Paris Yeni Kaledoniyaya çağırılmamış qonaqlar dəvət edir - məqsəd nədir?

Paris Yeni Kaledoniyaya çağırılmamış qonaqlar dəvət edir - məqsəd nədir?

 

 

Fransa hakimiyyətinin prezident Emmanuel Makronun rəhbərliyi ilə həyata keçirdiyi siyasət Yelisey Sarayının bəyan etdiyi “demokratiya”, “bərabərlik”, “qardaşlıq”, “azadlıq” kimi şüarlarla daban-dabana ziddiyyət təşkil edir. Məlumdur ki, bu ölkənin Afrikada, dənizaşırı ərazilərdə  təxminən beş əsri əhatə edən müstəmləkəçilik tarixi var. Müasir dünyəvi təsəvvürlər baxımında Fransanın nəzarətində saxladığı ərazilərdə törətdiyi sərhəd tanımayan müstəmləkə cinayətləri indi başqa ölkələrə  demokratiya, hansısa liberal dəyərlər ixrac etmək iddialarında bulunan Fransanın tarixində qara ləkədir. Yelisey Sarayı bu ləkəni yalnız yüz illər boyunca sümürmə siyasəti apardığı ərzilərin xalqlarından üzr istəməklə və vurduğu maddi, mənəvi zərərlərə görə təzminatlar ödəməklə yuya bilər.

Lakin izlənilən proseslərdən aydın şəkildə görünür ki, Fransa hakimiyyəti və şəxsən E.Makron belə kübar davranışlardan uzaqdır. Əksinə, Yelisey Sarayından gələn mesajlar təsdiqləyir ki, Makron iqtidarı müstəmləkəçilik siyasətinə sadiq qalmaqdadır və ona yeni forma verməklə köhnə və mahiyyət etibarı ilə daha qəddar məzmunda davam etdirməkdə israrlıdır.

Bunu son illərdə Yeni Kaledoniyada baş verənlər bir daha təsdiqləyir. Bakı Təşəbbüs Qrupunun (BTQ) verdiyi məlumatlardan aydın olur ki, Makronun siyasi sifarişlərini əsas tutan Yelisey Sarayı bu diyarda Fransanın müstəmləkəçiliyini əbədi etmək üçün müxtəlif planlar qurur və aborigen əhaliyə qarşı diskriminasiya  siyasətini daha da sərtləşdirir. Kanakidə yeni məskunlaşdırma siyasətinə rəvac verilməsi də bu qəbildəndir.

Yelisey Sarayı ada ölkəsinin onun orbitindən çıxmaq istəyini əsla qəbul etmir

Birləşmiş Millətlər Təşkilatı (BMT) bəşər sivilizasiyasının hazırkı mərhələsində dünyada dekolonizasiya prosesini sürətləndirməyə davamlı çağırışlar edir. Bu istiqamətdə ardıcıl səylərin nəticəsi olaraq 1945-ci ildən etibarən 100-dən çox ölkə müstəqillik əldə edib və bu gün getdikcə daha çox insan öz müqəddəratını təyinetmə hüququnu həyata keçirir. Bununla belə, müstəmləkəçiliyin nəticələri iqtisadi bərabərsizlik, irqçilik və bəzi xalqların beynəlxalq səviyyədə qərarların qəbulunda məhdud iştirakı şəklində hələ də hiss olunur.

Hazırda dünyada 17 özünüidarəetmə hüququndan istifadə edə bilməyən ərazi var. BMT-də hesab edirlər ki, bu ərazilərin gələcəyi həmin ərazilərin nümayəndələri, idarə edən dövlətlər və BMT-yə üzv dövlətlər arasında inklüziv dialoq yolu ilə, hər bir ərazinin özünəməxsus ehtiyacları nəzərə alınmaqla və BMT Nizamnaməsinə və Baş Assambleyanın qərarlarına uyğun şəkildə müəyyən edilməlidir.

Rəsmi Parisin Yeni Kaledoniyada həyata keçirdiyi neokolonializm siyasəti də BMT-nin çağırışları ilə ziddiyyət təşkil edir. Yelisey Sarayının dənizaşırı ərazilərdə ən uzaq müstəmləkələrindən biri sayılan Yeni Kaledoniya (ada ölkəsi Fransadan təxminən 20 min kilometr uzaqda yerləşir) uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən ciddi əziyyət çəkir. Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.

Fransız missionerlərinin adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib.

Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır. Lakin Yelisey Sarayı ada ölkəsinin onun orbitindən çıxmaq istəyini əsla qəbul etmir. Digər dənizaşırı koloniyalarında (Fransa  ərazisinin 18 faizini təşkil edən dənizaşırı koloniyalarda  təxminən 2,6 milyon nəfər əhali yaşayır) olduğu kimi, Yeni Kaledoniyada da neokolonializm siyasətini getdikcə daha da sərtləşdirir. Rəsmi Parisin əsas məqsədi zəngin sərvətlərə malik olan bu ölkədə kanakları assimilyasiyaya uğratmaq və beləliklə də, yerli qəbilələrin fəallığına birdəfəlik son qoymaqdır.

