YAP Yasamal rayon təşkilatının yaranmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
21.02.2013 [00:49]
Əli Əhmədov: YAP Yasamal rayon təşkilatı partiyanın gücünün və qüdrətinin artmasına, nüfuzunun möhkəmlənməsinə böyük töhfələr verib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Yasamal rayon İcra Hakimiyyətində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Çıxış edən rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Fikrət İsmayılov partiyanın yaranma tarixindən, dövlətçiliyimizin möhkəmlənməsindəki rolundan ətraflı danışıb.
YAP-ın yaranmasının o dövrün tələbi olduğunu deyən F.İsmayılov bildirib ki, həmin vaxt Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvənin formalaşması zərurətə çevrilmişdi: “1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkəmizdə iqtisadi-siyasi böhran dərinləşirdi, xalqın həyat səviyyəsi pisləşirdi. Eyni zamanda, Ermənistan bir-birinin ardınca ərazilərimizi işğal edirdi. Belə bir şəraitdə insanların sabaha inamları qalmamışdı. Cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, Azərbaycanı bu bəladan yalnız Ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu 91 ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdilər”.
F.İsmayılov deyib ki, partiya Naxçıvanda yaradıldıqdan sonra onun yerli təşkilatları formalaşmağa başladı. Onun sözlərinə görə, 1993-cü il yanvarın 9-da YAP Yasamal rayon təşkilatının təsis edilməsi üçün 17 nəfərdən ibarət təşkilat qrupu yaradıldı: “20 fevral 1993-cü ildə ilk təsis konfransını keçirən zaman YAP Yasamal rayon təşkilatının sıralarında 550 üzv və 26 ilk təşkilat var idi. Hazırda isə təşkilatın sıralarında 150 ilk partiya təşkilatını təmsil edən 26 min nəfər insan birləşib. Bizim partiyamızda intellektual insanlar, ziyalılar daha çox üstünlük təşkil edir. Partiya üzvlərinin sosial tərkibinə gəldikdə elmlər doktoru və professorlar 550 nəfər, o cümlədən, AMEA-nın həqiqi üzvləri 50 nəfər, elmlər namizədi 1200 nəfər, respublikanın xalq və əməkdar artistləri 50 nəfərdir. Bu göstəricilər YAP-ın xalq arasında böyük nüfuz qazanmasını bir daha təsdiq edir”.
F.İsmayılov deyib ki, bizim gələcəkdə də qarşımızda böyük işlər dayanır: “Biz may ayında Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd etməyə hazırlaşırıq. Hər bir partiya üzvü bu möhtəşəm yubileyə öz töhfəsini verməlidir. Daha bir ciddi sınaq isə bizi oktyabr ayında gözləyir. Əminəm ki, Azərbaycan xalqı bu seçkilərdə də Ulu öndər Heydər Əliyev siyasətini ardıcıl, təkamül yolu ilə inkişaf etdirən, ölkəmizə rəhbərlik edərək, onu uğurlarla irəli aparan cənab İlham Əliyevə səs verəcək”.
Tədbirdə gənclər adından çıxış edən Daşqın Qəmbərov YAP-ın sıralarında təmsil olunan gənclərin dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə hər zaman sədaqətli olduqlarını bildirib. Natiq qeyd edib ki, gənclərin partiyaya axını YAP-da gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib ki, partiyada qadınların rolu böyükdür. Belə ki, partiyanın üzvlərinin 48 faizini qadınlar təşkil edir. YAP-ın sıralarının sürətlə artmasının xalqın partiyaya olan inamından irəli gəldiyini deyən Nurlana Əliyeva əlavə edib ki, Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır: “Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.
Çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin banisi olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib. İ.Mehdiyev onu da bildirib ki, partiya üzvləri rayonda aparılan quruculuq işlərində, həmçinin, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Tədbirdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov öncə əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib: “Əziz dostlar mən burada səsləndirilmiş təbriklərə qoşularaq bir daha YAP Yasamal rayon təşkilatının yaradılmasının 20 illiyi münasibətilə sizləri təbrik edirəm. Hesab edirəm ki, YAP-ın 20 illik tarixi Azərbaycanın müasir tarixinin şərəfli bir salnaməsini təşkil edir. YAP-ın 20 illik tarixi Azərbaycanın inkişafının, müstəqilliyinin formalaşmasının, müstəqil Azərbaycan dövlətinin qurulmasının tarixidir. YAP-ın 20 illik tarixi Heydər Əliyev siyasətinin təntənəsi tarixidir. 20 illik tariximiz, eyni zamanda, Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında bu gün Prezidentimizin həyata keçirdiyi siyasətin sayəsində iqtisadiyyatının qüdrətinin yüksəlməsi, ölkəmizin simasının dəyişməsi, insanlarımızın rifahının yüksəlməsi, bütövlükdə Azərbaycanın yeniləşməsi tarixidir. Əlbəttə ki, bizim 20 illik tarix ərzində əldə etdiyimiz nailiyyətlər kifayət qədər çoxdur”.
