Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Avro-2020”: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti

“Avro-2020”: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti

17.09.2014 [09:23]

Məlum olduğu kimi, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək iddiasını ortaya qoyan çoxsaylı ölkələrdən biri də Azərbaycandır. Belə ki, çempionatın keçirilməsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb. Bu istiqamətdə işlərin həyata keçirilməsi üçün 2013-cü il mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. AFFA tərəfindən hazırlanan sifariş kitabı təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim edilib. Ümumilikdə, ölkəmizin bu mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etmək üçün böyük şansı var. Azərbaycanın sahib olduğu futbol ənənəsi ilə yanaşı, ölkəmizdə bu idman növünün hazırkı inkişaf səviyyəsi, futbola göstərilən dövlət qayğısı bunu deməyə əsas verir.
AZƏRBAYCAN FUTBOLUNun İNKİŞAFINdA yeni mərhələ
Əvvəlcə qeyd edək ki, Azərbaycanda ilk futbol klubu ötən əsrdə ölkəyə sərmayə yatıran İngiltərə şirkətlərinin dəstəyi ilə 1911-ci ildə yaradılan “Britaniya klubu” adlanan komanda olub. Sonrakı illərdə yeni komandaların yaranması ilə Azərbaycan futbolu inkişaf etməyə başladı.
Müstəqilliyin ilk illərində hər bir sahədə olduğu kimi, idmanda da müşahidə olunan tənəzzül Azərbaycan futbolunda böhran yaratmışdı. Həmin dövrdə ölkə çempionatında çıxış edən komandaların maddi-texniki bazası, maliyyə təminatı çox aşağı səviyyədə idi, baxımsızlıq ucbatından idman infrastrukturu bərbad hala düşmüşdü. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, müstəqilliyimizin ilk illərində bu sahə ilə məşğul olanların sayı 200 min nəfərdən 74 min nəfərədək, başqa sözlə, 2 dəfədən artıq azalmışdı. Lakin sonrakı illərdə Ümummilli lider Heydər Əliyevin quruculuq siyasəti sayəsində Azərbaycanda hər bir sahədə olduğu kimi, idmanda da baş verən canlanma milli futbolun tədricən dirçəlməsinə imkan yaratdı.
Bütövlükdə, idmanın inkişafı Azərbaycanda sağlam gəncliyin yetişdirilməsinə dövlətin göstərdiyi diqqət və qayğının tərkib hissəsidir. Məhz Ulu öndərin bu sahəyə diqqətinin göstəricisi olaraq, Azərbaycanda olimpiya hərəkatının əsası qoyuldu, ölkənin hər yerində sürətlə idman-olimpiya komplekslərinin tikintisinə başlanıldı. Həyata keçirilən maddi-texniki təchizat işləri, idmanın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi, gənclərin idmana marağının artırılması, idmanın ölkədə kütləviləşdirilməsi təbii olaraq öz uğurlu nəticələrini verməkdədir. Futbol da daxil olmaqla müxtəlif idman növlərində idmançılarımızın beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil etmələrinin, bir çox yarışlarda qazanılan uğurların ölkənin nüfuzuna müsbət təsiri danılmazdır. Təsadüfi deyil ki, idmanın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər Azərbaycan idmanının dünyadakı şöhrətini xeyli artırıb. Artıq Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə idman infrastrukturunun yenilənməsi, bu sahədə əsaslı baza yaradılmasının təmin edilməsi istiqamətində böyük islahatlar həyata keçirib. Futbolun inkişafına mütərəqqi yanaşmanı təşviq edən Prezident İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkəmizdə insanların çox sevdikləri futbolun qarşısında yeni inkişaf perspektivləri açdı, ölkəmizdə futbolun inkişaf istiqamətləri müəyyənləşdirildi. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, heç şübhəsiz ki, ölkəmizdə futbolun ahəngdar inkişafını, eyni zamanda, bu kütləvi idman növünün beynəlxalq miqyasda Azərbaycanın imicinin yüksəldilməsində əhəmiyyətli təbliğat vasitəsinə çevrilməsini təmin edəcək.
RESPUBLİKANIN FUTBOL İNFRASTRUKTURU YENİLƏNİR
Hər bir idman növü kimi, futbolda da uğurlar qazanılmasında müasir standartlara cavab verən infrastrukturun yaradılması mühüm şərtdir. Bu cəhətdən son illərdə ölkəmizdə futbol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər məmnunluq doğurur. Futbol infrastrukturunun yenilənməsi istiqamətində yerinə yetirilən layihələr içərisində mövcud stadionların yenidən qurulmasını, eləcə də yeni arenaların tikintisini xüsusi vurğulamaq gərəkdir.
Prezident İlham Əliyevin “Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” 6 iyul 2011-ci il tarixli müvafiq Sərəncamına əsasən sözügedən arenada böyük iş həcmi yerinə yetirilib. Belə ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, oturacaqların sayı 31 min 200-ə çatdırılıb.
