Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın mühüm göstəricisidir

Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın mühüm göstəricisidir

14.05.2014 [08:59]

Cəmiyyətdəki sosial münasibətlər, sosial şərait öz xüsusiyyətlərinə görə siyasi, iqtisadi və mədəni problemlərin tərkib hissəsi kimi deyil, müstəqil olaraq təzahür edir. Məhz bu cəhət hər hansı quruluşda siyasi və iqtisadi siyasətlə yanaşı, sosial siyasəti də ayırmağı tələb edir. Sosial siyasət sosial sferada mövcud olan sosial münasibətlərin tənzimlənməsi, sosial şəraitin yaxşılaşdırılması, bu sahədəki əlaqələrin təkmilləşdirilməsi istiqamətində fəaliyyəti əhatə edir. Bu siyasət dövlətin, onun institutlarının, yerli özünüidarə orqanlarının, mülkiyyət formasından və növündən asılı olmayaraq, cəmiyyətin sosial sferasının inkişafı və idarə olunması ilə bağlı fəaliyyətinin tam kompleksini özündə birləşdirir. Onun əsas məqsədi insanların sosial tələblərinin və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, onların sosial müdafiəsini, korreksiya və reabilitasiyasını təşkil etməkdir. İnsanların həyat səviyyəsini və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və etnoslararası münasibətləri tənzimləmək, sosial siyasətin əsas vəzifələridir.
Məlum olduğu kimi, Azərbaycanda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial islahatlar proqramı sosial sferanın bütün sahələrini əhatə edib. Ölkəmizdə sosial yardımlar, sosial xidmətlər və məqsədli sosial proqramlar əhalinin sosial müdafiə sistemində özünəməxsus rola malikdir. Bazar iqtisadiyyatına keçid sosial siyasətin digər sahələri kimi, pensiya sistemində də dərin islahatlar aparılmasını təmin etdi. Bu islahat pensiyaçıların yaşayış minimumunun təmin edilməsi, pensiya məbləğlərinin ödənilən sosial sığorta ilə əlaqəsinin yaxşılaşdırılması kimi vəzifələrin həyata keçirilməsi məqsədini daşıyırdı. Pensiya sistemi sahəsində islahat Ümummilli lider Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında pensiya sisteminin islahatı Konsepsiyası”nda əks olunub. Konsepsiya pensiya islahatının məqsəd və prinsiplərini, pensiya sisteminin idarə olunması əsaslarını, islahatın həyata keçirilmə mərhələlərini, onun əsas istiqamətlərini müəyyənləşdirir.
Artıq bu sahədə böyük nailiyyətlər əldə edilib. Qeyd edək ki, uğurlu pensiya sisteminin tətbiqi məqsədilə ilk növbədə mükəmməl qanunvericilik bazası yaradılıb. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Sosial sığorta haqqında” qanunlara ciddi dəyişikliklər edilib. Bu sahədə həyata keçirilən istlahatlar davam etməkdədir. Sığorta-pensiya sistemində elektron xidmətlər də yaradılır ki, bu, şəffaflığın təmin olunmasında mühüm göstəricidir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada qeyd olunur ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi başlıca prinsiplərdəndir.
Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində də ardıcıl işlər görülür. Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin www.sspf.gov.az; www.e-sspf.gov.az saytında yerləşdirilib. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb.
Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir. Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsini həyata keçirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün http: //www.e-gov.az - “Elektron Xidmətlər Portalına” daxil olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidmətindən istifadə etmək mümkündür.
Eyni zamanda, “Sığortaolunanın onlayn uçota alınması” adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmət vasitəsi ilə hər bir sığorta edən öz ofisində kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdirlər. Bu xidmət vasitəsilə vətəndaşların fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesi elektron qaydada həyata keçirilir. Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda əksini tapmış mühüm vəzifələrdəndir. 2013-cü ilin iyul ayından etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb və bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən “Çağrı Mərkəzi”nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə-Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir.
Azərbaycanda reallaşdırılan sığorta-pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2013-cü ildə Azərbaycan Respublikası növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Hələ 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu “Avropanın uğurlu təcrübəsi” müsabiqəsinin “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilib. 2012-ci ilin sonunda isə Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Fondu “Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid” nominasiyası üzrə xüsusi sertifikata layiq görüb.
Göründüyü kimi, ölkəmizin sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, əhalinin də maraqlarına tam cavab verir. Dövlət Sosial Müdafiə Fondunun bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməsi isə yalnız yüksək qiymətləndirilə bilər.
Nardar BAYRAMLI
Yazı Dövlət Sosial Müdafiə
Fondunun “Sığorta-pensiya
sistemində elektron xidmətlər
şəffaflığın əsas vasitəsidir”
mövzusunda keçirdiyi
müsabiqəyə təqdim edilir

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30