YAP-ın Sədr müavini deyib ki, ötən 20 il ərzində bizim ən böyük nailiyyətimiz yeni bir Azərbaycanın qurulmasından ibarətdir: “İndi Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı bütövlüklə yeni bir Azərbaycanda yaşayır. Bu yeni Azərbaycanın əsas parametri təkcə ondan ibarət deyil ki, iqtisadiyyatımız yüksəlib, insanlarımızın rifahı yaxşılaşıb, Azərbaycanın qüdrəti artıb, beynəlxalq aləmdə mövqeləri güclənib. Belə hesab edirəm ki, bizim yaşadığımız yeni Azərbaycanın ən mühüm səciyyəvi cəhəti ondan ibarətdir ki, Azərbaycan özünə inamını artırıb. Azərbaycan daha inamlı bir məmləkətə, daha inamlı bir dövlətə çevrilib. Bununla yanaşı olaraq, hər bir Azərbaycan vətəndaşı, hər bir insan da özünü inamlı hiss edir, gələcəyinə inamla baxır və gələcəyinin parlaq olduğuna qəti şəkildə əmindir. Bütün bunların hamısı Heydər Əliyevin siyasətinin sayəsində Azərbaycanda əldə olunan uğurlar və nailiyyətlərdir. Bu nailiyyətlər bütövlükdə ən ümumi şəkildə ifadə etsək, YAP-ın yaşadığı 20 illik tarixin başlıca qayəsi, başlıca məzmunundan ibarətdir”.
Çıxışında YAP Yasamal rayon təşkilatının fəaliyyətinə də toxunan Əli Əhmədov “məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın ən əzəmətli təşkilatlarından biri və bəlkə də deyərdim elə ən əzəmətli təşkilatı Yasamal rayon təşkilatıdır. Burada artıq səsləndirildi ki, bu təşkilatın tərkibində 26 min nəfər fəal vətəndaş birləşib. Onu da qeyd etmək istəyirəm ki, həm bütövlükdə YAP-ın qüdrəti təkcə bu partiyada birləşən 600 min nəfərdə ifadə olunmur, eyni zamanda, Yasamal rayon təşkilatının gücü və əzəməti də təkcə bu təşkilatın sıralarında birləşən 26 min nəfər fəal insanda ifadə olunmur. Bu, sadəcə bir statistika deyil. Bu, Azərbaycan vətəndaşlarının, Yasamal sakinlərinin Heydər Əliyev siyasətinə münasibətinin ifadəsidir. Bu gün Prezidentimizin həyata keçirdiyi siyasətin dəstəklənməsinin bariz təcəssümüdür” - deyə, əlavə edib.
YAP-ın Sədr müavininin sözlərinə görə, əgər insanlarımız Heydər Əliyev siyasətinə inanmasaydılar, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əldə etdiyi nailiyyətlərə inanmasaydı və o siyasəti dəstəkləməsəydilər, 600 min nəfər Azərbaycan vətəndaşı, özü də fəal Azərbaycan vətəndaşı YAP-la özünün siyasi taleyini birləşdirməzdi: “Həmin məntiqlə mən onu demək istəyirəm ki, Yasamal sakinləri yenə də həmin parametrlər üzrə Heydər Əliyev siyasətinə və Prezidentimizə inanmasaydılar, yəqin ki, 26 min nəfər fəal sakin YAP Yasamal rayon təşkilatının sıralarında birləşməz, öz taleyini, öz həyatını, belə deyək özünün gələcəyini, övladlarının gələcəyini bu partiya ilə bağlamazdılar. Bu, böyük bir inamın ifadəsidir. Bu, YAP-ın gücünü və qüdrətini müəyyən edən, həmçinin, onu ifadə edən başlıca parametr, başlıca amildir. Hesab edirəm ki, bizim bütövlükdə partiyamızın, o cümlədən də, Yasamal rayon təşkilatının 20 illik fəaliyyətinin ən mühüm göstəricilərindən biri də bu inamın formalaşmasında ifadə oluna bilər. Mən əminəm ki, məhz bu inamın formalaşması YAP-ın bu günə qədər şərəfli yolunun böyük nailiyyətlərini, uğurlarını, qələbələrini təmin etdiyi kimi, bundan sonra da bizim qarşımızda duran uzun bir məsafədə, geniş yolda növbəti qələbələrimizin, uğurlarımızın və nailiyyətlərimizin əsasında dayana biləcək”.
