“Naxçıvan xanlığına məxsus 3 bayraq” kitabının təqdimatı olub
13.04.2016 [09:56]
Aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan xanlığına məxsus 3 bayraq” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, deputatlar Musa Qasımlı, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları iştirak ediblər.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov kitabın müəllifi Pərvin Gözəlovu təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Bildirilib ki, P.Gözəlov Sankt-Peterburq şəhərində 2015-ci il mayın 10-dan 30-dək elmi ezamiyyətdə olub, Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin bayraq fondlarında və arxivlərində elmi-tədqiqat aparıb. Elmi araşdırma nəticəsində bayraq fondlarında Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş iki bayraq aşkarlanıb. Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilib. Xanlıqların işğalı zamanı Bakı xanlığının 9 bayrağı, Gəncə xanlığının 8 bayrağı və Cavad xanın ştandartı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan xanlığının 4 bayrağı qənimət kimi götürülüb, Sarskoselskiy saray arsenalına təhvil verilib və 1906-cı ildə Tiflisdəki Şöhrət Muzeyinə göndərilib. Qarabağ, Naxçıvan, Şirvan, Quba və digər xanlıqların bayraqlarının axtarışı istiqamətində tədqiqatçı tərəfindən araşdırmalar aparılıb. Müəyyən olunub ki, hakimiyyətə yeni gələn xan əvvəlki dövlət bayrağını saxlasa da, öz bayrağını qəbul edib. Bu səbəbdən də hər xanlığın bir neçə bayrağı mövcud olub. Pərvin Gözəlovun elmi tədqiqatları nəticəsində Naxçıvan xanlığının aşkar edilmiş üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınıb və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilib. Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin fondunda bu bayraq “XVIII-XIX əsr müsəlman bayrağı” adı ilə saxlanılır.
Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvan xanlığının aşkar olunmuş üçüncü bayrağı düzbucaq formadadır. Eni 92 santimetr, uzunluğu 192 santimetr olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan Günəşin simvolik təsvirinə bənzər səkkizguşəli ulduz tikilib. Bayrağın üzərindəki zədələnmiş hissələr muzeyin laboratoriyasında bərpa edilib. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan onun yeddi guşəsi qalıb. Bayrağın sol tərəfindən ağac sapa taxılması üçün bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəldilmiş nizəvarı formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.
Daimi nümayəndəliyin rəhbəri bildirib ki, aşkar olunmuş bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklərinin əyani sübutudur. Bu istiqamətdə elmi tədqiqatların aparılması, həmçinin Naxçıvan xanlığının bayrağının aşkar edilməsi zərurəti 2010-cu ildə nəşr olunmuş “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” adlı monoqrafiyada qeyd edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan xanlıqları milli dövlətçilik tariximizdə özünəməxsus yer tutub. Xanlıqlarımız özlüyündə bir dövləti xatırladırdı. Onların milli atributları, pul vahidləri, özlərinin ordusu var idi. O cümlədən Naxçıvan xanlığına məxsus bu bayrağın bu gün aşkar olunması müasir Naxçıvanımız üçün, eləcə də Azərbaycan tarixi üçün əlamətdar hadisədir. Bu bayraqların gələcəkdə təbliği ölkə tarixinin öyrənilməsi işinə töhfə olacaq.
Nümayəndəliyin rəhbəri deyib ki, dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə Dövlət Bayrağı Meydanı yaradılıb, Bayraq Günü təsis olunub. Bütün bunlar ölkəmizdə dövlətimizin milli atributlarına göstərilən hörmətin təzahürüdür.
Çıxış edən Pərviz Gözəlov müəllifi olduğu kitab haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanın qədim dövlətçilik ənənələrinin təbliği baxımından bu kitab xüsusi əhəmiyyətə malikdir. Kitabda təqdim olunan Naxçıvan xanlığının üç bayrağı xanlığın dini, siyasi, ideoloji mənsubiyyətini tam əks etdirir. Bayrağın üzərindəki rəmzlər müasir dövlətçiliyimizin tarixidir. Bunun öyrənilməsi və təbliği çox əhəmiyyətlidir. Hər bir vətəndaş öz dövlətinin tarixini dərindən öyrənməli, onunla fəxr etməlidir. Bu nəşrin hazırlanmasında məqsəd də bu işlərə bir töhfə vermək olub. Kitabda Azərbaycan xanlıqları barədə ətraflı məlumat verilib, əks olunmuş xəritədə onların əraziləri göstərilib. Nəşrdə, həmçinin müasir Azərbaycan bayrağının rəmzləri barədə də məlumatlar əksini tapıb.
Bu gün Azərbaycanda bayraq mövzusunun çox aktual olduğunu söyləyən akademik İsa Həbibbəyli deyib: “Bayraq dövlətin rəmzlərindən biridir və hər bir ölkə, onun vətəndaşları üçün müqəddəsdir. Son günlər cəbhə xəttində ordumuzun əldə etdiyi qələbələr dövlət bayrağı mövzusunu daha da aktuallaşdırdı. Əvvəllər bayraq ancaq rəsmi yerlərdə ucaldılırdı. Bu gün isə artıq vətəndaşlarımızın evlərində, eyvanlarda dövlət bayrağımız dalğalanır. Bu, çox qürurverici haldır. Bu, Azərbaycan xalqının bir bayraq altında birləşdiyini aydın şəkildə göstərir”.
Naxçıvan xanlığının atributlarının öyrənilməsi istiqamətində bir sıra işlərin görüldüyünü xatırladan İsa Həbibbəyli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü ilə Naxçıvan xanlığının baş iqamətgahı olan Xan Evi əsaslı şəkildə təmir olunub.
Nəşr haqqında fikirlərini bildirən AMEA-nın vitse-prezidenti qeyd edib ki, bu araşdırma Pərvin Gözəlovun Azərbaycanın tarix elminə, dövlətçilik ideologiyasına bir töhfəsidir. O, deyib: “Müasir Azərbaycan dövlətinin bayrağı ilə Naxçıvan xanlığının bayrağı arasında ortaya çıxan oxşarlıqlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə üçrəngli bayrağımız təsis olunarkən Azərbaycan xanlıqlarının bayraqlarındakı elementlərdən də istifadə olunub”.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, professor Musa Qasımlı kitabın ərsəyə gəlməsi münasibətilə müəllifi təbrik edib. Qeyd edib ki, zəngin tarixə malik Azərbaycanın bu cür önəmli araşdırmalarla məşğul olan insanlara, xüsusən də gənclərə ehtiyacı var. M.Qasımlı kitabın bir sıra xarici dillərə tərcümə edilməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də kitabın Azərbaycan tarixinin öyrənilməsi işinə töhfə olduğunu deyib, müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07

