Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrətidir

“Zeytun Bağları” Azərbaycan zeytununun şöhrətidir

14.03.2014 [10:19]

Yaxud, “Azərsun Holdinq”in zeytunçuluğun inkişafına yönəlik fəaliyyəti, eyni zamanda, sağlam qida siyasətinə dəstək kimi dəyərləndirilə bilər
Hazırda öz inkişafına görə regionun lideri olan Azərbaycanda bütün sahələrdə tərəqqi müşahidə edilməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, dövlətin göstərdiyi diqqət və qayğı, həmçinin, özəl sektorun fəaliyyəti üçün yaradılan münbit şərait Azərbaycanın inkişafına təkan verən mühüm amillərdən biridir, desək, heç də yanılmarıq. Onu da vurğulamaq yerinə düşər ki, bu diqqət və qayğıdan bəhrələnərək ölkə iqtisadiyyatına töhfəsini verən özəl qurumlar arasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun özünəməxsus rolu var.
“Azərsun Holdinq”in diqqət göstərdiyi sahələrdən biri də zeytunçuluqdur
Məlumat üçün bildirək ki, Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, həmçinin, ən böyük ərzaq məhsulları istehsalçısı olan “Azərsun Holdinq” Şirkətlər Qrupu bu vaxta qədər bir sıra sahələrə kapital qoyub və böyük uğurlar əldə edib. “Azərsun Holdinq”in diqqət göstərdiyi sahələrdən biri də zeytunçuluqdur. Məlum olduğu kimi, Şirkətlər Qrupu bununla bağlı xüsusi layihə də həyata keçirir. Zeytunun meyvəsini, yağını, ümumiyyətlə, onun faydasını insanlara yenidən tanıtdırmağa istiqamətlənmiş həmin layihə çərçivəsində bu günə kimi bir sıra önəmli addımlar atılıb. Bunu qəzetimizə açıqlamasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afiq Səfərov deyib.
“Azərsun Holdinq” zeytuna təkcə xammal kimi yox, həm də xalqın və ölkənin maddi-mənəvi sərvəti kimi münasibət bəsləyir
Afiq Səfərov bildirib ki, ərzaq, xüsusən də, zeytun məmulatları istehsalında lider olan şirkətin rəhbərliyinin zeytuna təkcə xammal kimi yox, həm də xalqın və ölkənin maddi-mənəvi sərvəti, adət-ənənə timsalı kimi münasibət bəsləməsi “Azərsun Holdinq”i fərqləndirən mühüm cəhətlərdən biridir: “Beləliklə, “Azərsun Holdinq” olaraq biz ölkədə zeytun ağaclarının əkilməsi və qorunması ilə bağlı yeni layihəni icra etməyə başladıq. Layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət cəlb olundu. Eyni zamanda, ictimaiyyəti “Zeytun Bağları” markası altında yeni maraqlı layihə ilə bağlı məlumatlandırdıq”.
Məlumat üçün bildirək ki, sözügedən layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yoldakı 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə zeytun ağacları əkilib.
Afiq Səfərov onu da əlavə edib ki, “Azərsun Holdinq” tərəfindən Abşeron zeytunu əhalidən kiloqramı 50 qəpiyə alınır və yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş işlə təmin olunub: “Əsasən Bakı, Sumqayıt, Zığ, Hövsan, Qala, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Mərdəkan və Şüvəlan kəndlərindən qəbul məntəqəsinə oktyabr ayından fevral ayının sonunadək məhsul gətirilir, çəkilir və dəyəri müştəriyə ödənilir. Yerli mənşəli “Bakı”, “Abşeron”, “İynəburun”, “Krım”, “Pikvales”, “Armudu zeytun”, “Askalan”, “Şirin” və “Qara” zeytun sortları yağlılığına görə daha çox fərqlənir”.
Sağlam qida siyasətinə növbəti dəstək
Yeri gəlmişkən, “Azərsun Holdinq”in zeytunçuluğun inkişafına yönəlik fəaliyyəti eyni zamanda, sağlam qida siyasətinə növbəti dəstək kimi dəyərləndirilə bilər. Belə ki, Bakı və Bakıətrafı ərazilərdən yığılan, eləcə də, xaricdən gətirilən zeytunlar Dübəndidəki Zeytun Emalı Fabrikində ilkin emal prosedurundan keçir. Burada zeytunun cecəsi qurudulduqdan sonra mal-qara üçün keyfiyyətli yem, yaxşı gübrə və ekoloji cəhətdən təmiz yanacaq materialı kimi istifadə olunur. Zeytun yağ zavodunda iri sisternlərə doldurulmuş zeytun yağı holdinqin Bakı Yağ və Qida Sənaye zavodunda qablaşdırılır. Burada rafinasiya proseslərindən keçən zeytun yağı yaraşıqlı dizaynla qablaşdırılaraq ölkə bazarına və xaricə ixrac edilir.
