Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tarixin işığında İbad Hüseynov: faktlar nə deyir?

Tarixin işığında İbad Hüseynov: faktlar nə deyir?

24.02.2016 [10:04]

Və ya xalqın gözü tərəzidir
Qəhrəmanlıq, mübarizlik hər hansı xalqın zaman-zaman mənimsədiyi və konkret şəraitdə nümayiş etdirdiyi bir davranış forması deyil. Qəhrəmanlıq bir toplumun genetik kodunda var olub, tarixin müxtəlif dövrlərində özünü göstərən, hətta ali dəyər kimi səciyyələndirilən milli xarakter nümunəsidir. Azərbaycan tarixi bir çox dövrlərdə xalqımızın qəhrəmanlıq nümunələrinə, yenilməz vətən övladlarının mübarizlik əzminə şahidlik edib və daşıdığı dəyərlər sayəsində minilliklər boyu öz mövcudluğunu qoruya bilib...
Vətən qəhrəman övladları ilə var olur
Şübhəsiz, vətən qəhrəman övladları ilə var olur. Çünki qəhrəmanlıq, ilk növbədə, vətən, torpaq uğrunda gözünü qırpmadan ölümə getməyi gözə almaqdır. O da məlumdur ki, Azərbaycan xalqı tarixən bir çox hücumlara, işğallara məruz qalsa da, heç vaxt öz dəyərlərindən imtina etməyib, milli xarakterinin tərkib hissəsi olan qəhrəmanlıqlar, mübarizliklər nümunəsi ortaya qoyub. Ötən əsrin sonlarında müstəqilliyinə yeni qovuşduqdan sonra ölkəmiz növbəti dəfə işğal faktı ilə qarşı-qarşıya qaldı və Dağlıq Qarabağ işğal olundu. Amma yenə də öz zamanının qəhrəmanlarını üzə çıxardı... İgid Vətən oğulları əzmkarlıq, cəsarət məktəbi yaratdılar. Tarixin işığında belə bir nümunə yaradan şəxslərdən biri də Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovdur...
İ.Hüseynov qardaş Türkiyədə də yaxşı tanınır və onun Qarabağ döyüşlərində qəhrəmanlığı yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, 2015-ci il aprelin 28-də Türkiyənin Ankara şəhərində İ.Hüseynovun adı bir küçəyə, avqustun 30-da isə Qaziantepdə bir parka verilib...
Tarixə qısa ekskursiya, yaxud İ.Hüseynov barəsində bir neçə vacib xatırlatma...
İ.Hüseynovun ortaya qoyduğu cəsarət və mübarizlik əzmini daha yaxşı anlamaq üçün tarixi ekskursiya əsasında bir neçə məqama toxunmaq gərəkdir. Beləliklə... Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Hüseynov Amurda yerləşən hərbi hissədə Sovet ordusunda xidmət edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənib. İ.Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə onların Vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayıb. Komandanlığın ağır təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmayıblar. Nəticədə rəhbərlik geri çəkilib və indiyə qədər heç yerdə görünməmiş addım atıb - hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxıb. Bununla da İ.Hüseynov Azərbaycana qayıtmağı bacarıb.
İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedib və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayıb. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsi aktiv fazaya daxil olub və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayıb. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqları ilə seçilirdi. Ermənilərdə regionda yerləşən Sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika var idi. İ.Hüseynov və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu səbəbdən o, “kəşfiyyat-diversiya dəstəsi” yaradıb və erməni tərəfə keçərək onları məhv edib, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayıb. 26 dekabr 1993-cü il tarixində İ.Hüseynov minaya düşərək ağır yaralanıb. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdıb...
“Məndə sizin üçün suvenir var!”
Burada daha bir vacib məqam erməni Monte Melkonyanın öldürülməsi ilə bağlı məsələ və onun ətrafında yaranmış mübahisədir. Deyilənə görə, erməni tərəfinin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum olub ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə “Avo” ləqəbli məşhur erməni terrorçusu gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu “Avo” kimi tanıyırdı və bilirdilər ki, ermənilər bu şəxsə hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olub. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqırımı və digər yaşayış məntəqələrində “Avo” birbaşa olaraq qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdir...
İbad Hüseynovun bu barədə açıqlamasında bildirilir ki, o, azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri “Avo”nun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır... İbad Hüseynovun dediyinə görə, onun başçılığı altında olan dəstəyə düşmənin o biri tərəfinə keçib onun cəbhə xətti boyunca bütün gücünün öyrənilməsi, hərəkəti və sayı haqda məlumat vermək əmr edilmişdi. 14 nəfərlik hərbi dəstə ilə onlar düşmən tərəfə keçir və iki gün ərzində lazımi məlumatları toplamağa başlayırlar. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özüylə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an ermənilər Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən “UAZ” markalı avtomobillə Muğanlı kəndi istiqamətində hərəkət edirlər. Bir neçə dəqiqədən sonra “UAZ” dağ çayında ilişir, avtomobildən hərbi formalı bir adam düşür və iki nəfərə yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır. İ.Hüseynovun bildirdiyinə görə, o, Monte ilə kənd məktəbinin həyətində üz-üzə gəlir. İbad Hüseynov iki dəfə “Avo”ya atəş açdıqdan sonra erməni komandir yıxılır və türkcə İ.Hüseynova onu öldürməməsi üçün yalvarır. Elə buradaca məşhur erməni terrorçusunun sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad Hüseynov özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad Hüseynov komandirin otağına daxil olaraq: “Məndə sizin üçün suvenir var!” - deyir və torbada olanlarını masaya düzür. Komandir dərhal hərbi hissəni düzür və xəbəri bütün şəxsi heyətə açıqlayır...
təsdiqini tapmayan iddialar
Bütün bunlara baxmayaraq, faktlar və reallıqların əksinə olan bəzi iddialar da ortaya çıxdı. Belə ki, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və 708-ci Briqadanın ovaxtkı komandiri, komandir müavini və 2-ci batalyonun komandiri öz iddiaları ilə guya İbad Hüseynovun söylədiklərinin həqiqəti əks etdirmədiyini bildirdilər. Amma ortaya tutarlı bir fakt qoyulmadı, ən əsası isə, daha sonra özlərinin söylədikləri iddiaların yarımçıq məlumatlar əsasında ortaya çıxdığını etiraf etdilər. Bu, o deməkdir ki, İbad Hüseynova qarşı irəli sürülən bu iddianın qısa zaman ərzində reallığı əks etdirmədiyi, sadəcə, ittiham xarakterli olduğu bəlli oldu.
İbad Hüseynov isə məsələ ilə bağlı fikirlərini bu cür ifadə etdi: “Bu əməliyyatlarda mən tək olmamışam, çoxsaylı insanlar olub. Maraqlananları onlarla görüşdürə bilərəm. Yazı yazmaq, özünü reklam etmək asandır... Mən yazı da yazmıram, reklam da etmirəm. Bu gün bizim əsgərlərin dayandığı səngərlər ermənilərin 300 metrliyində yerləşir. Amma o zamanlar ermənilərin 10-15 kilometrində dayanırdıq. Mən narazılıqlara baxmayaraq, səngərləri qazdım. Geri dönərkən tank əleyhinə minaya düşdüm və sağlamlığımı itirdim... Mən döyüşmüşəm, sağlamlığımı itirmişəm. Xalqın gözü tərəzidir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1386 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30