Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xalqın iradəsinə, maraqlarına və istəklərinə uyğun hərəkət edən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır

Xalqın iradəsinə, maraqlarına və istəklərinə uyğun hərəkət edən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır

05.07.2013 [01:45]

YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov “Yay məktəbi”nin Masallı turunun iştirakçıları və region gəncləri ilə görüşüb
İyulun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP Gənclər Birliyinin “Gələcəyin liderləri” gənc siyasətçilər üçün “Yay məktəbi”nin Masallı turunun iştirakçıları və region gəncləri ilə görüşüb.
Əvvəlcə “Yay məktəbi”nin iştirakçıları Masallıda olduqları müddətdə həyata keçirdikləri layihələri və gördüyü işləri əks etdirən slaydşou nümayiş etdiriblər.
Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur
Görüşdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası gənc üzvlərinə xüsusi diqqət və qayğı göstərir: “Dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini də gənclərlə iş təşkil edir. Bunun da ciddi səbəbləri və əsasları mövcuddur. Çünki gənclər Azərbaycan cəmiyyətində xüsusi çəkiyə malik sosial təbəqə kimi kifayət qədər böyük rəqəmi ifadə edirlər.
Son 20 il ərzində Azərbaycanın əhalisi 2 milyon nəfər artıb. 90-cı illərin əvvəllərində ölkəmizdə 7 milyon insan var idisə, bu gün Azərbaycan əhalisinin sayı 9 milyonu ötüb. Bu da ondan xəbər verir ki, Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunduğu kimi, əhalinin artımı da böyük inkişaf tempinə malikdir.
Təbiidir ki, Azərbaycanda əhalinin artımının sürətlə getməsinin də əsasları mövcuddur. Bu isə vətəndaşların dövlətin gələcəyinə olan inamı, insanların sağlamlığı ilə bağlıdır. Eyni zamanda, əhalinin böyük artım tempi gənclərin say etibarilə üstünlük təşkil etməsini, həmçinin, ölkənin uğurlu perspektivini də əsaslandırır”.
YAP artıq 7 ilə yaxındır ki, “Yay məktəbləri” təşkil edir
YAP-ın Sədr müavini deyib ki, hakim partiya kimi Yeni Azərbaycan Partiyası fəaliyyətində gənclərə böyük önəm verir. “Məlumdur ki, Yeni Azərbaycan Partiyası artıq 7 ilə yaxındır ki, “Yay məktəbləri” təşkil edir. Bu layihələr çərçivəsində partiyanın fəal gəncləri bir-birilərilə tanış olur, ünsiyyət qurur, fikir və təcrübə mübadiləsi aparır” - deyə, Əli Əhmədov bildirib.
“Azərbaycanın xoşbəxt və firavan gələcəyi gənclərdən asılıdır”, deyən Əli Əhmədov vurğulayıb ki, gənclər nə qədər çox ünsiyyət qursa, şəxsi münasibətlər yaratsa, bu, bir o qədər onların qarşısında duran məqsəd və vəzifələrin reallaşdırılması üçün enerji və potensiallarının birgə səfərbər edilməsinə əlverişli şərait yaratmış olar.
Azərbaycan ÜDM-nin adambaşına düşən səviyyəsinə görə, orta Avropa ölkələrinə xeyli yaxınlaşıb
Azərbaycan dövlətinin sürətli inkişafından söz açan YAP Sədrinin müavini diqqətə çatdırıb ki, ölkəmiz Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında əzəmətli inkişaf dövrünü yaşayıb.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılmış uğurları dövlətimizin başçısının məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirən Əli Əhmədov respublikamızın yeniləşdiyini və müasirləşdiyini bildirib: “Hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatı böyük sürətlə inkişaf edib. Son 10 il ərzində ölkə iqtisadiyyatı dəfələrlə artıb, insanların yaşayış səviyyəsi yüksəlib, eyni zamanda, müxtəlif sahələrdə əhəmiyyətli irəliləyişlər müşahidə olunub. Bütün bunlar təbii ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin əzəmətli nəticələridir. Təxminən, 10 il bundan əvvəl ölkədə ÜDM-in adambaşına düşən səviyyəsinə görə, Azərbaycan dünya miqyasında o qədər də yaxşı yer tutmurdu. Amma bu gün Azərbaycan ÜDM-in adambaşına düşən səviyyəsinə görə, orta Avropa ölkələrinə xeyli yaxınlaşıb”.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyev növbəti 5 il ərzində ölkəmizin ümumi daxili məhsulunun səviyyəsini 2 dəfə artırmaq niyyətindədir. “Bu da o deməkdir ki, ÜDM-nin adambaşına düşən hissəsi də 2 dəfə artacaq. Bununla da, Azərbaycan ÜDM-in adambaşına düşən səviyyəsinə görə daha da irəliləyəcək. Məhz, bütün bunları nəzərə alaraq, 10 illik təcrübəyə əsaslanan xalqımız qarşıdakı 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının davam edəcəyinə inanır” - deyə, Əli Əhmədov əlavə edib.
