Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü partiyasıdır

Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü partiyasıdır

16.11.2017 [10:29]

Məlum olduğu kimi, noyabrın 21-də ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü tamam olur. Hazırda respublikamızda bu münasibətlə müxtəlif tədbirlər keçirilməkdədir. Ümumiyyətlə, ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə demokratiya tam bərqərar olunub, söz azadlığı, siyasi plüralizm təmin edilib. Bunun əsas göstəricilərindən biri də ölkəmizdə çoxpartiyalı siyasi sistemin mövcudluğudur. Hazırda Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. 21 noyabr 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası (YAP) isə siyasi palitramızın ən güclü təşkilatıdır. Fəaliyyəti dövründə partiyamız Ümummilli lider Heydər Əliyevin yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Partiyamızın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Xüsusilə vurğulamalıyıq ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.
Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 700 min nəfərdən çox olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. Qeyd edək ki, bu gün YAP sıralarında 270 mindən çox gənc birləşib, qadınların sayı isə ümumi partiya üzvlərinin 50 faizi civarındadır. Qadınlarımız da partiyanın üzvləri olaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Onlar Heydər Əliyev ideyalarına sadiq qalaraq bu ideyaların təbliğində, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təşviqində aktiv mövqeyə malikdirlər. Bütövlükdə, Azərbaycan cəmiyyətinin intellektual potensialı YAP-ın sıralarında cəmləşib.
Həmçinin Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası kimi səciyyələndirilir. YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Partiyanın bu istiqamətdə siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb. Partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında qəbul edilmiş Proqramda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində aşağıdakı ideoloji prinsiplərə əsaslanır. Bunlar müstəqil dövlətçilik prinsipi, qanunçuluq prinsipi, azərbaycançılıq, vətənçilik prinsipi, varislik, yaradıcı təkamül prinsipi, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi və sosial ədalət prinsipidir. Sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir.
Məhz bütün bunların - uğurlu siyasətin, xalqa layiqli xidmətin, eləcə də milli maraqlara əsaslanan geniş beynəlxalq əlaqələrin nəticəsi olaraq YAP ölkə vətəndaşları arasında böyük nüfuza malikdir. Bu amil ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində də özünü parlaq şəkildə göstərir.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. Onu da qeyd etmək gərəkdir ki, bu dövrdə partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin - referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi.
Beləliklə, 25 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.
Məhəbbət İbrahimova
YAP Nərimanov rayon təşkilatı
Qadınlar Şurasının sədri

Paylaş:
Baxılıb: 732 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30