Kiçik sahibkarlar üçün 5 illik vergi güzəştləri

Kiçik sahibkarlar üçün 5 illik vergi güzəştləri

2027-ci ildə kiçik sahibkarlıq subyektlərinə bəzi vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Belə ki, bir sıra hallarda kiçik sahibkarlar müəyyən səbəblərdən orta kateqoriyaya keçə bilməsələr də, uzun müddət stabil fəaliyyətlərini davam etdirirlər və hökumət onların dayanıqlı fəaliyyətinə dəstək məqsədilə vergi təşviqləri verməyi düşünür. Həmin dəstək tədbirləri çərçivəsində Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi öz əksini tapıb. Yeni mexanizmə əsasən, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan sahibkarlıq subyektlərinə gəlir (mənfəət) vergisi məbləğinin 25 faizi həcmində güzəşt veriləcək. Güzəşt 5 il müddətinə, vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiq olunacaq.

Vergi güzəşti kiçik sahibkarların fəaliyyətini sabitləşdirəcək, dövriyyənin süni şəkildə azaldılmasının qarşısını alacaq və rəsmi məşğulluğun qorunmasına şərait yaradacaq. Vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və stabil fəaliyyət göstərən subyektlərin dəstəklənməsi sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsinə təkan verəcək.

Bir sıra vergi güzəştlərinin müddəti uzadılacaq

Gələn il Vergi Məcəlləsinə təklif olunan digər dəyişikliklərə əsasən, müddəti bitən vergi güzəştlərinə səmərəlilik baxımından yenidən baxılmaqla, müddəti bitən bəzi vergi güzəştlərinin müddəti yenidən 3 il uzadılacaq. Belə ki, “Formula 1” və “Formula 2” yarışları ilə əlaqədar güzəştlər daha 3 il qüvvədə qalacaq. 2018-ci il yanvarın 1-dən etibarən tətbiq edilən və ardıcıl olaraq uzadılan bu güzəştlər paketi həmin yarışların təşkili və keçirilməsi çərçivəsində əlavə dəyər vergisindən (ƏDV) və gəlir-mənfəət vergisindən azadolmanı nəzərdə tutur. Yarışların təşkili və keçirilməsi ilə bağlı qeyri-rezident şəxslərin (komandalar, təşkilatçılar və podratçılar) ƏDV və əsas mənbədən əldə etdikləri gəlirlər mənfəət və ya gəlir vergisindən azad edilib. Həmçinin, royalti ödənişləri üzrə güzəştlər də nəzərdə tutulub.

2027-ci ildə SVOP əməliyyatları üzrə ƏDV azadolması da qüvvədə saxlanılacaq. Azərbaycanda SVOP əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı üzrə ƏDV azadolması Vergi Məcəlləsinin 164.1.62-ci maddəsi ilə tənzimlənir.

Biznes və təsərrüfat subyektləri tələb olunan müvafiq təsdiqedici sənədi təqdim etməklə, 3 il müddətinə vergi güzəştini əldə edəcək. Həmçinin, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin, kəpəyin istehsalı və satışı, habelə heyvan və quş ətinin satışı üzrə ƏDV azadolması da güzəşt portfelinə daxildir. Yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azadolma da eyni siyahıya aiddir.

Regionlarda otellərin əmlak vergisi 75 faiz azaldılır

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolması da daha 3 il qüvvədə qalacaq. “Tibbi sığorta haqqında” qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun, habelə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına tibbi xidmətlər və tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində göstərilən tibbi xidmətlərə də ƏDV azadolması tətbiq olunacaq. Həmçinin tibb sektorunda fəaliyyət göstərən şəxslər tərəfindən nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizinin vergi tutulan dövriyyədən çıxılması mümkün olacaq ki, bu da güzəşt deməkdir. Regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisinin 75 faiz azaldılması da bu tipli güzəşt növü sayıla bilər. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri tərəfindən həyata keçirilən dəmir yolu-avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolma isə daha 2 il müddətinə nəzərdə tutulub.

Zərgərlik məmulatları üzrə vergi güzəşti

Növbəti ildə vergi güzəştləri paketində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq olunan ƏDV azadolması da yer alır. Eləcə də platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın idxalına tətbiq olunan aksiz azadolması tətbiq olunacaq.

Ümumilikdə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bu hədəflər Azərbaycanın dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün güclü potensial ehtiva edir.

E.CƏFƏRLİ