Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini dəyərlərimizin təbliğ və təşviq edilməsində media təmsilçilərinin üzərinə böyük vəzifələr düşür

Dini dəyərlərimizin təbliğ və təşviq edilməsində media təmsilçilərinin üzərinə böyük vəzifələr düşür

12.07.2019 [09:32]

Mütəxəssislərin fikrincə, bu mövzuda yazı hazırlayan jurnalistlər məsələyə həssaslıqla yanaşmalı, dindən sui-istifadə, dini siyasiləşdirmə cəhdlərinin qarşısını almalıdırlar
Azərbaycanda dini münasibətlərin tarixinə nəzər saldıqda, xalqımızın qədim dövrlərdən digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyi, milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının olmadığını görmək mümkündür.
Bu gün də ölkəmizdə din sahəsinə xüsusi qayğı göstərilir, ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı tam təmin olunur, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızda əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunub. İbadət ocaqlarına, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına əlverişli şərait yaradılıb, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulub. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkənin Əsas Qanununda bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu qeyd olunmaqla, ölkədə hər hansı bir dinin digərindən üstün olmadığı təsbit edilib. Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun qəbul edilib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaradılıb. Komitənin təşkilatçılığı ilə dini icmaların bu sahəyə diqqətinin yönəldilməsi, icmalara maliyyə vəsaitlərinin ayrılması nəticəsində Azərbaycanda dövlət və din münasibətləri yüksələn xətlə inkişaf edir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət-din siyasəti sayəsində ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mühiti mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanın bu nümunəvi dövlət-din münasibətləri modeli digər dövlətlər tərəfindən də öyrənilir və tədqiq olunur.
Ən optimal yol maarifləndirmədir
Azərbaycanda müstəqillik dövründən bəri işıq üzü görən dövlət və müstəqil media orqanlarında təcrübə və peşəkarlığın yüksək səviyyədə olması nöqteyi-nəzərindən dini mövzularla bağlı ciddi çətinlik yaşanmır. Azərbaycandakı ənənəvi KİV-lərdə ictimai nəzarəti təmin edən qurumların mövcud olması, aparıcı media qurumlarının fəaliyyətində dini məsələlərə yanaşmada həssaslığın qorunub saxlanması burada xüsusi rol oynayır.
Buna baxmayaraq, son illərdə internet medianın sürətlə genişlənməsi, sosial şəbəkələrin populyarlaşması bu sahədə qarşıya müəyyən çətinliklər çıxarır. Bəzən dini dəyərlərin yanlış təbliği, fərqinə varmadan radikal təmayüllü cərəyanların mövqeyinin tirajlanması, həmçinin dinə və ya adət-ənənələrə qarşı hörmətsizlik hallarının baş verməsi insanlarda ciddi narahatlıq yaradır. Bəzi media orqanlarında bu sahədə daha çox rast gəlinən nöqsanlardan biri dindar təbəqəni qıcıqlandıracaq ifadələrin işlədilməsidir. Xüsusilə Yaxın Şərqdə baş verən son münaqişələr, Avropanın bəzi dövlətlərində törədilən terror aktları zamanı bir sıra imperialist mərkəzlər və maraq qrupları tərəfindən dövriyəyə buraxılan “islamçı terrorçular”, “müsəlman terrorçular” və s. ifadələrin bizim sosial mediada da görsənməsi yanlışdır. Ona görə ki, terrorçunun nə milliyyəti, nə də dini olur.
Bu kimi halların qarşısını almaq üçün müxtəlif tədbirlərdə çoxsaylı təkliflər səslənsə də, yeni mediada belə problemlərin yaranmaması üçün ən optimal yolun maarifləndirmə olmasını tam əminliklə demək mümkündür. Buna görə də Azərbaycanda din və media əlaqələrinin düzgün qurulması üçün mütəmadi olaraq din və cəmiyyət, din və dövlət münasibətlərinin müzakirə edildiyi və maarifləndirmə məqsədi daşıyan tədbirlərin keçirilməsinin əhəmiyyəti də böyükdür.
Azərbaycanda dini ideoloji təhlükəsizlikdə media böyük rol oynayır
