Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda ətraf mühitin qorunması istiqamətində möhtəşəm layihələr icra olunacaq

Azərbaycanda ətraf mühitin qorunması istiqamətində möhtəşəm layihələr icra olunacaq

16.04.2014 [09:18]

Prezident İlham Əliyev: Ağackəsmə tam şəkildə dayandırılmalıdır
Azərbaycanda bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də dövlət səviyyəsində böyük layihələr həyata keçirilir. Ekoloji sağlamlığın qorunması, havanın, suyun, torpağın ifrat çirklənməsinin qarşısının alınması, çirklənmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunması məqsədilə həyata keçirilən tədbirlər son illərdə daha intensiv xarakter alıb. Bu sahədə görülən işlər isə birbaşa olaraq ölkə başçısının nəzarəti altında icra edilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması münasibətilə respublikada geniş yaşıllaşdırma işləri aparılıb, milyonlarla ağac əkilib, su hövzələrinin, torpağın tullantılardan təmizlənməsi işləri həyata keçirilib. Əlamətdar haldır ki, ətraf mühitin qorunması sahəsində görülən işlər təkcə “Ekologiya ili” ilə məhdudlaşmır. Belə ki, Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramında da ətraf mühitin qorunması məsələləri başlıca məqsədlərdən biri kimi yer alıb və bu, özünü Proqramın icra edilməsində də göstərib.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda ekoloji tarazlığın bərpası sahəsində görülən işlərin mərkəzində Abşeron yarımadası dayanır. Bu da səbəbsiz deyil. Belə ki, iki əsrə yaxın intensiv neft istismarı tarixi olan bu bölgədə qazıntı və hasilat işləri uzun müddət ətraf mühit nəzərə alınmadan aparılıb, həmçinin, dövrün texnoloji imkanları da yüksək ekoloji həssaslığın göstərilməsinə şərait yaratmayıb. Nəticədə, Abşeron yarımadasının bir çox yerlərində son dövrlərə qədər özünü göstərən “ölü zonalar”, neft və neft məhsulları ilə çirklənmiş göllər, tullantılardan yaranan gölməçələr meydana gəlib. Təsadüfi deyil ki, neft sənayesinin ətraf mühitin zərər görməsi hesabına inkişafı bir zamanlar Bakının bir hissəsini “qara şəhər”ə çevirmişdi.
Lakin Prezident İlham Əliyevin bu sahədə möhkəm iradəsi sayəsində Bakının və Abşeron yarımadasının ekoloji siması tamamilə dəyişməkdədir. “Qara şəhər”in yerində indi ekoloji təmizliyin şərtlərinə cavab verən, yaşıllıqlarla zəngin “Ağ şəhər” salınmaqdadır.
Bundan əlavə, son illər ölkəmizdə enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aparılan tədbirlər genişləndirilir. Məlumatlara görə, respublikamızda enerji resurslarına ümumi tələbatın təxminən 40 faizinə qənaət etmək potensialı var və bu isə, ekoloji mühitin qorunmasına müsbət təsir edəcək. Belə ki, qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması, habelə enerjinin istehsalında 97,8 faiz təbii qaz yanacağından istifadə edilməsi nəticəsində son 10 ildə hər kilovat-saat elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 qramdan 2013-cü ildə 303,7 qrama qədər azalıb.
Qeyd edək ki, sözügedən məsələ aprelin 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da geniş müzakirə olunub. Daha doğrusu, həmin iclasdakı çıxışında dövlət başçısı ətraf mühitin qorunması məsələsinə ayrıca toxunub. Prezident İlham Əliyev ekologiyanın qorunması işlərinin hər il prioritet sahələrə daxil edilməli olduğunu ifadə edib: “Bir neçə il bundan əvvəl Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Xatırlayıram, o vaxt biz “Ekologiya ili”ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, “Ekologiya ili” hər il olmalıdır”.