“YAP, partiyanın hər bir rayon təşkilatı şərəfli bir yol keçib” deyən YAP-ın İcra katibi əlavə edib ki, bizim partiyamızın zəngin tarixi vardı ki, bu zəngin tarixdə sadaladığım bütün nailiyyətlər öz təcəssümünü tapır: “Amma təbiidir ki, bizim nə qədər böyük nailiyyətlərimiz və uğurlarımız varsa, bundan daha böyük bir yol bizi gözləməkdədir. Və 2013-cü il Yeni Azərbaycan Partiyasının qələbələr və nailiyyətlər salnaməsinə yeni, şərəfli bir səhifənin yazılması şansını bizim qarşımızda açıbdır. 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Artıq bu gündən Azərbaycanın hər bir vətəndaşının, xalqın mütləq əksəriyyətinin gəldiyi qənaət növbəti prezident seçkilərində YAP-ın Sədrinin namizədliyinin irəli sürülməsi və o namizədliyin dəstəklənməsindən ibarətdir. Hər bir Azərbaycan vətəndaşı belə hesab edir ki, növbəti beş ildə İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi ölkəmizin növbəti beş ildə də uğurlar və nailiyyətlər qazanmasını təmin edəcək. Bizim qarşıdan gələn prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək qətiyyətinə inamımız həm də ondan qaynaqlanır ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafından özünə pay düşdüyünü aydın şəkildə dərk etməkdədir. Bu illər ərzində bayaq dediyimiz kimi, dəyişən təkcə bütövlükdə Azərbaycanın siması deyil, eyni zamanda, hər bir insanın həyatında dəyişiklik baş verib. İnsan artıq yeni bir həyatda, daha rahat bir ölkədə yaşayır. Bu ölkədə insanın rifahının da yüksəldilməsi üçün çox cəsarətli addımlar atılır. Eyni zamanda, əmin-amanlıq, sabitlik, dinclik də insan həyatının ən vacib parametri kimi bizim həyatımızı səciyyələndirən bir cəhətə çevrilib. Gələcəyə inamlı baxış bu parametrin ən vacib cəhətlərindən biridir. Azərbaycan gündən-günə müasirləşir, yeniləşir, Azərbaycan vətəndaşı tamamilə yeni, müasir, yeniləşmiş bir Azərbaycanda yaşayır ki, bu Azərbaycanda təkcə insanın evinin içi gözəl deyil, eyni zamanda, evinin çölü də gözəldi, onun gəzdiyi küçələr də gözəldi. Onun istirahət etməsi üçun parklar salınır, gözəl yollar salınır, körpülər salınır, şəhərlərin, kəndlərin, yaşayış məntəqələrinin, qəsəbələrin siması dəyişir. Beləliklə də, insan gözəl bir cəmiyyətdə, gözəl bir məmləkətdə yaşamaq hissindən qürur duyur. Hesab edirəm ki, bütün bunların hamısı qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləmək üçün insanlarımızın qənaətini formalaşdıran vacib faktorlardır. Və təbii ki, qeyd etdiyim kimi, YAP-ın gücü, qüdrəti, YAP-ın sıralarında birləşən insanlarımızın Heydər Əliyev siyasətinə qəti inamı, Heydər Əliyev siyasətinin həyata keçirilməsi yolunda hər bir fədakarlığa hazır olması, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin həyata keçirilməsində yaxından iştirak etməsi və bu siyasətin davam etdirilməsi yolunda hər bir fədakarlığa hazır olması bizim növbəti prezident seçkilərində qələbəmizə inamımızı artırır. Və YAP-ın növbəti bir sınaqdan da uğurla, başıuca, üzüağ çıxacağına bizim inamımızı kifayət qədər yüksəldir”.
Əli Əhmədov bildirib ki, YAP Yasamal rayon təşkilatının zəngin tarixi olduğu kimi, gözəl ənənələri var: “Bu təşkilatın sıralarında sadəcə çoxlu sayda insan birləşməyib. Eyni zamanda, Azərbaycanın çox dəyərli vətəndaşları, alimləri, ziyalıları, təsərrüfat işçiləri birləşiblər. YAP Yasamal rayon təşkilatı partiyanın gücünün və qüdrətinin artmasına, nüfuzunun möhkəmlənməsinə böyük töhfələr verib. Qeyd etmək istəyirəm ki, sadəcə sayının çoxluğu ilə yox, bu təşkilatın sıralarında birləşən çox dəyərli insanların Azərbaycanın ictimai-siyasi həyatında böyük və fəal iştirakı ilə. Güman edirəm ki, YAP Yasamal rayon təşkilatı öz sırasında birləşən fəal Azərbaycan vətəndaşları ilə fəxr edə bilər. Həqiqətən bu insanlarla bütövlükdə Azərbaycan fəxr edir və Yeni Azərbaycan Partiyası da, YAP-ın Yasamal rayon təşkilatı da bu insanlarla fəxr edə bilər. Əziz dostlar qarşıda böyük işlərimiz dayanır. Mən hər birinizə partiyamızın gücünün artırılmasında, Yasamal rayon təşkilatının gücünün və mövqelərinin möhkəmləndirilməsində və qarşıda dayanan şərəfli sınaqdan yenə də YAP-ın uğurla çıxmasında böyük töhfələr verməyinizi arzu edirəm”.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə partiyanın üzvlük vəsiqələri verilib.
Sonda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

