Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitabları təqdim edilib

“Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitabları təqdim edilib

15.03.2014 [10:35]

Martın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Əziz Mirəhmədovun “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitablarının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış elm və ictimaiyyət xadimləri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ədəbiyyatşünaslığımızın inkişafında əvəzsiz xidmətləri olmuş professor Əziz Mirəhmədovun “Ərgünəş” nəşriyyat-poliqrafiya müəssisəsində yenicə nəşr edilmiş “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitabları Azərbaycan ədəbiyyatı tarixində böyük hadisədir.
Qeyd olunub ki, “Azərbaycan jurnalistləri və naşirləri” ensiklopedik toplu kimi mərhum alimin 1940-cı illərdən 2000-ci ilin sonunadək axtarışlarının və gərgin əməyinin bəhrəsidir. Kitabda Ə.Mirəhmədovun Azərbaycanın XIX və XX əsrlərdə yaşamış 500 nəfərədək yazıçı, jurnalist və naşiri barədə topladığı ensiklopedik məlumatların tam mətninin əlimizə çatan az bir qismi yer alıb. Müxtəlif nəşriyyatlara çap üçün təqdim olunmuş yazıların əksər hissəsi naməlum səbəblərdən itib. Bu kitabda yalnız 160 nəfər barəsində məlumatlar dərc olunub. Ümid edirik ki, bu ilk və nəcib təşəbbüs davam etdiriləcək.
Mətbuat Şurasının sədri deyib ki, Ə.Mirəhmədovun “Əhməd bəy Ağaoğlu” kitabı isə yeni dövr Azərbaycan tarixinin qeyri-adi taleli böyük şəxsiyyətlərindən biri olan Əhməd bəy Ağaoğlunun (1869-1939) ömür yoluna həsr edilib. Monoqrafiyada böyük mütəfəkkirin jurnalistika, siyasət, ictimai fikir, tənqid, bədii ədəbiyyat, elm sahələrində çoxcəhətli, mürəkkəb, səmərəli fəaliyyətinə nəzər salınıb. Bu kitab da Ə.Mirəhmədovun yazdığı monoqrafiyanın tam mətni deyildir, onun “itmiş” nüsxəsinin əlimizə keçən səhifələridir. Əsər natamam olsa da, elmə əhəmiyyətli töhfə sayıla bilər. Hər iki kitabı alimin qızı Dilarə Mirəhmədova-Əlizadə nəşrə hazırlayıb.
 Mərhum alimin həyat və yaradıcılığından danışan Ə.Amaşov bildirib ki, tanınmış ədəbiyyatşünas, tənqidçi Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci ildə Bakı şəhərində anadan olub. O, 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Böyük alimin “M.F.Axundov” (1953), “Abdulla Şaiq” (1956), “Sabir” (1958), “Məhəmməd Hadi” (1962 və 1981), “Azərbaycan Molla Nəsrəddini” (1980), “Satirik gülüşün qüdrəti” (1981), “Ağlar güləyən” (1989) monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. sanballı məqalələri ədəbiyyat tariximizin öyrənilməsində ən etibarlı mənbələrdəndir.
Əziz Mirəhmədov 2002-ci ildə dünyasını dəyişib.
Tədbirdə professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Əsədulla Qurbanov, Alxan Bayramoğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Ə.Ağaoğlunun Türkiyədəki fəaliyyətini tədqiq edən Mədinə Qaraxan, Xəzər Universitetinin prorektoru, professor Eldar Şahgəldiyev və başqaları mərhum alimin zəngin yaradıcılığından, ədəbiyyatşünaslığımızın inkişafında böyük xidmətlərindən danışıb, onun təqdim olunan kitablarının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, görkəmli ədəbiyyatşünas alimin bu əsərləri tədqiqatçılar üçün faydalı mənbədir.
Sonda alimin qızı, təqdim olunan kitabların redaktoru, filologiya üzrə fəlsəfə doktoru Dilarə Mirəhmədova-Əlizadə çıxış edərək bildirib ki, hazırda onun redaktorluğu ilə “Ərgünəş” nəşriyyatında Əziz Mirəhmədovun məqalələr toplusunun üçcildliyi çapa hazırlanır. Daha bir neçə əsərin nəşri nəzərdə tutulub.
D.Mirəhmədova-Əlizadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına, eləcə də “Ərgünəş” nəşriyyatının rəhbərliyinə minnətdarlığını bildirib.

Paylaş:
Baxılıb: 1119 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30