Cənubi Qafqaz yeni inkişaf mərhələsinə qədəm qoyur

Cənubi Qafqaz yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regional reallıqlar fonunda möhkəmlənir

Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni siyasi və geosiyasi reallıqlar regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, dövlətlərarası münasibətlərdə də mühüm yeniliklərə yol açır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, Ermənistanla sülh gündəliyinin irəliyə aparılması, regional kommunikasiyaların açılması istiqamətində nümayiş etdirilən iradə Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq və iqtisadi tərəqqi zonasına çevirmək üçün yeni imkanlar yaradıb. Bu prosesdə Azərbaycanın ənənəvi strateji tərəfdaşlarından olan Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Bakı və Tbilisi arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimad, iqtisadi bağlılıq və siyasi həmrəylik bu gün yeni regional çağırışlara uyğun olaraq daha geniş məzmun qazanır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması, enerji təhlükəsizliyi, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi və regional kommunikasiyaların bərpası iki ölkənin əməkdaşlığını daha böyük geoiqtisadi strategiyanın mühüm elementinə çevirir. Artıq Azərbaycan-Gürcüstan tərəfdaşlığı yalnız ikitərəfli maraqlarla məhdudlaşmır, Avropa ilə Asiya arasında iqtisadi və enerji əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdikləri mətbuat konfransında səsləndirilən fikirlər və açıqlanan göstəricilər də münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.

Yeni regional nəqliyyat arxitekturası

Azərbaycan və Gürcüstanın regional əməkdaşlıq modelindəki rolunu müəyyən edən əsas amillərdən biri onların coğrafi mövqelərindən strateji üstünlük kimi istifadə etməyi bacarmalarıdır. Hər iki ölkə Şərqlə Qərb arasında mühüm bağlantı nöqtəsində yerləşir və bu üstünlük uzun illərdir həyata keçirilən infrastruktur layihələri ilə real iqtisadi imkanlara çevrilir. Bu gün beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, alternativ nəqliyyat yollarına tələbatın artması və qlobal təchizat zəncirlərinin təhlükəsizliyinin ön plana çıxması Bakı-Tbilisi xəttinin əhəmiyyətini daha da yüksəldib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın regionda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətinə toxunaraq bildirib ki, Azərbaycanla Ermənistan arasında 42 kilometrlik dəmir yolu dəhlizi barədə ötən il və ondan əvvəlki dövrdə ABŞ ilə Ermənistan arasında danışıqlar aparılıb. Danışıqlarda layihəni həyata keçirəcək şirkətin yaradılması və payların bölüşdürülməsi məsələləri müzakirə olunub. Azərbaycan tərəfi də bu proses barədə məlumatlandırılıb. Nazir qeyd edib ki, həmin dəhlizin giriş və çıxış nöqtələri Azərbaycan sərhədinə bağlıdır. Ona görə də layihənin həyata keçirilməsi və yüklərin daşınmasının düzgün təşkili üçün Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. “Azərbaycan bu layihəni alqışlayır və onun qısa müddətdə başa çatmasını arzulayır. Artıq ərazidə müəyyən fiziki işlərin başlanmasına dair məlumatlar da var.

Bu layihə Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətlidir. “Birincisi, ölkədaxili baxımdan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün yeni imkanlar yaradacaq. İkincisi, layihənin regional əhəmiyyəti var. Bu dəhliz Şərq-Qərb nəqliyyat marşrutunun və Orta Dəhlizin yeni bir istiqaməti olacaq. Təkcə Azərbaycan və Ermənistan deyil, digər region ölkələri də bu layihədən faydalana biləcəklər”, - deyə C.Bayramov vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, Şərq-Qərb marşrutu ilə böyük həcmdə yüklər daşınır. Avropa İttifaqı, Çin və digər Asiya ölkələri arasında yükdaşımaların həcmi kifayət qədər böyükdür. Belə layihələrdə yükdaşıyanlar yalnız bir marşruta deyil, bütövlükdə regionun nəqliyyat imkanlarına baxırlar. Buna görə də alternativ yolların çox olması bütün region üçün əlavə imkanlar yaradır və yeni yüklərin cəlb olunmasına kömək edir.

“Layihənin digər mühüm tərəfi onun praktiki nəticələri ilə bağlıdır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, Türkiyədə 224 kilometr uzunluğunda Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanılıb.

Bütün bu layihələr bir-biri ilə əlaqəli şəkildə həyata keçirildikdə, böyük bir regional dəmir yolu şəbəkəsi formalaşacaq. Bakı-Tbilisi-Qars, Qars-İğdır-Dilucu və Naxçıvan dəmir yollarının birləşməsi yeni nəqliyyat imkanları yaradacaq. Bu, yüklərin daha rahat və alternativ marşrutlarla daşınmasına şərait yaradacaq”, - deyə nazir əlavə edib.

