Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ABAD” Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində yaradılıb

“ABAD” Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində yaradılıb

14.08.2020 [11:37]

Rüfət Elçiyev: Kiçik və orta sahibkarlığın, eləcə də ailə biznesinin inkişafına xidmət edən “ABAD” ötən 4 ildə uğurlu fəaliyyəti ilə tanınıb
Məlum olduğu kimi, ölkəmizdə vətəndaşların həyatını daha da asanlaşdırmaq üçün mühüm addımlar atılır, silsilə layihələr həyata keçirilir. Bu addımlar sırasında “ABAD” mərkəzlərinin yaradılmasını da xüsusi qeyd edə bilərik. Xatırladaq ki, “ABAD” - “Ailə Biznesinə Asan Dəstək” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. Bəs ötən 4 il ərzində “ABAD” qarşıya qoyulan məqsədə nail ola bilibmi? “ABAD”ın direktoru Rüfət Elçiyevlə müsahibəmizdə bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.
“ABAD” sahibkar olmaq istəyən insanlara “ideyadan rəflərə” yanaşması ilə dəstək göstərən yeni sosial-iqtisadi təşviq mexanizmidir
Rüfət Elçiyev öncə bildirib ki, Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinin mühüm istiqamətlərindən biri məhz kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, eyni zamanda, regionlarda özünüməşğulluq səviyyəsinin artırılmasıdır. “ABAD”ın yaradılmasında məqsəd də bu istiqamətdə görülən işlərə dəstək verməkdir: “Yeni sosial innovasiya konsepsiyası olan “ABAD” kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə təsis edilib və qısa müddətdə böyük marağa səbəb olub. Bir sözlə, “ABAD” kiçik və orta sahibkarlığın, eləcə də ailə biznesinin inkişafına xidmət edən, maraqlı ideyalara həyat verən innovativ təşəbbüsdür. Dəstək prosesi “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Belə ki, iş biznes-planın hazırlanmasından başlayır, daha sonra ABADçıya marketinq, brendinq, dizayn, logistika, maliyyə-mühasibat, qablaşdırma, daşınma, satış və s. xidmətləri təklif edilir. Bundan başqa istehsal olunan məhsulların sertifikatlaşdırılması da təmin edilir. Yəni, “ABAD” sahibkar olmaq istəyən insanlara “ideyadan rəflərə” yanaşması ilə dəstək göstərən yeni sosial-iqtisadi təşviq mexanizmidir”.
“Fəaliyyətimizin uğurlu olmasının nəticəsidir ki, hazırda bizim ətrafımızda 400-dən çox ABADçı var”
Onun sözlərinə görə, dəstək üçün müraciətlər olduqca çoxdur: “Hər bir müraciət edən şəxs üzrə təhlil aparılır, onun biznes yaratmaq potensialı, istehsal gücü, təcrübəsi, xammal ehtiyatı, işgüzarlığı qiymətləndirilir. Kriteriyalara cavab verən vətəndaşlar “ABAD” ailəsinə dəvət olunurlar. Onu da deyim ki, “ABAD” sosialyönümlü layihə kimi artıq yetərincə tanınır və bir çox böyük təşkilatlar, beynəlxalq qurumlar öz sosial-korporativ məsuliyyət tədbirlərini “ABAD” vasitəsilə icra edirlər. Buna misal olaraq ilk növbədə flaqmanımız “Paşa Holdinq”i, həmçinin SOCAR-ı qeyd etmək olar. Eyni zamanda BMT-nin İnkişaf Proqramı (UNDP) və Avropa İttifaqı (Aİ) kimi xarici strateji partnyorlarımızı, həmçinin Türkiyənin TİKA təşkilatını, Qazax Sement zavodunu qeyd etmək istərdim. Bir sözlə “ABAD” bir çox layihələri dövlət və özəl qurumları ilə birgə reallaşdırır”.
Ötən 4 il ərzində müraciət edən insanlara yaxından dəstək olduqlarını deyən Rüfət Elçiyev “fəaliyyətimizin uğurlu olmasının nəticəsidir ki, hazırda ətrafımızda 400-dən çox ABADçı var. ABADçı ölkəmizdə artıq qəbul edilmiş bir termindir. Cənab Prezident də Öz çıxışlarında “ABADçı” ifadəsini işlədir. Biz buna çox sevinirik ki,fəaliyyətimizin nəticəsində hamının bildiyi və izaha artıq ehtiyacı olmayan bir ifadə formalaşıb” sözlərini əlavə edib.
