Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda regionun gələcəyi müzakirə olunub

Bakıda regionun gələcəyi müzakirə olunub

25.12.2017 [17:52]

Bakıda "Yeni Çağ" Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən təşkil olunan "Regionun gələcəyi: geosiyasi çağırışlar və perspektivlər" adlı Beynəlxalq Simpozium keçirilib. Yenicag.az saytının məlumatına görə böyük maraqla qarşılanan Beynəlxalq Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Azərbaycandan çoxlu sayda tanınmış ekspert, telejurnalist və siyasətçi qatılıb. Azərbaycanın dövlət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpus nümayəndələrinin, eləcə də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın və ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turganerin iştirak etdiyi simpoziumda regionda baş verən proseslər ətraflı şəkildə şərh olunub.
Beynəlxalq Simpoziumda açılış nitqi söyləyən "Yeni Çağ" Media Qrupunun sədri Aqil Ələsgər bu cür əhəmiyyətli bir tədbirin təşkilatçısı olmaqdan qürur duyduqlarını bildirib: "Simpoziumu təşkil etməkdə məqsədimiz, əslində, budur: Əgər regionun müqəddəratı həll olunacaq və bölgənin gələcəyinə dair hər hansı bir xəritə çəkiləcəksə, buna məhz region ölkələri qərar verməlidir. Buna görə də hamımızı maraqlandıran məsələləri regionda söz sahibi olan ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməyə qərar verdik. Regionumuzun siyasi, iqtisadi və informasiya təhlükəsizliyini təmin etmək başqalarının yox, məhz bizim məsuliyyətimizdədir. Böyük iqtisadi layihələrin həyata keçirildiyi, önəmli strateji mövqeyə malik olan regionumuzun əhəmiyyəti günü-gündən artır. Yaranmış bu vəziyyət bütün dünyada baş verən hadisələrə və bizi maraqlandıran məsələlərə qarşı daha sayıq olmağımızı tələb edir".
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral da çıxışı zamanı regiona dair vacib məsələlərə və problemlərə diqqət çəkib: "Böyüdükcə, tarix kitablarını oxuduqca həmişə düşünürdüm ki, görəsən, bir gün mən də tarixi hadisələrə şahid ola biləcəyəmmi? Belə də oldu, birlikdə bir dövrün başa çatmasına şahid olduq. Sovet İttifaqı çökdü və biz qardaşlarımızla qovuşduq. Bir neçə gün bundan əvvəl də BMT-də tarixi Qüds qərarının alınmasına şahidlik etdik. 128 ölkənin səsi ədalətsizliyin bir gün mütləq bitəcəyini sübut etdi. Bu, tarixi bir səsvermə idi. Bütün ölkələr ABŞ tərəfindən təhdid edilmişdi, amma nəticə onların istədiyi kimi olmadı.
Bəşəriyyətin taleyini müəyyən edən ən təməl prinsip ədalət prinsipidir. Bu gün Azərbaycan böyük bir ədalətsizliklə üzbəüz qalıb. Bizlər həmişə Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacağıq. Amma gec olmadan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır".
ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turganer isə çıxışında dünya birliyinə çağırış edib: "Ədalətsizlikdən danışdıq… Buradan bütün dünyaya səslənirəm və Şimali Kiprə qarşı daha diqqətli münasibət göstərilməsini istəyirəm".
Çıxış edən Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı xüsusilə müsəlman ölkələrində qanlı münaqişələrin hökm sürdüyünü vurğulayaraq, region ölkələrini Qərbin ədalətsizliyinə qarşı birlikdə mübarizə aparmağa səsləyib. Tənzilə Rüstəmxanlı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Türkiyə-Rusiya əməkdaşlığına böyük ümid bəslədiyini bildirib.
