Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda əlillər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub

Azərbaycanda əlillər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub

25.11.2015 [10:12]

Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsində müxtəlif sənət növləri üzrə bir-birindən maraqlı və rəngarəng əl işləri nümayiş etdirilir
Azərbaycanda həyata keçirilən sosial siyasət cəmiyyətin bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Ölkəmizdə sosial siyasətin önəmli istiqamətlərindən biri də əlilliyi olan şəxslərin müdafiəsinin təşkil edilməsidir. Bu kontekstdə həmin təbəqədən olanların yaradıcılıq nümunələrinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsi üçün görülən tədbirlər xüsusi vurğulanmalıdır.
Bildirmək yerinə düşər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin təşkilatçılığı ilə Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb. Sərgi-müsabiqənin açılışında hökumət və qeyri-hökumət təşkilatlarının, əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərgi-müsabiqə noyabrın 26-dək davam edəcək. Əl işləri nümayiş olunan şəxslərdən 21 nəfəri sərgi-müsabiqənin açılışına dəvət edilib və həmin şəxslərdən ölkənin müxtəlif bölgələrindən gələnlərin və onları müşayiət edənlərin mehmanxana, gediş-gəliş və s. xərcləri dövlət büdcəsi hesabına ödənilib. Tədbirdə nümayiş olunan əsərlərin obyektiv qiymətləndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti də təşkil olunub. Tədbirin yekununda müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar təqdim olunacaq. Sərgi-müsabiqənin digər iştirakçılarına, açılış mərasimində iştirak edən müəlliflərin hər birinə də maddi yardım və təşəkkürnamələr veriləcək.
Biz də “Yeni Azərbaycan” qəzeti olaraq Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsindən reportaj hazırladıq. Əvvəla qeyd edək ki, sərgidə müxtəlif sənət növləri üzrə bir-birindən maraqlı və rəngarəng əl işləri qarşımıza çıxdı. Xüsusilə də, təsviri sənət, rəsm növləri, eləcə də xalçaçılığa, ağac üzərində oymaya, dekorativ təsviri sənətə dair çoxsaylı nümunələr diqqətimizi çəkdi.
Yeri gəlmişkən, sərgidə öz yaradıcılıq nümunələri ilə təmsil olunan Şükufə Yunusovanın əl işləri böyük maraqla qarşılanıb. Onun Ümummilli lider Heydər Əliyevin portretini özündə əks etdirən toxuduğu xalça sərgi iştirakçılarının diqqətini xüsusilə cəlb edib. Bizimlə söhbətində Şükufə Yunusova bildirib ki, belə sərgilər onun yaradıcılıq işlərini daha böyük həvəslə davam etdirməsinə stimul yaradır: “Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi bizlərə öz yaradıcılıq nümunələrimizi təqdim etməyə geniş imkanlar yaradır. Ümumiyyətlə, ildən-ilə dövlət tərəfindən əlillərə diqqət və qayğı artırılır. Təbii ki, bu, bizi çox sevindirir. Çünki qayğı ilə əhatə olunduğumuz üçün özümüzü cəmiyyətin dəyərli təbəqəsi hesab edirik və cəmiyyətə öz yaradıcılığımızla töhfəmizi vermək istəyirik. Mən bu sərginin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Daha sonra Ş.Yunusova “İnsanların bizim yaradıcılığımıza göstərdiyi maraq məni daha da ruhlandırır. Çünki daim xoş sözlər eşidirik, əməyimizə yüksək qiymət verilir. Bu da bizim yaradıcılıq işimizi daha da gücləndirməyimizə stimul verir”, deyib.
“Sərgi zamanı hökumət nümayəndələri də mənim yaradıcılıq işlərimlə tanış oldular və yüksək qiymətləndirdilər. Mən də, öz növbəmdə, yaradıcılığıma verilən qiymətə, bütövlükdə, əlillərə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”, - deyə Ş.Yunusova əlavə edib.
Digər bir iştirakçı Aybəniz Nəsirova davamlı olaraq təşkil edilən sərgi-müsabiqələrdə iştirak etdiyini, xovlu toxuma və təkəlduz sənət növləri üzrə bir sıra əl işlərini nümayiş etdirdiyini bildirib. “Azərbaycan gerbi”, “Əsir qadın”, “Qız qalası”, “Sarı gəlin”, “Tar-kaman” adlı sənət əsərlərini nümayiş etdirən Aybəniz Nəsirova deyib ki, bu cür sərgi-müsabiqələrin təşkili təqdirəlayiq hal olmaqla yanaşı, dövlətin xüsusi diqqət və qayğısını göstərir.
