Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mübariz Qurbanlı: Ermənistan faktiki olaraq danışıqlar prosesində hansısa bir əsaslı dəlili ortaya qoya bilmir

Mübariz Qurbanlı: Ermənistan faktiki olaraq danışıqlar prosesində hansısa bir əsaslı dəlili ortaya qoya bilmir

25.06.2010 [10:13]

“Sankt-Peterburqda Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində atılan növbəti addım sayıla bilər”. Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin hücumçu diplomatiya siyasəti çox böyük əhəmiyyətə malikdir. Bu siyasətin nəticəsidir ki, Ermənistan faktiki olaraq danışıqlar prosesində hansısa bir əsaslı dəlili ortaya qoya bilmir. Azərbaycanın ədalətli mövqedə olduğunu deyən YAP İcra katibinin müavini hesab edir ki, bu mövqe məntiqlə beynəlxalq hüquq norma və prinsiplərilə müdafiə olunmalıdır. Onun sözlərinə görə, artıq beynəlxalq müstəvidə bu proses özünü daha çox göstərməkdədir. “Prezidentlərin görüşündən sonra Ermənistan tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması əslində, sülh yolu ilə danışıqların aparılmasına Ermənistanın mane olmaq cəhdidir. Əlbəttə, bu gün biz müşahidə edirik, ATƏT-in Minsk qrupunun həmsədrləri də bölgəyə intensiv səfərlər edirlər, intensiv diplomatik fəaliyyət göstərirlər. Bütün bunlar Ermənistanın Azərbaycana təcavüzü ilə yaranmış Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə fəallığın artdığını göstərməkdədir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb. M.Qurbanlı Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedev arasında keçirilən görüşdə də Qafqaz eləcə də, Yaxın Şərq problemlərinin, İranın nüvə proqramı məsələsinin, Qırğızıstandakı vəziyyətin müzakirə edildiyini bildirib. Onun fikrincə, bu müzakirələrdə problemlərdən çıxış yolları axtarılıb. “Bu gün dünyanın ayrı-ayrı bölgələrində baş verən münaqişələr birbaşa və dolayısı ilə sülh və sabitlik üçün böyük təhlükə törədir. Dünyada sülhü bərqərar etməyin yolu münaqişələrin həllindən keçir. Bu gün qlobal miqyasda böyük problemlər var. Dövlətlərarası münasibətlərdə yaranmış bu problemləri həll etmək üçün beynəlxalq münasibətlərə ədaləti qaytarmaq lazımdır. Yəni beynəlxalq münasibətlər sistemində ədalət bərpa olunmalıdır. İkili yanaşma aradan qaldırılmalıdır. Əgər bunlar edilməsə, beynəlxalq münasibətlərdə təşəkkül tapmış hüquqi normalar mütəmadi olaraq pozulacaq. Böyük dövlətlər də sülhə məsuliyyət daşıyan dövlətlər olaraq bu münasibətlərdə ədaləti bərpa etməlidir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın tutduğu mövqe, ardıcıl siyasət istənilən müzakirələrdə Azərbaycanın dəmir məntiqə söykəndiyinə əsas verir, istənilən müzakirələrdə bizim mövqeyimiz möhkəmdir. Erməni tərəfi faktiki olaraq danışıqlar prosesində küncə sıxılıb. Hesab edirəm ki, növbəti mərhələdə Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri və danışıqların intensivləşməsi müəyyən nəticələr verəcək. ümumiyyətlə, qlobal miqyasda böyük proses gedir və bu proseslərin regional münaqişələrə həlledici təsiri olacağını proqnozlaşdırmaq mümkündür” - deyə Mübariz Qurbanlı bildirib.

Paylaş:
Baxılıb: 1171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30