Onun sözlərinə görə, ABADçılar ilk satışlara 2017-ci ilin martında başlayıblar və həmin ilin yekunlarına görə, 365 min manatlıq dövriyyə edilib: “Əslində, bu çox böyük bir rəqəm kimi görünməyə bilər. Azərbaycan iqtisadiyyatı üçün bu bəlkə də, okeanda bir damcıdır. Amma nəzərə alsaq ki, bu, həssas qrupa aid olan insanların əl işləri idi - hansılar ki, hazırda onlar artıq mikro sahibkara çevriliblər və dövlətdən heç bir asılacaqları yoxdu, əksinə ABADçı kimi çalışmaqla həm gəlir əldə edir, həm Dövlət Sosial Müdafiə Fonduna köçürmələr edərək, vergi ödəyərək dövlət büdcəsinə xeyir gətirir, həm də öz gələcək pensiyalarını təmin edirlər - o zaman bunun necə böyük dəyər kəsb etdiyini söyləyə bilərik. Beləliklə, uğurumuz davamlı olub və 2018-ci ildə 966 min manat, 2019-cu ildə isə 1,7 milyon manat dövriyyə etmişdik. Pandemiya dövründə, yəni, 2020-ci ildə biz daha çox azalmanı gözləsək də 2019-un müvafiq dövri ilə ayaqlaşdığımızı görürük. Hadisələri qabaqlamaq istəmirəm, amma bu ilin birinci yarısına 700 min manatlıq dövriyyə etmişik. Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, mən 4 il ərzində 400-dən çox ABADçını ətrafımızda birləşdirdiyimizi dedim. Amma nəzərə alın ki, bu rəqəm sadəcə VÖEN-lilərin sayıdır. Lakin hər ABADçının ətrafında çalışanların olduğunu da unutmayaq. Məsələn Beyləqan rayonundan pendir istehsalçımız olan bir ABADçımız var ki, 40-50 qapıdan süd yığır. Bütün bunları nəzərə alaraq tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycanda 2 mindən artıq insan “ABAD” layihəsi vasitəsilə özünəməşğulluğu təmin edə bilib. Başqa bir məqam isə orta aylıq gəlirlərlə bağlıdır. Belə ki, 2017-ci ildə bir ABADçının orta aylıq gəliri 164 manat idisə, 2018-ci ildə bu 251 manat, 2019-da 346, 2020-nin 6 ayında isə 450 manata çatıb”.
Direktor qeyd edib ki, ABADçıların 56 faizi qadınlar, 40 faizi kişilər, 4 faizi də hüquqi şəxs formatında ABADçı olmağı qərarlaşdırmış insanlardır. Ümumilikdə ABADçıların 80 faizi sənətkarlardır, 20 faizi isə qida məhsullarının istehsalçılarıdır.
Qlobal pandemiya “ABAD”ın fəaliyyətinə də öz təsirini göstərib
İstər qlobal pandemiya dövründə üzləşdikləri çətinliklərlə, istərsə də postpandemiya dönəminə hazırlıqla bağlı suala gəlincə, direktor bildirib ki, pandemiya “ABAD”a da mənfi təsir göstərib: “Birincisi ona görə ki, “ABAD” publik-hüquqi şəxs əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir. Sosial məsafənin gözlənilməsi, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə işçilərimizin 50 faizindən çoxunu biz işə çıxartmırıq və növbəlilik prinsipi tətbiq edirik. Bunlara baxmayaraq əməkdaşlara aylıq məvacibləri tam şəkildə ödənilir. İkincisi isə, “ABAD”ın əsas dəstək göstərdiyi iki istiqamət var - dekorativ-tətbiqi xalq sənətkarlığı və ərzaq məhsullarının istehsalı. Ən çox ABADçının cəmləşdiyi sahə dekorativ-tətbiqi xalq sənətkarlığıdır ki, bu insanlar suvenir istehsalı ilə məşğuldular və həmin məhsulların satışı xüsusi açılmış etno-butiklərdə həyata keçirilir. Biz bu cür etno-butikləri respublika üzrə əsasən turistik zonalarda açmağa çalışırıq. Qeyd edim ki, həmin butiklərin satışının 70 faizi xarici turistlərin hesabına olan satışlardı. Bu, ixraca bərabər göstəricidir. Pandemiyaya görə ölkəyə turistlər gəlmədi və nəticə etibarı ilə bu bizim suvenir satışlarımıza öz mənfi təsirini göstərdi. Sual oluna bilər ki, bəs belə olan halda biz ötən illə necə rəqabət apara bilirik. Aydın məsələdir ki, restoranlar karantin rejiminə görə bağlandı, insanlar marketlərdə fərqli delikateslərin, təamların axtarışına çıxdılar. Və bu arada öz təbiiliyi ilə seçilən “ABAD” məhsulları müştərilər arasında rəğbət qazandı. Qeyd edim ki, “ABAD”ın qida məhsullarını “Bravo” marketlər şəbəkəsində yerləşən “ABAD” Bakaleyalarında əldə edə bilərsiniz”.
