Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Ukrayna NATO-ya gəlsin, gəlməsin?

Ukrayna NATO-ya gəlsin, gəlməsin?

14.07.2023 [10:35]

NATO-nun Vilnüsdə keçirilən sammitində müzakirə edilən əsas məsələ, gözlənildiyi kimi, Ukrayna ilə bağlı olub. NATO liderləri Ukraynaya dəstək, eləcə də ölkənin  alyansa üzvlük məsələsi ətrafında çoxtərəfli danışıqlar aparıblar.

Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən NATO liderləri ona ürək-dirək verərək müharibədə zəfər arzulayıblar. Ölkənin gələcəkdə alyansa üzv ola biləcəyinə işarə vurulsa da, həmişəki kimi Kiyevə konkret vaxt və üzvlük barədə qəti qərar deyilməyib.

Prezident Zelenski isə açıqlamalarında “müharibə davam etdiyi bir vaxtda bu hərbi-siyasi ittifaqa daxil olmağın mümkünsüzlüyünü anlayırıq” kimi ifadələr işlədib. Bəzi şərhçilərə görə, Zelenski beynəlxalq tədbirdə məyus və inamsız, bəzilərinə görə isə ağıllı və soyuqqanlı görünüb.  İstənilən halda reallıq budur ki, NATO rəhbərliyi Ukraynanı yaxın gələcəkdə ittifaqa üzv etməyə tələsmir. Bəs ərazisi savaş meydanına çevrilən ölkəyə hərbi-texniki, siyasi dəstək əvvəlki qaydada davam etdiriləcəkmi?

Dünya mediası sammitin nəticələri və bu suallar ətrafında müxtəlif yanaşmalar, fərqli mülahizələr, proqnozlar yayımlayır. Məsələn, ABŞ-da fəaliyyət göstərən “Müdafiə Prioritetləri” Analitik Mərkəzinin siyasət üzrə direktoru Benyamin Fridman hesab edir ki, ABŞ Ukrayna üçün “təhlükəsizlik qarantı” rolunu oynamaqdan əl çəkməlidir. İstər indiki durumda, istərsə də, NATO-ya üzv olacağı zaman Ukrayna öz ərazi bütövlüyünü, xalqının təhlükəsizliyini müdafiə etmək gücündə olmalıdır. Analitik “Politico”da dərc olunan araşdırmasında Qərbin Ukraynaya dəstəyini “boşqabda halva”ya bənzədərək tənqid edib. O, “qarantiya siyasəti”nin Avropa və ABŞ üçün təhlükə yaradacağı iddiasını da irəli sürüb.

Qərbin təhlükəsizlik qarantiyası...

Fridman yazır: “Onlar (yəni, Ukraynanın Qərb dəstəkçiləri, eləcə də ABŞ) bildirirlər ki, Ukrayna müttəfiq müdafiəsindən məhrum olduğuna görə Rusiya ona rahat şəkildə hücum çəkə bilib. Moskva heç bir halda NATO üzvünə hücum çəkməyə cəsarət etməzdi”.  Cənab Fridmana görə, bu arqument bir neçə səbəbdən əsassızdır: “Birincisi, Prezident Bayden nəzərə almır ki, Ukraynanı qorumaq vədləri nəinki Amerikanın təhlükəsizliyini gücləndirir, əksinə, onu pozmaq riski daşıyır. İkincisi, o, nəzərə almır ki, Vaşinqtonun münaqişələrlə əlaqəli yaxın keçmişi onun Ukrayna savaşında da birbaşa iştirak edəcəyi ilə bağlı qarşı tərəfdə şübhələr yaradır. Nəhayət, cənab Bayden bunu da nəzərə almır ki, Rusiyanın Ukraynaya hərbi müdaxilə?? üçün bəhanə məhz Qərbin Ukraynanı qorumaq cəhdləri olub.

Beləliklə, biz Ukraynaya təhlükəsizlik zəmanəti verməklə mümkün olan ən pis vəziyyətin müəllifi olacağıq. Ukrayna bu mifik müdafiəyə arxalanacaq və daim Rusiya üçün hədəf olaraq qalacaq. Bu isə öz növbəsində nəinki müharibə ehtimalını artıracaq, eyni zamanda, həm Ukraynanın özünü, həm də ABŞ-ı təhlükə altına salacaq”.

