Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rəqəmli yayım Azərbaycanın bütün regionlarını əhatə edəcək

Rəqəmli yayım Azərbaycanın bütün regionlarını əhatə edəcək

03.11.2016 [09:56]

Mütəxəssislərin qənaətinə görə, rəqəmli yayım televiziya siqnallarının daha yüksək keyfiyyətlə qəbulunu və ötürülməsini təmin edir, həmçinin tamaşaçılar canlı şəkildə yayım proqramlarına qoşulmaq fürsəti qazanırlar
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Milli Televiziya və Radio Şurasının yaydığı məlumatda bildirilir ki, Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanıb. Bakı şəhəri və Abşeron yarımadası ərazisində “Elettronika” tipli İtaliya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib. Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilib. Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılıb və parametrləri müasirləşdirilib. Beləliklə, Azərbaycan Respublikası əhalisinin 99 faizi rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə hazırda 103 TV yayım vericisi quraşdırılıb (Onlardan 97 ədədi yayım üçün, qalan 4 ədədi isə yayıma şərait yaratmaq üçün istifadə olunur). Daha 45 azgüclü TV vericisi sifariş edilib.
Mütəxəssislər birinci mərhələdə Bakıda və Abşeron yarımadasında, sonrakı mərhələdə isə bütün respublika ərazisində rəqəmli yayıma keçilməsini ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi baxımından böyük önəm daşıdığını bildirirlər. Qəzetimizə açıqlama verən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası aparatının rəhbəri Toğrul Məmmədov son illərdə ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirildiyinə diqqət çəkərək deyib: “Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Bəhs olunan Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7 bəndinə uyğun olaraq 2016-cı ilin sonunadək rəqəmsal yayıma keçidin tam başa çatdırılması və analoq yayımın dayandırılması Milli Televiziya və Radio Şurasının, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) qarşısına bir vəzifə kimi qoyulub. Qarşıya qoyulan vəzifəyə uyğun olaraq Milli Televiziya və Radio Şurası Bakı və Abşeron yarımadasında, eləcə də ölkə ərazisində yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının dayandırılması ilə bağlı müvafiq qərar qəbul edib”.
T.Məmmədov rəqəmli yayımın analoq yayımdan bir sıra üstünlüklərə malik olduğunu bildirib: “Rəqəmli yayım zamanı televiziya siqnallarının qəbulu və ötürülməsi daha dayanıqlı olur. Rəqəmli yayımda eyni bir tezlik zolağında TV proqramlarının sayını əhəmiyyətli dərəcədə artırmaq imkanı yaranır. Analoq yayımda bir tezlikdə yalnız bir kanal yaymaq mümkün olduğu halda, rəqəmsal yayımda bir tezlikdə 12-14 kanalın yayımı həyata keçirilə bilər. Eyni zamanda, rəqəmli yayım səsli və səssiz canlandırmanın keyfiyyətini artırır. Rəqəmli yayım zamanı studiya avadanlığının funksional imkanları genişləndirilir. Bu zaman həmçinin TV yayım siqnallarının tərkibində müxtəlif əlavə məlumatların verilməsi mümkündür. Bundan başqa, rəqəmli yayım vasitəsilə interaktiv TV yayım sistemi yaradıla bilir. Bu, o deməkdir ki, tamaşaçılar canlı olaraq yayım proqramlarına qoşulmaq fürsəti qazanırlar. Televiziya proqramlarını rəqəmli yayımla izləyən tamaşaçılar verilişlərin aktivləşdirilməsi, yazdırılması kimi funksiyalardan bəhrələnəcəklər. Bu kimi keyfiyyətlərə görə də rəqəmsal yayım analoq yayımdan üstündür”.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov isə Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə bağlı bütün texniki imkanların kifayət qədər yüksək səviyyədə olduğunu bildirib: “Son illərdə ölkəmizdə dövlət qayğısı sayəsində İKT sektoru böyük inkişaf yolu keçib. Respublikamızda İKT sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib, internetə, simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Azərbaycanda İKT sektorunun inkişafı, həmçinin informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülüb. İKT sektorunun dinamik inkişafı bu sahədə ən son yeniliklərin ölkəmizdə də tətbiqinə imkan yaradır”.
Mikayıl Abbasov rəqəmli yayım praktikasının dünyada geniş yayıldığını bildirib. O vurğulayıb ki, hazırda Avropanın əksər ölkələrində məhz rəqəmli yayımdan istifadə olunur. Analoq yayımdan rəqəmli yayıma keçilməsi ilə ölkənin efir məkanında çoxproqramlı yayımın tətbiqinin önəminə diqqət çəkən Mikayıl Abbasov qeyd edib ki, müasir televizorlar, o cümlədən 2011-ci ildən etibarən istehsal olunan əksər televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. “Rəqəmli yayımı qəbuletmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə satış məntəqələrindən və poçt şöbələrindən əldə etmək mümkündür. Bəhs olunan dekoderlərin qiyməti elə də yüksək deyil. Poçt şöbələrində həmin qurğular cəmi 22 manatdan başlayaraq (texniki parametrlərindən asılı olaraq) sərbəst şəkildə satılır”, - deyə RYTN-in rəsmisi bildirib.
M.Abbasovun sözlərinə görə, rəqəmli yayıma keçidlə bağlı yarana biləcək hər hansı problemi operativ şəkildə aradan qaldırmaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “qaynr xətt” fəaliyyət göstərir. Abonentlər nazirliyin 1411 nömrəli “Qaynar xətt”inə zəng etməklə onları narahat edən istənilən suala cavab ala bilərlər.
Yeri gəlmişkən, Bakı, Sumqayıt şəhərləri və Abşeron ərazisində Bakı Teleqüllə Kompleksindən yayımlanan rəqəmli TV yayım kanal və tezlikləri aşağıdakı kimidir: 37-ci TVK - 602 MHs (AzTV, Mədəniyyət TV, İdman Az.TV-HD, İctimai TV, CBC sport TV-HD).
48-ci TVK - 690 MHs (AzTV, İdman Az.TV, Mədəniyyət TV, İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV, CBC sport-SD).
Fatmayı və Goradil qəsəbələri ərazisində Fatmayı radio-TV stansiyasından yayımlanan rəqəmli TV yayım kanal və tezlikləri:
23-cü TVK - 490 MHs (AzTV, İdman Az.TV, Mədəniyyət TV, İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV, CBC sport-SD).
Hövsan, Qaraçuxur qəsəbələri ərazisində Günəşli radio-TV stansiyasından yayımlanan rəqəmli TV yayım kanal və tezlikləri:
50-ci TVK - 706 MHs (AzTV, İdman Az.TV, Mədəniyyət TV, İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV, CBC sport-SD).
E-istinad və əlavə məlumat üçün http://www.ntrc.gov.az/az/content/news/500.html keçidinə baxmaq tövsiyə olunur. Həmçinin rəqəmli televiziya yayımı barədə daha ətraflı məlumatı www.dvbt.az internet informasiya ehtiyatından əldə etmək mümkündür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1185 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31