YAP İCAPP çərçivəsində aktiv fəaliyyət göstərir
06.04.2013 [16:55]
Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun I iclası öz işinə başlayıb
Dünən Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun I iclası öz işinə başlayıb.
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı iclası açıq elan edib. M.İbrahimqızı bildirib ki, bu tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır. Onun sözlərinə görə, iclasda 25 ölkənin siyasi partiyalarını təmsil edən 60-dan çox qadın siyasətçi, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər. M.İbrahimqızı deyib ki, belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək qürurvericidir.
İCAPP-ın həmsədri Xose de Venesia Bakıda keçirilən bu tədbiri tarixi hadisə adlandıraraq, YAP-ın timsalında ev sahibi olan Azərbaycana minnətdarlığını bildirib. Ölkəmizin çoxpartiyalı demokratik sistemə malik olduğunu deyən X.Venesia insanların rifah halının yüksəldilməsində Azərbaycanı dünya ölkələrinə örnək göstərib və respublikamızın yoxsulluğun azaldılmasında əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycanın qazandığı uğurlarda Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının fəaliyyətini xüsusi vurğulayıb. Azərbaycan qadınlarının bu uğurların qazanılmasında böyük rolunun olduğunu vurğulayan həmsədr, YAP-ın Asiyada qadın fəallığına verdiyi önəm baxımından və bu istiqamətdəki fəaliyyətinə görə ən fəal partiya olduğunu deyib.
Azərbaycanın qədim tarixinin olduğunu qeyd edən X.Venesia bildirib ki, bu ölkədə qlobalizasiyanın ilk addımlarını hər bir yerdə müşahidə etmək mümkündür. O deyib ki, İCAPP-ın Qadınlar Qolunun yaradılmasında Azərbaycanın təşəbbüsü mühüm rol oynayıb. Hazırda əsas məqsəd Türkiyənin də vasitəçiliyi ilə bu birliyin Avropa qolunun yaradılmasıdır. Qurumun Gənclər Qolunun da yaradıldığını vurğulayan natiq əlavə edib ki, həm qadınların, həm də gənclərin İCAPP-da təmsil olunmaları və onların təşkilatlarının yaradılması bizim uğurumuzdur. X.Venesia Asiya Parlamentinin yaradılması zərurətini də vurğulayıb.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxışında tədbir iştirakçılarını salamlayaraq bu toplantının İCAPP-ın tarixində əlamətdar hadisə olduğunu bildirib. Əli Əhmədov İCAPP-ın Qadınlar Qolunun formalaşmasının uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu deyib. Əli Əhmədov bu tədbirin keçirilməsi təşəbbüsünü irəli sürmüş Yeni Azərbaycan Partiyasını dəstəklədiyinə görə, təşkilatın rəhbərliyinə minnətdarlıq edib. O, bu tarixi hadisənin YAP-ın təşkilatçılığı ilə baş tutmasına görə, İCAPP-ın rəhbərliyinin böyük xidmətlərini də qeyd edib. Eyni zamanda, YAP Sədrinin müavininin fikrincə, ilk toplantısını Bakı şəhərində keçirən İCAPP-ın Qadınlar Qolu uğurlu fəaliyyət göstərəcək, təşkilatın fəaliyyəti qadınların köməyi ilə inkişaf edəcək.