“Müdafiə Prioritetləri” Mərkəzi hesab edir ki, ABŞ Ukraynanın təhlükəsizliyi ilə bağlı ona hər hansı zəmanət verməməlidir, çünki bu jest çox böyük risk daşıyır. Üstəlik, bu riskin qarşılığında ABŞ heç nə qazanmayacaq.

Siyasi analitik Kristofer Makkalion da hesab edir ki, “Rusiya Avropa üçün təhlükədir” düşüncəsi şişirdilmiş söhbətdir: “Bizə tez-tez deyirlər ki, Ukraynanın müdafiəsi ABŞ və Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir. Ukrayna məğlub edilərsə, Rusiya növbəti işğallara başlayacaq, müharibə Avropanın içərilərinə doğru irəliləyəcək. Deməliyəm ki, bu ehtimalların heç biri reallığa uyğun deyil. Əvvəla, Rusiyanın Ukraynanı Avropaya növbəti hücum üçün tramplinə çevirəcəyi fikri ABŞ-dan daha çox avropalıları narahat etməlidir. İkinci bir tərəfdən, Rusiyanın bu müharibədəki uğursuzluğu onun Qərbi Avropa bir yana qalsın, heç Polşaya belə hücum etməsinə imkan vermir”.

Heç bir dövlət Rusiyanın gününə düşməyi arzulamır

Analitiklərin fikrincə, beynəlxalq hüquqda ərazi bütövlüyü norması o qədər zəif məsələ deyil ki, Ukrayna ABŞ-ın müdafiəsinə bu dərəcədə ehtiyac duysun. Üstəlik, Rusiya təcavüzkar hərəkətlərinə görə beynəlxalq aləm tərəfindən o qədər ağır cəzalandırılır ki, başqa bir ölkənin ərazisinə hərbi müdaxilə etmək fikrinə düşən istənilən dövlət sanksiyalar burulğanında batan Rusiyadan nümunə götürür. Başqa sözlə, Rusiyanın dalana dirənən indiki durumu başqaları üçün də dərs sayıla bilər.

Əslində, Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri nüvə müharibəsinə şərait yaranmasın deyə indiyədək Ukraynada birbaşa hərbi əməliyyatlardan qaçıblar. Bu səbəbdən gələcək ssenarilərdə də ABŞ-ın bilavasitə Ukraynanın müdafiəsinə qalxması ehtimalı çox da inandırıcı görünmür.

NATO qoşunları və ya infrastrukturları yerləşdirilərsə...

Ümumiyyətlə, Qərbdə bir çox siyasətçi düşünür ki, ABŞ-la Rusiya arasında “soyuq müharibə” heç vaxt “qaynar müharibə”yə çevrilməyəcək. Əksini iddia edənlər isə deyirlər ki, ABŞ-ın Qərbi Almaniya kimi Avropa ölkələrini (onların təhlükəsizliyi ABŞ üçün hər cəhətdən Ukraynadan daha önəmli idi) müdafiə edəcəyinə dair verdiyi vədlər də vaxtilə ciddi şübhələr yaratmışdı. Hətta o zaman belə bir sual ortaya çıxmışdı: ABŞ prezidenti Nyu-Yorku Berlinlə dəyişməyə hazırdırmı? Qərb analitikləri bu suala cavab vermək üçün müxtəlif variantları incələsələr də, bu suala konkret cavab tapa  bilməyiblər.

Bu gün Vaşinqtonun Ukrayna naminə belə bir “intihar strategiyasına” qoşulacağını təsəvvür etmək çox çətindir. Bundan əlavə, bu boş təhdidlər Rusiyaya xatırladacaq ki, ABŞ-ın digər dövlətlər, məsələn, Baltikyanı ölkələrlə bağlı götürdüyü öhdəliklərə riayət edəcəyi də eyni dərəcədə şübhəli məsələdir.