Son illərdə əksər futbol klubları yeni, müasir standartlara cavab verən təlim-məşq bazaları ilə təmin olunub, paytaxt Bakıda və bölgələrdə yeni stadionlar tikilib. Bu sırada “Bakı”, “Azal”, “Qəbələ” futbol klublarının yeni təlim-məşq bazalarını, “Xəzər-Lənkəran” komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Hazırda Bakıda möhtəşəm Olimpiya Stadionu inşa olunur. Təməli 2011-ci ildə qoyulan stadionun tamaşaçı tutumu 68 min nəfərdir. Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin çox hissəsi həyata keçirilib. Yeni obyektdə bütün işlərin 2015-ci ilin fevral ayında tamamlanması nəzərdə tutulub.
UŞAQ FUTBOLUNUN İNKİŞAFINA DİQQƏT ARTIRILIB
Uşaq futbolu hər bir peşəkar klubun “onurğa sütunu” sayılır. “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nda uşaq futbolu ilə bağlı bir çox maddələr öz əksini tapıb. Son vaxtlar AFFA tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, uşaqlar üçün paytaxtda və bölgələrdə UEFA-nın “Het-trik” proqramına uyğun olaraq çoxlu sayda süni örtüklü meydançalar istifadəyə verilib. Belə meydançalarda əsasən məktəbyaşlı uşaqlar, şagirdlər futbolun sirlərini öyrənmək imkanı əldə edirlər. Respublikamızda futbolu yeniyetmələr arasında kütləviləşdirmək məqsədilə 13, 14, 15, 16 və 17 yaşlılardan ibarət komandaların çempionatları təşkil olunub. Həmçinin, AFFA Futbol Akademiyası inşa olunaraq uşaqların ixtiyarına verilib. AFFA və Təhsil Nazirliyinin birgə layihəsi əsasında isə orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi fənləri futbol dərsləri ilə əvəz edilir.
Ümumilikdə, həyata keçirilən tədbirlər, davamlı dövlət dəstəyi ölkəmizdə futbolun inkişafına təkan verib. Artıq Azərbaycanın milli komandası və eləcə də klublarımız beynəlxalq səviyyəli yarışlarda daha inamla çıxış edirlər.
AZƏRBAYCAN MÖTƏBƏR İDMAN YARIŞLARININ KEÇİRİLMƏSİNDƏ GENİŞ TƏCRÜBƏYƏ VƏ BEYNƏLXALQ ETİMADA MALİKDİR
Məlumdur ki, Azərbaycan dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi edib, böyük beynəlxalq müsabiqələrin təşkilində önəmli təcrübəyə yiyələnib. Xatırlatmaq yerinə düşər ki, ölkəmizdə beynəlxalq futbol turnirinin keçirilməsinə dair də təcrübə mövcuddur. Belə ki, 2012-ci ilin sentyabr-oktyabr aylarında ölkəmizdə 17 yaşa qədər qızlar arasında futbol üzrə Dünya Çempionatı keçirilib və bu çempionat ölkəmizin yüksək səviyyəli təşkilatçılığı ilə başa çatıb.
Mövcud təcrübə Avropa Oyunlarının uğurlu təşkilinə zəmin yaratmaqla bərabər, bu müsabiqənin özü də ölkəmiz üçün mühüm idman təcrübəsi olacaqdır. Eyni zamanda, Azərbaycanın idman qurumları Avropanın və dünyanın böyük idman təşkilatları ilə uğurlu əməkdaşlığa malikdir. Əminliklə demək olar ki, “Bakı-2015” Avropa Oyunları bu əməkdaşlığın faydalarının və Azərbaycan tərəfinin yüksək təşkilatçılıq bacarığının aydın göstəricisi olacaq. İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsinə dair qərarın qəbul olunması bir daha təsdiq edir ki, artıq beynəlxalq idman ictimaiyyəti Azərbaycanda bütün mötəbər idman yarışlarının keçirilməsini mümkün hesab edir.
Bütün bunlar isə onu göstərir ki, mötəbər beynəlxalq idman müsabiqələrinin keçirilməsi ilə bağlı Azərbaycana dünyada böyük etimad formalaşıb. Bu, şübhəsiz, ilk növbədə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, geniş maliyyə imkanları ilə bağlıdır. Digər bir mühüm faktor isə qeyd olunduğu kimi, Azərbaycanda idman infrastrukturunun yenilənməsi, dünya standartlarına cavab verən ən müasir idman komplekslərinin tikilməsi, onların müasir avadanlıqlar və texnika ilə təchiz edilməsidir. Bundan əlavə, Azərbaycan beynəlxalq müsabiqələrin təşkili baxımından da geniş təcrübəyə, yüksək təşkilatçılıq imkanlarına, işin peşəkarlıqla icrası potensialına malikdir.
Təsadüfi deyil ki, UEFA prezidenti Mişel Platini Azərbaycanın “Avro-2020” futbol çempinatına ev sahibliyi etmək şansını yüksək qiymətləndirib. Belə ki, o, ötən il ölkəmizə səfəri zamanı “Avro-2020”nin təşkilatçılığı üçün Azərbaycanın geniş imkanlarının olduğunu bildirib.
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi etməsi üçün Bakının namizədliyi təsdiqlənərsə, bu, Azərbaycanın dünyada təbliğatı baxımından çox əhəmiyyətli bir hadisə olacaq.
Beləliklə, Azərbaycan futbol üzrə növbəti Avropa Çempionatına ev sahibliyi etmək üçün kifayət qədər uğurlu və layiqli ölkədir. Müsabiqənin Bakıda keçirilməsi qərara alınacağı təqdirdə bu, ölkəmizin beynəlxalq idman nüfuzunu daha da artıracaq mühüm qələbə olacaq. Həmçinin, inanmaq olar ki, ölkəmizə həvalə olunacağı təqdirdə Azərbaycan “Avro 2020”ni ən yüksək səviyyədə təşkil edərək, müsabiqəni çempionat tarixinin unudulmaz səhifəsinə çevirə bilər.
Pərviz SADAYOĞLU,
“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 845 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30