Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xalqa xidmət Yeni Azərbaycan Partiyasının ən ümdə amalıdır

Xalqa xidmət Yeni Azərbaycan Partiyasının ən ümdə amalıdır

19.12.2012 [02:15]

Fikrət İsmayılov: Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkün ailələrinə, tənha, əlil şəxslərə, habelə, aztəminatlı ailələrə maddi və mənəvi dayaq olmaqla bağlı tövsiyəsini rəhbər tutan YAP Yasamal rayon təşkilatı 1997-ci ildən başlayaraq bu istiqamətdə müxtəlif aksiyalar keçirir
Öz inkişafına görə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Məlum olduğu kimi, respublikamızda əldə edilən nailiyyətlər, ölkədə əmin-amanlığın möhkəmləndirilməsi, elm, təhsil və səhiyyə sahəsində aparılan islahatlar, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ölkəmizin bir sıra beynəlxalq konfranslara ev sahibliyi etməsi Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, yarandığı gündən dövlətə və xalqa xidmət edən Yeni Azərbaycan Partiyası (YAP) da bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir. Ötən 20 il ərzində şərəfli və uğurlu bir yol keçən, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn YAP-ın fəaliyyətinin əsasını xalqa xidmət təşkil edir. Məhz bu fəailiyyəti ilə daim öndə gedən YAP sözün əsl mənasında ümumxalq partiyasıdır.
Yeri gəlmişkən, xalqa xidmət YAP-ın bütün rayon təşkilatları kimi Yasamal rayon təşkilatının da fəaliyyətinin əsasını təşkil edir. Bunu rayon təşkilatının həyata keçirdiyi silsilə tədbirlər və xeyriyyə aksiyaları da təsdiqləyir. Qeyd edək ki, YAP Yasamal rayon təşkilatının xeyirxah əməllərindən cəmiyyətin bütün təbəqələrinə pay düşür.
Qaçqın və məcburi köçkün ailələrinə, həmçinin, sosial qayğıya ehtiyacı olanlara yardımlar edilir
YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, professor Fikrət İsmayılov bunun heç də təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin kimsəsiz, tənha, əlil, habelə, şəhid ailələrinə, aztəminatlı ailələrə maddi və mənəvi dayaq olmaqla bağlı tövsiyəsini rəhbər tutan YAP Yasamal rayon təşkilatı 1997-ci ildən başlayaraq hər il müxtəlif istiqamətli xeyriyyə aksiyaları keçirir: “Ulu öndər Heydər Əliyev 1996-cı ildə Mərdəkanda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşdə xalqa belə bir tövsiyə etmişdi ki, qaçqın və məcburi köçkünlərə maddi və mənəvi dayaq olmaq lazımdır. Beləliklə, 1997-ci ildən etibarən Ulu öndərimizin bu tövsiyəsini rəhbər tutaraq rayonun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə, həmçinin, kimsəsiz, sosial qayğıya ehtiyacı olan şəxslərə yardımlar edirik. Hər il milli, dini və dövlət bayramlarında onlara yardımlar edilir. Rayon təşkilatının idarə heyətinin üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları 24 belə ailəyə sözügedən yardımların çatdırılmasında yaxından iştirak edirlər”.
Fikrət İsmayılov “Məqsədimiz həmin kimsəsiz, əlil, tənha, aztəminatlı ailələrlə birgə olduğumuzu nümayiş etdirməkdir. Bu gün ölkəmizdə vətəndaşların sosial rifahının təmin olunması ilə bağlı sosialyönümlü siyasət olduqca uğurla həyata keçirilir. Biz də bu siyasətə qoşulmaq üçün bu cür aksiyalarda iştirak etməyi nəzərdə tutmuşuq” - deyə, əlavə edib.
Öz növbəsində, YAP-ın bu diqqət və qayğısını yüksək qiymətləndirən əlil və tənha vətəndaşlar hökumətimizin xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğı göstərməsini təqdir edirlər. Məsələn, Bəsirə Əliyeva deyir ki, neçə ildir tək yaşasa da, hökumətin ona olan xüsusi diqqət və qayğısı bu tənhalığı unutdurub: “YAP Yasamal rayon təşkilatı, eləcə də, hökumət qurumlarının üzvləri təkcə bayramlarda deyil, adi günlərdə də məni ziyarət edir, köməklik göstərirlər. Hökumətimiz mənə həddindən artıq diqqət göstərir. Göstərilən bu diqqət və qayğıya görə, Yeni Azərbaycan Partiyasına, bu partiyanın Sədri, Prezidentimiz İlham Əliyevə çox minnətdaram”.
Fiziki imkanları məhdud Arzu Pirimovanın anası Əzizə Pirimova da hökumətin və partiyanın qayğısını yüksək dəyərləndirərək, hər bayramda onlara sovqat göndərildiyini deyib: “Prezident İlham Əliyevə hamı böyük məhəbbət bəsləyir. Onun məqsədi budur ki, hamı yaxşı yaşasın, problemlə qarşılaşmasın. Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində biz sosial cəhətdən çox yaxşı təmin olunmuşuq”.
