Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edib

Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edib

08.02.2013 [01:22]

YAP Gənclər Birliyinin mərkəzi ofisində keçirilən tədbirdə Əkrəm Əylislinin “Daş yuxular” romanı pislənilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin mərkəzi ofisində Azərbaycan cəmiyyətində kütləvi etirazla qarşılanmış Əkrəm Əylislinin “Daş yuxular” romanı müzakirə edilib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu əsərdə Azərbaycan xalqının təhqir olunduğunu vurğulayıb. S.Orucov deyib ki, bu əsərdə xalqımız aşağılanır: “Azərbaycanda bu günə qədər bu dərəcədə millətini, dinini təhqir edən birisi olmayıb”.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Ə.Əylislinin “Xalq yazıçısı” fəxri adından və “Prezidentin fərdi təqaüdü”ndən məhrum edilməsi haqqında Sərəncamının gənclər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru Nizami Cəfərov bildirib ki, bu əsəri ilə Əkrəm Əylisli Azərbaycan xalqına qarşı nankorluq edib. Onun fikrincə, “Daş yuxular” romanı erməni məntiqi ilə yazılıb. “Əsər guya bu məntiqlə yazılıb ki, günahı bu tərəf boynuna alır, o biri də boynuna alacaq. Sən kimsən ki, nəyisə boynuna götürürsən. Əgər ermənilərə belə çox ürəyi yanırsa, gedib Yerevanda hansısa kilsədə xidmətçilik etsin”, - deyə komitə sədri qeyd edib. N.Cəfərov əsəri Ə.Əylislinin yaradıcılığında böhran adlandırıb: “Əsərdə demək olar ki, bütün azərbaycanlıların, hətta bütün müsəlmanların doğru yolda olmadığı, aqressiv olduğu göstərilir. Əsərə görə, onların heç dini də normal deyil. Mədəniyyətləri də demək olar ki, yoxdur. Amma bunun qarşılığında ermənilər və erməniliyin mənən, ruhən kifayət qədər humanist, mükəmməl və zəhmətkeş olduğu, böyük mədəniyyət yaratdıqları göstərilir. Bunu qəbul etmək mümkün deyil. Hər halda ermənilərin günahlarını dünya görür, ermənilərin özü də bəzən bunu qəbul edirlər. Bir erməni xəstəliyinin-torpaq işğal etmək, hakimiyyət qazanmaq və bunun üçün də hər cür vasitələri məqbul hesab etmək məsələsi var. Odur ki, ermənilərin belə çox əl-üzünü yumaq özünü doğrultmayan məsələdir”.
N.Cəfərovun sözlərinə görə, yazıçı iddia edir ki, Əylisdə və onun simasında bizim vətən dediyimiz bu yerdə vaxtilə ermənilər yaşayıblar və böyük mədəniyyət yaradıblar: “Guya biz onları qırıb-çatmışıq, evlərini də tutmuşuq və onların evlərində yaşayırıq. Və üstəlik yaratdıqları mədəni məkanın mədəniyyətsiz sakinləriyik. Bu şəkildə ağlın, şüurun qəbul edə bilməyəcəyi fikirlər var”.
Komitə sədri qeyd edib ki, biz erməni düşüncəsinin, erməni ideologiyasının haradan gəlib-hara getdiyini bilirik. Bunu Ə.Əylislinin də yaxşı bildiyini deyən komitə sədrinin sözlərinə görə, bununla yanaşı, yazıçı erməniləri azərbaycanlılardan üstün xalq kimi təqdim edir.