“Həyatı qadınlarsız təsəvvür etmək mümkün deyil. İnanıram ki, qadınların siyasi proseslərdə yaxından iştirak etməsi siyasətə yeni çalarlar gətirəcək, siyasətin məzmunu əhəmiyyətli dərəcədə zənginləşəcək. Siyasətdə qadınların iştirakçılığının artması nəticəsində siyasi proseslər o qədər humanist məzmun kəsb edər, bəşəri dəyərləri özündə ehtiva etmiş olar. Mən təsəvvür etmirəm ki, qadınlar nə zamansa kimlərəsə qarşı birləşmiş olsunlar. Bəzi hallarda, kişilər kimlərəsə qarşı, nələrəsə qarşı birləşirlər və bunun nəticəsində də gərginliklər olur. Qadınlar isə daha ülvi duyğular və vəzifələrlə bağlı olaraq birləşə bilirlər. Bu mənada siyasətdə qadın iştirakçılığı siyasi proseslərdəki gərginliyi də azalda bilər. Qadınlar yəqin ki, nə qədər çox siyasi iştirakçılıqlarda olarlarsa, müharibələr, qan tökülmələri də o qədər azalar. Mən təsəvvür etmirəm ki, dünyada hansısa bir qadın müharibə təbliğatçısı olsun. Bütün bunların əsasında deyə bilərik ki, qadınların siyasətdə təmsilçiliyinin artması bütövlükdə bəşəriyyətin bir çox bəlalardan daha asanlıqla və qətiyyətlə xilas olmasına kömək edə bilər. İnanıram ki, fəal qadınlar, Asiya ölkələrinin fəal siyasətçi qadınları bu ümidləri doğruldacaqlar. İCAPP-ın tərkibində fəaliyyət göstərən ayrı-ayrı partiyalarda böyük xidmətləri olan qadınlar təşkilatın yeni strukturunun işini gücləndirməklə, daha fəal bir quruma çevirməklə bütövlükdə Asiya siyasətinə yeni məzmun gətirəcək” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
İCAPP-ın Qadınlar Qolunun ilk toplantısının Bakıda keçirilməsinin təsadüfi olmadığını deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycan qadınları da ictimai-siyasi proseslərdə fəal iştirak edir, ölkəmizdə qadınlarla bağlı uğurlu dövlət siyasəti həyata keçirilir. O qeyd edib ki, Azərbaycanda qadın hüquqlarının tam şəkildə ifadə olunması, qadınların həyatımızın bütün sferalarında, o cümlədən, siyasi proseslərdə yaxından iştirak etməsi üçün lazımi şərait yaradılıb. Qadınların öz fəallığı ilə Azərbaycanın inkişafına öz töhfələrini verdiyini deyən YAP İcra katibi bu töhfələrin daha da artmasını arzu edib. Onun fikrincə, nə qədər çox qadın bütün proseslərə, siyasətə, ictimai həyatımızın digər sferalarına qoşularlarsa, o qədər faydaların əldə edilməsi mümkün olacaq.
“Asiya qadınlarının fəallaşmasına da çox böyük ehtiyac var. Asiyanın qarşısında duran əzəmətli vəzifələrin bu qitənin qadınlarının fəal və fədakar iştirakından kənarda təsəvvür etmək mümkün deyil. İstər yoxsulluğun, istər münaqişələrin aradan qaldırılmasında, istərsə də gələcəyə ünvanlanmış çox böyük sıçrayışların həyata keçirilməsində qadınların iştirakının təmin edilməsi geniş məna və əhəmiyyət daşıyır. Asiya əzəmətli inkişaf və dəyişikliklər ərəfəsindədir. Asiya XXI əsri öz əsri etmək iddiasını ortaya qoyub və bu iddianın təmin olunmasında qadınların yaxından iştirakı da böyük əhəmiyyət kəsb edir. İCAPP-ın Qadınlar Qolunun da bu vəzifənin yerinə yetirilməsinə öz möhtəşəm töhfələrini vermək əzmində olduğuna inanıram” - deyən, YAP Sədrinin müavini, həmçinin, İCAPP-ın Qadınlar Qolunun fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə işlək mexanizmlərin yaradılmasını da təklif edib.
Əli Əhmədov bildirib ki, İCAPP-ın Qadınlar Qolunun təsisatlanmasına, strukturlaşmasına ehtiyac var. Burada bir təşkilat komitəsi yaradıla bilər ki, gələcəkdə Seulda keçiriləcək toplantıda qurumun fəaliyyətini təmin etmiş olsun. Çünki rəhbərliyin, xüsusi adamların seçilməsi vacibdir ki, Qadınlar Qolu təşkilatlanaraq proseslərdə önəmli rol oynaya bilsinlər. Keçirilən iclasın Asiya qitəsində siyasi proseslərdə insanpərvərliyin, humanizmin daha da güclənməsinə, inkişafa öz töhfəsini verə biləcəyini deyən Əli Əhmədov toplantı iştirakçılarına uğurlar arzulayıb.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında bildirib ki, YAP-la İCAPP-ın əlaqələrinin tarixi böyük olmasa da, partiyamız qısa müddət ərzində bu təşkilat çərçivəsində nəzərəçarpacaq fəaliyyət ortaya qoyub. Onun sözlərinə görə, iyul ayında İCAPP gənclər festivalının Bakıda keçirilməsi də ölkəmizin və partiyamızın nüfuzunun daha bir göstəricisi olacaq.