Əvvəl “konstitusiya islahatları”, indi isə yeni məskunlaşdırma planı

Bədnam “yeni məskunlaşdırma”  planı da bu siyasətin tərkib hissəsidir. Plana əsasən, Makron rejiminin dəstəklədiyi Fransayönümlü qüvvələrin rəhbərlik etdiyi Cənub Əyaləti Fransa vətəndaşlarını əraziyə daimi yaşamaq üçün cəlb etmək məqsədilə geniş reklam kampaniyasına başlayıb. Əyalət rəhbəri Sonia Backesin təşəbbüsü ilə Paris metrosunda “Həyatınızı dəyişin, ölkənizi yox” və “Sakit okeandakı kiçik Fransa” şüarlarının yer aldığı 300 reklam plakatı yerləşdirilib.

Bakı Təşəbbüs Qrupundan bildirilib ki, Makron rejiminin neokolonial siyasətinin əsas icraçılarından olan Sonia Backes bu kampaniyanı Yeni Kaledoniyadakı iqtisadi böhran və pensiya sisteminin maliyyə çətinlikləri ilə əsaslandırıb. O, ilk növbədə, Fransadan yüksəkgəlirli təqaüdçüləri, daha sonra isə müxtəlif peşə sahiblərini və sahibkarları əraziyə cəlb etməyi planlaşdırır.

Xatırladaq ki, Yelisey Sarayı bundan əvvəl Yeni Kaledoniyada eyni məqsədə xidmət edən “konstitusiya islahatları” keçirmək qərarına gəlmişdi. Bu “islahatları” keçirməklə mərkəzi hakimiyyət müxtəlif illərdə məqsədli şəkildə adaya köçürülən gəlmələrə də seçki hüququnu tanımaq istəyirdi. Məqsəd isə əlbəttə ki, insan hüquqlarının qorunması yox, Yeni Kaledoniyada aborogen sakinlərin mənafeyinə daha bir zərbə vurmaq və burada demoqrafik vəziyyəti dəyişmək idi. Yalnız yerli sakinlərin kəskin müqavimətindən sonra Makron geri çəkilmək və “islahatları” müvəqqəti dayandırmaq məcburiyyətində qaldı.

Məkrli siyasətə qarşı kəskin etirazlar

Bu dəfə də rəsmi Parisin xeyir-duası ilə həyata keçirilən yeni təşəbbüs - çağırılmamış qonaqların Yeni Kaledoniyaya dəvət edilməsi kanak xalqının müstəqilliyini müdafiə edən siyasi qüvvələrin sərt etirazı ilə qarşılanıb. Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndələri bunu Fransanın tarixi məskunlaşdırma siyasətinin davamı kimi qiymətləndirirlər. Onlar xatırladıblar ki, XIX əsrdən etibarən, xüsusilə 1970-ci illərdə Fransadan əraziyə əhalinin kütləvi şəkildə köçürülməsi nəticəsində kanaklar öz tarixi torpaqlarında azlığa çevriliblər.

Belə ki, hələ 1972-ci ildə Fransanın ozamankı Baş naziri Pierre Messmer fransızların Kanakiyə kütləvi köçürülməsini təşviq edərək yerli xalqın müstəqillik uğrunda mübarizəsini zəiflətməyə çalışmışdı. Müstəqillik tərəfdarları hesab edirlər ki, Makron rejimi və onun yerli əlaltıları həmin müstəmləkəçi siyasəti yeni formada davam etdirməyə çalışırlar.

FLNKS nümayəndələri yeni məskunlaşdırma siyasətinin kanak xalqının demoqrafik vəziyyətinə mənfi təsir göstərəcəyini, eləcə də onsuz da mənzil çatışmazlığından əziyyət çəkən yerli əhalinin problemlərini daha da ağırlaşdıracağını bildirərək kampaniyanın dərhal dayandırılmasını tələb edirlər.

Məsələ Fransanın özündə də kəskin tənqid hədəfinə çevrilib. Fransa Milli Assambleyasının deputatı Bastien Lachaud bu kampaniyanı yeni məskunlaşdırma yolu ilə müstəmləkəçilik cəhdi adlandırıb.

Təhlilçilərin fikrincə, Fransanın hakim dairələrinin himayəsi altında iqtisadi inkişaf adı ilə pərdələnən bu təşəbbüs, Yeni Kaledoniyanın gələcək siyasi statusu ilə bağlı mübahisələrin davam etdiyi bir vaxtda, kanak xalqının öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlmiş növbəti kolonial təzyiq vasitəsidir.

Mübariz FEYİZLİ