R.Elçiyev deyib ki, eyni zamanda, pandemiya dövründə antiseptik məhsulların və maskaların istehsalına üstünlük verilib: “Ümumiyyətlə, bizim fəaliyyətimiz bazar iqtisadiyyatının qayda-qanunları ilə tənzimlənir. Yəni məhsullar rentabelli, rəqabətcil və təlabata uyğun olurlar. Antiseptik məhsullarının istehsalında uğur qazanmağımıza da səbəbi qiymətdədir. Biz, həmçinin Azərbaycanın milli ornamentlərini özündə əks etdirən naxışlı maskalar da istehsal etmişik ki, bu alıcılar tərəfindən maraqla qarşılanıb”.
ABADçıların daim öz məhsullarını təkmilləşdirdiklərini deyən R.Elçiyev əlavə edib ki, turizm sahəsi ümumiyyətlə “ABAD” üçün çox maraqlı bir sahədir: “Biz Dövlət Turizm Agentliyi ilə də çox sıx əməkdaşlıq edirik. Düşünürük ki, postpandemiya dövründə ölkədə daha çox hostellərin yaradılmasına da üstünlük verək və ətrafımızda hostellər üzrə ABADçılar toplamağa başlayaq. Bu bir pilot layihə olacaq. Bunun geniş vüsət alıb-almayacağını ancaq zaman göstərə bilər”.
“ABAD”ın konsepsiyası yalnız “Made in Azerbaijan” brendi altında təqdim oluna biləcək məhsulların satışını nəzərdə tutur
Fəaliyyətimizdə nəzər aldığımız digər bir məsələ də ixrac məsələsidir: “Ümumiyyətlə, əsas hədəfimiz satış həcmlərinin artırılmasıdır. Çünki bu göstərici ABAD-çılarımızın maddi rifahının yüksəlməsini və sıralarımıza yeni ABAD-çıların qəbulunun mümkünlüyünü şərtləndirir. Bu məqsədə nail olmağın əsas vasitələrindən biri də ixracdır. Əvvəlcə MDB, daha sonra Qərb ölkələrinə ixracı nəzərdə tutmuşuq. Hədəfimizə çatmaq üçün yəni “ABAD” məhsullarının xaricdə satışını təşkil etmək məqsədi ilə bütün zəruri addımlar atılacaq. Eyni zamanda ixrac üçün qüvvələrin birləşdirilməsinə, eyni istiqamətli məhsulların birlikdə ixracına nail olunmasına dair addımlar atmağı düşünürük. Çünki ABADçıların istehsal etdiyi məhsulların həcmləri bir o qədər böyük deyil, bu səbəbdən biz onları birləşdirməyə çalışırıq, bəzi sahələrdə kooperasiyalar yaradırıq: eyni ad, eyni rəng, eyni dad və keyfiyyətdə olan məhsul ərsəyə gəlsin ki, bu da xarici tərəfdaşlarımız üçün maraqlı olsun.
Həmçinin biz Qazaxıstanda, Belarusda, Birləşmiş Ərəb Əmirliklərində və s. kimi ölkələrdə müxtəlif layihələrdə iştirak edərək, sərgilərdə təmsil olunmuşuq. Təqdim olunan bütün məhsulların üzərində onu istehsal etmiş sənətkarın və ya fermerin adı qeyd edilir. Qida məhsullarının hər biri işarələnir və üzərində qeyd etdiyim kimi, “ABAD” leyblı yerləşdirilir. Suvenirlərdə isə bu məlumatlar xüsusi sertifikat-kitabçalarda təqdim olunur. Bu fərqlənmə nişanları həmin məhsulun orijinallığından xəbər verir. Onu da vurğulayım ki, “ABAD”ın konsepsiyası yalnız “Made in Azerbaijan” brendi altında təqdim oluna biləcək məhsulların satışını nəzərdə tutur”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31