B.Muradova bildirib ki, qurumun Qadınlar Qolunun Azərbaycanda yaranması da təsadüfi deyil. Onun sözlərinə görə, Azərbaycan qadını daim milli adət-ənənələri qorumaqla müasirləşməsi, bəşəri dəyərlərə xidmət etməsi ilə seçilib. “İCAPP-ın Qadınlar Qolunun geniş fəaliyyət çərçivəsi var və ciddi potensialla gələcəyə irəliləyə bilər. Sülh, əmin-amanlıq uğrunda mübarizə hər bir qadının vəzifəsidir. 72 ölkənin 300-dən artıq partiyalarını birləşdirən bir qurumun Qadınlar Qolunun ilk iclasının məhz Azərbaycanda keçirilməsi bizim qadınlarımızın siyasətdə rolunun və təsirinin göstəricisidir. Bugünkü faktla bunu bir daha sübut etmək olar” - deyə, vitse-spiker vurğulayıb.
B.Muradovanın fikrincə, belə bir təşkilatın yaradılması qadınların beynəlxalq müstəvidə əməkdaşlığını daha da gücləndirəcək: “Yüzlərlə təsisatın birləşdiyi bu təşkilatda çox ahəngdar mühit var. Hər kəs bir-birinin dəyərlərinə, adət-ənənələrinə, xalqın istəyinə və iradəsinə uyğun şəkildə işini qurur. Ona görə də, bu təşkilatın gələcəyinə inanıram. Bu təşkilat çərçivəsində yaradılan Qadınlar Qolunun da həm geniş fəaliyyət göstərmək, həm də öz töhfələrini vermək imkanları var. Hesab edirəm ki, bu gün yaranan təşkilatda bu dəyərlərə və qarşıda hədəflənən məqsədlərimizə əsaslanaraq qadınların qüvvələri birləşməlidir. Bu hədəflər isə başlıca olaraq sülh, sabitliyin və əminamanlığın təmin olunmasıdır. Azərbaycan qadınları da bu məsələdə dünya qadınları ilə birlikdədir. Bu hədəflərə doğru fəaliyyətdə üzərimizə düşən vəzifələri yerinə yetirə biləcəyik. Azərbaycan qadınlarının geniş fəaliyyət göstərməsi üçün çox mükəmməl qanunvericilik bazası, uğurlu dövlət siyasəti və bu siyasətin konkret nəticələri var. Bizim qadın liderlərimiz var ki, bu liderlərin fəaliyyəti bütün dünya ölkələrinə nümunədir. Ona görə də, hesab edirəm ki, çox ciddi potensial üzərində biz sabaha ümidlə irəliləyə bilərik”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin əsası bu il 90 illik yubileyini təntənəli qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, qadın siyasətinin gücləndirilməsi həmişə dövlət rəhbərliyinin diqqət mərkəzindədir: “Cəmiyyətin həyatında, təkcə qadın sferası sayılan sahələrdə deyil, eyni zamanda, dövlət qurumları, hüquq mühafizə orqanları, sənaye, ən məsuliyyətli və çətin sahələrdə belə Azərbaycan qadınları təmsil olunublar. İlk baxışdan hətta qadınlara aid olmayan, ənənəvi olaraq kişilərin işlədiyi neft sənayesi, nano-texnologiyalar, müdafiə və hərbi sahələrdə belə böyük uğur qazanan xanımlarımız var”.
