Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Peşəkar jurnalist, sədaqətli insan

Peşəkar jurnalist, sədaqətli insan

08.12.2015 [09:44]

Mən Şəmsiyyə Musaqızını “İki sahil” qəzetində işləməyə başladığım vaxtlardan, yəni 1997-ci ildən tanıyıram. İkimiz bir otaqda otururduq. Yazılarımızı müzakirə edər, dərd-sərimizi birlikdə bölərdik. O, məndən bir il öncə redaksiyaya gəlmişdi. Qəzetin nəbzini daha tez tutmaq məqsədilə onun iş üslubunu, dərc olunmuş məqalələrini izləyər, redaksiyaya dəvət etdiyi müsahiblərinə verdiyi əhatəli suallara və digər məsələlərə xüsusi diqqət yetirərdim. Elə ilk günlərdən qələmimin mədəniyyət və incəsənət sahəsində daha yaxşı işlədiyini, bu sahənin ruhuma daha yaxın olduğunu duyan Şəmsiyyə xanım fəaliyyətimi bu istiqamətdə davam etdirməyimi məsləhət gördü.
Yaradıcı insan, hər şeydən əvvəl yaxşı adam olmalıdır. Şəmsiyyə məhz belə xanımlardandır. O, müstəqil fikirli, azad qadındır. Şəmsiyyə Musaqızı Kərimova 1955-ci il noyabrın 24-də Tovuz rayonunda anadan olub. Orta təhsilini doğma Tovuzda, ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində alıb. Bir müddət Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin “Gənclik” baş redaksiyasında, 1987-ci ildə “Azərbaycan gəncləri”, 1996-2003-cü illərdə “İki sahil” qəzetlərində fəaliyyət göstərib. 2003-2005-ci illərdə “Naxçıvan” qəzetində şöbə müdiri fəzifəsində çalışan Şəmsiyyə xanım jurnalistika sahəsində daha geniş və sərbəst fəaliyyət göstərmək, bilik və bacarığını məqsədyönlü şəkildə sərf etmək məqsədilə 2005-ci ildə “Yeni təfəkkür” qəzetini təsis edir və onun baş redaktoru olur.
Ş.Musaqızı peşəkar jurnalistdir. İstedadı, bacarığı və zəhməti sayəsində 30 ildən artıq bir müddətdə qələmə aldığı saysız-hesabsız məqalələrində neçə-neçə insan taleyinə işıq salıb, cəmiyyətdəki problemlərə toxunub və onların həlli yollarını axtarıb, ən aktual məsələləri önə çəkib, ölkədə baş verən siyasi proseslərə öz vətəndaşlıq və jurnalistlik mövqeyini bildirib. Şəmsiyyə xanım kimdən və nədən yazmasından asılı olmayaraq, bütün məqalələrində obyektiv və qərəzsizdir. O, ölkə ərazisində keçirilən bir sıra tədbirlərdə iştirak edir, redaksiyaya daxil olan faktları yerində yoxlayır, lazım gəldikdə qələmə almaq istədiyi mövzu ilə bağlı bölgələrə gedir, faktların, hadisələrin içində olur, qəzetin maraqlı, oxunaqlı olması üçün bütün səy və bacarığını sərf edir.
Bacarıqlı və istedadlı jurnalist Şəmsiyyə xanımın bu sahədəki fəaliyyəti layiqincə dəyərləndirilib. O, “Qızıl Qələm” media mükafatına, vaxtaşırı bir sıra idarə müəssisə və təşkilatlar tərəfindən keçirilən jurnalist yazı müsabiqələrində iştirak edərək sertifikatlara və mükafatlara layiq görülüb. 2010-cu ildə isə Milli Mətbuatımızın 135 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı alıb. Ölkə başçısının bu diqqət və qayğısı Şəmsiyyə xanımı daha da ruhlandırıb, o, qələmə daha möhkəm sarılıb.
Şəmsiyyə xanım yalnız özünə güvənən zəhmətkeş və fədakar qadındır. O nəyə nail olubsa, yalnız öz zəhməti, çalışqanlığı və bacarığı sayəsində nail olub. Həyatda hər işin, problemin öhdəsindən təkbaşına gəlir. Ayda heç olmasa bir dəfə doğulduğu torpağa, elə-obasına baş çəkməsə, sakitləşmir, rahatlıq tapmır. Şəmsiyyə xanım böyük bir ailənin üçüncü övladı olmasına baxmayaraq, atasından sonra ailənin ağır yükü onun zərif çiyinlərinə düşüb və illərdir ki, o, bu missiyanın öhdəsindən ləyaqətlə gəlir. Xüsusilə anasının sağlam və yaxşı yaşaması üçün etdiyi fədakarlıqlara görə ona həsəd aparmamaq olmur. Valideynin borcunu az da olsa qaytarmaq hər övlada nəsib olmur. Bu mənada Şəmsiyyə xanım xoşbəxt övladdır. Hər kəsin yanında alnıaçıq, üzüağdır. Özünü valideynlərindən başqa heç kimə borclu hesab etmir.
Şəmsiyyə Musaqızı dözümlü və iradəli qadındır. O, tək, əksər hallarda köməksiz olmasına baxmayaraq, iradə nümayiş etdirərək hər bir çətinliyə sinə gərib, dost-düşmən yanında əyilməyib, sınmayıb. Tale onu ağır sınağa çəkəndə, bircə balası 6 yaşlı Kamranını əlindən alanda belə içəridən körün-körün yanıb tüstülənsə də, qəddini düzəldə, iradəsini toplayaraq yenidən işinin başına qayıda bildi. Lakin yaxınları danışdıranda “Kamrandan sonra mənə həyat yoxdur”, deyə qəlbinin ağrısını büruzə verir. Çoxlarının dözə bilməyəcəyi faciəyə o, özündə güc taparaq dözdü, durdu. Bu da onun böyüklüyü idi.
Şəmsiyyə xanım sədaqətli dost, etibarlı yoldaşdır. Hansı dostunun adı çəkilsə, hərəsinin uzun illər bir dostluq tarixi var. Çünki o, qazandığı dostlarını, rəfiqələrini heç nəyə və heç kimə dəyişməyi sevmir. Şəmsiyyə xanım etibarlı dost, yoldaş olmaqla yanaşı, həm də yaxşı yol yoldaşıdır. Şirin, məzəli söhbətləri ilə yola “nərdivan” salmağı bacarır. Xırdalıqlara getməyi sevmir.
Şəmsiyyə nikbin, üzügülər xanımdır. Nə qədər dərd-səri olsa da, nikbinliyini itirmir, özünü ayaqda saxlamağı, ətrafına xoş əhval-ruhiyyə bağışlamağı bacarır. Başqalarını öz problemləri ilə yükləmək xasiyyətinə yaddır.
Ən nəhayət, Şəmsiyyə xanım müstəqil fikirli, geniş dünyagörüşlü və hər hadisəni, olayı lazımınca dəyərləndirməyi bacaran qadındır.
Bu günlərdə Şəmsiyyə xanımın yubiley yaşı tamam olub. O, həyatını zəhmətlə, fədakarlıqla, qələmi ilə saysız-hesabsız insanların fəaliyyətinə işıq salaraq, ömrünü yaxınlarının yolunda şam kimi əridərək, başqalarının sevincinə sevinib, kədərini bölərək yaşayıb.
Mən Şəmsiyyə xanıma uzun ömür, cansağlığı, qadın səadəti və yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Yansın çırağı, gəlsin işığı!
Ədilə QOCAYEVA
AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatı laureatı

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30