Bunu qəzetimizə açıqlamasında “Zeytun Bağları” marka təmsilçisi Ellada Şiriyeva deyib. Onun sözlərinə görə, yağ zavodunda zeytun 3 mərhələli istehsal prosesindən keçir: “Zeytundan “Viera” məhsulları, “Süzmə” və “Tamas” yağları alınır. Azərbaycan zeytunundan alınan məhsullar beynəlxalq bazarlara, əsasən də MDB məkanına, Şərqə, Orta Asiya və Avropa ölkələrinə çıxarılır. Bildirim ki, “Zeytun Bağları” brendi adı altında satılan “Azərsun Holdinq”in zeytun yağları beynəlxalq müsabiqələrdə dəfələrlə birinci yerə layiq görülüb”.
Beləliklə, hazırda ölkəmizdən neft və qazla yanaşı, zeytundan alınan məhsullar da ixrac olunur ki, bu da “Azərsun Holdinq”in daha bir Azərbaycan brendinin xarici ölkələrdə tanıdılması istiqamətində atdığı uğurlu addım sayıla bilər.
Azərbaycan zeytununun yağlılığı daha çoxdur
Bu məqamda onu da bildirək ki, zeytun dünyanın bir çox yerlərində bitsə də, Azərbaycan zeytunu öz yağlılığına görə başqalarından fərqlənir. Ümumiyyətlə, zeytunun əsl vətəninin Yunanıstan, digər mənbələrə görə isə Aralıq dənizi sahilləri olduğu göstərilir. Həmin mənbələrə əsasən, zeytun buradan Kiçik Asiyaya, Yunanıstana, Misirə və digər ərazilərə yayılıb. Zeytun bitkisinin ömrü 300-400 ildir. Əlverişli şəraitdə 1000 il yaşaması məlumdur. 500-dən çox növü var. Bundan başqa dünyada elə ölkələr var ki, orada milyonlarla hektar sahədə bu qiymətli bitki becərilir. İspaniya və İtaliyada 2 milyon hektar, Türkiyədə 1 milyon hektardan çox zeytun sahəsi var.
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdə, məsələn, Aralıq dənizi sahillərində bitən zeytundan fərqli xüsusiyyəti ondan ibarətdir ki, bizim məhsullarımızın yağlılığı daha çoxdur. Bundan başqa, Abşeron rayonu mülayim-subtropik iqlim qurşağında yerləşdiyindən burada zeytun daha tez yetişir. Həmçinin, Azərbaycanın bir sıra bölgələrində yaşı min illərlə ölçülən zeytun ağacları var. Ölkəmizdə əsasən “Azərbaycan”, “Armudu”, “Buzovna”, “Qara”, “Şirin”, “Bakı” kimi yerli zeytun sortları var.
Min bir dərdin dərmanı-zeytun...
Ellada Şiriyeva, eyni zamanda, son vaxtlar Azərbaycanda da zeytun yağının istifadəsinin artdığını və ona tələbatın yüksəldiyini bildirib. Onun sözlərinə görə, bu da səbəbsiz deyil. Çünki zeytun yağının faydaları tükənməzdir: “Zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Yağın tərkibində olan A, E, D və K vitaminləri sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, radikallara qarşı müqavimət yaradaraq orqanizmin qocalma prosesini əngəlləyir”.
Zeytun yağının tərkibində olan linol, olein, linolen kimi doymamış yağ turşuları piylənmənin qarşısını alır, orqanizmin cavan qalmasını təmin edir, həzm prosesinə müsbət təsir göstərir. Məsələn, gün ərzində 100 ml. zeytun yağı istehlak edən hər bir adam, şişlərin qarşısının alınması və yox edilməsi üçün mühüm maddələrdən olan “Squalene” maddəsinin gündəlik miqdarını almış olur. Uzun illərdir aparılan araşdırmalar zeytun yağının xərçəng riskini 50 faizə yaxın azaltdığını sübüt edir. Zeytun yağı, ürəyin ən böyük düşmənlərindən biri olan xolesterolun miqdarına nəzarət etməkdə, həmçinin, yüksək xolesterolun azaldılmasında da əvəzolunmaz vasitədir. Statistik göstəricilərə əsasən, dünyada, əhalisi ürək xəstəliklərindan ən az əziyyət çəkən ölkələr-ən çox zeytun yağı istehlak edən ölkələrdir. Bu siyahıya isə Aralıq dənizi ölkələri başçılıq edir.
