Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir

YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir

02.02.2017 [10:05]

Təhsildə nailiyyət qazanan bir qrup tələbə-gəncə partiyanın təqaüdü verilir
Azərbaycanın inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu gün ölkəmizin inkişafında özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən və artıq ənənə halını almış “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü xeyli sayda tələbə-gənc alır və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Qeyd edək ki, müsabiqənin qaliblərindən bu il də ali məktəbə qəbul olunanlar var və onlar da YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsini yüksək dəyərləndirirlər.
Həmin təqaüdçülərdən biri Samir Azər oğlu Sabirzadədir. S.Sabirzadə 21 dekabr 1995-ci ildə Astara rayonunun Kijəbə qəsəbəsində müəllim ailəsində dünyaya göz açıb. Qeyd edək ki, Samir 2001-ci ildə Kijəbə qəsəbə orta məktəbinə daxil olub və 2012-ci ildə də bu məktəbi bitirib. Orta məktəbdə təhsil aldığı müddətdə onun bir sıra uğurları olub. Belə ki, o, müxtəlif müsabiqələrdə, olimpiadalarda iştirak edərək müəyyən nailiyyətlər əldə edib. Samir 11-ci sinifdə oxuyarkən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində iştirak edib və respublika üzrə 3-cü yerin qalibi olub. Gülüstan sarayında qalibləri mükafatlandırma mərasimində YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər iştirak ediblər. S.Sabirzadə deyir ki, bu uğur onun həyatında ən əlamətdar hadisələrdən biridir: “Tədbirdə biz qaliblərə diplom, yazdığımız inşanın çap olunmuş kitabı və hədiyyələr təqdim edildi. Mərasimdə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, inşa müsabiqəsinin qalibləri ali məktəbə qəbul olacaqları təqdirdə onlara partiya tərəfindən təqaüd veriləcək. Mən də 2012-ci ilin qəbul imtahanlarında Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil oldum və hazırda bu ali məktəbin 5-ci kursunda oxuyuram. Tələbə olaraq YAP-ın təqaüdünü alıram. Əslində, bu təqaüdün mənim üçün maddiyyatdan daha çox, mənəvi üstünlüyü var. Çünki Ümummilli liderimizin adı ilə bağlı müsabiqənin qalibi olmaq və Onun yaratdığı partiyanın təqaüdünü almaq mənim üçün fəxrdir. Mənim təhsildə uğur qazanmağımda ilk növbədə valideynlərimin, müəllimlərimin zəhməti var. Onların hər birinə təşəkkür edirəm”.
S.Sabirzadə 2013-cü ildən YAP-ın sıralarına qoşulduğunu deyib: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyanın üzvü olmaqdan qürur duyuram”.
YAP-ın təqaüdçüsü adına layiq görülən tələbə-gənclərdən biri də Nərmin Azər qızı Allahverənovadır. Nərmin 1998-ci ilin avqust ayında dünyaya gəlib. O, Bakı şəhəri 258 saylı tam orta məktəbdə təhsili alıb. Orta məktəbdə oxuyarkən bir sıra uğurlara imza atıb. Məsələn, Gənclər və İdman Nazirliyinin Ümummilli lider Heydər Əliyev haqqında keçirdiyi yazı müsabiqəsində Bakı şəhəri üzrə 2-ci yerin qalibi olub. Eləcə də, Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə də Nərmin fəal iştirak edib.
Xüsusi olaraq qeyd edək ki, N.Allahverənovanın ən böyük uğurlarından biri 9-cu sinifdə oxuyarkən Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilmiş inşa müsabiqəsinin qaliblərindən biri olmasıdır. Belə ki, o, “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində respublika üzrə 3-cü yeri qazanıb və Gülüstan sarayında keçirilən mərasimdə mükafatlandırılıb. Nərmin 2015-ci ildə ali məktəbə qəbul imtahanı zamanı yüksək nəticə göstərib və 621 bal toplayaraq ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsinə daxil olub. Tələbə adını qazanmağın sevincini yaşayan N.Allahverənova hesab edir ki, YAP-ın təqaüdçüsü olmaq onun sevincinə sevinc qatıb: “YAP-ın təqaüdçüsü olmaq mənim sevincimi ikiqat artırdı. Bu, Ulu öndərimizin qurucusu olduğu partiyanın mənə göstərdiyi yüksək etimaddır. İnşallah, partiyanın üzvü olmağı düşünürəm və bu arzumu da gerçəkləşdirəcəm”.
Hazırda 2-ci kurs tələbəsi olan Nərmin ADA Universitetində gənclərin yüksək təhsil alması üçün bütün imkanların yaradıldığını deyib. “Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı tərəfindən biz gənclər yüksək qayğı ilə əhatə olunmuşuq. Bu da bizi yüksək təhsil almağa və gələcəkdə dövlətimizə və xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır”, - deyə YAP təqaüdçüsü vurğulayıb.
YAP-ın digər təqaüdçüsü isə Aytac Etibar qızı Balakişiyevadır. A.Balakişiyeva 1998-ci ilin oktyabr ayında Bakı şəhərində dünyaya gəlib. Aytac Nərimanov rayonu Alı Mustafayev adına 202 saylı tam orta məktəbdə təhsil alıb. Orta təhsili müddətində nümunəvi olması ilə fərqlənib, həmçinin bir sıra müsabiqələrdə, bilik yarışlarında uğurlar qazanıb. A.Balakişiyeva “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində iki dəfə iştirak edib. Belə ki, o, 7-ci sinifdə oxuyarkən müsabiqədə 3-cü yerin qalibi olub. Amma Aytac bununla kifayətlənməyərək daha böyük uğur qazanmağı qarşısına hədəf qoyub və buna da nail olub. O, 8-ci sinifdə oxuyarkən yenə də bu müsabiqədə iştirak edib və respublika birincisi adını qazanıb.
Ali məktəbə qəbul imtahanı zamanı yüksək nəticə göstərərək Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olan A.Balakişiyeva bu uğuruna görə hazırda YAP-ın təqaüdünü alır. “Gələcəkdə də uğurlar qazanmaq üçün arzularım var. YAP-ın təqaüdçüsü olmaq isə mənə əlavə stimul verir. Mən öz ixtisasım üzrə çalışıb dövlətimizə xidmət etmək istəyirəm. Gələcəkdə də qarşıya qoyduğum məqsədlərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının dəstək göstərəcəyinə inanıram”, - Aytac qeyd edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 775 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30