Azərbaycanın qarşısına inkişaf etmiş ölkələrin sırasına daxil olmaq kimi vəzifəni qoyduğunu vurğulayan Əli Əhmədov deyib ki, qısa zamanda, təxminən 15-20 il ərzində inkişaf etməmiş ölkədən inkişaf etmiş ölkəyə çevrilmiş çox az dövlət olub. “Ümid edirik ki, Azərbaycan həmin yeganə dövlətlərdən olacaq və ölkəmiz sürətli templərlə bu vəzifənin reallaşdırılmasına nail olacaq” - deyə, YAP Sədrinin müavini diqqətə çatdırıb.
Qurultayın qərarını Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti qəbul edir
Yeni Azərbaycan Partiyasının iyun ayının 7-də keçirilmiş V Qurultayında qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürüldüyünü xatırladan Əli Əhmədov söyləyib ki, qurultayın qərarını Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti qəbul edir. “Çünki insanlar Azərbaycanın son 10 ildə sürətlə inkişaf etməsini Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsi kimi qiymətləndirir. Buna görə də, vətəndaşlarımız həm ötən 10 ilin nəticələrini dəyərləndirməklə, həm də gələcək inkişafın Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu ifadə etməklə, Onun namizədliyinin yenidən irəli sürülməsini dəstəkləyir” - deyə, Əli Əhmədov bildirib.
Əli Əhmədov sadalanan səbəbləri əsas gətirərək söyləyib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində partiyanın Sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir.
Seçki kampaniyasında hər bir gəncin fəal təbliğatçı olması vacibdir
Qarşıdakı prezident seçkilərində öz sıralarında 600 min nəfərdən artıq siyasi həmfikri birləşdirən YAP-ın qarşısında duran vəzifələrdən ətraflı söhbət açan Əli Əhmədov seçki kampaniyasında hər bir gəncin fəal təbliğatçı olmasının vacibliyini diqqətə çatdırıb: “Hər dəfə seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır. Müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar. Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu işdə gənclərin gücündən səmərəli istifadə olunmalıdır. Onlar seçki kampaniyasında seçkilərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verməlidirlər”.
Bu gün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü ifadə edən Əli Əhmədov onlara fəaliyyətlərində uğurlar arzu edib.
“Milli şura” Azərbaycana kənardan gətirilmiş bir ideya əsasında yaradılıb
Əli Əhmədov qarşıdan gələn seçkilərlə əlaqədar daxili siyasi mənzərəyə də toxunub: “Milli şura” Azərbaycana kənardan gətirilmiş bir ideya əsasında yaradılıb. Burada birləşmiş insanlar seçki kampaniyasını Azərbaycan vətəndaşlarının iradəsinin əsasında deyil, kənardan edilən dəstək üzərində qurmağa çalışırlar.
“Milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyov uzun müddətdir ki, Azərbaycanda yaşamır, dilimizi bilmir. Əlbəttə, bir kinorejissor kimi onun müəyyən uğurları var. Amma o, Azərbaycanın ictimai-siyasi reallıqlarını bilmir. Bu mənada, Rüstəm İbrahimbəyov çətin ki, Azərbaycan vətəndaşlarını başa düşsün. Vaxtilə Azərbaycanda belə bir təcrübə keçirilmişdi. XX əsrin 80-ci illərinin sonunda Ə.Vəzirovu Azərbaycana birinci katib göndərdilər. O da uzun müddət Azərbaycanda yaşamırdı və reallıqları da tamamilə unutmuşdu. Məhz həmin zaman nə o Azərbaycan xalqını, nə də xalq onu başa düşə bildi. Nəticədə isə dövlətimiz və xalqımız böyük fəlakətlərlə qarşılaşdı. O zaman ən böyük faciə ondan ibarət idi ki, rəhbərlə xalq arasında anlaşılmazlıq var idi.
İndi də “Milli şura”nın seçdiyi yol həmin ssenari əsasındadır. Bu ssenarini isə Azərbaycandan kənardakı qüvvələr hazırlayıblar. Müxalifət özü də etiraf edir ki, ssenarisi kənarda hazırlanmış oyundadırlar. Kənarda hazırlanmış ssenarilər də birbaşa olaraq, xarici qüvvələrin maraqlarına xidmət edir.
