keçirir və bu müddətin böyük hissəsi sosial media istifadəsinə gedir. Araşdırma ABŞ-da Adolesan Beyinin Koqnitiv İnkişafı (ABCD) layihəsi çərçivəsində aparılıb. Məlum olub ki, sosial mediadan istifadəsi yüksək olan uşaqların idrak göstəriciləri, xüsusilə dil və yaddaş sahəsində aşağı səviyyədədir. Tədqiqatçılar bildiriblər ki, nəticələr sosial mediaya yaş məhdudiyyətlərinin gücləndirilməsinin vacibliyini göstərir. Bununla belə, araşdırma səbəb-nəticə əlaqəsini deyil, yalnız əlaqəni müəyyən edib. Mütəxəssislər qeyd edirlər ki, sosial medianın uşaqların beyin fəaliyyətinə təsir mexanizmlərini daha dərindən anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Müəllimin “WhatsApp” vasitəsilə şagirdlərə dərd keçməsi bu gün çox aktualdır. Bununla bağlı hazırlıq prosesi ilə şagirdlərinə bilik aşılayan pedaqoq Hafizə Əhmədliyə suallar ünvanladıq. O, belə bir tədrisin uşaqlar üçün müsbət və mənfi yönlərindən bəhs etdi. H.Əhmədli bildirir ki, “WhatsApp” vasitəsilə tədris şagird-müəllim əlaqəsini asanlaşdıran faydalı bir vasitədir: “Bu platforma tapşırıqların paylaşılması, sual-cavabın aparılması və dərsdən kənarda da əlaqə saxlanılması baxımından çox rahatdır. Lakin ənənəvi dərsləri tam əvəz edə bilməz, çünki üz-üzə tədrisdə şagirdin diqqətini yönəltmək və onun hisslərini müşahidə etmək daha asandır. Şagirdlərin münasibətinə gəlincə, onlar bu üsulu ümumilikdə bəyənirlər, çünki telefon vasitəsilə öyrənmək onlara maraqlı gəlir. Bununla belə, diqqətin yayılması və intizamın qorunması kimi problemlər də meydana çıxa bilər. Ümumiləşdirsək, “WhatsApp” tədrisdə əlavə və dəstəkçi vasitə kimi çox faydalıdır, lakin ənənəvi dərsin yerini tam tuta bilməz”.

Texnologiya nə yaxşıdır, nə də pis, o, sadəcə vasitədir. Əgər ailə “WhatsApp” və “TikTok”u ünsiyyət, paylaşım və yaxınlıq üçün istifadə edirsə, bu, bağları möhkəmləndirir. Amma əgər real ünsiyyəti əvəz edirsə, nəticədə soyuqluq yaranır. Telefon səsi insan səsini əvəz etməməlidir. Əks halda, biz bir-birimizə yazıb cavab gözləyən, amma gözlərinə baxıb dinləməyən nəsil olarıq. “WhatsApp” və “TikTok” həm fürsətdir, həm də risk. Onların münasibətlərə və ailələrə təsiri tamamilə istifadə formamızdan asılıdır. Sosioloji və psixoloji tədqiqatlar göstərir ki, balans qorunarsa, bu platformalar ailəvi ünsiyyəti zənginləşdirə bilər. Amma balans itərsə, sevgi və hörmət yalnız virtual mətnlərə, videolara çevrilər.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

