Azərbaycanın regionları iqtisadi güc mərkəzlərinə çevrilir
24.02.2017 [09:33]
Son illərdə qlobal miqyasda yaşanan kataklizmlərin, böhranların fonunda Azərbaycanın nümunəsi diqqəti xüsusi cəlb edir. Respublikamız xarici mənfi təsirlər nəticəsində yaranan və bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də bütün dünyaya sabitlik və inkişaf modeli təqdim edir. Azərbaycanı nümunəvi dövlət kimi fərqləndirən əsas cəhətlərdən biri isə inkişafın bütün ölkə boyu təmin edilməsi ilə bağlıdır. Başqa sözlə desək, ölkəmizdə regionların tarixən formalaşan təsərrüfatçılıq ənənələri əsasında tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. Bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir.
Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib və ölkəmizin yeni müasir reallıqlarını yaradıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ümumiyyətlə, son illərdə regionların maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2016-cı ildə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 67 sərəncamla 261 milyon manat vəsait ayrılıb.
Bölgələrdə yaradılan müasir infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına və dövlətinə xidmət edəcək
Ölkəmizdə dövlət tərəfindən müasir infrastruktur quruculuğuna güclü siyasi iradə nümayiş etdirilir. Son 13 ildə yaradılan güclü infrastruktur qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynanan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır.
Müvafiq Dövlət proqramları çərçivəsində güclü infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən bu günə qədər Azərbaycanda 26 elektrik stansiyası tikilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavata çatdırılıb. Beləliklə, ölkənin enerji təhlükəsizliyi təmin edilib və müəyyən qədər ixrac imkanları yaranıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifə 2017-ci ilin sonunadək ölkə üzrə qazlaşdırmanın səviyyəsini 94 faizə çatdırmaqdan ibarətdir. Prezident İlham Əliyev cari ildə daha 80 kəndin qazlaşdırılmasını minimum hədəf kimi qarşıya qoyub.
2004-cü ildən bəri respublikamızda 11 min kilometr avtomobil yolu tikilib. Son bir ildə ölkənin regionlarında 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Eyni zamanda, dövlət başçısının tapşırığına uyğun olaraq, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri həyata keçirilib. Prezident İlham Əliyev “Azəravtoyol”un qarşısına cari ildə ölkənin regionlarında daha 40 kənd yolu layihəsinin icrası ilə bağlı mühüm vəzifə qoyub.
Ötən 13 ildə ölkənin bütün bölgələrində genişmiqyaslı içməli su və kanalizasiya layihələri həyata keçirilib. Son bir ildə regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb.
Bölgələrdə sosial infrastrukturun yenilənməsi də böyük nailiyyətdir. 2004-cü ildən bütün ölkə boyu üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib, 40-dan çox Olimpiya İdman Kompleksi inşa edilib.
Regionlarda aqrar sektorda ölkənin yeni ixrac imkanlarının yaradılması meydana çıxan çağırışlar baxımından böyük aktuallıq daşıyır
Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, ölkəmiz yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə etməklə dünya birjalarında neftin kəskin ucuzlaşması fonunda ölkəmizə valyuta daxilolmalarının azalmasını əhəmiyyətli dərəcədə kompensasiya etmək mümkündür.
Hazırda ölkəmizdə ixracın genişləndirilməsi məqsədilə praktiki müstəvidə geniş tədbirlər həyata keçirilir. Ötən ildən ixracın səmərəli təşviq mexanizmi işə salınıb, xarici ölkələrdə “Made in Azerbaijan” brendinin təbliği həyata keçirilir. Ölkəmizdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında “Azexport.az” portalı fəaliyyətə başlayıb. İndiyədək portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. 2017-ci ilin əvvəlindən portal vasitəsilə müxtəlif ölkələrdən 7 milyon dollara yaxın məhsul sifarişi daxil olub.
Eyni zamanda, respublikamızda ötən ildən başlayaraq geniş ixrac tutumuna malik texniki bitkilərin becərilməsinə diqqət artırılıb. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır.
Ölkəmizdə ötən ildən işə salınan təşviq mexanizmi, həmçinin praktiki müstəvidə atılan addımlar respublikamızdan xarici istehlak bazarlarına ixrac olunan məhsulun həcminin artmasına mübət təsir göstərir. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. Ümumilikdə, 2016-cı ildə aqrar sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib. O cümlədən il ərzində respublikamızdan tərəvəz ixracı 41, meyvə ixracı 11, pambıq iplik ixracı isə 25 faiz artıb.
Sənayenin yeni regional strukturunun formalaşması bölgələrin inkişafına güclü təkan verəcək
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Son illərdə ölkənin sənaye xəritəsinin əhatə dairəsi paytaxtdan bölgələrə doğru əhəmiyyətli dərəcədə genişlənib.
Regionlarda yaradılan yeni müəssisələrdən söhbət açarkən Prezident İlham Əliyevin iştirakı ilə 21 sentyabr 2016-cı il tarixində təməli qoyulan Mingəçevir Sənaye Parkının önəmini xüsusi vurğulamaq lazımdır. Müəssisə ölkə üzrə hazır məhsula olan tələbatın ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərməklə yanaşı, regionda məşğulluğun təmin olunmasında, iqtisadi fəallığın artmasında, aqrar sektorda istehsalın genişlənməsində də mühüm rol oynayacaq.
Ağstafa rayonunda yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində aparılan zəruri işlərin nəticəsi olaraq “Karvan-L” Eko sənaye parkı fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində açılışında iştirak etdiyi “Karvan-L” Eko sənaye parkında hazırda dörd istehsal sahəsində buraxılan məhsullar daxili tələbatın ödənilməsinə yönəldilir, eyni zamanda, xarici bazarlara ixrac edilir.
Qərb bölgəsində “Qazax Sement Zavodu” MMC-nin fəaliyyəti Azərbaycanda regional sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyinə yaxşı nümunədir. İstehsal gücü ildə 1 milyon ton sement təşkil edən müəssisə regionda inşaat sektorunun tələbatının ödənilməsində müstəsna rol oynayır.
Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən yaradılan Neftçala Sənaye Məhəlləsi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Bəhs olunan sənaye məhəlləsində ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və təxminən 600 yeni iş yerinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye məhəlləsində 5 müəssisə - karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri 2017-ci ilin yanvar-mart aylarında məhsul istehsalına başlayacaq. Avtomobil istehsal edən “Azeurocar” isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır.
Daha bir sənaye zonası cənub bölgəsində - Masallıda yaradılır. Prezident İlham Əliyevin 2016-cı il 13 iyun tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırda Masallı Sənaye Məhəlləsinin təşkili ilə bağlı işlər intensiv şəkildə davam etdirilir.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxİdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42