Biz bunları ona görə demirik ki, “Milli şura” ilə bağlı narahatlığımız var. Sadəcə olaraq, hər kəs seçkiöncəsi respublikadakı ictimai-siyasi vəziyyətlə tanış olmalı, prosesləri dərk etməlidir”.
YAP-ın Sədr müavini bildirib ki, 20 ildir ki, özlərini partiyaları çərçivəsində “lider” hesab edənlər bu gün siyasi fəaliyyətilə bağlı tanınmayan, siyasi proseslər üçün yad olan bir şəxsin ətrafında “sakit” şəkildə birləşiblər: “Əgər 2 il bundan əvvəl bu gün Rüstəm İbrahimbəyova “sədaqət andı” içən istər İsa Qəmbər, istərsə də Əli Kərimliyə deyilsə idi ki, Rüstəm İbrahimbəyovun ətrafında birləşin, o zaman onlar onu məsxərəyə qoyardılar. Faktdır ki, 4-5 il bundan əvvəl müxalifət qəzetlərinin səhifələrində Rüstəm İbrahimbəyov ermənipərəst mövqeyinə görə kəskin şəkildə tənqid olunurdu. Bütün bunlar ortada ola-ola birdən İsa Qəmbər və Əli Kərimli Rüstəm İbrahimbəyovun ətrafında birləşməyə qərar veriblər. Niyə görə? Bu birləşmə heç də Rüstəm İbrahimbəyova olan rəğbətdən irəli gəlmir. Bu, ona görədir ki, xidmət etdikləri xarici qüvvələr onlara bu gün Rüstəm İbrahimbəyovun ətrafında birləşmək göstərişi veriblər. Onlar da müticəsinə bu tapşırığı yerinə yetirir və Rüstəm İbrahimbəyovun ətrafında birləşirlər. Qısa zaman keçəcək və görəcəksiniz ki, Rüstəm İbrahimbəyova “sədaqət andı” içənlər bir müddət sonra onun vahid namizəd kimi seçkilərə getməsinə müxtəlif üsullarla maneələr yaradacaqlar. Təəssüflə demək lazımdır ki, Azərbaycan müxalifəti siyasi ambisiyalarını reallaşdırmaq üçün istinad nöqtəsi kimi xalqın dəstəyini deyil, xarici qüvvələrin köməyini üstün tutur. Onların dəstəyinin nədən ibarət olduğunu isə hər kəs bilir. Göründüyü kimi, ənənəvi müxalifət Azərbaycan xalqının iradəsindən çox kənar addımlar atırlar. Xalqın iradəsinə, maraqlarına və istəklərinə uyğun hərəkət edən yeganə siyasi partiya isə Yeni Azərbaycan Partiyasıdır”.
Sonra görüşdə çıxış edən gənclər bildiriblər ki, onlar qarşıdan gələn prezident seçkilərində yekdilliklə dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər və Azərbaycanın davamlı, sabit, dayanıqlı inkişafının təminatına öz töhfələrini verəcəklər.
Daha sonra YAP Gənclər Birliyinin “Gələcəyin liderləri” gənc siyasətçilər üçün “Yay məktəbi”nin Masallı turunda iştirak edən, bu il magistraturaya daxil olan və hərbi xidmətə getməyə hazırlaşan gənclərə xeyir-dua verilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.
Qeyd edək ki, iyulun 1-dən Masallıda olan YAP-ın 50 gənc fəalı rayonun Tarix-Diyarşünaslıq Muzeyində, Heydər Əliyev Muzeyində, yeni inşa olunmuş Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında, Bayraq meydanında olub, bir müddət öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun iştirakı ilə açılışı olmuş “Ağsaqqallar Klubu”nda “nəsillərin görüşü”ndə iştirak edib.
“Yay məktəbi”nin iştirakçıları, həmçinin, Masallı Olimpiya-İdman Kompleksində olub və Masallı rayon təşkilatının gənc fəalları ilə futbol üzrə yoldaşlıq görüşü keçirib. Güclü rəqabət şəraitində keçən oyunda dostluq qalib gəlib (4:4).
Bununla yanaşı, gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ ictimai-siyasi layihələrin təqdimatı olub və intellektual yarışlar keçirilib.
Xatırladaq ki, gənclərin intellektual səviyyəsinin daha da yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi baxımından əhəmiyyətli layihə olan, gənclər üçün təcrübə və bilik mənbəyi hesab edilən YAP Gənclər Birliyinin “Gələcəyin liderləri” gənc siyasətçilər üçün “Yay məktəbi”nin Masallı turu iyulun 6-dək davam edəcək.

Paylaş:
Baxılıb: 1368 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30