Azərbaycan-Gürcüstan nəqliyyat bağlantıları

Avropanın iqtisadi və enerji təhlükəsizliyində mühüm yer tutur

Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji əhəmiyyəti yalnız regional miqyasla məhdudlaşmır. Bu tərəfdaşlıq Avropanın enerji təchizatının şaxələndirilməsi, Xəzər hövzəsinin resurslarının dünya bazarlarına çatdırılması və Asiya ilə Avropa arasında etibarlı nəqliyyat əlaqələrinin qurulması baxımından da xüsusi önəm daşıyır. Məhz bu səbəbdən Bakı və Tbilisinin birgə həyata keçirdiyi layihələrə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların marağı artır. Çünki qlobal enerji bazarında baş verən dəyişikliklər, geosiyasi gərginliklər və ənənəvi təchizat marşrutları ətrafında yaranan risklər alternativ mənbələrin və istiqamətlərin əhəmiyyətini daha da yüksəldib.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin mətbuat konfransında səsləndirdiyi fikirlər də bu əməkdaşlığın beynəlxalq əhəmiyyətini təsdiqləyir. Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır. Avropada təhlükəsizliyin təmin olunması uzun illər ərzində formalaşmış əməkdaşlığın nəticəsidir. Avropa üçün həyati əhəmiyyət kəsb edən bu marşrutların Cənubi Qafqazdan keçməsi xüsusi önəm daşıyır. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanla formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanır. “Ölkələrimizin iştirakı ilə həyata keçirilən iri layihələr daha geniş coğrafiyanın enerji təchizatı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu layihələr regionun enerji xəritəsinin dəyişməsinə ciddi təsir göstərib. Onların bir qismi uzun tarixə malikdir. Bu baxımdan vaxtilə fəal fəaliyyət göstərən Bakı-Supsa neft kəmərini qeyd etmək olar. Kəmər bu gün də mövcuddur və daşımaların həcmi artacağı təqdirdə, gələcəkdə yenidən istifadəyə verilə bilər.

Digər mühüm layihə Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə çatdırılır”, - deyə Maka Boçorişvili əlavə edib 

İqtisadi münasibətlər genişlənir

Azərbaycan-Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlığın davamlı inkişafı və qarşılıqlı investisiya əlaqələrinin genişlənməsidir. İki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olması iqtisadi münasibətlərin də uzunmüddətli və sabit əsaslar üzərində qurulmasına imkan yaradır. Son illərdə ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika, investisiya qoyuluşlarının həcmi və müxtəlif sahələrdə birgə fəaliyyət bu tərəfdaşlığın real iqtisadi nəticələrini ortaya qoyur.

Keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramovun açıqladığı statistik göstəricilər münasibətlərin iqtisadi məzmununun genişləndiyini aydın şəkildə göstərir. Nazir bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bu ilin ilk 9 ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin ümumi göstəricisini üstələyir. C.Bayramov qeyd edib ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 4 milyard ABŞ dolları təşkil edir. Bu məbləğin 2,1 milyard dolları SOCAR-ın payına düşür. Eyni zamanda, Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon dollar təşkil edir. “Dünyada baş verən proseslər və mövcud problemlər Azərbaycan-Gürcüstan nəqliyyat-logistika dəhlizlərinə marağı daha da artırıb. Biz hər il bu dəhlizlər vasitəsilə daşınan yüklərin həcmində artım müşahidə edirik”, - deyə Ceyhun Bayramov əlavə edib.

Bu rəqəmlər sadəcə iqtisadi statistika deyil. Onlar iki ölkə arasında formalaşmış etimad mühitinin, qarşılıqlı maraqların və uzunmüddətli əməkdaşlıq strategiyasının göstəricisidir. Xüsusilə, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayələr enerji, sənaye, logistika və xidmət sahələrində yeni imkanların yaranmasına töhfə verir. İnvestisiya əlaqələrinin genişlənməsi hər iki ölkənin iqtisadiyyatını bir-birinə daha sıx bağlayır, regional iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.

Strateji münasibətlər uğurla davam edir

Münasibətlərin yeni mərhələsinin diqqətçəkən xüsusiyyətlərindən biri də Azərbaycanla Ermənistan arasında iqtisadi təmasların yaranmasında Gürcüstanın tranzit imkanlarından istifadə edilməsidir. Ceyhun Bayramovun Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması ilə bağlı fikirləri də bunu təsdiqləyir. O bildirib ki, Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması regionda əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Bu addım Azərbaycanın sülh gündəliyinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, iqtisadi əməkdaşlıq üçün də praktiki imkanların yaradılmasına yönəldiyini göstərir. Eyni zamanda, Gürcüstanın regional iqtisadi əlaqələrdə vasitəçi tranzit məkan kimi rolunu genişləndirir.

Bütün bunlarla yanaşı, iki ölkə arasında siyasi dialoqun intensivliyi də əməkdaşlığın davamlılığını təmin edən əsas amillərdəndir. Maka Boçorişvili qeyd edib ki, cari il Azərbaycan və Gürcüstan arasında yüksəksəviyyəli strateji dialoq və siyasi təmaslar baxımından əlamətdar olub. Onun sözlərinə görə, ölkələrimiz arasında siyasi gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. 2026-cı ildə ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.

Azərbaycanın XİN başçısı da bildirib ki, Gürcüstan Azərbaycan üçün dost və strateji tərəfdaş ölkədir. Xalqlarımız arasında dərin tarixi bağlar mövcuddur. Azərbaycan-Gürcüstan münasibətlərinin geniş və zəngin əməkdaşlıq gündəliyi var.

“Parlamentlərarası əlaqələr də daxil olmaqla, ölkələrimiz arasında əməkdaşlıq yüksək intensivliyi ilə seçilir. Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlıq mövcuddur. İki ölkə arasında 145 sənəd imzalanıb, daha 18 sənədin hazırlanması istiqamətində işlər davam etdirilir”, - deyə nazir qeyd edib.

Nəticə etibarilə, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı bu gün regional sülhün, iqtisadi inteqrasiyanın və beynəlxalq bağlantıların inkişafında mühüm amildir. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Bakı-Tbilisi münasibətləri daha geniş geosiyasi və geoiqtisadi məzmun qazanır. Bu əməkdaşlığın gələcək perspektivi isə Cənubi Qafqazın beynəlxalq nəqliyyat, enerji və ticarət sistemində mövqeyinin daha da güclənəcəyini deməyə əsas verir.

P.İSMAYILOV