Bu sahədə maarifləndirmə işi çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Mətbuat Şurası tərəfindən müxtəlifsəpkili tədbirlər keçirilir. Bu tədbrilərdə ölkəmizdə fəaliyyət göstərən media qurumlarının əməkdaşları və mütəxəssislərin iştirakının milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında rolu barədə geniş müzakirlər aparılır və tövsiyələr verilir.
Bu baxımdan DQİDK son zamanlar maarifləndirmə tədbirlərinə diqqəti daha da artırıb. Belə ki, ölkənin bütün regionlarında dini icma və ictimaiyyətin nümayəndələri ilə birlikdə tədbirlər təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron media, mətbu orqanlar və DQİDK tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə də həyata keçirilir. Eyni zamanda, Azərbaycanda mövcud dini durum, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dövlət Komitəsində mütəmadi təhlillər aparılır.
DQİDK sədri Mübariz Qurbanlı da bu məsələ ilə bağlı mətbuata açıqlamasında dəfələrlə bildirib ki, Azərbaycanda dini ideoloji təhlükəsizlikdə media böyük rol oynayır. Onun sözlərinə görə, media bu məsələdə heç vaxt təhrifə yol verməməli, hansısa radikal fikirləri qabardaraq cəmiyyətə yayılmasına şərait yaratmamalıdır. Komitə sədri hesab edir ki, medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var: “Jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və bu mövzuya həssaslıqla yanaşmalıdırlar. Hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir”.
Jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli iş görülüb
Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması da mənəvi və dini dəyərlərin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə jurnalistlərin səfərbər olmasına şərait yaradıb. Belə ki, “İslam Həmrəyliyi İli”ndə keçirilən çoxsaylı tədbirlərdə media və din münasibətlərində olan problemlərin mahiyyəti ortaya qoyulub.
Cəmiyyətin, həmçinin media işçilərinin maarifləndirilməsi işində Mətbuat Şurasının rolu da danılmazdır. Belə ki, Mətbuat Şurası yarandığı vaxtdan DQİDK və QMİ ilə sıx əməkdaşlıq edir və jurnalistlərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər keçirir. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirir ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti əhəmiyyət kəsb edir: “Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq”.
Azərbaycan mediasının kifayət qədər inkişaf etdiyini və baş verən hadisələrə milli maraqlar nöqteyi-nəzərindən yanaşdığını qeyd edən Mətbuat Şurasının sədri bildirib ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması istiqamətində xeyli tədbirlər həyata keçirilib və bu gün də davam etdirilir.
Media orqanları dini mövzulara diqqətli və həssas yanaşmalıdır
Vurğulandığı kimi, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür. Mətbuat Şurasının sədri Ə.Amaşov da dəfələrlə medianı bu məsələlərdə diqqətli olmağa çağırıb.
Ümumiyyətlə, dini sahənin mediada işıqlandırılması ilə bağlı ekspertlər tərəfindən səsləndirilən fikir və təkliflər çox müxtəlifdir. Bəzi ekspertlər təklif edirlər ki, dini sahədən ixtisaslaşmış jurnalistlərin yazması daha məqsədəuyğundur. Hətta təklif edilir ki, jurnalistlərin bu sahə ilə bağlı məlumat əldə etməsi üçün ali məktəblərin jurnalistika fakültələrində “Dini biliklərin əsasları” fənni tədris olunmalıdır.
Digər bir tövsiyə ondan ibarətdir ki, bu sahədən yazan jurnalistin dini bilikləri, dinlərlə bağlı məlumatı olmalı, həm də mövcud dini şəraiti bilməlidir.
Ümumi olaraq hər kəs tərəfindən məqbul hesab edilən təkliflər də var: media orqanları hər kəsin dini inancına hörmət etməli, jurnalistlər dini dözümsüzlük, məzhəb ayrı-seçkiliyi yarada bilən, Azərbaycanda milli birliyə, dini tolerantlığa xələl gətirən söz və ifadələrdən çəkinməlidirlər. Eyni zamanda, dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən mövzuya həssaslıqla yanaşmalı, dindən sui-istifadə, dini siyasiləşdirmə cəhdlərinin qarşısını almağa çalışmalıdırlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan
Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31