Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyi növbəti “Qış məktəbi” layihəsinə start verdi

YAP Gənclər Birliyi növbəti “Qış məktəbi” layihəsinə start verdi

12.02.2013 [02:16]

Təkzibolunmaz həqiqətdir ki, bu gün Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, beynəlxalq nüfuzu daha da artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən ibarət olması isə onun böyük siyasi gələcəyindən və inkişaf potensialından xəbər verir. Ümumiyyətlə, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların böyük əksəriyyəti gənclərdən ibarətdir. Bu da səbəbsiz deyil. Yeni Azərbaycan Partiyası gənclərə özlərini təqdim etmək və bacarıqlarını nümayiş etdirmək üçün əhəmiyyətli meydan verir, eyni zamanda, gənclərin inkişafını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirir. O cümlədən, YAP-ın Gənclər Birliyi bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. YAP Gənclər Birliyinin 2007-ci ildən başlayaraq həyata keçirdiyi “Yay və qış məktəbləri” layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən yüzlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. Dünən isə partiyanın gənc fəalları üçün növbəti “qış məktəbi” layihəsinə start verilib. 
Partiyanın fəal gənclərindən ibarət heyət Oğuz rayonuna yola düşüb. Layihə çərçivəsində YAP rəhbərliyinin, Milli Məclisin deputatlarının gənclərin qonağı olacağı da gözlənilir. Layihədə Bakı şəhəri ilə yanaşı, bölgələri də təmsil edən 100-ə yaxın gənc iştirak edir. “Qış məktəbi”ndə gənclərimiz üçün intellektual yarışlar, sosial şəbəkələrdə, seçki prosesində fəal iştirak və digər maraqlı təqdimatlar təşkil olunacaq.
Bu layihənin bir neçə ildir ki, həyata keçirildiyini xatırladan YAP Gənclər Birliyinin sədri S.Orucovun sözlərinə görə, tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib. “Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil edirlər. Hər il olduğu kimi, bu dəfə də “Qış məktəbi” ölkəmizin gözəl guşələrində təşkil olunub. Gənclərin qaldığı “Afra” hotelində yüksək şərait var, onlar bu hotelin bütün xidmətlərindən istifadə edə biləcəklər. Bildiyiniz kimi, layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-biriləri ilə təmas, münasibət qursunlar, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunub. Eyni zamanda, “Qış məktəbi”ndə gənclərimizin qonaqları da olacaq. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşəcək, gəncləri maraqlandıran suallara cavab verəcəklər. Hesab edirəm ki, bu layihə gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir” - deyə, YAP Gənclər Birliyinin sədri qeyd edib.
YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva isə bildirib ki, “Qış məktəbi”ndə gənclərimiz istirahət etməklə yanaşı, ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında, eyni zamanda, dünyada baş verən mühüm hadisələrlə bağlı fikir mübadiləsi aparır, müxtəlif mövzularda tədbirlər keçirir, dövlətçiliyimizin inkişafı ilə bağlı öz düşüncələrini açıqlayırlar. Onun sözlərinə görə, bu gün Azərbaycan gəncinin bütün sahələrdə fəallığı göz qabağındadır: “Müasir Azərbaycan dövlətinin dünəni, bu günü və gələcəyi bugünkü gənclərimizi hər zaman düşündürür, gənclər ölkənin inkişafına dəstək olmaq üçün ciddi səylər göstərirlər. Bu gün Azərbaycanın bölgədə və dünyada yeri hər bir ölkə vətəndaşında qürur hissi yaradır. Azərbaycan sürətlə inkişaf edir. Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan mövqeyinin təsdiqidir. Sözsüz ki, bu uğurlarımız gənclərin də diqqətindən kənarda qalmır. Onlar bu məsələlərin müzakirəsində, Azərbaycanın uğurlarının təbliğində mühüm rol oynayırlar. YAP-ın ənənəyə çevrilmiş “Qış məktəbi” digər təşkilatlar üçün də nümunə olmalıdır. Bu gün ölkə gəncləri bir araya gələrək keçirilən tədbirlərdə fəal iştirak etməklə yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, ölkə həqiqətlərinin təbliğində fəal iştirak edirlər. Bu baxımdan “Qış məktəbi” əhəmiyyətli tədbirdir”.
YAP Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov qeyd edib ki, sıraları kəmiyyət və keyfiyyət baxımından zənginləşən Yeni Azərbaycan Partiyasında gənclərin sayı çoxluq təşkil edir: “Gənclərin malik olduğu potensialdan səmərəli istifadə etmək üçün onlara hər cür şərait yaradılır. Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər, intellektual səviyyəli gənclərdir. Onlar bu gün ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə böyük inamla irəliləyirlər. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı belə bir qüdrətli, zəngin, demokratik ölkənin vətəndaşı olmağı ilə fəxr edir. Uğurlarımız bir-birini əvəzlədikcə, sabaha inamı daha da artan gənc nəsil onlara göstərilən etimadı əməli işləri ilə doğrultmaq üçün ciddi səylər göstərir. YAP-ın fəal gənclər üçün təşkil etdiyi “Qış məktəbi” də onların intellektual səviyyəsinin artırılmasına xidmət edən addımlardandır”.
Həmsöhbətimiz olan “Qış məktəbi”nin iştirakçıları da yaradılan şəraitə, göstərilən qayğıya görə partiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1321 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30