Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nəticələr gələcəyə optimist baxmağa əsas verir

Nəticələr gələcəyə optimist baxmağa əsas verir

08.11.2014 [09:59]

Şahlar Əsgərov: Təhsilin inkişafı hər bir dövlət üçün vacibdir
Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Şahlar Əsgərov Naxçıvan Dövlət Universitetində (NDU) ezamiyyətdə olub. Şahlar müəllimlə söhbətimiz bu haqdadır:
- Şahlar müəllim, Naxçıvanda sizin “Kamilləşən düşüncə” kitabının təqdimatı keçirilib. Bu təqdimat necə keçdi?
- Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Vasif Talıbovun dəvəti ilə oktyabrın 27-dən 31-nə qədər Naxçıvan şəhərində oldum. Muxtar Respublikaya səfərim çərçivəsində “Kamilləşən düşüncə” kitabımın təqdimat mərasimi keçirildi. Eyni zamanda, həmin günlər ərzində Naxçıvan Dövlət Universitetində mühazirələr oxudum.
Öncə kitab haqqında qısa məlumat verim. Kitabda bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyar vasitəsilə baxılıb. Meyar olaraq uğurun onun qıtlığına olan nisbəti götürülüb. Bu meyar “kamilləşmə faktoru” adlanır və bu faktorun köməkliyi ilə bəzi sosial-iqtisadi göstəricilər cədvəl şəklində yox, ilk dəfə olaraq qrafik şəklində təqdim edilib. Bu metodologiya həm planetin, həm də istənilən dövlətin inkişafının dinamikasını izləməyə, ona nəzarət etməyə, yeni nəticələr almağa imkan verir. Misal üçün, yeni meyar vasitəsilə bəşər tarixinə yeni bucaq altında baxılıb və bu tarix iki dövrə bölünüb. Göstərilib ki, birinci tarixi dövrdə bütün proseslər şəxsi mənafenin, fiziki gücün və instinkt düşüncənin, ikinci dövrdə isə ictimai mənafenin, əqli gücün və şüurun üstünlüyü şəraitində baş verir. Nəticələr gələcəyə optimist baxmağa əsas verir. Kitabda 160-dan çox dövlətin sosial, iqtisadi və mədəni inkişafı təhlil edilib.
Kitab Naxçıvan Dövlət Universitetində geniş müzakirə olundu. Təqdimatı NDU rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov aparırdı. Müzakirələr zamanı Universitetin Ümumiriyaziyyat kafedrasının professoru Məhəmməd Hacıyev, Fəlsəfə və sosial iş kafedrasının müdiri Novruzəli Rəhimov, tələbələrdən Zeynəb Məmmədova çıxış edərək kitabın məziyyətlərindən danışdılar. Qeyd olundu ki, təqdim olunan bu kitab müasir iqtisadi, sosial və fəlsəfi təlimlərin əsas tədqiqat obyekti olan inkişaf yollarından bəhs edir. Kitabda tərəqqinin mahiyyəti, şərtləri və meyarları haqqında danışılır.
- Şahlar müəllim, dediniz ki, səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində mühazirələr də oxumusunuz. Bu mühazirələr auditoriya tərəfindən necə qarşılandı?
- Bəli, səfərim çərçivəsində hər gün NDU-da mühazirələr oxudum. Birinci gün mühazirə “Təhsilin problemləri” mövzusunda oldu. Bu mühazirədə əsasən təhsilin fəlsəfəsindən söhbət getdi. Təhsil prosesinin obyekti və subyekti kimdir? Sovet təhsil sistemi ilə müasir təhsil sistemindən, mühazirə dərslərinin seminar və laboratoriya dərslərindən fərqi nədir? Belə suallara cavab axtarıldı.
Ümumiyyətlə, təhsilin inkişafı hər bir dövlət üçün vacibdir. Çünki dövlətin gələcəyi elm və təhsildən asılıdr. Burada Ulu öndər Heydər Əliyevin müdrik kəlamını xatırlatmaq istəyirəm: “Bizim dövlətin gələcək taleyi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdr”.
Növbəti gün isə mühazirənin mövzusu “Tərəqqinin fəlsəfəsi” idi. Bu mühazirə zamanı təxminən 40 slayd nümayiş etdirdim. Bu müharizədə kamillik əmsalı və onun metodologiyasına geniş yer verdim. Kamillik əmsalı işığında dünya dövlətlərinin qlobal iqtisadi, siyasi və mədəni inkişafına nəzər salındı. Kamillik faktoruna görə dünya dövlətləri təsnifata bölündü və göstərildi ki, çox inkişaf etmiş dövlətlər üçün kamillik faktoru 6-dan böyükdür. İnkişaf etməkdə olan ölkələrdə bu faktor 2-dən böyük, 6-dan kiçikdir. Geri qalmış dövlətlərdə bu faktor 2-dən kiçikdir. Sonra inkişaf etməkdə olan dövlətlərin inkişaf etmiş dövlətlərə çevrilmələrinin zəruri və kafi şərtlərini dinləyicilərin diqqətinə çatdırdım.
Üçüncü gün “Tərəqqi, texnologiya və elmin vəhdəti” mövzusu ətrafında təqdimat etdim. Müsəlman - İslam ölkələrinin elmdə geri qalmasının səbəbləri araşdırıldı. Müasir cəmiyyətlərin elm, təhsil və yüksək texnologiyaya əsaslanan innovasiyalı iqtisadiyyat dövrünə daxil olmaları vurğulandı. Bu, elmin, təhsilin, iqtisadiyyatın əlaqəsinin yeni bir fəlsəfə əsasında öyrənilməsini tələb edir. Keçid dövrünün yaratdığı problemlər səbəbindən, bu problemlər MDB məkanında lazımınca öyrənilməyib. Belə dövrlərdə adətən, üzdə olan ağrılı problemlər diqqət mərkəzinə çəkilir, dərin və köklü problemlər kölgədə qalır. Müasir dövrün bu çağırışına cavab vermək üçün elm və təhsil həm formaca, həm də məzmunca ciddi dəyişməli, yeniləşməli və innovasion iqtisadiyyata təsiri aydın təsəvvür edilməlidir.
- Daha hansı mövzuda mühazirələriniz dinlənildi?
- Naxçıvan Dövlət Universitetində dəqiq elm fakültələrinin müəllim və tələbələrinə “Mikroelektronika və nanoelektronika” mövzusunda təqdimat etdim. Son 100 ildə bu sahədə qazanılmış uğurlara geniş yer verdim.
Beşinci gün təqdimatın mövzusu “İdarəetmənin fəlsəfəsi” oldu. “Kamilləşən düşüncə”də bu problem kamillik faktoru işığında araşdırılıb və yeni nəticələr alınıb. Dövlət maşınının konstruksiyası diqqət mərkəzinə çəkilib. Göstərilib ki, firavan həyatın qurulmasında ÜDM qiyməti zəruridir, ancaq kafi deyildir. Kafilik şərti mədəniyyətdən keçir. Misal olaraq Avstraliya və Ekvatorial Qvineyanı göstərmək olar. Avstraliyada insanlar firavan yaşayır. Ekvatorial Qvineyada həyat bərbatdır.
Nəticə olaraq deyim ki, mühazirələrlə bağlı müəllimlərin çıxışları və auditoriyanın alqışları təqdimatların maraqlı olmasından xəbər verirdi. Həm mühazirələr, həm də təqdimatlar yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə də, Muxtar Respublikanın, o cümlədən, Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 888 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30