Sərgi iştirakçısı Ülkər Şərifova isə deyib ki, Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi müxtəlif sənət növləri üzrə dəyərli əl işlərinin ərsəyə gəlməsinə stimul yaradır: “Bir tərəfdən, fərdi zəhmət hesabına ərsəyə gəlmiş əl işlərini nümayiş etdirməyə imkan yaradılır, digər tərəfdən isə, stimulverici əlavə tədbirlər görülür. Məsələn, tədbirin yekununda müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar təqdim olunacaq. Bu, özlüyündə əhəmiyyətlidir. Mən belə sərgilərin təşkil olunmasına görə xüsusi minnətdarlığımı bildirirəm”.
Kətan üzərində rəsm əsərini nümayiş etdirən Rəşad Quliyev isə bildirib ki, cəmiyyətdə əlillərə olan münasibət onların yaradıcılıq işlərinin qiymətləndirilməsində də özünü göstərir: “Bilirsiniz ki, Azərbaycan dövlətinin əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğı bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinin təmin olunmasına xidmət edir. Eyni zamanda, əlillərin yaradıcılıq işlərinin qiymətləndirilməsinə xidmət edən bu cür sərgi-müsabiqələr də xüsusi önəm kəsb edir. Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi bu baxımdan çox əhəmiyyətlidir”.
Elçin Qasımov da sərgidə öz yaradıcılıq əsərləri ilə təmsil olunur: “Mən “Xəyallarım” rəsm albomu ilə bu yaradıcılıq sərgisində təmsil olunuram. Bizim üçün burada çox yüksək şərait yaradılıb. Buna görə də mən bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Artıq bir neçə dəfədir ki, belə sərgilərdə təmsil olunuram”.
Sərgi iştirakçısı Bəhruz Mirzəyev isə “artıq bir neçə dəfədir ki, belə tədbirlərdə təmsil olunaraq öz yaradıcılıq nümunələrimi təqdim edirəm. Mən burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzini təmsil edirəm. Həmin mərkəzdə bizim üçün hər cür şərait yaradılıb. Hökumət nümayəndələri vaxtaşırı olaraq mərkəzə gələrək vəziyyətimizlə maraqlanırlar. Yəni demək istəyirəm ki, biz dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Burada çoxlu yaradıcılıq nümunələri ilə təmsil olunmağımızda bu qayğının böyük rolu var” - deyib.
Bütövlükdə, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar onların yaradıcılıq nümunələrinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsi üçün göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Onu da qeyd edək ki, əlillərin yaradıcılıq sərgisinə ictimai maraq da yüksəkdir. Belə ki, bu sərgiyə gəlib tamaşa edən xeyli sayda insan var idi. Məsələn iştirakçılardan Sahibə Qaçayeva söhbətimiz zamanı sağlamlıq imkanları məhdud olan insanların əl işlərinin insanda heyranlıq yaratdığını bildirib. Onun sözlərinə görə, bu insanların sağlımlığında qüsur olsa da, Tanrı tərəfindən onlara yüksək istedad verilib: “Mən çox sevinirəm ki, əlillər belə yaradıcılıq işləri ilə məşğuldurlar. Təbii ki, yaradıcılıq onların yaşayıb-yaratmaq həvəsini daha da artırır. Bilirik ki, dövlətimiz tərəfindən bu insanlara hərtərəfli diqqət və qayğı göstərilir. Belə bir yaradıcılıq sərgisinin təşkil olunması da diqqət və qayğının nümunəsidir”.
S.Qaçayeva sərgidə sağlamlıq imkanları məhdud olan insanların əl işi olan görkəmli rəssam Səttar Bəhlulzadənin və Milli Qəhrəman Mübariz İbrahimovun rəsmlərini daha çox bəyəndiyini bildirib: “Həmin rəsmlərdə onların canlı portreti yaradılıb. Mən bu insanlara öz təşəkkürümü bildirirəm”.
Müxtəlif sənət növlərində olan əl işləri həm də satış məqsədilə nümayiş etdirilirdi. Biz də “Yeni Azərbaycan” qəzeti olaraq Azərbaycan xalqının qədim tarixini əks etdirən “Atəşgah” məbədinin Vüsal Əliyev tərəfindən ağac üzərində oyma şəklində düzəldilmiş suvenirini aldıq.
Nardar BAYRAMLI
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 769 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30