Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Azərbaycanın parlamentarizm tarixinə yenilik gətirən ilk siyasi təşkilatdır

YAP Azərbaycanın parlamentarizm tarixinə yenilik gətirən ilk siyasi təşkilatdır

29.11.2019 [09:51]

Baş Nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov YAP Siyasi Şurasının qəbul etdiyi qərarla bağlı mətbuat konfransı keçirib

 

Əli Əhmədov: İnanıram ki, Azərbaycan cəmiyyəti bu qərarı hörmətlə qarşılayacaq və bununla da biz bir tərəfdən ölkəmizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar əldə edəcək, digər tərəfdən Azərbaycanın parlament və siyasi tarixində yeni bir ənənənin başlanğıcını qoyacağıq

 

Noyabrın 28-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov YAP Siyasi Şurasının qəbul etdiyi qərarla bağlı mətbuat konfransı keçirib. Əli Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində Yeni Azərbaycan Partiyasına, onun qəbul etdiyi qərarlara həmişə böyük hörmət olub: “Bu gün də Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatı üçün çox əhəmiyyətli qərar qəbul edib. Hesab edirəm ki, bu qərar bütövlükdə ölkəmizin inkişafına, tərəqqisinə öz müsbət təsirini göstərəcək və uğurla həyata keçiriləcək. YAP Siyasi Şurası Azərbaycanın parlamentində islahatların davam etdirilməsi ilə əlaqədar məsələni müzakirə edib. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyası, onun uğurları Azərbaycan cəmiyyətində ciddi şəkildə müzakirə olunur və insanlar bu islahatların faydasını gördüklərini etiraf edir, bu islahatları dəstəkləyirlər. Təbii ki, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyən Azərbaycan vətəndaşlarının ilk sırasında dayanır, onların həyata keçirilməsinə öz töhfələrini verir, bundan sonra da verəcək. Cəmiyyətimizdə həyata keçirilən islahatlar həyatımızın bir çox sahələrini əhatə edir. Təbii ki, bu islahatların əsasını ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsinə nail olunması, Azərbaycanın iqtisadi və siyasi gücünün daha da artırılması, bunların fonunda ölkəmizin sosial inkişafının daha yüksək templə həyata keçirilməsinin təmin edilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olunması təşkil edir”.
Baş nazirin müavini qeyd edib ki, 2019-cu ili ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların daha dinamik xarakter aldığı bir dövr hesab etmək olar: “Bu il ərzində bir çox əhəmiyyətli islahatlar həyata keçirilib və bundan sonra da həmin islahatlar davam edəcək. Xüsusilə 2019-cu ildə Prezidentimizin təşəbbüsü və imzaladığı sərəncamlarla hər kəsin məmnunluğuna səbəb olan əhəmiyyətli sosial paketlər həyata keçirilib”.
Əli Əhmədov digər istiqamət kimi struktur və kadr islahatlarından da bəhs edərək söyləyib ki, Azərbaycan cəmiyyətində müəyyən dövrdə geniş müzakirə predmeti olan bu məsələlər həyata keçirilən dəyişikliklər nəticəsində insanların məmnunluğu ilə qarşılanıb: “Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sistemli, geniş, əhatəli xarakter daşıyır. Bu ondan xəbər verir ki, islahatlar həyatımızın istisnasız olaraq bütün sferalarını əhatə etməlidir. Azərbaycanda hakimiyyətin hər iki qolunda bu günə qədər islahatlar uğurla həyata keçirilib və bu gün də davam etdirilir. İstər struktur, istərsə də kadr sahəsində, icra hakimiyyətində, məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilir və bu xətt bundan sonra da davam etdiriləcək”.
“Qeyd etdiyim kimi, islahatlar konsepsiyasının sistemli xarakter alması, inkişafın ümumi ahənginə uyğun olması və qarşıya qoyduğu vəzifələrə nail olunması, möhtəşəm nailyyətlər əldə edilməsi kimi müqəddəs vəzifənin həyata keçirilməsi tələb edir ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etsin” - deyən YAP Sədrinin müavini qeyd edib ki, Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətdədirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır: “Belə olan halda YAP Siyasi Şurasının iclasında partiyanın üzvlərinin əksəriyyətinin iradəsi ifadə edilib və Prezident İlham Əliyevin islahatlarını, eyni zamanda, qanunvericilik hakimiyyətinə gətirilməsinin qanunauyğunluğu qənaətini ifadə ediblər. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdirib və vurğulanan fikir ondan ibarət olub ki, Azərbaycanın parlamentinin də müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə əlavə təminat kimi qiymətləndirilə bilər”.