YAP Yasamal rayon təşkilatı daim gənclərə dəstək olub
Fikrət İsmayılov onu da deyib ki, Ulu öndərin gənclərə qayğısını örnək alan YAP Yasamal rayon təşkilatı daim gənclərlə də maraqlanıb, onlara dəstək olub. Belə ki, YAP Yasamal rayon təşkilatı rayon ərazisində yaşayan kimsəsiz, imkansız, məcburi qaçqın və köçkün ailələrin övladlarına hər ay 40 manat həcmində tələbə təqaüdü verir: “2001-ci ildən etibarən reallaşan bu aksiya çərçivəsində təqaüd alan tələbələrin sayı ildən-ilə artmaqdadır. Məsələn, 2011-ci ildə bu cür tələbələrin sayı 12 nəfər olduğu halda bu il 15 nəfər olub”.
Lakin YAP Yasamal rayon təşkilatı gənclərə təqaüd verməklə kifayətlənmir, eyni zamanda, onlarla mütəmadi görüşlər keçirilir və problemləri ilə yaxından maraqlanılır. Elə biz qərargahda olarkən növbəti belə bir görüşün iştirakçısına çevrildik. Partiyanın təqaüdünü alan gənclərin bir qrupunu qəbul edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov onlara hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalmağı tövsiyə etdi: “Şərqin böyük filosof şairi Ömər Xəyyamda belə bir ifadə var. Deyir “canlı varlıqlar arasında insanlığın çələngi kamil insandı. Kamil insan dünyaya xeyirxah əməllər törətmək, xalqı xilas etmək üçün gəlib. Xeyirxah əməllər törətmək, xalqı xilas etmək isə kamil biliyin nailiyyətidir”. Bax kamil insana verilən bu tərif min ildən sonra öz ünvanını Heydər Əliyevin şəxsində tapmışdı. Məhz Heydər Əliyev xalqın xilaskarıdır. Ulu öndər Heydər Əliyev olmasaydı, indi Azərbaycan dünya xəritəsindən silinmişdi. Bir misal deyim. Müstəqilliyimizin ilk illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar ermənilər tərəfindən işğal edildi. Lakin Naxçıvan erməni blokadasında olsa da, Muxtar Respublikanın bir qarış torpağı belə işğal edilmədi. Bunun da səbəbi həmin vaxt Naxçıvana Ulu öndər Heydər Əliyevn rəhbərlik etməsi idi. Əgər həmin vaxt Azərbaycana səriştəsiz, bir-biri ilə kürsü davası aparan insanlar deyil, Ümummilli liderimiz rəhbərlik etmiş olsaydı, torpaqlarımız işğal edilməzdi. Ulu öndər Azərbaycanın müstəqilliyini əbədi etdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra gənclərimizə dövlət tərəfindən diqqət və qayğı göstərilməyə başlandı. Onlar müxtəlif vəzifələrə irəli çəkildilər, millət vəkili seçildilər və s. Əziz gənclər mən bunları xatırlatmaqla yanaşı, sizləri Ulu öndərin irsini davam etdirməyə, müstəqilliyimizin əbədi keşikçiləri olmağa çağırıram. Gənclərimiz elmə, biliyə yiyələnməli, Vətənə, millətə sevgi ruhunda böyüməli, torpaqlarımızın azad edilməsi yolunda üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər”.
Fikrət İsmayılov onu da əlavə edib ki, hazırda YAP üzvlərinin 40 faizə yaxını gənclərdən ibarətdir: “Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bütün sahələr üzrə gənclərə diqqət göstərən YAP onların təhsilinə qayğı ilə yanaşmaqdan əlavə, ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunmasında da əhəmiyətli addımlar atır. Məhz bunun nəticəsidir ki, son bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslər arasında gənclərin də təmsilçiliyi yüksək olub”.
Gənclər də öz növbələrində bu xeyirxah addıma görə, Yeni Azərbaycan Partiyasına, partiyamızın Sədri Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Məsələn, Memarlıq və İnşaat Universitetinin inşaat mühəndisliyi fakültəsinin üçüncü kurs tələbəsi Tural Əliyev partiyanın bu addımını təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, Ulu öndərin yaradıcısı olduğu və Prezident İlham Əliyevin Sədrlik etdiyi YAP gənclərə hər zaman diqqət və qayğı göstərib: “Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənclərin YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli lider Heydər Əliyevin dediyi: “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşmasını təsdiq edir. Qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun ən yaxın dəstəkçiləri olublar və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. Azərbaycan gəncliyi dövləti, dövlətçiliyi, Prezident İlham Əliyevi və YAP-ı dəstəkləyir”.
