Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib

Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib

22.02.2020 [10:37]

Fevralın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə əlaqədar partiyanın könüllülərinin toplantısı keçirilib. Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin iştirak etdiyi toplantıda əvvəlcə Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanın sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu siyasətinin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Öz növbəsində, Azərbaycan gəncləri də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Ən əsası, Azərbaycan gəncləri ölkəmizin milli maraqlarının keşiyində durublar, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
S.Orucov deyib ki, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. O qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir: “Könüllülük insanları vahid məqsəd ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formalarından biridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində könüllülər hərəkatına böyük önəm verilir. Dövlət başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bunun bariz ifadəsidir”.
YAP Gənclər Birliyinin sədri partiyanın gənclərinin də könüllülər hərəkatında və çoxsaylı layihələrdə fəal iştirak etdiklərini diqqətə çatdırıb. S.Orucov bu prosesdə partiyanın rəhbərliyinin gənc könüllülərə lazımi dəstək verdiyini söyləyib.
Tədbirdə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov çıxış edərək bildirib ki, bu gün Azərbaycan müasir, demokratik, hüquqi və sosial dövlət kimi tanınır. Onun sözlərinə görə, Azərbaycanın sosial dövlət olmasını göstərən amillərdən biri həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayanmasıdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz bu prinsipin əyani təzahürü kimi, əhalinin sosial rifah halının yaxşılaşdırılması, etibarlı sosial müdafiə sisteminin formalaşdırılması istiqamətində mütəmadi olaraq səmərəli tədbirlər həyata keçirilir. Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətində də sosial ədalət anlayışı mühüm yer tutur. Bu, hər şeydən əvvəl, Azərbaycanın sosial dövlət fəlsəfəsindən irəli gəlir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərində sosial ədalət məsələsi də öz əksini tapıb. Cəmiyyətdə müxtəlif təbəqələrin nümayəndələrinə bərabər imkanların yaradılması, sosial dövlət vasitəsilə sosial rifahın təmin olunması kimi başlıca məsələlər Yeni Azərbaycan Partiyasının ideoloji siyasətində sosial ədalət prinsipi ilə ifadə olunub”.
“YAP Gənclər Birliyinin gənc üzvləri doğma Vətənimizn ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, bütün sahələrdə, o cümlədən elmdə, təhsildə, idmanda da böyük uğurlar qazanırlar. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır. Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Fevralın 15-də ilk dəfə olaraq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Vətənini, el-obasını sevən hər bir azərbaycanlı kimi, biz gəncləri də qürurlandırdı. Tutarlı cavabları ilə işğalçı ölkənin baş nazirini susduran Prezident İlham Əliyevin bütün dünyanın gözü qarşısında qətiyyətli mövqeyi qəlbimizi iftixar hissi ilə doldurdu”, - deyə K.Abbasov vurğulayıb.
YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Turanə Məmmədzadə çıxışında ekoloji layihələrin, ətraf mühitin qorunması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. T.Məmmədzadə bildirib ki, YAP könüllüləri olan gənclər bu layihələrdə fəal şəkildə iştirak edirlər. Xüsusilə yaşıllaşdırma aksiyalarının önəminə toxunan T.Məmmədzadə YAP gənclərinin, könüllülərin bu aksiyalarda aktiv iştirakını diqqətə çatdırıb. O, ötən ilin sonlarında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində 650 min ağacın əkilməsi kampaniyasında minlərlə könüllünün iştirak etdiyini xatırladıb.
T.Məmmədzadə YAP könüllülərinin bundan sonra da ekoloji aksiyalarda yaxından iştirak edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə həmçinin YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini İnci Əhmədzadə və YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alcansoy çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunmasının əhəmiyyətini bildirib, YAP könüllülərinin fəaliyyətindən ətraflı bəhs ediblər. Bildirilib ki, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Xüsusilə qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına yüksək diqqət və qayğı göstərməsi müstəsna əhəmiyyətə malikdir.
Sonda YAP-ın bir qrup könüllüləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30