Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 135 illik tarixə malik Azərbaycan rabitəsi yeni inkişaf mərhələsində

135 illik tarixə malik Azərbaycan rabitəsi yeni inkişaf mərhələsində

12.11.2016 [00:59]

“Rabitə sisteminin təkmil və qüsursuz fəaliyyət göstərməsi ölkənin iqtisadi inkişafına da həlledici təsir göstərir”
Ümummilli lider Heydər Əliyev

 

Hazırda Azərbaycandakı sürətli iqtisadi inkişaf prosesi yerli istehsalın artırılması, sənaye sahələrinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, biliklərə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində irəliləyir. Ölkəmizdə son illərdə müasir texnologiyaların iqtisadiyyat, sosial, təhsil və digər sahələrdə tətbiqinin genişlənməsi özünü göstərir. Bunun əsasında ölkəmizin modernləşməsi, müasir dünya ilə ayaqlaşması, innovasiyalara və biliklərə əsaslanan iqtisadiyyatın qurulması dayanır. Müasir informasiya cəmiyyətinin tələblərindən irəli gələrək ölkədə rabitə və informasiya texnologiyaları sahəsində modernləşdirmə siyasəti həyata keçirilir.
Məlumdur ki, informasiya cəmiyyətinin bərqərar olduğu, informasiyanın insan həyatının, eləcə də dərinləşməkdə və genişlənməkdə olan qloballaşma prosesinin aparıcı qüvvəsi kimi çıxış etdiyi informasiya erasında yaşayırıq. Kommunikasiya texnologiyalarının sürətli inkişafı və internetin gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi bir vaxtda cəmiyyətin qlobal informasiya məkanına inteqrasiyasının milli maraqlara uyğun formada gerçəkləşməsi problemi olduqca aktualdır. Bu baxımdan, informasiyanın çəkisinin artdığı indiki dövrdə onu cəmiyyətə çatdıran milli rabitə və informasiya vasitələrinin inkişaf tarixi və bugünkü perspektivləri diqqətəlayiqdir.
Azərbaycanda rabitənin qədim və zəngin tarixi var
Hələ qədim dövrlərdə məktublar, sənədlər mənzil başına çaparlar, qasidlər vasitəsilə çatdırılırdı. Orta əsrlərdə Azərbaycanda dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulub. Azərbaycanda müasir poçtun yaranması isə XIX əsrin ilk onilliklərinə təsadüf edir. 1864-cü ilin yanvar ayında Naxçıvan və Culfanı birləşdirən ilk teleqraf xətti istismara verilib. İlk telefon xətti isə uzunluğu 6 km olmaqla və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirməklə 1881-ci il noyabr ayının 23-də istismara verilib. Azərbaycanda müasir rabitənin yaranması məhz bu tarixdən hesablanır. Poçt və telefon rabitəsinin təkmilləşməsi və genişlənməsi sonrakı illərdə də davam edib.
Belə ki, Azərbaycan Demokratik Respublikası hökumətinin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb, X.Məlikaslanov, A.Aşurov, C.Hacınski ilk rabitə nazirləri olublar. 1919-cu il martın 1-də Azərbaycan Teleqraf Agentliyi təsis olunub. Oktyabr ayının 20-də isə Azərbaycan əsgərinə həsr olunmuş ilk Azərbaycan poçt markası buraxılıb. ADR dövründə Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin yaranmasında rabitə vasitələrinin də rolu var idi.
1920-ci ildə Azərbaycanda bolşeviklərin hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf Komissarlığı, 1953-cü ildə isə Azərbaycan SSR Rabitə Nazirliyi yaradılıb.
Azərbaycan rabitəsinin inkişafında ən əlamətdar hadisələrdən biri isə 1926-cı il noyabrın 6-da Azərbaycan dilində verilişlər yayımlayan radionun fəaliyyətə başlaması oldu. 1956-cı ilin 14 fevralında Azərbaycan Televiziyası ilk dəfə efirə çıxandan sonra 6 noyabr tarixi radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Milli radio və televiziyanın yaradılması Azərbaycanda siyasi və mədəni həyatda böyük bir yenilik, informasiya cəmiyyətinin formalaşmasında isə mühüm təkan idi.
Ötən əsrin 50-ci illərinin sonunda rabitə sahəsində mütəxəssislərin yetişdirilməsi məsələsinin aktuallığı daha da artdı. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksəkixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul etdi, 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı gerçəkləşdi.
Azərbaycanda rabitənin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
XX əsrin ortalarınadək Azərbaycanda rabitənin inkişafındakı uğurlara baxmayaraq, ölkəmiz bu sahədə SSRİ-nin bir çox respublikalarından geridə qalırdı. 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlamasından sonra digər sahələrdə olduğu kimi, rabitə sferasında da sürətli inkişafa nail olundu.
Müqayisə üçün bildirək ki, 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, respublikanın digər bölgələrində də rabitə inkişaf etmiş, ATS-lər, poçt binaları tikilmiş, telefon Azərbaycanda əhalinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdi.