N.Cəfərov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, faciələr bütövlükdə bəşəriyyətə qarşı yönəlib: “Ermənilər bunu etiraf etməlidirlər. Ə.Əylisli əsərində bu həqiqətləri yazmalı idi. Amma o, əsərində nəcib erməni qadını obrazı yaradıb. Guya bu qadın azərbaycanlılara yaxşılıq edir, əvəzində isə təhqir olunur”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, yazıçı Musa Quliyev bildirib ki, son dərəcə antimilli, zərərli “Daş yuxular” adlı romanı erməni işğalına və separatizmə bəraət qazandırır: “Eyni zamanda, əsərdə Azərbaycan xalqı dünyaya mədəniyyətsiz, tənbəl, qəddar, vəhşi bir xalq kimi təqdim edilir. Ə.Əylisli bu romanda bizim üçün müqəddəs nə varsa, azadlıq mübarizəmizi, toponimlərimizi, ərazi bütövlüyümüzü, böyük şəxsiyyətlərimizi də təhqir edir, lağa qoyur və aşağılayır. Ermənilər isə dünyanın vicdanlı və mədəni insanları kimi qələmə verilir. Əslində, bu, ermənilərin uzun illərdən bəri Azərbaycan torpaqlarına istər Qarabağ, istər Naxçıvan torpağına iddiasının Əkrəm Əylisli tərəfindən təsdiqidir və onun belə demək olar ki, dəstəkləməsidir. Əylisin, eləcə də, tək Əylisin yox, bütün Naxçıvanın qədim torpaqlarının ermənilərə məxsus olmasını və Azərbaycan türklərinin sonradan gəlib, erməniləri qıraraq, onların yerində məskunlaşmasını Əkrəm Əylisli ən qatı millətçi erməninin də qibtə edəcəyi “uğurla” təsvir edə bilib. Azərbaycanın nə qədər müqəddəsliyi varsa, bu əsərində o rişxənd obrazına çevirib və aşağılayıb. Burada istər bizim azadlıq mübarizəmizin təhqir olunması, istər toponimlərimizin, onların Azərbaycan dilində izahının lağa qoyulması, bu yerlərin ermənilərə məxsus olmasının göstərilməsi, Azərbaycan qadınlarının, Əylisdəki qadınların timsalında nə qədər tənbəl, biganə, ürəksiz olması, əksinə isə erməni qadınının orada yetim Camalın qayğısına qalması, hətta onun başının bitini dırnağı ilə dərindən təmizləməsinə qədər göstərilməsi kimi məqamlar “yazıçı”nın xalqına münasibətinin göstəricisidir”.
M.Quliyev bildirib ki, bu cür əsərlərlə bəşərilik qazanmaq olmaz. Onun fikrincə, öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına atan yazıçı heç vaxt ümumbəşəri ola bilməz: “Mən çox təəssüf edirəm ki, yazıçımızın əsəri Ermənistanda da toy-bayram kimi qarşılanır. Bu, bizim həm də ermənilərlə siyasi müstəvidə mübarizəmizə böyük bir zərbədir. Xocalı faciəsinin dünyada tanındığı bir dövrdə belə bir əsərin ortaya çıxması, Azərbaycanın tanınmış yazıçısı tərəfindən qələmə alınması, “tək mən Azərbaycanda yaxşıyam, bütün azərbaycanlılar pisdir” şüarının ortaya atılması bizim bu işimizə də böyük əngəl törədəcək. Bu əsərdə “Bakıdakı ermənilərin vəhşicəsinə qətlinin”, Sumqayıt qətliamının azərbaycanlılar tərəfindən törədildiyi iddia edilir. Bununla da bir millətin Xocalını da özü törətdiyini iddia edəcək qədər ermənilərin əlinə böyük bir dəstək vermiş olur”.
Yazıçı Elçin Hüseynbəyli isə qeyd edib ki, “Daş yuxular” bədii əsər kimi çox zəifdir. Onun fikrincə, bu əsərdə tariximiz təhrif olunub. E.Hüseynbəyli qeyd edib ki, yazıçının azadlığı tariximizi təhrif etməyə əsas vermir.
Daha sonra qonaqlar mövzu ilə bağlı gənclərin suallarını cavablandırıblar.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1315 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30