Simpoziumun təşkilatçılarından olan Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat isə region ölkələri arasındakı dialoqda Azərbaycanın böyük əhəmiyyətə malik olduğunu bildirib: "Azərbaycanda hər zaman başqa millətlərə və qruplara qarşı tolerantlıqla yanaşılıb. Bu ölkə bütün sahələrdə sürətlə inkişaf edir və multikulturalizmin mərkəzlərindən birinə çevrilir".
H.Büyükfırat həmçinin I və II dünya müharibələrindən sonra dünyada münaqişələrin ardı-arası kəsilmədiyini diqqətə çatdıraraq, bəşəriyyətə qan və göz yaşından başqa heç nə verməyən bu gedişatı dayandırmağın vacib olduğunu söyləyib. BMT-də Qüdslə bağlı ədalətli qərarın verilməsini təqdirəlayiq hal adlandıran H.Büyükfırat dünya nizamının yavaş-yavaş dəyişdiyini qeyd edib.
Simpoziumda çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu tədbirin çox ciddi məsələləri əhatə etdiyini vurğulayıb:"Regionda baş verən siyasi-iqtisadi proseslərdə media və QHT-lərin rolu çox böyükdür. Medianın imkanları olduqca genişdir, buna görə də potensialdan maksimum istifadə etmək lazımdır. Belə olan təqdirdə, qarşıya qoyduğumuz məqsədlərə asanlıqla nail olacaq, Dağlıq Qarabağ və digər məsələlərdə ölkəmizin mövqeyini konkret şəkildə ortaya qoyacağıq".
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da regiondakı problemlərin media aspektini nəzərə alaraq, bu istiqamətdə müzakirələrin aparılmasının çox vacib olduğunu dilə gətirib: "Bu cür müzakirələri "beyin fırtınası" da adlandırırlar. Regional geosiyasi məsələləri müzakirə etmək üçün əvvəlcə qlobal məsələləri ümumi şəkildə nəzərdən keçirməli, regionumuzun siyasi mənzərəsinə təsir edən amilləri müəyyənləşdirməliyik".
Sonra çıxış edən millət vəkili Adil Əliyev isə proseslərə mücərrəd yanaşmanı aradan qaldırmağın lazım gəldiyini söyləyib. O əlavə edib ki, hadisələrə vaxtında adekvat reaksiya vermək üçün situasiyanı zamanında analiz etmək çox vacibdir.
Beynəlxalq Simpoziumda eyni zamanda millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənquliyev də nitq söyləyiblər.
Çıxışlardan sonra tədbir panel iclasları ilə davam etdirilib. Üç paneldən ibarət olan Beynəlxalq Simpoziumda Rusiya-Türkiyə münasibətləri geniş müzakirə olunub. İki ölkə arasındakı münasibətlərin Dağlıq Qarabağ probleminin həllində yeni imkanlar yaradacağı xüsusilə vurğulanıb.
Tanınmış rus politoloq Maksim Şevçenko və araşdırmaçı-türkoloq İvan Stradubtsev hazırda iki ölkə arasındakı əlaqələrin "təyyarə böhranı"ndan əvvəlki dövrdə olduğundan daha yüksək səviyyəyə çatdığını bildiriblər. Türkiyədəki çevriliş cəhdindən sonra həqiqətlərin üzə çıxdığını söyləyən M.Şevçenko Türkiyə hökumətinin böhranların idarə edilməsi məsələsində uzaqgörən davrandığını və bunun sayəsində də rus-türk əlaqələrinin yaxşılaşdığını söyləyib.
"Yeni Akit" qəzetinin köşə yazarı, Anadolu Yayımcılar Dərnəyinin sədri Sinan Burhan və "Ülke TV"nin baş direktoru Həsən Öztürk isə Azərbaycan mətbuatının Rusiya və Türkiyə mətbuatı arasında körpü rolu oynadığını söyləyərək böhranın aradan qaldırılmasında ölkəmizin xüsusi rol oynadığını vurğulayıblar.
"Yeni Çağ" Media Qrupunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Simpoziumda iştirakçıların gəldiyi ortaq qənaət isə belə olub: Bundan sonra güclü kimdirsə, haqlı da o olmayacaq; Haqlı olan güclü olacaq!

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31