“Fitch Ratings”in 2027-ci ilə dair proqnozları

“Fitch Ratings”in 2027-ci ilə dair proqnozları

Gələn il kredit reytinqləri “neytral” səviyyədə qalacaq

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu ictimaiyyətə təqdim edib. Beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artımın sabit qalacağı və inflyasiya təzyiqlərinin azalacağı gözləntiləri fonunda gələn il ölkələrin suveren kredit reytinqlərini “neytral” səviyyədə müəyyən edib.

Agentlik neft tədarükündə fasilələrin yaranması və süni intellektlə əlaqəli bazarlarda kəskin korreksiya ehtimalı kimi risklərə də diqqət çəkib. Bildirilib ki, qiymətləndirmə ABŞ ilə İran arasında hərbi gərginliyin və münaqişələrin müvəqqəti səngiyəcəyi fərziyyəsinə əsaslanır.

İnflyasiya təzyiqləri zəifləyəcək

“Fitch” qeyd edir ki, dünya üzrə ümumi daxili məhsulun artım tempinin, əsasən, sabit qalacağı gözlənilir. Neft qiymətlərinin azalmasının isə cari ilin ikinci yarısında yaranmış inflyasiya təzyiqlərini müəyyən qədər zəiflədəcəyi proqnozlaşdırılır. Körfəz regionundan neft tədarükündə yenidən ciddi fasilələrin yaranması ehtimalına da diqqət çəkilir. Belə bir vəziyyətin neft qiymətlərinin, inflyasiyanın, uçot faizlərinin və istiqraz gəlirliliyinin daha uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola biləcəyi bildirilir.

Bununla yanaşı, istiqraz faizlərinin bu ilin orta göstəricisindən yüksək səviyyədə qalması borclanma yükü ağır olan ölkələrdə maliyyə təzyiqlərini artıracaq. Gələn il qlobal iqtisadiyyatın təxminən 2,5 faiz artacağı proqnozlaşdırı??r. Bununla belə, səhm bazarlarında və ya kapital xərclərində süni intellektlə əlaqəli kəskin korreksiya riskinin mövcud olduğu vurğulanır.

Agentliyin qiymətləndirməsinə görə, əksər ölkələrin hökumətləri müddəti başa çatan borclarını mövcud bazar faizləri ilə yenidən maliyyələşdirməklə, dövlət borcunun orta effektiv faiz dərəcəsinin yüksəlməsinə səbəb olacaq. Bu isə büdcə kəsirlərinin artmasına, xüsusilə borc yükü yüksək və borclarının orta ödəmə müddəti qısa olan ölkələrdə dövlət borcunun ÜDM-ə nisbətinin sabitləşdirilməsinin və ya azaldılmasının çətinləşməsinə gətirib çıxara bilər.

Azərbaycanda maliyyə sabitliyi dayanıqlıdır

“Fitch Ratings” neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi-maliyyə vəziyyətinin sabit qalacağını fərz edir. Agentliyin ekspertlərinin qənaətinə görə, Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar 

dəyişməmiş qalır, 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 1,2 faiz təşkil edəcəyi fərz ed??ir. Əlavə dəyərin gələn il 1,6 faiz faiz artacağı proqnozlaşdırılır.

Agentlik Azərbaycanın maliyyə sektorunun potensial aktivlərin güclənməsi fonunda dayanıqlılığını qoruyub saxlayacağını bəyan edir. Qiymətləndirməyə görə, Azərbaycanın bank sektorunda Bazel III standartlarının tətbiqi kredit təşkilatlarının itkiləri udmaq qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Bu amil bankların kredit reytinqləri üçün müsbət cəhət kimi qiymətləndirilir. Hazırda bu sektorun reytinqinin “BB”-dən “BB” səviyyəsinə yüksəldilməsi isə ortamüddətli perspektivdə likvidlik tələblərinin daha da güclənməsinə imkan verir. Əməliyyat mühitinin qiymətləndirilməsinin yüksəldilməsi bank sektorunun tənzimləyici bazasının və nəzarət mexanizmlərinin güclənməsini, habelə davamlı makroiqtisadi sabitliyi əks etdirir.

Ölkəmizin uzunmüddətli reytinqi yüksələcək

Onu da qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqinin də yüksələcəyini gözləyir. Ötən il ölkəmizin reytinqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyən agentlik bildirir ki, Azərbaycanın çox güclü xarici balansı və fiskal mövqeyi, aşağı dövlət borcuna malik olması və suveren fondun (Dövlət Neft Fondu) böyük aktivlərinin dayanıqlılığı yüksək maliyyə çevikliyini dəstəkləyir ki, bu da sabit reytinq göstəricisinin müəyyən edilməsində əsas faktorlardır.

Mövcud kredit reytinqi ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə, beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın beynəlxalq statusa malik potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də dərin əsaslar yaratmış olur. Eləcə də Azərbaycanın tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər isə reytinq şkalasına yeni baxışı labüd edir. Son bir ildə suveren aktivlərin 15 milyard dollara yaxın artması və 90 milyard dollara çatması isə reytinq əmsalının artacağına dərin əminlik yaradır. Həmçinin, ölkəmizin maliyyə sektorunun dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir.

“Fitch Ratings”in analitiklərinin qənaətinə görə, Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi 2026-2027-ci illərdə də profisitlə davam edəcək. Bu vəziyyət suveren aktivlərin dayanıqlılığını da təmin edəcək. Növbəti illərdə enerji və qeyri-enerji gəlirlərinin sabitliyi fonunda ölkənin strateji ehtiyatları ÜDM-in 80 faizinə qədər yüksələcək. Azərbaycanın xalis aktivlərinin sabit qalması fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcək.

Manatın məzənnəsi sabit qalacaq

“Fitch Ratings”in proqnozlarına görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq. Bununla yanaşı, manatın sabit məzənnəsinin qorunması üçün ölkənin iqtisadi blokunun, xüsusən də Mərkəzi Bankın güclü təsi?edici və tənzimləyici prioritetləri mövcuddur. Azərbaycan Mərkəzi Bankı valyuta məzənnəsinin dayanıqlılığını təşviq edən alətləri optimallaşdırır, xüsusilə də valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün tənzimləyici alətləri çevik şəkildə saxlayır.

“Fitch Ratings”in reytinqində əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 6 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir.

E.CƏFƏRLİ