Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu

Günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu

14.04.2023 [11:58]

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş, Azərbaycan oftolmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftolmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilir.

Azərbaycanda olduğu kimi, onun hüdudlarından kənarda da tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə ailəsinin, övladlarının və xalqının gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Əziz müəllim ömür-gün yoldaşı Leyla xanımla övladlarını Vətənə, torpağa, xalqa sədaqət, əslə, kökə bağlılıq, elmə, biliyə, zəhmətə hörmət və məhəbbət ruhunda böyüdə bilmişdi. Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə mühiti və genetik faktorlarla yanaşı, Əziz Əliyevin yaxın dostları olan Üzeyir bəy Hacıbəyli, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digər öz dövrünün tanınmış elm və mədəniyyət xadimlərinin onların evində apardıqları söhbətlər, dünyaya və həyata baxışlara dair fikir mübadilələri önəmli rol oynamışdır.

Prezident İlham Əliyev anası haqqında hər zaman böyük ehtiram və məhəbbətlə danışıb. O Zərifə xanımın xüsusiyyətlərinə, mehribanlığına, təvazökarlığına heyran olduğunu deyir: “Anam atamın yalnız ömür-gün yoldaşı deyildi, eyni zamanda bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq”.

Cənab Prezidentimiz “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq – insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.”

“Hippokrat andı” Zərifə xanım Əliyeva üçün toxunulmaz dəyər olub, o öz peşəsinə ömrü boyu vicdanla yanaşıb. Səmərəli və zəhmətsevər fəaliyyətində əsl insani dəyər olan vicdana, səmimiyyətə böyük önəm verib. Bütün bilik və gücünü, istedad və bacarığını insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf edib, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərib.

100 illik ömür yolunu qeyd etdiyimiz Zərifə xanım Əliyeva günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Zərifə xanım Əliyeva qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı.

Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

         Varis Rüstəmov,

         Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri 

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31