310 metr hündürlüyü olan Yeni Teleqüllənin tikintisinin əsası məhz Ulu öndərin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə qoyulub, Onun müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə isə istismara verilib.
1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərinin siyasi, iqtisadi təlatümləri ölkəmizdə rabitə sferasına da ciddi zərbə vurdu. Lakin Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə müstəqil Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün sahələr kimi, rabitə də tənəzzüldən tərəqqiyə qədəm qoydu. Ölkə rəhbərinin uzaqgörən daxili və xarici siyasət kursu sayəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olundu, bu isə rabitə sahəsinin sürətli inkişafına ciddi təkan verdi. Xarici rabitə şirkətlərinin ölkədə fəaliyyətə başlaması ilə yanaşı, yerli özəl şirkətlər də yaranmağa başladı.
“Rabitə sisteminin təkmil və qüsursuz fəaliyyət göstərməsi ölkənin iqtisadi inkişafına da həlledici təsir göstərir”, - deyən Ulu öndər rabitə sferasının uğurlarının iqtisadiyyatın inkişafında mühüm göstəricilərdən birinə çevrilməsinə nail oldu.
1998-2003-cü illərdə Bakıda və rayonlarda elektron tipli müasir ATS-lər tikilib istifadəyə verildi, Naxçıvan Muxtar Respublikası başdan-başa telefonlaşdırıldı, Azərbaycanın, demək olar ki, bütün yaşayış məntəqələri ən azı bir telefonla təmin olundu.
illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırıldı, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırıldı, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşuldu, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradıldı.
Ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” təsdiq olunması ölkəmizdə həyata keçirilən İKT siyasətinin əsas konturlarını müəyyənləşdirdi.
Rabitə texnologiyalarının yüksək inkişafı və informasiya cəmiyyətinə keçid təmin olunub
Ümummilli liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev rabitə sahəsində mövcud strategiya əsasında bu sferanın XXI əsrin innovasiyalarına çevik uyğunlaşdırılması siyasətini həyata keçirməyə başladı. Ölkə başçısının 2004-cü il fevralın 20-də imzaladığı Fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı. Bu addım hökumətin biliklərə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyat quruculuğu siyasətində imkanlarını daha da genişləndirdi, İKT-nin hərtərəfli inkişafı, ölkədə yeni İKT sahələrinin yaradılması, informasiya cəmiyyətinə sürətli keçid iqtisadi inkişafın mühüm tərkib hissəsinə çevrildi.
2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu, 2006-cı ildə ölkə başçısının Sərəncamı ilə 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü elan edildi.
Rabitə sahəsinin sürətli inkişafı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası çərçivəsində də təmin edilib. 2008-ci ildə postsovet məkanında birinci olaraq Azərbaycanda ucqar və kiçik yaşayış məntəqələrinin tam telefonlaşdırılması başa çatdırıldı. 2009-cu ildən həyata keçirilən “Xalq kompüteri” layihəsi ilə ölkədə kompüterləşmənin səviyyəsi yüksəldi.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması, Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərman, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi və bu il çərçivəsində - fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1”in orbitə buraxılması İKT sahəsində son illərdə əldə olunan təqdirəlayiq uğurların yalnız bir qismidir.
İKT sahəsində gedən sürətli inkişaf nəzərə alınaraq, Prezidentin 2014-cü il 7 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Prezidentin 2 aprel tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edildi.
Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.
Sadalanan nailiyyətlərlə bərabər, rabitə infrastrukturunun təkmilləşməsi, “elektron hökumət” quruculuğu, vətəndaşların rabitə vasitələrinə rahat çıxışı, istifadə olunan mobil telefonların sayının əhalinin sayından çox olması, azad internet və əhalinin 75 faizinin internet istifadəçisi olması, KİV-də yayılan informasiyaların ictimai rəyin formalaşmasına təsir göstərməsi və digər bu kimi amillər Azərbaycanda informasiya cəmiyyətinin formalaşdığından xəbər verir.
Beləliklə, Azərbaycanın müasir, sürətlə inkişaf edən bir dövlətə çevrilməsində informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlar həlledici rola malikdir.
Zahid İLHAMOĞLU
“Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi-informasiya
cəmiyyətinə keçid” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31