H.Hüseynova bildirib ki, bu gün müasir Azərbaycanda siyasətçi qadının cəmiyyətdə rolu çox fəaldır. Komitə sədri deyib ki, respublikada qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı getdikcə artmaqdadır. Bu gün qadınların professional inkişafı üçün keyfiyyətli təhsilin vacib olduğunu deyən H.Hüseynovanın sözlərinə görə, ilk növbədə, həm ölkənin ictimai və mədəni inkişafı, həm də qadının ailə və professional həyatının nailiyyətləri bu məsələnin həllindən çox asılıdır. “Cəsarətlə qeyd edə bilərik ki, elm sahəsində, təhsildə qadınlarımız öz potensiallarını tam reallaşdırmağa imkan qazanıblar. Ölkəmizdə qadın alimlər arasında 3 akademik, 12 müxbir üzv, 117 elmlər doktoru, 1328 elmlər namizədi var. Hətta qadınların mövqelərinin qısa sadalanması Azərbaycanda mövcud olan inkişaf dinamikasını göstərir. Buna misal olaraq, qeyd edə bilərik ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində, güc strukturlarında, təhlükəsizlik və ədliyyə sistemində general qadınlarımız var, səhiyyə sistemində 71 faiz, təhsil sahəsində 78 faiz qadınlar çalışır, parlamentdə qadınlarımızın sayının artması müşahidə olunur. Və xüsusilə, son bələdiyyə seçkiləri dövründə bələdiyyə orqanlarına seçilən qadınların sayı 4 faizdən 26 faizədək yüksəlib” - deyə, komitə sədri vurğulayıb.
H.Hüseynova çıxışı zamanı siyasi partiyaların gender aspektlərinin artması üzərində də dayanıb. O qeyd edib ki, bu gün partiyalarda birləşən Azərbaycan qadınları ölkənin siyasi həyatında fəal iştirak edirlər: “Yeni Azərbaycan Partiyası respublikamızda bir çox partiyalar üçün örnəkdir. Belə ki, öz sıralarında daha çox sayda Azərbaycan qadınlarını birləşdirən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqdadır. Həmçinin, qeyd edim ki, YAP sıralarındakı qadınlar cəmiyyətdə yüksək nüfuzu və mövqeyi ilə seçilməkdədirlər”.
H.Hüseynova ölkədə qadın hüquqları üzrə qanunvericilik bazasının möhkəmləndirilməsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, 2006-cı ildə “Gender bərabərliyi haqqında” qanunun, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunun və s. qanunların qəbul olunması buna sübutdur. Komitə sədri deyib ki, bu qanunların qəbul olunmasının təşəbbüskarı, ölkəmizin ictimai həyatında müstəsna xidmətləri olan birinci xanımın rolunu xüsusilə qeyd etmək lazımdır: “Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda öz professional və ictimai fəaliyyəti ilə, yorulmaz əməyi, hər bir problemə dərin insani və həssas münasibəti ilə hamı üçün təkrarsız örnəkdir”.
H.Hüseynovanın fikrincə, bu gün 300-dən çox siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı geniş imkanlardan istifadə etməklə qadınların problemlərinin həlli istiqamətində bir çox nailiyyətlər əldə edə bilər: “Bu təşkilat qadınların irəli çəkilməsi, gender bərabərliyinin təmin olunması, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinə müvafiq olaraq, bir çox ölkələrdə münaqişələrin həll olunmasında qadınların fəal iştirakının təmin olunmasına öz töhfəsini vermiş olar. Qadın böyük qüvvədir. Biz milli ideyalar adı arxasında gizlənən konfliktlərin, qadın, uşaq, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının qarşısının alınması üzrə mübarizədə öz səylərimizi birləşdirə bilərik. Əlbəttə, belə kiçik zaman kəsimində Azərbaycan qadını haqqında tam təsəvvür yaratmaq çətindir. Amma mənə sual versəniz ki, Azərbaycan qadını bu gün nə ilə yaşayır? Mən cavab verərəm ki, dünyanın bütün qadınları kimi o sülh istəyir, öz ailəsinin rifahını arzulayır, övladlarını sağlam görmək istəyir. Bunlar bütün dünya qadınlarını birləşdirən dəyərlərdir, desəm yanılmaram”.
İCAPP-ın digər həmsədri Eu Yong Çunq da çıxışında Azərbaycan haqqında xoş fikirlər səsləndirib. YAP-ın İCAPP müstəvisində aktiv fəaliyyət göstərdiyini deyən həmsədrin sözlərinə görə, Azərbaycan hazırda sürətli inkişaf dövrünü yaşayır. O, İCAPP-ın Qadınlar Qolunun səmərəli fəaliyyət göstərməsi üçün verilən təkliflərin nəzərə alıncağını deyib. Həmin təkliflər əsasında İCAPP-ın Qadınlar Qolunun Çin, İran, Nepal, Tayland və Türkiyənin nümayəndələrindən ibarət bürosunun yaradılması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, təşkilatın toplantısı bu gün öz işini yekunlaşdıracaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