Beləliklə, “Müharibə Prioritetləri” Mərkəzi qeyd edir ki, Ukraynanın Vilnüs sammitindən gözlədiyi əsas dəstək NATO üzvlüyünə qədərki mərhələdə real təhlükəsizlik təminatıdır. Ancaq çox güman ki, Ukrayna yenə də “xəyali”, mənəvi dəstək alacaq və yenə də Rusiya üçün hədəf olaraq qalacaq. İndiki müharibə buna əyani sübutdur. Əgər Rusiya Ukraynanın NATO ilə inteqrasiya yoluna qədəm qoyduğuna qəti şəkildə əmin olmasaydı, böyük ehtimalla, qonşu ölkənin ərazisinə soxulub hərbi əməliyyatlar aparmaq niyyətinə düşməzdi. Vaxtilə Rusiyada səfir kimi çalışmış, indi isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olan Bill Börnsün obrazlı söylədiyi kimi: “Ukraynanın NATO-ya yaxınlaşması Moskvadan ötrü qırmızı xətlərin ən tündü idi”.

Təbii ki, bütün bu səbəblər Rusiyanın təcavüzünə heç bir şəkildə haqq qazandıra bilməz. Lakin eyni səbəblər bu faciəli praktikanın başqa ölkələrdə təkrarlanmayacağına da zəmanət vermir. Rusiya Qərbin Kiyevə verdiyi təhlükəsizlik qarantiyasının real olduğuna inanmasa belə Ukraynaya göstərilən hər növ yardımı öz maraqları üçün təhlükə kimi qiymətləndirəcək. Xüsusən də, bundan sonra Ukrayna ərazisində NATO qoşunları və ya infrastrukturları yerləşdirilərsə, vəziyyət daha kəskin və mürəkkəb hal alacaq.

Ukraynaya ideal təklif

Mərkəzin tədqiqatında qeyd olunur ki, Ukraynanın NATO-ya üzvlük perspektivi və digər təhlükəsizlik təminatları Rusiyanı daha da qızışdıracaq. Bu səbəbdən də Ukraynanın qarantı rolunu oynamaq ən pis variantdır. Bu məsələdə ABŞ iki seçim arasındadır:

1.Ukraynanın müdafiəsi ilə bağlı aktiv mövqeyindən geri çəkilmək, bununla da NATO-nun Kiyevə verdiyi dəstəyi sarsıtmaq;

2. Tamamilə Ukraynanın tərəfinə keçərək, Rusiya ilə kəllə-kəlləyə gəlmək və dünyanı nüvə fəlakəti ilə üz-üzə qoymaq.

Araşdırmada qeyd olunur ki, ən etibarlı həll yolu Ukraynanı protektorat əvəzinə “oxlu kirpi”yə çevirməkdir. Doğrudur, indiki halda Birləşmiş Ştatlar Ukrayna uğrunda döyüşmək fikrində deyilmiş kimi görünür. Lakin eyni zamanda Vaşinqton Ukraynanın silahlandırılmasını vacib sayır. Tədqiqatçılar hesab edirlər ki, Vaşinqton Ukraynaya münasibətdə hərbi dəstəyin formasını dəyişməli, bu ölkənin NATO-ya üzvlük məsələsini gündəmdən çıxarmalı, onu yaxşı silahlanmış neytral dövlətə çevrilməyə razılaşdırmalıdır. “Bu, həm Kiyevin Rusiya ilə, həm də Moskvanın NATO ilə təhlükəsizlik problemlərini aradan qaldırmağın ən yaxşı yolu olardı. Sülh əldə etmək üçün istər-istəməz bu addıma gedilməlidir. Onsuz da Ukrayna bu müharibədə Qərbin ən müasir hərbi texnikasından istifadə edə bilmək   bacarığını isbatlayıb və Rusiya qoşunlarına ağır zərbələr vurub. Bunları nəzərə alaraq deyə bilərik ki, gələcək neytral Ukrayna ordusunun Avropanın ən güclü ordularından birinə çevrilmə şansı gerçəyə çox yaxındır”, - deyə Mərkəzin son analitik yazısında qeyd olunur.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 750 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30