2 nömrəli Bakı Baza Tibb Kollecinin ikinci kurs tələbəsi Ulduz Uzunarova da gənclərə göstərilən diqqət və qayğıdan razılıq edib: “Partiyamızın Azərbaycan gəncliyinə diqqət və qayğısı yüksək səviyyədədir. Şübhəsiz ki, bu amil nəticə etibarilə gənclərin YAP-ın sıralarına qoşulmaq istəklərində də özünü göstərir. Əminliklə demək olar ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmalarının, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər”.
Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsinin ikinci kurs tələbəsi Elvin Həsənzadə isə deyib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən neft strategiyası və sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir: “Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib və s. Heç şübhəsiz, dövlətin həyata keçirdiyi təhsil siyasətinə Yeni Azərbaycan Partiyası da özünəməxsus şəkildə töhfəsini verir. Partiyamız sosial-mədəni həyatın əsas sahələrini - elmin, təhsilin və mədəniyyətin inkşafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Digər tərəfdən, YAP-ın həyata keçirdiyi yay və qış məktəbləri layihəsi də böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, YAP-ın sıralarında olan gənclər bir sıra nüfuzlu beynəlxalq tədbirlərin də iştirakçısı olaraq Azərbaycanı layiqincə təmsil edirlər. Bütün bunlar bir daha partiyamızın gənc nəslin inkişafına qayğısının göstəricisidir”.
Uşaqlar diqqətdən kənarda qalmır
YAP Yasamal rayon təşkilatının başqa bir xoşməramlı addımı isə uşaqlarla bağlıdır. F.İsmayılovun sözlərinə görə, hər il sentyabrın 15-i ərəfəsində rayon ərazisində yaşayan kimsəsiz, imkansız, qaçqın və məcburi köçkün ailələrindən olan və birinci sinfə gedən uşaqlara məktəb ləvazimatlarlı ilə dolu çanta hədiyyə edilir: “Bizim rayonumuzda fəaliyyət göstərən 5, 10 və 13 nömrəli poliklinikalarda rayon ərazisində cari ildə birinci sinfə gedəcək uşaqların siyahısı tutulur və eyni zamanda, onların arasında aztəminatlı ailələrin uşaqları müəyyən edilir. O siyahını əldə etdikdən sonra biz kitabdan başqa digər bütün məktəb ləvazimatlarını alırıq və onlar qərargahda məktəbli çantaları ilə birlikdə həmin uşaqlara hədiyyə verilir. Bu cür uşaqların sayı isə illər üzrə 120-250 arası dəyişir”.
Fikrət İsmayılov deyib ki, YAP Yasamal rayon təşkilatının imkansız ailələrdən olan oğlan uşaqlar üçün təşkil etdiyi növbəti aksiya isə müsəlman adət-ənənəsi ilə bağlıdır və 1997-ci ildən həyata keçirilir: “Hər il aprel-may aylarında bu əməliyyat icra olunur. Elə il olub ki, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin uşaqları 3-4 gün ərzində Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən aksiyada sünnət edilib. Bu il sünnət olunan uşaqların sayı 190 nəfər olub”.
Əsgərlər də yaddan çıxmır
Bu yerdə bildirmək yerinə düşər ki, YAP Yasamal rayon təşkilatının xeyirxah aksiyaları heç də Yasamal rayonu ərazisi ilə məhdudlaşmır. Fikrət İsmayılovun sözlərinə görə, 1997-ci ildən etibarən ənənəvi olaraq, hər il 28 May-Respublika Günü münasibətilə hərbi hissələrdə əsgərlərlə görüşlər keçirilir, onlara sovqat aparılır: “Eyni zamanda, YAP Yasamal rayon təşkilatı olaraq biz Beyləqan rayonundakı N saylı hərbi hissəni hamiliyə götürmüşük. Hər il respublika günü ilə əlaqədər biz həmin hərbi hissənin də qonağı oluruq. Rayon təşkilatımızın fəalları əsgərlərə bayram sovqatı aparır. Eyni zamanda, konsert briqadasının iştirakı ilə əsgərlər üçün musiqili bayram tədbiri təşkil edilir. Respublikanın görkəmli alimləri, ziyalılar, incəsənət xadimləri, həmçinin, partiyamızdan olan millət vəkilləri də bizimlə birgə əsgərlərlə görüşə gedirlər”.
Fikrət İsmayılov sonda bəyan edib ki, zəmanəmizin ən mütərrəqi partiyası olan YAP və onun Yasamal rayon təşkilatı bundan sonra da dövlətə və xalqa xidmət edəcək: “Partiyanın amalı, məqsədi xalqa xidmət etmək, xalqla bir olmaq, dövlətin siyasətini təbliğ etmək və bu siyasətin reallaşmasında yaxından iştirak etməkdən ibarətdir. YAP indiyə qədər qarşıya qoyulan məqsədlərin öhdəsindən layiqincə gələ bilib. Bundan sonra da partiyamız üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1304 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30