Sözügedən iclasdakı nitqində dövlət başçısı görülən işlərə nəzər salaraq, Bibiheybət buxtasının tamamilə təmizləndiyini, buruqların arasında isə yaxın gələcəkdə ağacəkmə kampaniyasının başlaması üçün göstəriş verdiyini söyləyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir vaxtlar şəhərin mərkəzində fəaliyyət göstərən yod zavodunun bağlanması, orada qalan və ətraf mühitə böyük ziyan vuran yod çöküntülərinin təmizlənməsi də ən yüksək səviyyədə həyata keçirilib. Bir zamanlar paytaxt sakinlərinin əsas narahatlıq mənbəyinə çevrilən Balaxanı zibilxanasının tamamilə aradan qaldırılması, ərazidə isə ağacların əkilməsi şəhərin ekoloji vəziyyətinə olduqca müsbət təsir göstərib. Zibilxananın əvəzində zibilyandırma zavodunun tikilərək istifadəyə verilməsi olduqca mütərəqqi addım idi.
Yeri gəlmişkən, ətraf mühitin qorunması sahəsində görülən ən genişmiqyaslı işlərdən biri də yaşıllıqların salınması, ağacların əkilməsidir. Təsadüfi deyil ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında bu məsələyə xüsusi toxunub: “Ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir. Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır”.
Prezident İlham Əliyev bildirib ki, yalnız nadir hallarda, yəni, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə müəyyən ərazidəki ağac ya köçürülə, ya da kəsilə bilər. Dövlət başçısı bu məsələdə vəziyyətin əvvəlki illərə nisbətən daha müsbət olduğunu, lakin problemin tam aradan qaldırılması üçün ağacları kəsənlərə qarşı daha da ciddi tədbirlər görülməli olduğunu qeyd edib.
Heç şübhəsiz, havanın çirklənməsinin qarşısının alınmasında ağacların əkilməsi ilə yanaşı, aprel ayından etibarən “Avro-4” standartına keçidin də böyük əhəmiyyəti var. Çünki nəqliyyatın sıx olduğu məkanlarda atmosferə buraxılan zərərli tullantıların miqdarı normadan dəfələrlə çox olur. Məhz “Avro-4” standartının tətbiq edilməsi bu sahədə vəziyyəti yaxşılaşdıracaq.
Qeyd edək ki, Prezident İlham Əliyev məlum çıxışında ölkədə istehsal olunan yanacağın keyfiyyətindən də bəhs edib: “Eyni zamanda, əlbəttə biz bunu da deməliyik ki, Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti də yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur, tikiləcəkdir, ancaq bu, vaxt aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. Çalışmalıyıq və hökumət də öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik”.
Ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan ən nəhəng layihələrdən biri, şübhəsiz, Bakıda mövcud olan göllərin təmizlənməsi proqramıdır. Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələdən geniş bəhs edən dövlət başçısı belə göllərin sayının 9 olduğunu deyib. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular və lay sularının axıdılması ilə onlar ekoloji fəlakət zonalarına çevrilib. Dövlət başçısı göllərin təmizlənməsi işlərinə artıq başlanıldığını da deyib. Belə ki, ekoloji və texniki cəhətdən ən ağır layihə olan Böyükşor gölünün təmizlənməsinə başlanılıb. İki mərhələdə görüləcək işlər çərçivəsində əvvəlcə göl bənd vasitəsilə iki hissəyə ayrılacaq. Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan 300 hektar hissəsi təmizlənəcək, gölün ətrafında gözəl bulvar tikiləcəkdir. İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Dövlət başçısı bir neçə ildən sonra Bakının gözəl göllər şəhərinə çevriləcəyini deyib: “Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcəkdir”.
Göründüyü kimi, ətraf mühitin qorunması və bərpası sahəsində çox böyük işlər, layihələr nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsi sayəsində paytaxtımız inkişaf tempi və abadlığı ilə yanaşı, yüksək ekoloji təmizliyi ilə də diqqəti cəlb edəcək.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1226 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30