Lakin bu heç də son deyil. Belə ki, zeytun yağı şəkər xəstəliyinin səbəb olduğu həzm əsnasında maddələr mübadiləsi pozğunluqlarının qarşısını alır, qanda şəkərin miqdarına nəzarət etməyə köməklik göstərir: “Zeytun yağı dərinin daha gənc görünməsi, saçların artırılması və işıqlı görünməsində də faydalı olduğu üçün bir çox gözəllik məhsullarının da tərkibində istifadə edilir. Eyni zamanda, soyuq qış günlərində dodaq çatlamaları və əl qurumalarını sürətli müalicə etmək istəyirsinizsə, bunu rahatlıqla zeytun yağının köməyi ilə edə bilərsiniz. Məlum olduğu kimi, uşaqlar üçün qidalanma, həyatın ilk illərində beynin sağlam bir şəkildə inkişaf edə bilməsi üçün çox əhəmiyyətlidir. Həyatın möcüzəsi adlandırdığımız zeytun yağı, uşaqların inkişafında həyati əhəmiyyət daşıyan ana südünə bərabər miqdarda yağ turşularına sahibdir. Bu yağ turşuları, eyni zamanda, uşaqların sümüklərini də gücləndirir”.
Niyə məhz “Zeytun Bağları”?
Açıqlamasında, həmçinin, “Zeytun Bağları”nın dünyada məhz Azərbaycan məhsulu kimi tanıdılmasının qürurverici məqam olduğunu vurğulayan Ellada Şiriyeva bu yağın müsbət cəhətləri barədə də danışıb. Onun sözlərinə görə, “Zeytun Bağları” zeytun yağının tamamilə qoxusuz olması da bütün növ yeməklərdə istifadəsini asanlaşdırır: “Zeytun yağının mövcud olan spesifik iyi və tamı Azərbaycan istehlakçısı tərəfindən bəyənilmir və onu bu xeyirli məhsulu gündəlik tələbat malları siyahısına salmaqdan çəkindirirdi. Bu tələbləri nəzərə alan “Azərsun Holdinq” tam Azərbaycan istehlakçısının damaq dadına uyğun “Zeytun Bağları” markası ilə istehsal edilən zeytun yağlarını bazara təqdim edib. Yəni, “Zeytun Bağları” ağız dadımıza uyğun zeytun yağıdır, onunla bişirilən yeməklər mədəyə ağırlıq vermir, vitaminlərlə zəngindir. Qızartma və sonrasında uyğun şərtlərdə saxlanılması, oksidləşməyə qarşı dayanıqlılığı və daha az fəsadlar yaratma özəlliyi zeytun yağını digərləri ilə müqayisədə əvəzedilməz edir”.
Məqsəd zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaqdır
Sonda onu da bildirmək yerinə düşər ki, “Azərsun Holdinq” yuxarıda sadalananlarla kifayətlənmir və zeytunçuluğun inkişafına töhfə verə biləcək digər addımları da atır. Elə Azərbaycan Mətbuat Şurasının (MŞ) və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusunda yazı müsabiqəsinin keçirilməsi də bunu təsdiq edir. Həmin məsələyə toxunan Afiq Səfərov bildirib ki, Mətbuat Şurası ilə birgə keçirilən müsabiqə zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaq məqsədi daşıyır: “Müsabiqə yalnız ilk addımımızdır. Onun yekunlarının açıqlanacağı mart ayında jurnalistlərin iştirakı ilə zeytun ağaclarının əkilməsi aksiyasını da reallaşdırmaq istəyirik”.
Nadir AZƏRİ
“Yazı Azərbaycan Mətbuat Şurası
və “Azərsun Holdinq”in birgə
keçirdiyi “Zeytun Bağları”
Azərbaycan zeytununun şöhrəti” mövzusundakı müsabiqəyə
təqdim olunmaq üçün verilir”

Paylaş:
Baxılıb: 1647 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30