Əli Əhmədov söyləyib ki, Yeni Azərbaycan Partiyası mövcud olduğu bütün dövrlərdə həyatımızın ayrı-ayrı sahələri ilə əlaqədar taleyüklü məsələlərlə bağlı çox ciddi qərarların qəbul olunmasında vətəndaş mövqeyini, dövlətçilik məfkurəsini aydın şəkildə ifadə edib. Bu gün də Yeni Azərbaycan Partiyası, partiyanın Siyasi Şurası vətəndaş mövqeyinin, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının geniş şəkildə təmsil olunduğu qanunverici orqanın yeniləşməsinin zəruriliyini aydın şəkildə ifadə edir və bu zərurətdən irəli gələrək parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə ölkə Prezidenti İlham Əliyevə müraciət etməsini tövsiyə edib.
“Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 2016-cı ildə keçirilən referendum nəticəsində həyata keçirilən dəyişikliklərdə ölkə Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib. Düşünürük ki, Prezidentin bu səlahiyyətindən istifadə edərək parlamenti buraxması parlament və qanunvericilik sferasında islahatların həyata keçirilməsi üçün əlverişli imkan yarada bilər ki, bu da islahatlar konsepsiyasının daha geniş miqyasda daha sistemli şəkildə həyata keçirilməsinə təminat verə bilər” - söyləyən Ə.Əhmədov bildirib ki, YAP Siyasi Şurasının qəbul etdiyi tövsiyə qərarından sonra partiyanı Milli Məclisdə təmsil edən deputat korpusunun üzvləri ilə görüş keçirildi: “Etiraf etmək istəyirəm ki, birmənalı şəkildə yekdil olaraq parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlarımız bu qərara, irəli sürülən tövsiyəyə hörmətini ifadə edərək belə bir müraciətlə parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Güman edirəm ki, həmin müraciət rəsmi qaydada Milli Məclisə daxil olacaq və parlament rəhbərliyi çoxluğun iradəsinə hörmət nümayiş etdirərək bu məsələni parlamentin yaxın zamanlarda keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxaracaq” - deyən Əli Əhmədov söyləyib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında bir çox yeniliklərə müəlliflik edib: “Bütövlükdə, YAP-ın bir partiya olaraq yaranması Azərbaycanın siyasi həyatının 27 il bundan əvvəl baş tutmuş ən böyük yeniliklərindən biridir. Partiya mövcud olduğu illər ərzində bu və ya digər formada, bu və ya digər məsələlərlə əlaqədar həm taleyüklü qərarlar qəbul etməyi, həm də yeni yanaşmaları ilə həmişə diqqəti cəlb edib. YAP Azərbaycanın parlamentarizm tarixinə yeniliyi də gətirən ilk siyasi təşkilatdır. Azərbaycanda parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri ənənəsi bu gün Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərar əsasında reallaşmaq imkanı qazanacaq. Hesab edirəm ki, parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi dünyanın əksər ölkələrində çox tez-tez rast gəlinən, geniş istifadə olunan praktikadır. Azərbaycanın siyasi həyatında ilk olmasına baxmayaraq burada qeyri-adi nəyisə axtarmağa ehtiyac yoxdur. Söhbət Azərbaycanın bütün həyatını, hakimiyyətin bütün qollarını əhatə edən yeniləşmə, müasirləşmə, islahatlar konsepsiyasının sferasının genişlənməsindən və bunun fonunda ölkəmizin sürətli inkişafı üçün daha əlverişli imkanların əldə olunmasından, onlardan faydalanmaqdan gedir. İnanıram ki, Azərbaycan cəmiyyəti bu qərarı hörmətlə qarşılayacaq və bununla da biz bir tərəfdən ölkəmizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar əldə edəcək, digər tərəfdən Azərbaycanın parlament və siyasi tarixində yeni bir ənənənin başlanğıcını qoyacağıq”.
Daha sonra jurnalistlərin suallarını cavablandıran YAP Sədrinin müavini parlament seçkilərində layiqli gənclərin namizədliyinə də önəm veriləcəyini diqqətə çatdırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30